Şuşaya həsr edilən tədbir keçirilmişdir
Sumqayıt şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə H.Ərəblinski adına Dövlət Dram Teatrında S.Vurğun adına dram teatrının yaradıcı kollektivi tərəfindən işğal altında olan Şuşanın xatirəsinə həsr olunan bədii kompozisiya nümayiş etdirilmişdir.
Tədbirdə iştirak edən şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov, Sumqayıtda məskunlaşmış qaçqın və məcburi köçkün rayonlarının nümayəndələri, şuşalı qonaqlar H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının foyesində sərgilənmiş şəkilllərlə tanış oldular.
S.Vurğun adına dram teatrının əməkdaşlarının səhnələşdirdikləri bədii kompozisiyada Şuşanın tarixindən bəhs edildi, hər birimiz üçün müqəddəs sayılan bu şəhərin şairləri, ziyalıları, generalları, qəhrəman oğul və qızları barədə məlumat verildi. İşğaldan üzü bəri keçdiyi yolda Şuşa mənfur ermənilər tərəfindən talan edilmiş, görkəmli şəxsiyyətlərimizin ev muzeyləri və müqəddəs abidələrimiz viran qoyulmuşdur. 20 ilə yaxındır ki, bəşəri dəyərlərin və beynəlxalq hüquq normalarının qoruyucuları kimi özlərini təqdim edən böyük dövlətlər bu işğala etinasız yanaşır, dünyanın ən gözəl şəhərlərindən birinin erməni faşistləri tərəfindən talanmasına göz yumurlar. İşğal altında qalan Şuşa isə xilaskarının və ədalətin yolunu gözləyir.
S.Vurğun adına dram teatrının aktyorlarının ifasında canlandırılan səhnələr, Ü.Hacıbəylinin, N.Vəzirovun, Bülbülün, Natəvanın monoloqları zalda əyləşənlərdə kövrək xatirələr oyatmaqla yanaşı, hamıya ecazkar bir qürur hissi bəxş etdi.
Mərasimdə o da qeyd edildi ki, işğal olunmuş torpaqların qaytarılması üçün dövlət başçısının diplomatik mübarizəsinə bütün ölkə əhalisi lazım gələrsə, əldə silahla qoşulmağa hazırdır.
Daha sonra Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İB-nin sədri Bayram Səfərov tədbir iştirakçıları adından belə kompozisiyaya görə Sumqayıt Şəhər İcra hakimiyyətinin rəhbərliyinə və şəhər dram teatrının yaradıcı kollektivinə dərin minnətdarlığını bildirdi.
Bədii kompozisiya Ü.Hacıbəylinin "Koroğlu" üverturası ilə sona çatdı.
Akif ƏLİYEV,
Azərbaycan.- 2011.- 7 dekabr.- S. 7.