Azərbaycanın xarici işlər naziri ATƏT XİNŞ-in iclasında çıxış etmişdir

 

 

ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Litva paytaxtında keçirilən iclasında iştirak edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu nüfuzlu forumda çıxış etmişdir. O, tədbirin gözəl təşkil olunmasına və qonaqpərvərliyə görə Litvanın xarici işlər nazirinə təşəkkürünü bildirmişdir.

Nazir qeyd etmişdir ki, ATƏT Azərbaycanın tamhüquqlu üzv kimi iştirak etdiyi yeganə regional təşkilatdır. Bu təşkilat iştirakçı dövlətlər arasında açıq dialoqun inkişafına, onların ərazilərində yaranan münaqişələrin həllinə, razılaşdırılmış prinsiplər və öhdəliklər əsasında təhlükəsizlik məsələlərinə dair əməkdaşlığın gücləndirilməsinə kömək edir.

E.Məmmədyarov iclas iştirakçılarının diqqətinə çatdırmışdır ki, son bir neçə ildə Azərbaycan dünyada ən yüksək iqtisadi inkişaf sürəti nümayiş etdirir. Son 5 ildə ÜDM-in həcmini 3 dəfə, dövlət büdcəsini 10 dəfə artırmaq mümkün olmuşdur. Azərbaycanlı nazir demişdir: "Azərbaycan ərazilərin minalardan təmizlənməsi, terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotiklər alverinə qarşı mübarizə və təhlükəsizlik sahəsində müsbət təcrübəsini və fikirlərini bölüşməyə hazırdır".

Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində tədbirlərə ardıcıl tərəfdar çıxır. E.Məmmədyarov vurğulamışdır: "Əminik ki, bu səylər bizim ümumi inkişafımızı möhkəmlətməyə, Azərbaycanın ATƏT-ə daha sıx inteqrasiyasına imkan verəcəkdir". Azərbaycan Cənubi Qafqazın gələcəyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərində həlledici rol oynayır.

E.Məmmədyarov demişdir: "Ölkəmiz bir sıra regionlararası layihələr hazırlayır, buna görə də gözləyirik ki, bizim ərazi bütövlüyümüzə və suverenliyimizə təhdidlər təkcə Azərbaycanın təhlükəsizliyi kontekstində deyil, həm də daha geniş mənada - Avropada təhlükəsizlik, sabitlikinkişaf kontekstində müzakirə edilməlidir".

Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına böyük təhlükədir. Barışıq prosesi bu gün çox mühüm mərhələdədir. Nazir qeyd etmişdir ki, status-kvonun bundan sonra da davam etməsi regionda təhlükəsizlik üçün təhdid mənbəyidir. Minsk qrupunun həmsədr ölkələri status-kvonun qəbuledilməz olmasını dəfələrlə bəyan etmişlər.

Üç həmsədr ölkə tərəfindən tərtib olunmuş Madrid prinsiplərinin aktuallaşdırılması barədə təklif tərəflərə təqdim edilmiş və Azərbaycan hərtərəfli sülh müqaviləsinin tərtib edilməsi də daxil olmaqla, danışıqları davam etdirməyə hazır olduğunu bildirmişdir. Azərbaycanlı nazir demişdir: "Təəssüf ki, Ermənistan bu təklifdən imtina etmişdir. Danışıqlar prosesində irəliləyiş Ermənistanın təkcə bu regionda deyil, onun hüdudlarından kənarda da davamlı sülhə nail olmaq məqsədilə status-kvonu dəyişməyi nə dərəcədə arzu etməsindən asılıdır".

E.Məmmədyarov vurğulamışdır ki, bu gün əsas məsələ Azərbaycanla Ermənistan arasında etimad yaratmaqdır. Bunun üçün çox səy göstərmək lazımdır. Nazir demişdir: "Bir milyondan çox qaçqın, Azərbaycan ərazilərinin 20 faizdən çoxunun işğal edilməsi ağır şərtlərdir. Hesab edirik ki, Azərbaycan və erməni icmalarının nümayəndələri arasında daha sıx birbaşa əlaqələr və görüşlər bu istiqamətdə atılan addımlardan biri olacaqdır". O qeyd etmişdir ki, şəxsi əlaqələrin sayının  artması bu qarşıdurmada vəziyyəti dəyişə bilər.

Hərbi sahə üçün büdcə xərclərinin artırılmasının Azərbaycan ərazilərinin işğal edilməsi ilə əlaqədar olduğunu qeyd edən nazir demişdir ki, bu, ölkənin sosial-iqtisadi həyatına mənfi təsir göstərir. Nazir demişdir: "Ermənistan öz qoşunlarını bizim ərazidən tədricən çıxarmağa başlayan kimi regionda necə imkanlar yaranacağını təsəvvür etmək olar. Mən yalnız qoşunların tədricən çıxarılmasının başlanmasından danışıram. Bu, regionda sabitliyin bərqərar olması üçün çox böyük imkanlar açacaqdır". Bərbad hala salınmış kommunikasiyaların bərpa olunması, iqtisadi imkanlar açılması, proqnozlaşdırıla bilən təhlükəsizlik mühiti yaradılması hər iki tərəf üçün faydalı olacaqdır.

E.Məmmədyarov demişdir ki, Azərbaycan qəbul edilmiş norma və prinsiplər əsasında zəruri kompromislərə hazırdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki Azərbaycan və erməni icmaları özünüidarə hüdudunda bütün hüquqlara malik olmalıdır.

E.Məmmədyarov vurğulamışdır: "Gələn il biz ATƏT-in Minsk qrupunun danışıqlara başlamasının 20 illiyini qeyd edəcəyik. Təəssüf ki, indiyə qədər bu prosesdə ciddi irəliləyiş yoxdur. Azərbaycan xalqı hələ də ümid edir ki, erməni xalqı münaqişənin davamlı həllinin üstünlüklərini başa düşəcəkdir. Bu, regional əməkdaşlıq və bütün Cənubi Qafqazın inkişafı üçün yol açacaqdır".

Sonda nazir demişdir ki, Azərbaycan 2014-2015-ci illərdə İsveçrənin və Serbiyanın ATƏT-in fəaliyyətdə olan sədrliyinə namizədliyini dəstəkləyir.

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2011.-8 dekabr.- S. 3.