Azərbaycanın
Fövqəladə Hallar Nazirliyinin
nümayəndə heyəti
Abu-Dabidə keçirilən
Qlobal Polis Simpoziumunda iştirak edir
Birləşmiş Ərəb
Əmirliklərinin Abu-Dabi şəhərində Qlobal Polis
Simpoziumu keçirilir. Abu-Dabi Polisinin və Los Anceles Əyaləti Şerifinin
Departamentinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycan
Respublikasının fövqəladə hallar
naziri general-polkovnik Kəmaləddin
Heydərovun rəhbərliyi ilə nümayəndə heyəti
iştirak edir.
FHN-dən AzərTAc-a bildirmişlər ki, simpoziumda cinayətkarlığa qarşı mübarizə, sabitliyə nail olunması, bu sahədə qanunların icrasının təmin edilməsi üçün ölkələrin hüquq-mühafizə orqanları əməkdaşlarının səylərinin birləşdirilməsi, eləcə də baş verə biləcək irimiqyaslı fövqəladə hallara qarşı yerli və beynəlxalq səviyyədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məsələləri müzakirə olunacaqdır.
Müxtəlif ölkələrin aidiyyəti dövlət orqanlarının rəhbər şəxslərinin iştirak etdiyi simpoziumda fövqəladə hallar naziri Kəmaləddin Heydərov çıxış etmiş, son illər Azərbaycanın yerli və beynəlxalq səviyyədə təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat vermiş, fəlakətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın rolundan danışmışdır.
Azərbaycan.- 2011.- 6 dekabr.- S.7.