Azərbaycanın dövlət siyasətinin əsas məqsədi əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etməkdir

 

 Azərbaycanın dövlət siyasətinin əsas məqsədi əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etməkdir. AzərTAc xəbər verir ki, bu fikirlər dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı ikigünlük beynəlxalq konfransda səsləndirilmişdir.

Konfransın ikinci günündə iştirakçı ölkələrdən olan nümayəndələrin "Səmərəli dövlət idarəçiliyinin siyasi-iqtisadi əsasları və hüquqi təminatı", "Elektron hökumət və elektron xidmətlərin təşkili", "Səmərəli idarəçilik və dövlət qulluqçularının hazırlanmasına yeni baxış" və s. mövzularda məruzələri dinlənilmişdir.

İstanbul Universiteti Avrasiya İnstitutunun müəllimi Eyyup Zəngin "Dövlət İdarəçiliyində səmərəliliyin təşkili və türk dövlət idarəçiliyi təcrübəsi" barədə iştirakçılara məlumat vermişdir. E.Zəngin dövlət və özəl sektorlarında idarəçilik istiqamətində həyata keçirilən təcrübələrdən, şəffaf idarəçiliyin prinsipləri və bu sahədə qanun çərçivəsində yaradılan müəyyən imkan və şəraitlərdən danışmışdır.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə "Əhalinin rifah halının yüksəldilməsi səmərəli idarəçiliyin başlıca məqsədi kimi" mövzusunda məruzə ilə çıxış etmişdir. Komitə sədri bu gün Azərbaycanın dövlət siyasətinin əsas məqsədinin əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etmək olduğunu vurğulamışdır. Müstəqilliyimizin bərpa olunmasının ilk illərində ölkəmizin qarşılaşdığı problemlər barədə iştirakçılara məlumat verən H.Rəcəbli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. Komitə sədri Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bunun nəticəsində 1 milyona yaxın azərbaycanlının öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırmışdır.

H.Rəcəbli bu gün ölkəmizdə yeni idarəetmə strukturlarının yarandığını, bəzi strukturlarda isə dəyişikliklərin aparıldığını bildirmişbütün bunların əhalinin və xalqın rifahının yaxşılaşdırılmasına xidmət etdiyini vurğulamışdır.

Qırğız Respublikasından olan nümayəndə Turdubek Japarov "Qırğız Respublikasının iqtisadiyyatı dünya maliyyə böhranında" mövzusunda məruzə ilə çıxış etmişdir. Təmsil etdiyi ölkənin dövlət idarəçilik sistemində qarşıya çıxan problemlərdən, son hadisələrin ölkə iqtisadiyyatına vurduğu zərər və maliyyə böhranından danışan qırğız alimi bunun həlli yolları barədə iştirakçıları məlumatlandırmışdır.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin Qazi Universitetinin professoru Burhan Aykaç, Polşa Milli İdarəçilik Məktəbinin rektoru Jazek Çzaputoviçz və digər çıxış edənlər "Dünyada "e-hökumət" modelinin tətbiqi mexanizmləri", "Dövlət idarəçiliyində yeni çağırışlar - dövlət qulluqçuları üçün təlimlərin əhəmiyyəti" və s. mövzularla bağlı fikirlərini bölüşmüşlər.

Konfransın sonunda elmi tövsiyələrin işlənib hazırlanması və gələcək əməkdaşlığın davam etdirilməsinin yollarını özündə əks etdirən bəyanat qəbul olunmuşdur.

 

Azərbaycan.- 2011.-7 dekabr.- S.  5.