Pakistanın nüfuzlu «States Times» qəzetində Qəbələdə keçirilmiş beynəlxalq düşərgə
ilə bağlı məqalələr dərc olunmuşdur
Pakistanın nüfuzlu "States Times" qəzetində noyabrın 24-dən 27-dək Qəbələdə keçirilmiş "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" gənc ekoloqların beynəlxalq düşərgəsində iştirak etmiş pakistanlı jurnalist Əmir Mahmud Bhattinin "Vahid Yer kürəsi-vahid gələcək" və "Qəbələ Bəyannaməsi" sərlövhəli məqalələri dərc olunmuşdur.
Jurnalist Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün - İDEA-nın təsisçisi Leyla xanım Əliyevanın beynəlxalq düşərgədə çıxışından və sonda qəbul olunmuş Qəbələ Bəyannaməsindən bəhs etmişdir.
Məqalələrdə qeyd olunmuşdur ki, hazırkı dövrdə ətraf mühitin çirklənməsi, iqlim dəyişikliyi kimi problemlər bütün bəşəriyyəti narahat edir və bunların həlli vacibdir. Bu məqsədlə 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan olunmuş, ölkədə 14 milyon ağac əkilmiş, habelə cari ilin iyulunda İDEA tərəfindən Bakıda və şəhərin ətrafında ağacəkmə kampaniyası həyata keçirilmişdir.
Qəzetdə Heydər Əliyev Fondunun Azərbaycanın heyvan genefondunun mühafizə olunmasında mühüm rol oynadığı oxucuların diqqətinə çatdırılmışdır.
Ə.M.Bhatti Leyla xanım Əliyevanın çıxışından sitat gətirərək "Bizim hamımızın bir planeti vardır, deməli, gələcəyimiz də birdir" şüarının əhəmiyyətini vurğulamış və beynəlxalq dialoq vasitəsilə təhlükəsiz planetdə yaşamağın mümkünlüyünü qeyd etmişdir.
Pakistanlı jurnalist Qəbələ Bəyannaməsində öz əksini tapmış beş prinsipin - ətraf mühit problemlərinin yoluna qoyulmasında fərdi məsuliyyət, dinc və rahat yaşamaq hüququna hörmət, məsələnin ciddiliyini daha dərindən qavramaq, gəncliyin səsinin eşidildiyini bilmək və şəxsi öhdəlik hissinə malik olmaq kimi məsələlərin vacibliyinə toxunmuş, gənc ekoloqların beynəlxalq düşərgənin yekun bəyannaməsində öz əksini tapan ideyaların reallaşdırılmasında öz məsuliyyətini dərk etdiklərini oxucuların diqqətinə çatdırmışdır.
Məqalələrin tam mətni ilə
http://www.statestimes.net/2012/12/one-earth-one-future/, http://www.statestimes.net/2012/12/gabala-declaration/,
Embassy of Azerbaijan - Islamabad <islamabad@mission.mfa.gov.az> linklərdən tanış
olmaq olar.
AzərTAc
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 5.