Azərbaycan regionda lider mövqeyini
qoruyub saxlayır
Ölkəmiz yeni inkişaf mərhələsinə
qədəm qoyur
"Hazırda Azərbaycan
yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın formalaşdırılması,
sosial sahədə önləyici inkişaf trendinin təmin
olunması və əhalinin rifahının layiqli, qabaqcıl
beynəlxalq standartlara uyğun səviyyəyə
çatdırılması, habelə elmin, mədəniyyətin
inkişafında, ictimai həyatın bütün istiqamətlərində
yeni nailiyyətlərin əldə olunmasıdır".
Prezident İlham Əliyevin
"Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf
Konsepsiyasının
hazırlanması barədə sərəncamından
Azərbaycan
dünyada dinamik inkişaf edən, məqsədlərinə
doğru inamla addımlayan, qlobal layihələri daxili
imkanları hesabına gerçəkləşdirən
dövlət kimi tanınmaqdadır. Ötən 8 ildə
Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü
iqtisadi siyasət nəticəsində inkişaf tempi yüksələn
xətlə davam etmiş, əhalinin sosial müdafiəsi tədbirlərinin
gücləndirilməsi sahəsində mühüm tədbirlər
həyata keçirilmişdir.
Ölkə
başçısının "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasının
hazırlanması barədə sərəncamında da qeyd
olunur ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoyur və bu mərhələnin əsas hədəfi
çoxşaxəli, səmərəli və innovasiya
yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni nailiyyətlərin əldə
olunmasıdır. Ölkənin perspektiv
inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə
İnkişaf Konsepsiyası hazırlanarkən Birləşmiş
Millətlər Təşkilatının İnkişaf
Proqramı və digər beynəlxalq təşkilatlarla da səmərəli
əməkdaşlığın qurulması nəzərdə
tutulub.
Əminliklə
söyləmək olar ki, ümummilli lider Heydər Əliyevin
2003-cü ilin 1 oktyabrında "Mən ona özüm qədər
inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm"
- deyərək xalqa layiqli siyasi varisi kimi təqdim etdiyi cənab
İlham Əliyev ölkə vətəndaşlarının
birmənalı rəyi əsasında prezident seçkilərində
layiqli qələbə qazandıqdan sonra Azərbaycanın
yeni dövr üçün iqtisadi siyasət prioritetlərini
açıqlamış, çevik və işlək mexanizmlər
üzərində proqressiv islahatları təmin etmiş, hər
bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli
işi ilə sübuta yetirmişdir. 2003-2011-ci
illərdə qəbul etdiyi fundamental qərarlar,
imzaladığı sərəncamlar cənab İlham Əliyevin
daim xalqın mənafeyindən çıxış etdiyini,
habelə verdiyi vədlərin əməli fəaliyyətə,
praqmatizmə söykəndiyini, reallığa adekvat
olduğunu göstərmişdir.
Son 8 ildə həyata keçirdiyi çevik və məqsədyönlü
siyasətlə özünü təcrübəli dövlət
xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi,
real ideya və proqramlarla insanların inam və
etimadını qazanması cənab İlham Əliyevin
yüksək liderlik keyfiyyətlərinə malik olduğunu
bir daha təsdiqləmişdir. Dövlət
başçısı siyasi lider olaraq insanları öz ideya
və baxışları ətrafında toplamaq, onların
iradələrinə, qərarlarına təsir göstərmək
iqtidarında olduğunu sübuta yetirmişdir. Məhz bu keyfiyyətləri sayəsində də
idarəçilikdə yüksək uğurlara imza
atmış, cəmiyyətin əsas və həlledici hissəsini
arxasınca apara bilmişdir.
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" ölkədə qeyri-neft
sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi
inkişafının yekunlarına həsr olunmuş
iclasında bildirmişdir: "Bu il regionlarda da həmişə
olduğu kimi, uğurlu investisiya layihələri icra
edilmişdir və regionlarda iş yerlərinin
açılması ilə bağlı əlavə tədbirlər
görülmüşdür. İlin 9 ayında 74 min yeni
iş yeri açılmışdır ki, onlardan 50 mini daimi
iş yeridir. Beləliklə, son 8 ildə Azərbaycanda 950 minə
yaxın yeni iş yeri açılmışdır.
Regional İnkişaf Proqramı uğurla icra edilir. Vaxtaşırı
o proqrama əlavələr, dəyişikliklər edilir.
Prezidentin Ehtiyat Fondundan bu il ərzində
bölgələrə kifayət qədər vəsait
ayrılmışdır, bu məbləğlər daha
çox sosial-iqtisadi infrastruktur layihələrinin icrasına
yönəldilmişdir. Xüsusilə biz son
müddət ərzində kənd yollarının təmiri və
tikintisi ilə çox ciddi məşğuluq. Böyük proqramlar artıq icra edilir. Növbəti illərdə bu sahəyə daha da
böyük diqqət göstərilməlidir. Bir sözlə, Regional İnkişaf Proqramı icra
edilir, burada heç bir narahatçılıq yoxdur".
Cari ilin ötən doqquz ayı ərzində
regionların inkişafı istiqamətində müsbət nəticələr
əldə edilmişdir. Belə ki, ölkə
başçısının regionlara mütəmadi səfərləri,
200-dən çox müxtəlif təyinatlı obyektlərlə
tanışlığı, o cümlədən yeni müəssisələrin
açılış və təməlqoyma mərasimlərində
iştirakı regionların tarazlı inkişafının təmin
edilməsi və əhalinin həyat səviyyəsinin daha da
yüksəlməsində müstəsna rol
oynamışdır. Bu dövrdə
regionlarda 80-dən çox müəssisə, o cümlədən
30-a yaxın sənaye müəssisəsi tikilib istifadyə
verilmiş, 200-ə yaxın müəssisə, o cümlədən
80-dək sənaye müəssisəsinin tikintisi davam etdirlir.
2011-ci
ilin doqquz ayında Prezidentin Ehtiyat Fondundan həlli vacib hesab
edilən bir sıra sosial və infrastruktur layihələrinin
həyata keçirilməsinə 147 milyon manat, o cümlədən
regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə,
yenidən qurulması və abadlaşdırılması
işlərinin davam etdirilməsinə 30 milyon manat vəsait
ayrılmasına dair ölkə başçısı
müvafiq sərəncam imzalamışdır.
Sahibkarlığın inkişafına böyük diqqətin
göstərilməsi, iş
adamlarının beynəlxalq bazarlara çıxması
üçün əlverişli imkanların yaradılması
aparılan siyasətin məqsədyönlülüyündən
xəbər verir. Sahibkarlara kreditlərin verilməsi,
özəl sektorun maraqlarının müdafiə edilməsi
qarşıya qoyulan bütün məsələlərin həllinə
imkan yaradacaqdır. Cari ilin doqquz ayında 1287
sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri
üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri
hesabına 106 milyon manat güzəştli kredit verilmişdir
ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən
ayrılan vəsait təşkil edir. Güzəştli kreditlərin
74 faizi respublikanın regionlarının, 26 faizi isə
Bakı qəsəbələrinin payına
düşmüş, bu kreditlər hesabına 5110 yeni iş
yerinin açılacağı nəzərdə
tutulmuşdur.
Azərbaycanın zəngin təbii sərvətlərindən
səmərəli istifadə edilməsinin, respublikanın
investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər
konseptual əhəmiyyətli tədbirlərin nəticəsi
olaraq cari ilin ötən aylarında da ölkədə dinamik
inkişaf müşahidə edilmişdir. Bölgələrin
tarazlı və davamlı inkişafının təmini, yeni
iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi,
mövcud problemlərin aradan qaldırılması məqsədilə
imzaladığı dövlət proqramlarının, fərman
və sərəncamların icrası vəziyyəti ilə
yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla
birbaşa ünsiyyət quraraq mövcud çətinliklər
barədə informasiyaları ilkin mənbədən almaq
üçün vaxtaşırı Azərbaycanın müxtəlif
rayonlarına etdiyi səfərlər də cənab İlham Əliyevin
son 8 il ərzində prezidentlik dövrünün əsas istiqamətlərindən
biri kimi diqqəti çəkir. Azərbaycanın
demək olar ki, bütün rayonlarına səfərlər edən
cənab İlham Əliyevin insan amilinə necə yüksək
dəyər verdiyini görməmək mümkün deyildir.
Azərbaycan
azad bazar iqtisadiyyatı yolunu prioritet seçmişdir və bu
sistemdə hökumətin yeritdiyi sosialyönümlü siyasətin
məqsədi heç də sosial bərabərsizliyi aradan
götürmək deyil, onu tarazlaşdırmaq, vətəndaşların
maddi vəziyyətlərindəki ədalətsiz fərqliliyi
aradan qaldırmaq, kəskin təbəqələşməyə
yol verməmək, cəmiyyətin bütün üzvlərini
layiqli həyat səviyyəsi ilə təmin etmək
üçün fərdin ictimai statusunu yüksəltməkdir.
Son 8 ildə Azərbaycanda həyata keçirilən
ən ciddi sosial layihələrdən biri də aztəminatlı
vətəndaşlara ünvanlı sosial yardımları nəzərdə
tutan xüsusi Dövlət Proqramının həyata
keçirilməsidir. Hazırda bu proqram
113 min ailəni əhatə edir. 500 mindən
bir qədər artıq insan dövlətdən hər ay vəsait
alır.
Əhalinin
sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin,
ilk növbədə, pensiya təminatı sistemində islahatların
həyata keçirilməsi və 2010-cu il
yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin
pensiyalarına əmək stajlarına uyğun olarq
artımın tətbiqi üçün qanunlarda müvafiq dəyişikliklər
edilməklə dövlət büdcəsindən 195 milyon
manat vəsait ayrılmışdır. Prezident İlham Əliyev
bildirmişdi: "2011-ci ildə sosial sahədə də
çox yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar bir də onu göstərir
ki, siyasətimiz sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və
sadiq qalacağıq. Ancaq biz bununla bərabər,
aztəminatlı təbəqəni sosial cəhətdən
daha da yaxşı müdafiə etmək üçün
konkret adımlar atırıq. Bu
addımlar, sadəcə olaraq, proqramların qəbulu,
hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır,
bu proqramlar konkret xarakter daşıyır. Bu il 900 minə yaxın pensiyaçının
pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə götürsək 9 ayda Azərbaycanda
pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu, çox böyük göstəricidir, çox
böyük nailiyyətdir, çox ciddi addımdır və
yaşlı nəslin maddi cəhətdən daha da yaxşı
təminatı üçün vaxtında atılmış
çox düzgün və ədalətli bir
addımdır".
Cəmiyyət
həyatının bütün sahələrində əldə
olunan uğurlar beynəlxalq təşkilatların
hesabatlarında, nüfuzlu sosioloji mərkəzlər tərəfindən
vaxtaşırı keçirilən rəy sorğularında
təqdir olunur və respublikamızın davamlı inkişaf
etdiyi xüsusi
vurğulanır. "Caspian" İnformasiya Mərkəzinin
təşəbbüsü ilə Böyük Britaniyanın
nüfuzlu "Populus Limited" şirkətinin bu il sentyabrın 10-dan 30-dək Azərbaycanda min
respondent arasında keçirdiyi rəy sorğusunun nəticələri
də bunu bir daha təsdiqləmişdir.
Mərkəzin
direktoru Gerald Frost bildirmişdir ki, respondentlərin 95 faizi Azərbaycan
Prezidenti İlham Əliyevə etimad göstərdiklərini,
96 faizi isə onun siyasətini bəyəndiklərini
vurğulamışlar. Qurumun rəhbəri qeyd
etmişdir ki, indiyədək Qərb ölkələrində
keçirilən rəy sorğularında dövlət
başçısına bu dərəcədə etimad
göstərilməsi faktı qeydə
alınmamışdır. G.Frost demişdir ki,
sorğunun nəticələrinə əsasən, respondentlərin
79 faizi Azərbaycanda ümumi vəziyyəti təqdir edir, 70
faizi isə ölkə iqtisadiyyatının düzgün
istiqamətdə irəlilədiyini düşünür.
Bundan əlavə, respondentlərin 82 faizi son 10-15 il ərzində
Azərbaycanın dünyada nüfuzunun
artdığını, 54 faizi isə ölkədə həyat
səviyyəsinin yaxşılaşdığını
vurğulamışdır. Respondentlərin
böyük əksəriyyəti Azərbaycanda nəqliyyat
infrastrukturunun, səhiyyənin, təhsilin və digər sahələrin
inkişaf etdiyini bildirmişdir. Müstəqil
şəkildə aparılmış sorğunun nəticələrinə
əsasən, ümumilikdə respondentlər Azərbaycanın
təhlükəsiz, sabit, uğurla inkişaf edən,
güclü bir ölkə olduğu fikrindədirlər.
Bu mənada
demək olar ki, dövlət başçısı İlham Əliyev
ötən 8 illik fəaliyyəti dövründə məhz
ölkə üçün taleyüklü, strateji əhəmiyyətli
hadisələrin müəllifinə çevrilmiş, onun
ardıcıl və sistemli surətdə həyata
keçirdiyi islahatlar cəmiyyətin mənəvi yüksəlişinə
və birliyinə xidmət etmişdir. Əminliklə
demək olar ki, dövlət başçısının
özünəməxsus liderlik keyfiyyətləri, siyasi
prosesləri yönəltmək məharəti, cəmiyyətin
maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək
bacarığı Azərbaycan xalqının ona sonsuz
etimadının əsas səbəblərindən biri kimi
çıxış edir.
Əldə olunan makroiqtisadi nəticələr milli
iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. İqtisadi və
sosial sahələrdə aparılan ardıcıl islahatlar vətəndaşlarımızın
daha yaxşı yaşamasını təmin etməklə
qarşıda yeni imkanlar açır. Ölkə
başçısının hazırlanmağı ilə
bağlı qərar verdiyi "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası da Azərbaycanın
perspektiv inkişaf və hədəflərinin müəyyən
edilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 6 dekabr.- S.3.