Festival çərçivəsində
daha bir konsert olmuşdur
Heydər
Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin və Mstislav Rostropoviç Fondunun birgə təşkilatçılığı
ilə Bakıda keçirilən V Beynəlxalq
Mstislav Rostropoviç
festivalı çərçivəsində
dekabrın 6-da Müslüm
Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında növbəti
konsert olmuşdur.
Hökumət rəsmilərinin, mədəniyyət
və incəsənət
xadimlərinin, ölkəmizdə
fəaliyyət göstərən
diplomatik korpusların
nümayəndələrinin iştirak etdikləri konsertdə İqnat Soljenitsının dirijorluğu
ilə Üzeyir Hacıbəyli adına
Azərbaycan Dövlət
Simfonik Orkestrinin ifasında dünyanın məşhur klassik bəstəkarlarının əsərləri
səslənmişdir. Solist əməkdar
artist Murad Adıgözəlzadə
(piano) olmuşdur.
Avery Fişer mükafatının
laureatı olan İqnat Soljenitsın Filadelfiya Kamera Orkestrinin fəxri dirijoru, Moskva Simfonik Orkestrinin baş dəvətli dirijoru, Filadelfiya Konservatoriyasının piano sinfi
üzrə professorudur.
Dəvətli dirijor kimi Amerika
və Rusiyanın məşhur orkestrlərinə
rəhbərlik edir. Pianoçu kimi
ABŞ, Avropa ölkələrində,
Yaponiya və Avstraliyada tanınmış
simfonik orkestrlərin müşayiəti və məşhur dirijorların
rəhbərliyi ilə
solo konsertlər vermişdir.
Kamera musiqisinin
mahir ifaçısı
olaraq Emerson, Borodin, Brentano simli
kvartetləri və pianoçu M.Uçida ilə əməkdaşlıq
edir. Zalsburq, Evian, Lüdviqsburq,
Malboro, Nijni Novqorod və s. şəhərlərdə keçirilmiş
beynəlxalq festivalların,
habelə Moskvada "Dekabr axşamları"nın iştirakçısıdır.
Murad Adıgözəlzadə Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında, Almaniyanın Münxen şəhərindəki Ali Musiqi
Məktəbində və
P.Çaykovski adına
Moskva Dövlət Konservatoriyasında təhsil
almışdır. Pianoçuların respublika müsabiqəsinin
ilk laureatı olmuş
(1996), "İlin ən
yaxşı pianoçusu",
"İlin ən yaxşı musiqiçisi"
adlarına layiq görülmüşdür. Tbilisidə pianoçuların II Beynəlxalq
müsabiqəsinin qalibi
olmuşdur. Bir çox
ölkələrdə solo konsert vermiş, dünyanın tanınmış
orkestrləri ilə çıxış etmişdir.
Əməkdar artist Murad Adıgözəlzadə
Moskva Dövlət Akademik Filarmoniyasının
solisti, Bakı Musiqi Akademiyasının dosenti, Azərbaycan Dövlət Filarmoniyasının
direktorudur.
Festivalın bugünkü konsertində
C.Verdi, V.Motsart, İ.Stravinski kimi bəstəkarların yaradıcılıq
aləminin incəlikləri
müvəffəqiyyətlə açıqlanmışdır.
Gözəlliyi, sevgini, ümumiyyətlə,
hisslər harmoniyasını tərənnüm edən əsərlərin
yüksək səviyyədə ifası
tamaşaçılar tərəfindən alqışlarla
qarşılanmışdır.
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 5.