Azərbaycanın birinci xanımı Mehriban

Əliyevanın İtaliyaya və Vatikana səfəri

yerli mətbuatda geniş işıqlandırılmışdır

 

 Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın İtaliyaya və Vatikana səfəri yerli mətbuatda geniş işıqlandırılmışdır.

"Cronaca di Roma" qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunmuşdur.

Məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Elza Monti ilə görüşmüş, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparmışdır.

Qəzet dekabrın 2-də axşam Romanın opera binasında keçiriləcək tədbir ilə də bağlı məlumat vermiş, onun maraqlı proqramla yaddaşlarda uzun müddət qalacağını vurğulamışdır.

Ölkənin ən çox izlənən roma.repubblica.it saytında isə Azərbaycanın birinci xanımının İtaliyaVatikana səfəri ilə bağlı xülasə yerləşdirilmişdir. Xülasədə Mehriban xanım Əliyevanın  İtaliyanın prezidenti Ciorcio Napolitano, kardinal Can-Franko Ravasiİtaliya baş nazirinin xanımı Elza Monti ilə görüşləri və aparılan danışıqlar barədə ətraflı məlumat verilmişdir.

Romanın Opera Teatrında Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş tədbir də ölkənin "Tutta Roma" qəzetində ətraflı işıqlandırılmışdır. Məqalədə Azərbaycan mədəniyyətinin kiçik bir parçasının Roma ictimaiyyətində doğurduğu təəssürat öz əksini tapmışdır. Yazıda həmçinin Mehriban xanım Əliyevanın çıxışının xülasəsi də verilmişdir. Qeyd olunmuşdur ki, tədbir İtaliyanın görkəmli insanlarının diqqətini cəlb etmişdir. Ölkənin məşhurlarının da iştirak etdiyi mədəni tədbir böyük maraq yaratmışdır.

 

AzərTAc

Azərbaycan.- 2011.- 6 dekabr.- S.2.