Modernləşməyə xidmət edən milli ideya

 

Hər bir xalqın formalaşma və tarixi təkamül prosesində müəyyən mütərəqqi fikir və ideyalar səfərbəredici amilə çevrilərək onun gələcək tərəqqisinə etibarlı ideoloji, siyasi, mənəvi-iqtisadi zəmin hazırlamışdır. Cəmiyyətdə mütləq çoxluğun qəbul etdiyi, bölüşdüyü müsbət yüklü ideya, məqsəd və dəyərlər məslək, əqidə, fikir və dünyagörüşü yaxınlığı yaratmaqla intibah baxımından son dərəcə vacib olan amillərin həyata keçirilməsinə kömək etmişdir. Bu mənada, milli ideyası olmayan xalqın nəinki mütərəqqi inkişaf yolundan, ümumiyyətlə mövcudluğundan danışmaq çətindir. Milli ideya dövlətlərin davamlı yüksəlişi yolunda bir növ mayak rolunu oynadığı üçün bunsuz inkişafı təmin edən milli birlik və həmrəylik konsepsiyasını reallaşdırmaq da mümkün deyildir.

Milli ideyanın gücü, ilk növbədə, konkret məram və məqsədləri cəlbedici formada irəli sürməsində və bütün bunlara çatmaq üçün şüurlara hakim olmasındadır. Zamanı, vaxtı yetişmiş ideya ən güclü, müasir ordudan da təsirli və qüdrətli sayılır. Hər bir xalqın milli ideyası onun gələcək inkişaf yolu, taktiki və strateji hədəfləri, habelə beynəlxalq münasibətlər sistemindəki yeri barədə aydın təsəvvür yaradır. Milli ideyanın hədəflədiyi, önə çəkdiyi məqsədlərin mahiyyətindən asılı olaraq xalqların və dövlətlərin beynəlxalq miqyasda imici formalaşır. Başqa sözlə, dövlətlərin uğur və inkişafını təmin edən milli ideya həm də cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır: onu praktik cəhətdən gerçəkləşdirməyə imkan verən mütərəqqi ideologiyası olmayan dövlətin daimi inkişaf və uğurlarından söhbət belə, gedə bilməz. Milli ideya dövlətlərin sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər naminə səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə bir növ vasitəçilik edir.

Hər hansı xalqın rifahı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya insanları sıx şəkildə birləşdirir, vahid tam kimi fəaliyyətinə şərait yaradır, cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız "mən"inin qorunub saxlanmasına imkan yaradır. Tərkibinə görə polietnik sayılan cəmiyyətlərdə məhz milli ideya vasitəsilə ümumi dövlətçilik mənafeyinin dürüst dərki, ümummilli məsələlərdə həmrəyliyin təmini mümkün olur. Milli ideyanın mahiyyətinin düzgün dərkində ən mühüm metodoloji xüsusiyyətlərindən biri isə ayrı-ayrılıqda hər bir xalqın bənzərsiz identikliyə malik olması qənaətinin qəbul edilməsidir.

Milli ideya Azərbaycan xalqının da qədim zamanlardan bugünədək keçdiyi yolun uğur və təbəddülatları ilə yanaşı, onun tarixi ənənələri, mental xüsusiyyətləri, psixologiyası barədə dolğun təsəvvür yaradır. Bəşəri miqyasda özünütəsdiq imkanı qazanmış xalqımız, ilk növbədə, bu və digər məqsədlərini uğurla gerçəkləşdirmək üçün müxtəlif dövrlər üçün aktual olan milli ideyalara istinad etmişdir. Bu ideyalar tənasübü Azərbaycan xalqı ilə bağlı istənilən tarixi dövrün  proseslərini, təfəkkür tərzini və etnoqrafik əlamətlərini müasirlik müstəvisində təqdim edərək milli siyasət üçün vacib arsenala çevrilmişdir. Əksərən uzunmüddətli hədəflər naminə səfərbər olunmuş bu arsenal, eyni zamanda, müasir cəmiyyət modelinin ideoloji-siyasi və mənəvi əsasını təşkil etmişdir.

Bu nöqteyi-nəzərdən milli ideya probleminin elmi-nəzəri əsaslarının tədqiqi müasir ictimaiyyətşünaslıq və fəlsəfə elminin qarşısında duran başlıca vəzifələrdən biridir. Son illər Azərbaycanın müasir fəlsəfi-ictimai və siyasi fikrinin tədqiqi sahəsində sanballı əsərlər yaratmış Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin milli ideya probleminə həsr olunmuş son araşdırmaları xüsusilə təqdirəlayiqdir. Görkəmli filosof gərgin araşdırmalarının nəticələrini "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" əsərində dərc etdirmiş və "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" adlı müsahibəsində ətraflı şəkildə şərh etmişdir. Elmi ictimaiyyətin müzakirəsinə təqdim olunan bu əsərlər cəmiyyətdə böyük maraqla qarşılanmış və ənənəvi olaraq elmi diskussiyalara rəvac vermişdir. 

Bu əsər və müsahibə ilə tanışlıq göstərir ki, dünyanın ən qədim etnoslarından biri olan azərbaycanlıların milli ideyasının formalaşması prosesi XIX əsrdən ölkəmizin üzləşdiyi müxtəlif ictimai-siyasi proseslərlə bağlı olmuş, ümumən cəmiyyətdəki həlledici çoxluğun ülvi məqsəd və istəklərini özündə əks etdirmişdir. Həmin dövrdə yazıb-yaratmış mütəfəkkir şair-yazıçıların, ədiblərin əsərləri ilə tanışlıq ümumən milli ideyanın əsasını təşkil edən məqsədlərin nədən ibarət olduğu barədə dolğun təsəvvür yaradır. Əgər XIX əsrdə daha çox milli özünüdərk, maarifçilik hərəkatının genişlənməsi, mövhumata, cəhalətə, geriliyə qarşı mübarizə, xalqın milli sərvətləri üzərində sahiblik haqqını təmin etməsi kimi məsələlər ön planda olmuşdursa, XX əsrin əvvəllərindən başlayaraq azərbaycançılıq, türkçülük, milli dövlətçilik, müstəqillik kimi fundamental ideyalar ictimai şüura hakim kəsilmişdir.

Müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlətin məhz Azərbaycanda elan olunması, yüksək sosial-mədəni, iqtisadi tərəqqiyə, vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edən çoxşaxəli islahatların məhz bu dövlətdə reallaşdırılması azərbaycanlıların zəngin milli ideyaya, yüksək milli qürura, yenilikçi düşüncə tərzinə malik olmasının təcəssümüdür. Milli ideyanın ana axarında yer alan ali məqsədlərin reallaşdırılması nəticəsində həmin dövrdə cəmiyyətdə demokratik hüquq və azadlıqlar bərqərar olmuş, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilmiş, müsəlman Şərqində ilk dəfə olaraq qadınların seçki hüququ tanınmış, Azərbaycan-türk dili dövlət dili elan edilmiş, Bakı Dövlət Universiteti fəaliyyətə başlamış, milli ordu, parlament, təhlükəsizlik strukturları yaradılmışdır.

Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olaraq bugünkü müstəqil dövlətimizin sələfi qismində müstəqilliyimizə hüquqi-siyasi və mənəvi əsaslar formalaşdırmışdır. Cümhuriyyətin kənar hərbi müdaxilə nəticəsində süqutundan sonra qırmızı imperiyanın sərt təzyiq və repressiyaları ilə üzləşən Azərbaycan xalqı qəlbində qubar salmış müstəqillik idealını qoruyub saxlamışdır. Lakin yalnız ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin sovet Azərbaycanında hakimiyyətə gəlişindən sonra azərbaycanlıların qəlbində közərən müstəqillik düşüncəsini yenidən milli ideyaya çevirmiş, dövlətçilik düşüncəsinin praktik reallaşdırılması istiqamətində ciddi addımlar atılmışdır. Böyük strateq hələ 70-ci illərdə milli təfəkkürümüzü repressiya xofundan, təzyiq və təhdidlərdən xilas etmiş, milli şüurun yüksəlişinə xidmət edən ardıcıl tədbirlər həyata keçirmişdir.

Qərinələr boyu azərbaycanlıların milli düşüncəsinə, dövlətçilik təfəkkürünə hakim kəsilən, xalqı aşkar-gizli mübarizə ruhunda kökləyən milli ideya - Azərbaycanın istiqlala qovuşması, müstəqil dövlət kimi taleyini azad şəkildə müəyyənləşdirməsi isə ötən əsrin sonlarında "soyuq müharibə"nin başa çatması zəminində cərəyan edən qlobal miqyaslı proseslərin məntiqi yekunu olaraq gerçəkləşmişdir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ilə xalqın qəlbində nisgilə çevrilmiş bu ideya deklorativ şəkildə reallaşmışdır. Lakin ilkin mərhələdə, daha dəqiqi, 1991-ci ilin oktyabrından 1993-cü ilin iyun ayınadək respublikada sosial-iqtisadi tənəzzülün dərinləşməsi, insanların sosial rifah halının pisləşməsi, ictimai-siyasi sabitliyin addımbaşı pozulması, insan hüquqlarına təminatın olmaması və s. destruktiv proseslər respublikanın de-fakto müstəqilliyinə imkan verməmişdir. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin dövlətin, xalqın taleyi və gələcək inkişaf yolu ilə bağlı yetkin baxışlar sisteminin olmaması isə milli müstəqillik amilinin özünün mahiyyətinə xələl gətirmiş, onun ictimai rəydə adekvat dərkinə mane olmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bir müddət əvvəl "Bakinski raboçi" qəzetinə verdiyi "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" sərlövhəli məxsusi müsahibəsində həmin dövrü haqlı olaraq belə səciyyələndirir: "Səhv milli siyasətin nəticələri tezliklə etnik komponentin və separatçı əhval-ruhiyyənin kəskin ifadə olunduğu müxtəlif milli qrupların nümayəndələrinin üzdəniraq ictimai təşkilatlarının yaranmasında özünü göstərdi. Hakimiyyətə gəlmiş siyasi qruplar milləti birləşdirməyə, cəmiyyətdə sabitliyi və asayişi bərpa etməyə yönəlmiş fəaliyyət xəttini həyata keçirə bilmədilər. Oxlokratiyaya - kütlənin hakimiyyətinə doğru yuvarlanma, dövlətçiliyin tənəzzülü, ölkə ərazisinin bir hissəsinin işğal edilməsi, qeyri-sabitlik və siyasi kataklizmlərlə səciyyəvi olan bu dövrü respublikanın tarixində müstəqil dövr kimi təsnif etmək çətindir. Azərbaycan dövlətinin tam azadlıq və müstəqillik yoluna qədəm qoyması üçün dövlətçilik iradəsi və siyasi dəyişikliklər tələb olunurdu".

Əsərdə Azərbaycan xalqının hansı başlıca ideya və məqsədlər ətrafında birləşməli olduğu, xalqın kollektiv əzmi, siyasi və intellektual elitanın ümumi yaradıcılıq səylərini tələb edən ideya dayaqlarının diqqət mərkəzinə gətirilməsi zəruriliyi önə çəkilmişdir. Məhz bu cəhətlərinə görə, görkəmli filosofun yeni əsəri Azərbaycan ictimai-siyasi düşüncə tarixində milli dövlət və milli ideya məsələlərinin yaşadığımız yeni reallıq müstəvisində elmi təhlilinə dair miqyaslı fikir mübadiləsinə təkan vermiş, mövcud nəzəriyyə və konsepsiyaların zənginləşməsinə sanballı töhfə olmuşdur.

Akademik Ramiz Mehdiyevin milli ideya probleminin konseptual elmi tədqiqinə həsr olunmuş həmin əsərində yer almış bu fikirlə də tam razılaşmaq olar ki, hər bir xalqın vahid məqsədlər naminə toparlanması üçün zəruri vasitə olan milli ideya yalnız böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real təcəssümünü tapır. Bu mənada, hazırda ictimai fikirdə mütləqləşmiş qənaətlərdən biri də məhz budur ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə qayıdışı Azərbaycanı müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsindən qorumuşdur. Məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilmiş, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoymuşdur.

Bu mərhələdən iqtisadi, siyasi, hüquqi və digər sahələrdə kompleks islahatlar həyata keçirən, ölkənin milli iqtisadi inkişaf modelinin xüsusiyyətlərini elmi şəkildə açıqlayan, yeni neft strategiyasını irəli sürən, cəmiyyətdə sabitliyin qarantı olan orta təbəqənin - sahibkarlar sinfinin formalaşması yönümündə ardıcıl addımlar atan ümummilli lider Heydər Əliyev dövlət müstəqilliyinin möhkəmləndirilməsini və Azərbaycanın davamlı inkişaf yoluna çıxarılmasını həmin dövrün başlıca milli ideyasına çevirmişdir. Bu ideya respublikanın demokratik, hüquqi, dünyəvi dövlətə çevrilməsi, ərazi bütövlüyü və suverenliyinin bərpası, beynəlxalq miqyasda mənafelərinin etibarlı şəkildə qorunması kimi ümdə məqsədləri özündə ehtiva etmişdir.

"Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" müsahibəsində yer almış bu fikir də xüsusi diqqət çəkir ki, ideya ilə yüklənməyən millət inkişaf edə bilməz. Bu mənada əminliklə demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan milli azərbaycançılıq ideologiyası hər bir vətəndaşın maraqlarını  özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində Azərbaycan dövlətinin qarşısında duran vəzifələri, onların Azərbaycan Respublikasına münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən təkmil konsepsiyadır.

Hər bir azərbaycanlı bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır. Özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Yəni Azərbaycanın davamlı inkişafının Heydər Əliyev konsepsiyası praktik fəaliyyətə transformasiya edərək insanların fərdi davranışını stimullaşdırmaq qüdrətinə malik olan dəyərlərin məcmusunu özündə ifadə edir. Həmin dəyərlər sistemi ümummilli ideyanın təmin edilməsi ilə yanaşı, hər bir fərdin şəxsi idealının həyata keçirilməsini nəzərdə tutan prinsip və vəzifələri üzvi şəkildə əks etdirir. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.

Akademik Ramiz Mehdiyev ötən 8 ildə Azərbaycanda milli ideyanın inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu konkret elmi mülahizələr əsasında diqqətə çatdırır. Məqalədə vurğulanır ki, Prezident İlham Əliyev ulu öndərin böyük müdrikliklə irəli sürdüyü inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, onu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Cənab İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik olan möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir. Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.

Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin 2003-cü ildən yürütdüyü uğurlu siyasət ölkə başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, Azərbaycanın inkişaf etmiş ölkəyə çevrilməsi, hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsi, ən başlıcası, ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası keyfiyyətcə yeni mərhələdə milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.

Son illərə qədər respublikada milli ideya səviyyəli məqsəd kimi nəzərdən keçirilən daha bir məsələ də müsbət həllini tapmış, Azərbaycan iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq iqtisadi və sosiomədəni modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Şübhəsiz, keçid dövrünün müddəti hər bir dövlətin özünəməxsus inkişaf xüsusiyyəti, təbii resursları ilə şərtlənir. Keçid iqtisadiyyatı yaşayan ölkələr üçün mövcud olan ümumi qanunauyğunluq müxtəlif şəraitlərdə fərqli formalarda özünü göstərir. Bununla belə, iqtisadiyyatın dövlət inhisarından çıxarılması və özəlləşdirilməsi, bu əsasda sahibkarlığın, rəqabət mühitinin inkişaf etdirilməsi, qiymətlərin liberallaşdırılması, bazar infrastrukturlarının formalaşdırılması, əhalinin güclü sosial müdafiəsi sisteminin təşkili, fəal investisiya siyasətinin aparılması keçid dövrünü başa vuran ölkələr üçün ümumi cəhətlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti iqtisadi sahədə ənənəvi hesab edilən neft-qaz sektoru ilə bərabər, investisiya, sahibkarlıq, maliyyə-bank sektoru, tədiyyə balansı, kənd təsərrüfatı kimi bölmələrdə dinamik inkişafı təmin etmişdir. Eyni zamanda, beynəlxalq iqtisadi münasibətlərin milli maraqların qorunması çərçivəsində gücləndirilməsi qlobal strukturlara səmərəli inteqrasiyanı daha da sürətləndirmişdir. Bu fonda əhalinin sosial müdafiəsi məsələsi də daim ön planda tutulmuş, bunun üçün əməli addımlar atılmış, müvafiq dövlət proqramları qəbul olunmuş, qanunvericilik bazası daha da təkmilləşdirilmişdir.

Ümumiyyətlə, Azərbaycan iqtisadi sahədə islahatları uğurla başa çatdırmaqla, MDB məkanında keçid dövrünü başa vurmuş öncül dövlətlər sırasındadır. Möhtərəm Prezident İlham Əliyev 2009-cu il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyindəki dərin məzmunlu nitqində Azərbaycanın iqtisadi sahədə keçid dövrünü başa vurduğunu bəyan etmişdir. Bundan sonrakı dövrü isə daha çox bazar münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, modernləşmə strategiyasının reallaşdırılması mərhələsi kimi səciyyələndirmək olar. Cənab İlham Əliyev praqmatik siyasətçi kimi bu mərhələdə də qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından bir sıra strateji məqsədləri önə çəkir. Bu xüsusda müasir dövrün milli ideyasının Azərbaycan üçün nədən ibarət olduğu da tamamilə aydındır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, məqsəd Azərbaycanı yaxın perspektivdə inkişaf etmiş dövlətlər sırasında görməkdir. Dövlət başçısı cəmiyyətdə müəyyən azlığın skeptik yanaşdığı bu məqsədin reallaşdırılması üçün son illərdə kompleks tədbirlər həyata keçirir.

Cənab İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə" sərəncamı da məhz bu strateji məqsədin reallaşdırılmasına xidmət edir. Sərəncamda göstərilir: "Son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunmuş, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində ciddi uğurlar qazanılmışdır. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açmışdır".

Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında qarşıdakı 10 ildə ümumi daxili məhsulun ən azı 10 dəfə artırılmasını hökumət qarşısında ciddi vəzifə kimi müəyyənləşdirməsi də milli ideyanın yeni hədəfi kimi diqqəti çəkir. Bu həm də insanların yüksək rifahının təmin edilməsi məqsədinin Prezident İlham Əliyevin siyasətində prioritet məsələ olduğunu əminliklə söyləməyə ciddi əsaslar verir.

Ümumiyyətlə, XXI əsrdə bəşəriyyətin inkişafına ciddi təsir göstərmiş qloballaşma prosesləri, xüsusən də müstəqilliyini yenicə qazanmış dövlətlər qarşısında zamanla ayaqlaşmaq, onun tələblərinə uyğun siyasət yeritmək, müasir dünya siyasətinin reallıqlarını düzgün dəyərləndirmək kimi mühüm vəzifələr müəyyənləşdirmişdir. Amerikalı nəzəriyyəçi-filosof T.Fridman yazır ki, əgər ötən əsrdə böyük dövlətlər kiçikləri udurdularsa, XXI əsrdə "sürətli" dövlətlər "ləng", "astagəl" ölkələri "həzm edəcəklər". Bununla filosof hazırda dünya nizamında yeni geosiyasi reallıqların meydana çıxdığına, çevik xarici və daxili siyasət yeridən kiçik dövlətlərin beynəlxalq iqtisadi münasibətlər sistemindəki mövqeyinin əsaslı dərəcədə möhkəmləndiyinə işarə edir.

"Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur" müsahibəsində Qərb dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf yolunu qısa müddətdə adlayan Azərbaycanın həlledici uğurlarının son 8 ilə təsadüf etdiyi xüsusi vurğulanır, cənab İlham Əliyevin fenomenal liderlik xüsusiyyətləri göstərilir. Eyni zamanda, mövcud siyasi kursun Azərbaycanın demokratik inkişafında rolu, ölkənin siyasi sisteminin müasirləşməsində əhəmiyyəti, sosial-iqtisadi və mədəni-intellektual sferada aparılan islahatlara yeni ruh və müasirlik çalarları gətirməsi barədə fikirlər konkret arqumentlərlə əsaslandırılır. Akademik Ramiz Mehdiyev deyir: "Bizim əsrimizdə gənc dövlətin yaradılması və inkişafı olduqca çətin məsələdir. Yalnız öz qüvvə və resurslarına arxalanaraq müstəqil daxili və xarici siyasət yürütmək isə müstəsna çətin məsələdir. Bu məsələnin həllinə nail olan dövlət rəhbəri həqiqətən milli liderdir. Prezident İlham Əliyev müstəqilliyimizin iyirminci ilində ölkəyə uğurla rəhbərlik edir və dövləti yeni üfüqlərə, inkişafın keyfiyyətcə yeni səviyyəsinə keçməyə doğru aparır. Ölkə tarazlı və ardıcıl siyasət sayəsində həm mədəni, həm də siyasi kontekstdə dünyada getdikcə daha çox uğurlar qazanır".

Akademik Ramiz Mehdiyev milli ideya ilə bağlı mükəmməl tədqiqat əsərində əvvəllər toxunduğu bir məsələnin üzərində xüsusi dayanaraq iqtisadi və siyasi islahatların paralel şəkildə aparılmasının Prezident İlham Əliyevin siyasətində öncül istiqamət olduğunu bildirir. Şübhəsiz, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Məhz bu reallıqdan çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ötən 8 ildə hər iki təmayülə vəhdət şəklində yanaşaraq ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsində görür. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaşı, demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. 

Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış edir. Baza postulatını hər bir insanın doğulandan yaşamaq, azadlıq və mülkiyyətə malik olmaq kimi ayrılmaz hüquqlarının olduğunu özündə ehtiva edən liberalizm ideyasında göstərilən triada arasında əslində qırılmaz əlaqə mövcuddur. Çünki özəl mülkiyyət fərdi azadlığın əsasını təşkil edir və bu da öz növbəsində ayrıca götürülmüş fərdin özünütəsdiq, ifadənin zəruri şərti kimi çıxış edir. Həqiqətən də iqtisadiyyat sferasında sərbəst bazar prinsiplərində ifadə olunan bu postulatla siyasi demokratiya arasında qarşılıqlı əlaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin və azad rəqabətin mövcudluğunun və səmərəli fəaliyyətinin təminatı kimi çıxış edir. İqtisadi məcburiyyət formasından insanları azad etməklə, bu sahədə silki və nomenklatura imtiyazlarını aradan götürməklə demokratiya cəmiyyətin hər bir üzvünün iqtisadi azadlığının reallaşması üçün ən yaxşı şəraiti yaradır.

Akademik Ramiz Mehdiyevin bununla bağlı fikirləri də maraq doğurur: "Cəmiyyətin demokratikləşməsi millətin intellektual potensialının həyata keçməsinə real imkanlar yaradır, qarşıdan gələn yeni sivilizasiyaya yaxınlaşmaq üçün meydan açır. Ancaq demokratikləşmənin özü də milli ideyaya bağlı olmasa, sosiumun milli özəlliyi nəzərə alınmasa uğursuzluğa məhkumdur. Milli ideyanın millətin inkişafına, dövlətin tərəqqisinə tam dolğun xidmət etməsi üçün o, demokratiyanı "kəməndinə salmalıdır", cəmiyyəti innovasiyalı modernləşməyə istiqamətləndirməlidir. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin konkret fundamental məqsəd və vəzifələrinə nail olmaqda reallaşmalıdır. Buna görə də müasir şəraitdə demokratiya Azərbaycan milli ideyasının ən mühüm komponentinə çevrilir".

Görkəmli filosofun milli ideya mövzusuna həsr olunmuş yeni fikirlərindən hasil olan əsas qənaətlərdən biri də budur ki, hazırda milli ideya yalnız təmsil etdiyi dövlətin milli, siyasi, coğrafi hüdudları çərçivəsində deyil, qlobal məkanda həyatiliyini sübut etməlidir. Yəni milli ideya xalqın identikliyini nə qədər özündə əks etdirsə də, ümumən yeni dünya nizamının reallıqlarına cavab verməli, bəşəri dəyərlərlə uzlaşmalıdır. Hər bir xalqın milli ideyası özünün mütərəqqi xarakteri ilə sülh və tərəqqiyə, sivilizasiyalararası dialoqa xidmət etməlidir. Bu mənada, müasir Azərbaycan elmin, təhsilin inkişafına, insan kapitalının inkişafına göstərdiyi diqqətlə həm də bəşəri tərəqqiyə, ümumi rifaha, nəcib niyyətlərin gerçəkləşməsinə sanballı töhfələrini verir.

Bəşəriyyətin çoxəsrlik tarixi göstərir ki, elm və təhsil hər bir xalqın mütərəqqi inkişafını təmin edən ən zəruri vasitədir. Cəmiyyət qarşısında dayanmış bir sıra əsaslı problemlərin həlli, ilk növbədə, bu sahələrin tərəqqisindən, habelə vətənpərvər və yüksək ixtisaslı kadr hazırlığından keçir. Müstəqil Azərbaycan da qloballaşan dünyanın bərabərhüquqlu subyekti kimi, öz inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi yönümündə qurur.

Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, cəmiyyət həyatındakı fundamental dəyişikliklər milli təhsil konsepsiyasının müasirləşdirilməsini, inkişaf etmiş dövlətlərin mütərəqqi maarifçilik ənənələrinin, müasir informasiya və innovasiya texnologiyalarının mənimsənilməsini, mənəvi-intellektual yüksəlişə xidmət edən siyasətin həyata keçirilməsini aktual məsələ kimi önə çıxarır. Dövlət başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi də məhz bu fundamental prinsiplərin sistemli surətdə reallaşdırılması, dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsidir. Cənab İlham Əliyev öz çıxışlarında daim qeyd edir ki, respublikamızda iqtisadi potensialı intellekt kapitalına çevirmək lazımdır. Bu çağırışın əsasında Azərbaycanda güclü intellektual bazanın, müasir biliklərə əsaslanan yeni tipli iqtisadi sistemin formalaşdırılması, elmtutumlu istehsal sahələrinin inkişafı yolu ilə milli iqtisadiyyatın neft amilindən asılılığının azaldılması ideyası dayanır.

Ölkədə həyata keçirilən yeni neft strategiyasının, sosial-iqtisadi islahatların uğurları davamlı və tarazlı inkişaf baxımından zəruri olan zəngin intellektual resursların formalaşmasına, insan kapitalının formalaşmasına xidmət etməlidir. "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar da var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir" - deyən dövlət başçısının müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətində dayanıqlı və sabit inkişaf edən iqtisadi sistemin formalaşdırılması məqsədi dayanır. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.

Müasirlik bəziləri üçün bazar iqtisadiyyatı və fərdin tam azadlığı, digərləri üçünsə bunlarla yanaşı, həm də yüksək səviyyəli elm və mədəniyyətə malik məsuliyyətli dövlətdir. Modernləşmə xəttinin lideri olan cənab İlham Əliyev hesab edir ki, bu yol ölkəmizi bilik və informasiya cəmiyyətinə gətirib çıxaracaqdır. Bu isə modernləşmənin cəmiyyətin şüuru, onun elmə, təhsilə, mədəniyyətə münasibəti ilə bağlılığını bir daha təsdiqləyir. Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiyaların və bazar mexanizmlərinin tez bir zamanda keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyi ilə millətin sivil yeniləşməni şərtləndirə bilən institutların yaranmasını nəzərdə tutur. Akademik Ramiz Mehdiyev müsahibəsində xüsusi vurğulayır: "Müasir milli ideyanı zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hiss edir, özündə dəyişikliklər üçün qüvvə görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur. Prezident İlham Əliyev elə siyasət həyata keçirir ki, orada milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir". Müsahibənin ideya qayəsini təşkil edən əsas qənaətlərdən biri də budur.

Müstəqil Azərbaycanın son illərdə qazandığı böyük iqtisadi nailiyyətləri bu gün Bakı Dövlət Universitetinin çoxsaylı tələbə-müəllim heyəti də öz gündəlik həyatında hiss edir və ardıcıl olaraq həyata keçirilən, hər bir ölkə vətəndaşının mənafeyinə əsaslanan islahatları böyük rəğbətlə qarşılayır. Hamıda belə bir səmimi inam var ki, milli müstəqilliyə davamlı təminat yaratmış ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyev yaxın perspektivdə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri səviyyəsinə qaldıracaq, xalqın dəstəyi ilə bütün problemlərin həllinə nail olacaqdır.

 

Abel MƏHƏRRƏMOV,

 

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.- 2011.- 7 dekabr.- S. 4.