Dəyərli
insan
"Bakı"
və "Baku" axşam qəzetlərinin
yaradıcısı və redaktoru, BDU-nun jurnalistika fakültəsinin
müəllimi Nəsir Əsədulla oğlu İmanquliyev. Bu
tarixi şəxsiyyət barədə çox
danışılıb, çox yazılıb. Neçə-neçə
onilliklər ötsə də, sözün əsl mənasında,
müəllim kimi şərəfli adı daşıyan dəyərli
insanın keçdiyi ömür yolu heç zaman hafizələrdən
silinməyəcək. Azərbaycanda qəzetçilik
sahəsində, jurnalistikanın inkişafında misilsiz xidmətləri
olmuş bir alim, cəsarətli redaktor, qayğıkeş, təvazökar
insan, bacarıqlı təşkilatçı,
heç kimə bənzəməyən rəhbərlik
üslubu onun səciyyəvi cəhətlərindən idi.
Bu sətirlərin
müəllifi uzun illər Nəsir müəllimlə bir yerdə
işləsə də, onun haqqında yazmaq cəsarətini
özündə tapa bilməyib. Yüzillik yubileyi ərəfəsində
isə ürəyində bəslədiyi dərin hörmətini,
ehtiramını xatirələrin
işığında oxuculara çatdırmaq qənaətinə gəlib.
Sınaq
"Bakı" və "Baku" qəzetləri bir vaxtlar oxucular arasında böyük nüfuz qazanmış mətbu orqan idi. Yaradıcı kollektivin rəhbəri olan Nəsir İmanquliyev əksəriyyəti cavan kadrlardan ibarət beynəlmiləlçi heyətlə işləyirdi. Onun bir xasiyyətini çox adam yaxşı bilirdi: nə xahişlə işə adam götürərdi, nə vəzifəli şəxsə yaramaq üçün onun qohumunu yaxına buraxardı. Gənclərin çoxunu, bir qayda olaraq, yarımştata işə qəbul edərdi. Bu da asanlıqla başa gəlmirdi - gərək həmin işçini sınaqdan keçirəydi. Özü də necə!
Altmışıncı illərin əvvələrində Azərbaycan Dövlət Universitetinin tələbəsi olmaqla "Bakl" qəzeti redaksiyası ilə müntəzəm əlaqə saxlayırdım. Günüm redaksiyanın "Xəbərlər" şöbəsində keçirdi. Orta məktəbdə bir yerdə oxuduğumuz Yusif Kərimovla həmyaşıd olsaq da, mənə jurnalist peşəsinin sirlərini öyrətməkdə əsl müəllimim olub. Reportaj, zarisovka, bəzən isə zəif olsa da, oçerklər yazırdım, xəbər hazırlayırdım. Bir gün ədəbiyyat şöbəsinin müdiri işləyən Qeybulla Rəsulov məni yanına çağırıb Leniniana heykəltəraş Pyotr Sabsay haqqında oçerk yazmağı tapşırdı. "Çox məsuliyyətli və operativ tapşırıqdır", - deyə Qeybulla müəllim üzümə mənalı-mənalı baxdı, etiraz etməyin mənasız olduğunu xatırlatdı. Təklifi qəbul etdim, həmin gün P.Sabsayın emalatxanasına yollandım. Ertəsi gün yazını Qeybulla müəllimə təhvil verdim. Fasilədən sonra Qeybulla müəllim xəbərlər şöbəsinə gəldi, hamının gözü qarşısında mənim oçerkimi yuxarı qaldırıb "Sən elə hazır jurnalistsən ki!" - dedi. Bir gündən sonra Qeybulla müəllim mənə dedi ki, daha bir Leniniana mövzusunda yazı lazımdır. Daha doğrusu, SSRİ xalq artisti Lütfiyar İmanovun imzası ilə məqalə təşkil etməli idim. Bu işin də öhdəsindən gəldim. Bu dəfə Nəsir müəllim məni yanına çağırdı, rus dilində yazılmış 5 səhifəlik yazını mənə uzadıb:
- Bunu bu gecə evdə tərcümə et, sabah mənə çatdır, - dedi.
Dedim ki, Nəsir müəllim, məndə tərcüməçilik səriştəsi yoxdur, universitetin şərqşünaslıq fakültəsinin türk dili şöbəsində xırda-para mətnləri ruscadan türkcəyə, türkcədən ruscaya çevirirdik. Bu mətin isə mənim üçün qəlizdir.
- Eybi
yoxdur, - dedi. - Nə bacarırsansa, elə.
Həmin gecə səhərədək yatmadım. O vaxt bir otağımız vardı. Anam da yatmadı, səhərədək mənə çay verdi, yemək hazırladı. Lüğətlərin köməyi ilə bu tapşırığı yerinə yetirdim. Nəsir müəllim anama zəng vurub ona da əziyyət verdiyi üçün üzrxahlıq etdi. Sonradan bildim ki, Leniniana mövzusunda məqalələr sifarişi də sınaq imiş, anama zəng etməyi də tərçüməni mənim etdiyimi dəqiqləşdirmək məqsədi daşıyırmış.
- Mülatif, mən sənin yazılarını çoxdan izləyirəm. İndi isə sınaqdan uğurla çıxdın. Səni tam ştata işə qəbul edirəm. - Sevincimin həddi-hüdudu yox idi.
Mart ayı yenicə başlamışdı. Universitetin sonuncu
kursunda oxuyurdum. Diplom müdafiəsinə,
dövlət imtahanlarına 4-5 ay qalırdı. Təyinatımı isə Dövlət Təhlükəsizlik
Komitəsinə verməyi planlaşdırmışdılar.
Bunları Nəsir müəllimə deyəndə...
-
Haçan vaxtın oldu, işə gəl. O ki qaldı təyinat
məsələsinə, o mənlikdir!
Alicənab redaktorun kadr siyasəti çoxlarına bəlli
olsa da, mən təəccüb içində idim.
Qeyri-adi tərbiyə üsulu
Həyatda
çox nikbin insan olan Nəsir müəllim kollektiv üzvlərindən
bəzilərini, o cümlədən məni də tez-tez evlərinə,
bağa dəvət edər, qonaqlıq verərdi. Yumoru da çox sevirdi. Heç vaxt zarafatından
qalmırdı. Amma işdə çox ciddi və tələbkar idi.
Səhvə yol verənə, əmək
intizamını pozana qarşı ciddi inzibati tədbir
görməsə də, bircə sərt baxışı,
dolayısı ilə sataşmağı əmrdən,
töhmətdən betər idi. O, dövlət mənafeyini,
qanun-qaydanı hər şeydən üstün tutardı. Mən redaksiyada həmkarlar ittifaqı təşkilatının
sədri idim. Bir gün yanına gedib dedim ki, bəlkə
Ticarət Nazirliyinə məktub yazaq, bizə bir neçə minik
avtomobili ayırsınlar, növbədə çox adam var. Təəccübləndi.
Siyahını oxudum. Avtomobil
almaq üçün ərizə verənlərin
üçünün ad-familiyasını eşitcək, həmin
adamları kabinetinə çağırtdırdı.
Üçünə də bir sualla müraciət etdi:
- Necə
dolanırsınız, çətinliyiniz yoxdur ki?
Tam ştatda işləyən qadın jurnalist
giley-güzar etdi.
- Nəsir
müəllim, özünüz bilirsiniz ki, xəbər tapmaq,
hazırlamaq necə çətindir. Əhməd
müəllim (Əhməd Rəşidov, redaktor müavini -
M.A.) xəbərin birinə 30-40 qəpik yazır, bununla
dolanmaq olar?
- Məncə,
siz ikiniz də yarımştat maaşı
alırsınız, bəs siz? - deyə
digər iki nəfərə müraciət etdi.
- Vallah,
anam kənddə
biçilən otu satdırıb pulunu mənə
göndərir. Beləcə, birtəhər...
- Mən
də çətinlik çəkirəm, iki
uşağım var. Təzə aldığım arvad da
yanında iki uşaqla gəlib. Çətindir.
Onları
dinləyəndən sonra Nəsir müəllim növbəti
sualını verdi:
- Onda bir
mənə deyin görüm, belə dolanışıqla siz
hansı vəsait hesabına avtomaşın almaq istəyirsiniz,
hətta Mülatifə ərizə vermisiniz?
Hər üçü qızardı,
başlarını aşağı saldı.
- Gedin ərizələrinizi
geri götürün, - qəti sözü belə oldu Nəsir
müəllimin!
Telefon əhvalatı
Redaksiyada yaşı 80-ni ötmüş bir təsərrüfat
müdiri vardı. Adı Həsən idi, amma müharibə vaxtı
aldığı rütbəyə görə "Mayor müəllim"
çağırırdılar. Mayor müəllim
bir gün mənim işlədiyim şöbəyə gəlmişdi.
Şöbə müdirimiz Şakir Abdullayev ona dedi ki, deyirlər,
təzə "çeburaşka" aparatları var anbarda. Bizim telefon
aparatlarını dəyişə bilsən, şirinliyi məndən
olacaq.
Bu söhbətdən dörd-beş ay keçmişdi. Təzə aparat məsələsi
heç yada da
düşmürdü. Telefon zəng
çaldı. Dəstəyi Şakir müəllim
qaldırdı:
- Bəli,
Nəsir müəllim, mənəm, - deyib adət etdiyi kimi
ayağa durdu. - Aydın eşidirəm, Nəsir müəllim,
baş üstə, - deyib dəstəyi yerinə qoydu.
Üzünü mənə tutub:
-
Redaktordu! O bizə niyə şəhər telefonu ilə zəng
vursun? Həmişə selektorla arayır. Özü də lap əla eşidirdim. Amma dedi
ki, mənə zəng elə.
Şakir Abdullayev təəccüb içində
redaktorun telefonunun nömrəsini yığdı.
- İndi
bayaqkından da yaxşı eşidirəm, Nəsir müəllim,
baş üstə! - Bunu deyib dəstəyi
yerinə qoydu və mənə dedi ki, ikimizi də yanına
çağırır. Getdik redaktorun kabinetinə.
- Şakir, mən zəng vuranda yaxşı eşidirdin,
eləmi?
- Bəli,
bəli...
- Sən
də zəng edəndə mən əla eşidirdim. Belə olan halda nəyinizə lazımdır təzə
telefon aparatları? Mayor müəllimə
sifariş vermisiniz. Bu israfçılıqdır! Dövlət
malına belə münasibət yaramaz!
Buna bənzər bir əhvalat da olmuşdu. Mayor müəllim
hər ay müxtəlif ləvazimat almaq üçün nəşriyyatın
təchizat şöbəsinə sifariş yazırdı. Redaktor bu sifarişə dərkanar qoyanda gözü
üç ədəd rezin pozana sataşdı.
- Mayor müəllim, bu pozanların biri bir qəpikdir.
Ayıb deyil, bunu siyahıya salmısan?
- Nəsir
müəllim, bu makinaçılar məni rahat buraxmırlar,
hər gün rezin pozan istəyirlər...
- Onlara de ki, elə yazsınlar ki,
pozmağa ehtiyac olmasın!
Qəzetin nüfuzunu qoruyun
Qeyd
etdiyim kimi, Nəsir müəllim işçinin qüsurunu
üzə vurmazdı, dolayısı yolla bunu yumor dili ilə
elə çatdırırdı ki... Özü
də redaksiyada işləyənlərin hər birinin gün ərzində
nə ilə məşğul olduğunu, nə vaxt gəlib nə
zaman getdiyini gözəl bilirdi. Bunu isə
birbaşa üzə vurmazdı. Nəsir
müəllimlə həmyaşıd olan rəssam Hüseyn
Zeynalov son vaxtlar içkiyə qurşanmışdı.
Amma özünü elə aparırdı ki,
güya spirtli içki içmir.
-
Hüseyn, sənin burnunun ucu niyə həmişə
qırmızıdır? - redaktorun
sualına rəssam belə cavab verdi:
- Nə
bilim ay Nəsir müəllim, anadan belə doğulmuşam
da!
- Bir
gün səhər araq içməmiş işə gəl,
görək onda da burnunun ucu qırmızı olacaq?
Redaktor yaxşı bilirdi ki, "Baku" qəzetində
işləyənlərdən bir qrupu fasiləyə bir saat
tez çıxır, bir saat da gec qayıdırdı. Özləri
də naharı köhnə "İnturist" restoranında
edərdilər. Fasilədən
qayıdanda içkili olduqlarını bilən redaktor onlara
irad tutmazdı. Ancaq elə tərbiyə
metodu seçirdi ki, bu, danlamaqdan daha təsirli olurdu. Həmin dəstədən biri - Kamil Rəhimov bir məsələ
ilə bağlı redaktorun kabinetinə gəlmişdi.
Nəsir müəllim yarıciddi, yarızarafatla:
- Kamil, hər
gün fasilə vaxtı vurmağa gedirsiniz. Məni də dəvət
edin də!
- Baş
üstə, Nəsir müəllim, səhvimizi düzəldərik.
Nəsir müəllim düşündü ki, bu
söhbət onlara ibrət olacaq. Amma...
Ertəsi gün fasiləyə xeyli qalmış Kamil Rəhimov
redaktorun qəbul otağında idi. Mən ondan əvvəl kabinetə
girdim və redaktora bildirdim ki, Kamil qəbul
otağındadır...
- Yəqin
üzrxahlığa gəlib, - deyib zəngin düyməsini
basıb katibəyə dedi ki, Kamilə de, içəri
keçsin. O, içəri gircək qapının
ağzında əsgəri təzimlə ayaqlarını
cütləyib:
- Biz
hazır, Nəsir müəllim, gedə bilərik.
- Kamil, sənə
və dostlarına vacib tapşırığım var, mənsiz
heç hara getməyin.
Kamil Rəhimov kabinetdən çıxdı. Dəstə çox
gözləməli oldu, həftələrlə Nəsir
müəllimdən səs çıxmadı, sonradan məlum
oldu ki, o, kampaniya dostlarına bunu danışıb və onlar başa
düşüblər ki, Nəsir müəllim "mənsiz
getməyin" deməklə öz iradını bildirib.
"Dayday" və "Daimi
müştəri"
"Baku" qəzetində işləyənlərdən
fərqli olaraq, "Bakı"da içkiyə meyillilər
yox idi. Buna
baxmayaraq, qəzetin nüfuzunu həmişə qoruyan redaktor
bizə deyərdi ki, restoran-kababxanaya getməyin, qəzetin adına xələl gələr, hər bir
müxbirin davranışı nümunəvi olmalıdır.
Yadımdadır, ənənəvi iməcilik
günü idi. Bazar günü ertəsi günün
nömrəsinə gedəcək materiallar hazırlanırdı.
Günorta işlərimizi başa vurmuşduq.
İstirahət günü olduğundan bufetimiz
bağlı idi. Əhval-ruhiyyəsi
nikbinlikdən xəbər verən Nəsir müəllim məni
yanına çağırıb "Harada nahar edə bilərik?"
- soruşdu. "Bu yaxınlarda Qaradağ
rayonunun milis rəisi Ağarza Babayev məni Lökbatan dairəsindən
dəniz kənarına gedən yoldakı "Sahil"
kababxanasına aparmışdı, çox ləziz yeməklər
verirlər orada" - dedim. Beləliklə, yeddi
nəfər yığışıb getdik ora. Nəsir
müəllim bizə qulluq etməli olan Ramiz adlı ofisianta
dedi ki, bu yoldaşları mən nahara dəvət etmişəm,
yeməli xörəklərdən nə varsa gətir. Xörəkpaylayan
çönüb mənə tərəf baxdı və əlini
tuşlayaraq dedi:
- Bax, bu
dayday bizim "pastayannı kliyent"imizdir. O bilir, bizdə hər
şey dadlıdır.
Bu sözlər məni yamanca tutdu. Əvvəla, 25 yaşım ola-ola
mənə "dayday" dedi. Digər tərəfdən
də guya daimi müştəri idim. Nəsir müəllim
də bunu hiss etdi. Amma "pastayannı
kliyent" deyə ikicə kəlmə
pıçıldadı. Əlavə
heç nə demədi.
İstədim and içəm, izah edəm ki, burada cəmi-cümlətanı
bircə dəfə olmuşam, redaktor buna imkan vermədi. O ki qaldı "dayday"
məsələsinə, sonradan aydınlaşdı ki, Ramiz məndən
üç yaş böyükdür.
Putyovka məsələsi
Bir qayda olaraq, Nəsir müəllim noyabr-dekabr
aylarında məzuniyyətə gedərdi. Özü də
çox vaxt Yessentukiyə. Yolasalma mərasimi
ya evlərində, ya da Pirşağıdakı bağında
olardı. Ona yaxın olan 7-8 nəfər
toplaşardıq. Həyat yoldaşı
Gövhər xanım da, qızı Aida xanım da bizi
mehribanlıqla qarşılayardılar. Elə
mehribanlıq, səmimiyyət görürdük ki, hər il məmnuniyyətlə yolasalmada iştirak
edirdik. Yeri gəlmişkən, onu da deyim ki,
Gövhər xanım bizim himayədarımız idi, Nəsir
müəllimə dönə-dönə tapşırardı
ki, vəzifəli qohumları olmayan cavanları incitmə.
İnsaf naminə Nəsir müəllim bizim
müdafiəçimizin - Gövhər xanımın
sözündən heç vaxt çıxmazdı.
Bir dəfə noyabr ayı başa çatsa da, Nəsir
müəllimdən xəbər çıxmırdı. Nəhayət, özü
dedi ki, Yessentukiyə "putyovka" (yollayış) az ayrılıb. Felyeton
janrının mahir ustaları Şakir Abdullayev və Şaban
Şabanov həmkarlar təşkilatının sədri kimi mənə
dedilər ki, bəlkə biz yolllayış tapmaqda redaktora
kömək edək. Şakir müəllim dedi ki,
AHİŞ-in sədri Lidiya Rəsulova ilə yaxındır. Yığışıb Lidiya Rəsulovanın
yanına getdik. İnsafən, xanım bizi
çox səmimi qarşıladı. Bundan istifadə edən
Şakir Abdullayev dərhal mətləbə keçdi:
- Lidiya
xanım, gəlişimizin səbəbi budur ki, sizə bildirək
ki, "Bakı" və "Baku" qəzetləri
redaksiyasında çox adam işləyir.
Bunu yaxşı tanıdığınız Şaban müəllim
də, mestkomumuz Mülatif müəllim də təsdiq edərlər...
Biz yaradıcı işlə məşğul
olan 48 işçiyə Yessentukiyə yollayış
ayrılması üçün gəlmişik.
Bunu
eşitcək L.Rəsulova qəhqəhə çəkib
xeyli güldü:
- Nə
danışırsınız, Yessentukiyə 48 yollayış?
Bu, mümkün olan şey deyil. Mən hörmətli Nəsir müəllimə bir
yollayışı güc-bəla ilə tapmışam.
Şakir
müəllim sevincək ayağa qalxdı:
- Elə
biz də Nəsir müəllim üçün
yollayış dalınca gəlmişik də!
- Bəs
48 yollayış nə məsələdir?
- Lidiya
xanım, siz Nəsir müəllimə bir yollayış
ayırın. O, Yessentukidə dincələcək, biz 48 nəfər
də burada!
Bu əhvalatı
L.Rəsulova Nəsir müəllimə
danışmışdı və üstəlik demişdi ki,
"Mən sizi çox mülayim adam bilirdim,
görünür, işdə çox ciddisiniz, əməkdaşlarınız
sizdən yamanca
çəkinirlər, hətta qorxurlar...
Yollayışla
redaksiyaya qayıdan Nəsir müəllim məni yanına
çağırdı:
- Afərin
mestkom, bilirəm, bu sənin planların olub. Amma
gərək mənimlə məsləhətləşərdiniz.
Eybi yoxdur, bunun özü mənim nüfuzumu
qaldırmaq deməkdir. Lidiya xanım mənə dedi ki,
siz işdə nə qədər tələbkar, ciddisiniz...
Alicənablığın bariz
nümunəsi
Redaksiyada
ədəbiyyat şöbəsinin müdiri, bir sıra
sanballı kitabların müəllifi, istedadlı jurnalist Fazil Rəhmanzadəni
Nəsir müəllimin köməyi ilə mənzil
uçotuna götürtmüşdük. Fazil
müəllim yeyib-içən oğlan idi, pulunu
axırıncı qəpiyinədək xərcləyərdi.
Çox təkid elədi ki, qonaqlıq vermək
istəyir. Dedim ki, inşallah, mənzil alanda qonaqlıq
verərsən. Elə o gündən Fazil tez-tez
yanıma gəlib nə vaxt mənzil alacağını
soruşurdu. Bir gün mənim də dilim dinc durmadı:
- Fazil,
bax bu binanı görürsən? (indiki
"Respublika" mehmanxanasının binası). Orada bizə dördotaqlı mənzil verirlər.
Çexoslovakiya hadisələrində jurnalistlərin
əli olduğu üçün bizdə də qələm
sahiblərini dövlətə sədaqətli olmağa
ruhlandırırlar. Amma bu barədə kimsəyə bir
söz demə! Məxfi söhbətdir.
Fazil həmin gün "Neftçi" ilə
"Ararat"ın oyununa getməli idi, iki bileti vardı. Biletləri mənə verib
dedi ki, kimə verirsən, ver. Axşam gedirik
"İnturist"ə. Bu arada partkomumuz Səfər Məmmədov
bacısı oğlanları üçün bilet
axtarırdı. Biletləri ona verdim və həmin
gün bizimlə getməyə onu razı saldım. Səfər Məmmədov,
Şaban Şabanov, İsmayıl Kərimov, Fazil və mən
dörd gün dalbadal işdən sonra yeyib-içməyə
getdik. Partkomumuz çox narahat idi, dedi ki buna son qoymaq
lazımdır. Ertəsi gün Fazilə dedim ki, bu yeni tikilən
binadakı mənzili Nəsir müəllim özünə
götürmək istəyir, sənə
isə onun Nizami küçəsindəki 66 saylı
binadakı mənzili ayrılacaq. Fazil əsəbiləşdi:
- Yetimin
qismətinə də göz dikərlər?
Sonra nə fikirləşdisə, bizi Nizami küçəsindəki
"Şirvan" restoranına balıq kababına qonaq
apardı. Nizami küçəsindən keçəndə
"Buzovnaneft"in binasının qarşısında
qulağıma əyilib Nəsir müəllimin evinin yerini
soruşdu. Mən isə qeyri-dəqiqliklə
ikinci mərtəbədə ən yaraşıqlı iki
eyvanı, dörd pəncərəni seçib göstərdim.
"Əla, - dedi
- o olmasın, bu olsun, getdik kababa!"
Evə
dönəndə qonaqlıqdakıların möhkəm təkidi
ilə məsələni açıqladım, dedim ki, bunlar
hamısı zarafatdır. Fazilin az qala
ürəyi getdi, taksiyə mindirib evlərinə apardıq...
Zarafatı
çox sevən Fazil ertəsi gün işə gələndə:
- Əhsən,
əla səhnəcik qurmuşdunuz, xoşum gəldi, - dedi.
Əhvalatdan Nəsir müəllim də xəbər
tutmuşdu.
Bircə onu dedi ki, "Gərək məni
qatmayaydınız, eybi yoxdur, zarafat belə olar".
Görün nə qədər təvazökar insan idi. Yaxşı
başa düşürdük ki, başqa redaktor olsaydı, elə
həmin gün bizi işdən qovardı.
Qartal gözlü redaktor
Gənclik
yaşlarında yaradıcı adamın ürəyindən
şöhrətlənmək, tanınmaq istəyi çox
keçir. Mətbuatda işləyənlər
isə imzalarının qəzet-jurnal səhifələrində
tez-tez getməsinə, radio və televiziyada səslənməsinə
çalışırlar. Mən əsasən
tənqidi yazılar, felyetonlar müəllifi kimi
tanınırdım. Bədii yazılara da
meyilim vardı. Çoxlu lətifələr
yazırdım. Bunları qəzetə
hazırlayıb versəydim, çox güman ki Nəsir
müəllim bəyənib verməzdi. Buna
görə də redaktoru aldatmaq yox, bir növ dolayısı
ilə lətifələrimi dərc etdirmək istəyirdim.
Təxminən beş səhifəlik lətifələrimi
toplayıb üstünə "Əziz Nesin" adını
yazdım. Sonda isə "Türkcədən çevirəni:
M.Adurov"
sözləri yer aldı. Nəsir müəllim
podborkanı oxuyan kimi məni çağırdı:
- Bax,
bunlar axşam qəzetlərinin əsl malıdır, çox
yaxşı lətifələrdir. Təkçə Əziz
Nesindən yox, digər xarici ədəbiyyatdan da tərcümə
elə, afərin!
Lətifələr şənbə günü nömrəsinə
salındı.
Həmin gün mətbəədə məsul növbətçi
idim. Redaktor səhifələrə qol
çəkməyə gələnədək Əziz Nesinin
adını və "Türkcədən çevirəni"
sözlərini çıxartdım. Bunlar
sərrast redaktorun nəzərindən qaçmadı. Mənə bir söz demədən, ad-familiyamı
pozdu. Nə Əziz Nesinin adı getdi, nə
də mənim.
- Niyə
belə elədiyini başa düşürəm. Amma məni aldatmağa gərək cəhd etməyəydin,
- deyə məni qınadı.
Cəzam
bu oldu ki, təxminən yarım il qəzetdə
ad-familiyam görünmədi, felyetonlarım "Dostunuz
Axşamzadə", "M.Fyodorov", "M.Vasilyev"
imzaları ilə getdi.
Üzündə
İlahiyə bağlı nur işıqlanan Nəsir müəllimi
aldatmaq nədir, kiçik bir hiyləgərlik də etmək
mümkün deyildi!
İdarənin partkomu da, mestkomu da, gənclər təşkilatının
rəhbəri də Nəsir müəllim idi. Kimin işə
gecikdiyini, işdən yayındığını gözəl
bilirdi. Bir gün kabinetində əmək
intizamı barədə danışırdıq. Saat dörd olardı. Bu vaxt redaksiyanın
bölmə müdiri, elmi-tədqiqat mövzusunu məharətlə
işıqlandıran Ərşad Əhmədov qapını
açıb "Məktubu göndərdim, Nəsir müəllim",
- dedi və getdi. Nəsir müəllim mənalı şəkildə
mənə baxıb gülümsədi və dedi:
- Məktub
məsələsi boş şeydi, mənə deməyə də
bilərdi. İndi görərsən o, niyə
mənə özünü göstərdi.
Heç beş dəqiqə keçməmiş katibəni
çağırdı:
-
Ərşadı tap, yanıma gəlsin!
Katibə
dərhal:
- O, indicə
kabinetdən çıxan kimi paltosunu geyinib getdi.
Cəsarət
Nəsir
İmanquliyev geniş dünyagörüşlü, nadir
mütəxəssis, savadlı, təcrübəli, həyatdan
baş çıxaran, necə deyərlər, yerin
altını da, üstünü də bilən, siyasi cəhətdən həddindən
artıq yetkin insan idi. O vaxtlar L.Brejnevin "Dirçəliş"
kitabında adları keçən adamlarla
görüşüb yazmaq həvəsi məni Dnepropetrovsk
metallurgiya zavoduna aparmışdı. Bundan əvvəl
isə "Xam torpaq" kitabında adları keçən həmyerlilərimizlə
görüşmüşdüm. Axşam qəzetlərinin
beş sayında dərc edilən silsilə
yazılarıma görə Nəsir müəllim məni
mükafatlandırmışdı. Ukraynadan
qayıdandan sonra da silsilə yazılar yazdım. Nəsir müəllim çox bəyənmişdi.
Ancaq oradakı "Mən zavodun fəxri kadrlarının portretləri cərgələnən
muzeyə baxanda düşündüm ki, sən demə, bu
zavod partiyanın mərkəzi komitəsinin ehtiyat kadrlar
ocağı imiş" cümləsinin
çıxarıldığını görəndə
redaktora sübut etmək istədim ki, bu, həqiqətən
belədir, mərkəzi komitənin katiblərinin, şöbə
müdirlərinin, məsul işçilərinin əksəriyyəti
bu zavodun kadrları olublar. Nəsir müəllim təmkinlə:
- Bilirəm,
- dedi, - sən düz deyirsən, amma bunu indi yazmaq olmaz!
İllər keçdi, Nəsir müəllimin nə qədər
uzaqgörən siyasətçi olduğunu qət etdim. Çox güman ki, taleyim
başqa cür olacaqdı...
Amma özü bir dəfə bizi
sarsıtmışdı. Səksəninci illərin
əvvəllərində respublika jurnalistlərinin növbəti
qurultayı keçirilirdi. Azərbaycan KP
MK-nın birinci katibi Heydər Əliyev də qurultayda
iştirak edirdi. Məruzələr dinlənildi,
çıxışlar oldu. Söz Nəsir
İmanquliyevə verildi. O, cari məsələlərdən
danışıb çıxışını belə
yekunlaşdırdı:
- Təklif
edirəm ki, onlarca qəzet-jurnalın nəşr olunduğu
"Azərbaycan" nəşriyyatının yerləşdiyi
Avakyan küçəsinin adı dəyişdirilib "Mətbuat
prospekti" qoyulsun.
Salonda gurultulu alqışlar qopdu. Bircə nəfər əl
çalmırdı: Heydər Əliyev! Qurultay
işini davam etdirdi. Amma siyasi maarif evinin
iclas salonundakıların demək olar ki, hamısı
N.İmanquliyevin taleyini düşünürdü.
Ertəsi gün Nəsir müəllimi sevənlər həyəcan
içində idilər. Axı o vaxt bu çox görünməmiş
cəsarət idi, böyük risk idi. Günlər
keçdi, bu məsələyə aydınlıq gətirilmədi.
Görünür, bu təklif ulu öndərin
də ürəyincə idi, amma o vaxt belə qərar qəbul
etmək beynəlmiləlçilik prinsipinə xələl gətirərdi.
Çox keçmədən, Nəsir müəllimin tarixi təklifi
həyata keçdi...
Epiloq əvəzi
Türklərdə belə bir ifadə
var: "Dəyərli İnsan". Mən əbəs
yerə bu qeydlərimə həmin sözləri sərlövhə
seçmədim. Bu ikicə kəlmə
özündə çox cəhəti ehtiva edir. Azərbaycan
mətbuatının fədaisi Nəsir İmanquliyevin idarəçilik
məharəti, insanpərvərliyi, qayğıkeşliyi,
xeyirxahlığı, gözəl ailə
başçısı olması, ziyalılığı,
xalqa, dövlətə sədaqətini, cəsarət və
prinsipiallığını, əsl kişilik xarakteri kimi cəhətlərini
özündə əhatə edən "dəyərli
insan" ifadəsi bəlkə
də o gözəl insanın mənəviyyatına tam qiymət
vermir. Lakin hər halda, o, sözün əsil mənasında,
dəyərli insan kimi bu ada layiq idi.
Mülatif ADUROV
Azərbaycan.- 2011.- 6 dekabr.- S.6.