Bakıda V Beynəlxalq
Mstislav Rostropoviç
festivalının təntənəli
açılış mərasimi keçirilmişdir
Dekabrın
4-də Heydər Əliyev Sarayında V Beynəlxalq Mstislav
Rostropoviç festivalının təntənəli
açılış mərasimi keçirilmişdir.
Heydər
Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və
Mstislav Rostropoviç Fondunun birgə
təşkilatçılığı ilə
keçirilən festivalın bədii rəhbəri Olqa
Rostropoviçdir.
Festivalın
açılış mərasimində Azərbaycan
Respublikasının mədəniyyət və turizm naziri
Əbülfəs Qarayev və festivalın bədii rəhbəri,
Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç
çıxış etmişlər.
Əbülfəs
Qarayev demişdir ki, festivalın əsas məqsədi
M.Rostropoviçin vətənində dünyanın
tanınmış incəsənət ustalarının
çıxışlarını təşkil etməkdir.
Nazir bildirmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə bu beynəlxalq festival hər il dekabr ayında ölkəmizin paytaxtında əsl musiqi bayramı kimi təşkil edilir. Yeddi gün davam edəcək festivalda dünyanın məşhur musiqiçiləri və musiqi kollektivləri iştirak edəcəklər.
Rostropoviç Fondunun prezidenti Olqa Rostropoviç demişdir ki, Bakıda beynəlxalq musiqi festivallarının keçirilməsi atasının arzusu olmuşdur və o, 2006-cı ildə Dmitri Şostakoviçin 100 illiyinə həsr olunmuş festivalı təşkil etməklə bu gözəl ənənənin bünövrəsini qoymuşdur.
Mstislav Rostropoviç
festivalı Bakıda 2007-ci ildən ən yaxşı teatr və konsert
zallarında keçirilir və ənənəvi
olaraq dünyanın müxtəlif ölkələrindən
görkəmli ifaçıları öz
ətrafında toplayır. Festivalın əsas konsepsiyası
hər bir ifanın yüksək keyfiyyətidir.
Olqa Rostropoviç demişdir: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həmişə minnətdar olacağam. Çünki atamın xatirəsinə həsr olunmuş ilk festival məhz Bakıda keçirilmişdir".
Qeyd
edilmişdir ki, Bakı festivalının daha bir ənənəsi
böyük Mstislav Rostropoviçin davamçıları olan
istedadlı gənclərin
çıxışlarıdır.
Diqqətə
çatdırılmışdır ki, festival Lourens Fosterin
dirijorluğu ilə dünyanın ən yaxşı musiqi
kollektivlərindən olan Paris Kamera Orkestri solistlərinin
konserti ilə yekunlaşacaqdır.
Festivalın
açılış mərasimində Flamand Operasının
Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərlərindən
parçalar səsləndirilmişdir. Orkestrin bədii rəhbəri
və baş dirijoru Dmitri Yurovski, solisti isə Georq Niql
(Avstriya) olmuşlar.
Konsert
çox böyük maraqla qarşılanmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 6 dekabr.- S.7.