Bakıda «MDB: İnnovasiyalarda tərəfdaşlıq» mövzusunda beynəlxalq konfrans
işə başlamışdır
Dekabrın 7-də Bakı Dövlət Universitetində (BDU) "MDB: İnnovasiyalarda tərəfdaşlıq" mövzusunda ikigünlük beynəlxalq konfrans (Road Show) işə başlamışdır. Konfransın əsas məqsədi gənclərin yeniliklərə sürətlə uyğunlaşma qabiliyyətini stimullaşdırmaqdan, innovasiyaların MDB-yə inteqrasiyasını sürətləndirməkdən, bu sahədə əməkdaşlığı inkişaf etdirərək innovasiya şirkətlərini və layihələrini MDB ölkələrinə cəlb etməkdir.
AzərTAc xəbər verir ki, beynəlxalq konfransı BDU-nun rektoru, akademik Abel Məhərrəmov açmışdır. "MDB məkanında innovasiya və nanotexnologiyalar sahəsində əməkdaşlığın inkişafı" mövzusunda məruzə edən A.Məhərrəmov bildirmişdir ki, XXI əsr elm və təhsil əsridir. Bu əsrin prioritet sahələri artıq ön plana çıxmışdır. Nanotexnologiyalar bu prioritet sahələrdən biridir. Nanotexnologiyaların inkişafı bəşəriyyətə bu günədək həlli mümkün olmayan problemlərin həlli üçün sərhədsiz imkanlar açır. Nanotexnologiyaların inkişafı yeni elmi-texnoloji inqilab hesab edilir. Bu gün nanotexnologiyalar XXI əsrin iqtisadiyyatının sistemini təşkil edən bir amil kimi qəbul edilir.
Respublikamızda nanotexnologiyaların inkişafında BDU-nun rolundan bəhs edən A.Məhərrəmov 2005-ci ildə BDU-da Nano Araşdırmalar Mərkəzinin açıldığını, "Nanomaterialların kimyəvi fizikası" kafedrasının yaradıldığını, superparamaqnit xarakteristikasına malik olan nanokompozisiyalı strukturların hazırlandığını qeyd etmiş və bu sahədə əldə edilən digər nailiyyətlər barədə məlumat vermişdir.
MDB-nin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinin direktoru A.Ruzayev, "Rossotrudniçestvo" təşkilatının Azərbaycan üzrə təmsilçisi E.Şeyxov, Rusiyanın Vençur şirkətinin kommunikasiya və inkişaf departamentinin başçısı Y.Kuznetsov, Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin direktoru Fərman Qasımov və başqaları çıxış edərək, konfransın əhəmiyyətindən, bu sahənin daha da inkişafına verəcəyi töhfələrdən bəhs etmişlər.
Sonra konfrans işini dörd bölmə üzrə davam etdirmişdir. Bölmələrdə "MDB-də və dünyada innovasiya fəaliyyəti", "Vençur ekosistem və innovasiyalarda kommunikasiya" və s. mövzularda fikir mübadiləsi aparılmış, innovasiya texnologiyaları üzrə ortaq layihələr və təhsil proqramları, innovasiya layihələri üzrə MBD-də vahid məlumat bazasının yaradılması məsələləri müzakirə olunmuşdur.
Sonda Bakı Dövlət Universiteti ilə "İnsiders" kommunikasiya şirkətlər qrupu arasında BDU-nun nəzdində texnoparkın yaradılması üzrə layihənin birgə reallaşdırılmasına dair memorandum imzalanmışdır.
İki gün davam edəcək beynəlxalq konfrans çərçivəsində "təkbətək" formatda görüşlər təşkil ediləcək, işgüzar əlaqələrin yaradılması, əməkdaşlıq, perspektivli innovasiya layihələri üzrə ilkin razılığın əldə edilməsi nəzərdə tutulur.
Konfransın təşkilatçıları MDB-nin Nano Texnologiyaları
üzrə Beynəlxalq İnnovasiya Mərkəzi,
Birləşmiş Nüvə Araşdırmaları İnstitutu və Bakı Dövlət Universitetidir. Tədbir MDB-yə üzv dövlətlərin humanitar
əməkdaşlığı üzrə Beynəlxalq Fondun təşkilati dəstəyi ilə keçirilir. Konfransın operatoru
isə "İnsiders" kommunikasiya şirkətlər qrupudur.
Azərbaycan.- 2011.- 8 dekabr.- S. 3.