Azərbaycan
2012-ci ildə daha böyük sürətlə inkişaf edəcəkdir
Hər bir vətəndaşın mənafeyini
əsas tutan sosial və investisiya yönümlü büdcə
Müasir dövrdə hər bir dövlətin davamlı və sabit inkişafının ən mühüm göstəricilərindən biri də onun büdcəsidir. Bir qayda olaraq büdcə müzakirələri dünyanın bütün ölkələrində gərgin diskussiyalarla yadda qalmaqla onun iqtisadi inkişaf perspektivləri barədə də dolğun təsəvvür formalaşdırır. Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü geridə qoyan Azərbaycanın da iqtisadiyyatın ən müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər, ilk növbədə, onun dövlət büdcəsinin strukturunda əksini tapır. Sosial məsuliyyət prinsipini rəhbər tutan ölkə iqtidarı dövlət büdcəsinin mədaxil və məxaric hissələrini vətəndaşların mənafeyi baxımından qurmağa və yüksək sosial rifaha nail olmağa çalışır. Azərbaycanın davamlı tərəqqisinin "barometri"nə çevrilən dövlət büdcəsi real göstəriciləri və artım səviyyəsi ilə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, həm də hökumətin fəaliyyətini dəyərləndirmək imkanı yaradır.
İqtisadi uğurlarla zəngin il
Ölkə Konstitusiyasının 95-ci maddəsini rəhbər tutan Azərbaycan Respublikasının Milli Məclisi 2012-ci ilin dövlət büdcəsi layihəsini geniş müzakirə edərək təsdiqləmişdir. "Büdcə sistemi haqqında" qanuna, habelə respublikanın sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq hazırlanmış büdcə zərfində 2011-ci ilin yekunları təhlil olunmuş, habelə 2012-ci ildə gözlənilən nəticələrə geniş yer verilmişdir.
Xüsusi vurğulamaq lazımdır ki, büdcə zərfinə daxil olan sənədlərin, o cümlədən Azərbaycan Respublikasının 2012-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyasının, habelə proqnoz göstəricilərinin hazırlanmasında ölkədə formalaşmış hazırkı əlverişli iqtisadi mühit baza kimi götürülmüşdür. 2011-ci ilin 9 ayının yekunları respublikanın ötən illərdən başlanmış sürətli inkişafında hər hansı geriləmənin olmadığını göstərir. Ötən dövrün sosial-iqtisadi göstəriciləri Avratlantik məkana inteqrasiya kursunu əzmlə davam etdirən, transmilli enerji və kommunikasiya layihələrinin lokomotivinə çevrilərək Cənubi Qafqazın ən nüfuzlu ölkəsi kimi tanınan müstəqil respublikamızın sosial-iqtisadi sahədəki uğurlarının ardıcıl xarakter daşıdığını sübuta yetirir. Bütün bunlar həm də ölkə başçısının müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir.
Qlobal maliyyə böhranı bir sıra dünya ölkələrinin iqtisadi inkişafına ciddi zərbə vursa da, Azərbaycanda sistemli və düzgün koordinasiya olunmuş preventiv tədbirlərin nəticəsində bütün makroiqtisadi paramertlər üzrə inkişaf təmin edilmişdir. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaratmışdır. Bu baxımdan 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olmuşdur.
2011-ci ilin ötən dövründə dünyada qlobal iqtisadiyyatın inkişaf istiqamətində hərəkətə gəlməsi, enerji daşıyıcılarının qiymətlərinin yüksəlməsi, habelə əlverişli xarici mövqe və daxili tələbin genişlənməsi fonunda Azərbaycan iqtisadiyyatında artım meyilləri davam etmişdir. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq makroiqtisadi sabitlik qorunmuşdur. Eyni zamanda yüksək iqtisadi inkişaf meyilləri respublikanın maliyyə resurslarının kəskin artımına, iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan vermişdir. Cari ilin 9 ayında Azərbaycanın valyuta ehtiyatları təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda ölkəmizin valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə hətta bir çox ölkələri də qabaqlayır. İlin sonunadək respublikanın valyuta ehtiyatlarının ÜDM-ə nisbətinin hazırkı 65 faizdən 75 faizə yüksələcəyi gözlənilir.
2011-ci ilin ötən dövründə əldə olunmuş əhəmiyyətli sosial-iqtisadi göstəricilər əhalinin rifah halının yaxşılaşdırılmasına, o cümlədən gəlirlərin və orta aylıq əməkhaqqının artmasına real şərait yaratmışdır. Bu ilin sentyabr ayının 1-i vəziyyətinə ölkə əhalisinin banklardakı əmanətləri ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz, pul gəlirləri 19,2 faiz, orta aylıq əməkhaqqı 9,5 faiz, pullu xidmətlər 7,4 faiz artmışdır. Bu ilin ötən dövründə əhalinin gəlirlərinin artım sürəti inflyasiya səviyyəsini 10,8 faiz, adambaşına düşən gəlirlərin artım sürəti isə 9,2 faiz bəndi üstələmişdir. Bu da öz növbəsində ölkədə məcmu tələbi yüksək səviyyədə saxlamaqla pərakəndə əmtəə dövriyyəsinin 10,3 faiz artmasına müsbət təsir göstərmişdir.
Bu ilin sonuna ÜDM istehsalında gözlənilən 0,9 faizlik artımın 2010-cu ildəki 5 faizlik artımla müqayisədə 4,1 faiz az olmasına baxmayaraq növbəti ildə 5,7 faiz real artımın əldə olunması nəzərdə tutulur ki, bu da 2010-cu və 2011-ci illərlə müqayisədə müvafiq olaraq 0,7 və 4,8 faiz çox olacaqdır. Başqa sözlə, ölkənin iqtisadi inkişafında dayanıqlılıq vəziyyəti qorunub saxlanılacaqdır.
Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan hazırda rəqabət qabiliyyətinə görə Müstəqil Dövlətlər Birliyi məkanında birinci yerdədir. Bir sıra beynəlxalq reytinq agentlikləri Azərbaycanda gedən iqtisadi inkişafı yüksək qiymətləndirmişlər. Belə ki, "Moods İnvestors Servises" beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının istiqrazlarına təyin etdiyi "Ba1" reytinqini təsdiq edərək xarici valyuta üzrə "Baa2" və yerli valyuta üzrə "A3" reytinqlərin proqnozunun "sabit"dən "pozitiv"ə qaldırılması barədə qərar qəbul etmişdir. Bunlar dövlətin fiskal dayanıqlığını təmin edən işlərin, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivlərinin, qeyri-neft sektorunun inkişafına dövlət investisiyalarının həcminin əhəmiyyətli dərəcədə artımı hesabına əldə edilmişdir. Bundan başqa, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi təyin etdiyi uzunmüddətli yerli və xarici valyuta reytinqini "BBB" investisiya səviyyəsində saxlayaraq reytinq üzrə proqnozun "sabit"dən "pozitiv"ə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
Davamlı
inkişafın "güzgüsü"
2012-ci ilin dövlət büdcəsi deməyə əsas verir ki, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcəkdir. Ölkə iqtisadiyyatında mühüm maliyyə təminatı rolunu oynayan dövlət və icmal büdcələrdə risklərin qarşısının alınması, onların potensial gəlirlərinin neft amilindən asılılığının azaldılması, qeyri-neft sektorundan daxilolmaların artırılması istiqamətində səmərəli tədbirlərin görülməsi 2012-ci ildə qarşıda duran vəzifələrdəndir. Bundan başqa, dövlət büdcəsi gəlirlərinin yığım əmsalının artırılması, mülkiyyət vergilərinin dərəcələrinin optimallaşdırılması, müxtəlif vergi növləri üzrə vergi bazasının genişləndirilməsi, vergidən yayınmaların qarşısının alınması istiqamətində işlər növbəti illərdə də davam etdiriləcəkdir.
2012-ci ildə dövlət büdcəsinin xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır.
Dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan məsələlərin müzakirəsi zamanı deputatlar tərəfindən əhalinin maddi rifahının daha da yaxşılaşdırılması, elm, təhsil, səhiyyə sahələrinin, qeyri-neft sektorunun və regionların inkişafı, vəsaitlərin istifadəsində ictimai nəzarətin artırılması ilə bağlı təkliflər irəli sürülmüşdür. Bütün bu məsələlərlə bağlı dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatının istiqamətləri üzrə müvafiq dəyişikliklərin aparılması və əlavə vəsaitin ayrılması zərurəti yaranmış və "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində nəzərə alınması məqsədəuyğun hesab edilmişdir. Bütövlükdə, sadalanan tədbirlərin maliyyə təminatının yaradılması üçün əlavə təklif olunan 87,6 milyon manat vəsaitin ayrılması nəticəsində 2012-ci il dövlət büdcəsi xərclərinin təqdim olunmuş ümumi məbləği 0,5 faiz artırılaraq 16 milyard 984 milyon manatdan 17 milyard 72 milyon manata çatdırılacaqdır.
2012-ci il dövlət büdcəsi xərclərinin artımı üçün ayrılmış 87,6 milyon manat əlavə vəsaitin 63,6 milyon manatı səhiyyə, 7,1 milyon manatı təhsil, 4,6 milyon manatı mədəniyyət, incəsənət və informasiya, 4,2 milyon manatı sosial müdafiə və sosial təminat, 4,2 milyon manatı ümumi dövlət xidmətləri, 3,9 milyon manatı nəqliyyat və rabitə xərclərinə yönəldiləcək. Əlavə tələb olunan xərclərin 1,6 milyon manatının 2012-ci il dövlət büdcəsi gəlirlərinin, 86 milyon manatının isə dövlət büdcəsi kəsirinin artırılması hesabına təmin edilməsi nəzərdə tutulur. Artımdan sonra dövlət büdcəsinin gəlirləri 16 milyard 438 milyon manat, dövlət büdcəsinin kəsiri 634 milyon manat, icmal büdcənin kəsirinin yuxarı həddi isə 1 milyard 893 milyon manat təşkil edəcək. Dövlət büdcəsi kəsirinin 2012-ci il üçün nəzərdə tutulan ümumi daxili məhsulda xüsusi çəkisi 0,2 faiz artaraq 1,5 faiz təşkil edəcəkdir.
2012-ci ildə əsas məqsədlərdən biri kimi dünya bazarlarında rəqabətə davamlı, ölkənin daxili tələbatında xüsusi əhəmiyyət kəsb edən məhsulların istehsalının genişləndirilməsi üçün maliyyə təminatı yaratmaq, iqtisadiyyata cəlb olunacaq sərmayənin strukturunda daxili resursların payını artırmaq, dövlət sifarişli layihələrin maliyyələşdirilməsinə üstünlük vermək, dövlət büdcəsinin vəsaiti və digər maliyyələşmə mənbələri hesabına turizmin inkişafını stimullaşdırmaq, ekoloji tədbirləri davam etdirmək, alternativ və bərpa olunan enerji mənbələrini yaratmaq prioritetlər sırasındadır.
Gələn il ÜDM-in strukturunda qeyri-neft sektorunun artan sürətlə inkişafının təmini istiqamətində müsbət dəyişikliklərin baş verməsi nəzərdə tutulmuşdur. Növbəti il qeyri-neft sektorunun ÜDM-dəki payının 57,3 faiz, neft sektorunun isə 33,9 faiz olacağı, beləliklə, fərqin 23,4 faiz təşkil edəcəyi gözlənilir.
2012-ci ildə xam neftin bir barelinin qiyməti bu ilin dürüstləşdirilmiş büdcəsində olduğu kimi 80 ABŞ dolları səviyyəsində nəzərdə tutulmuşdur. Xam neftin bir barelinin qiymətinin 100 ABŞ dollarından yuxarı olmaqla qərarlaşan qiymət səviyyəsi ilə müqayisədə proqnoz məbləğlərin əhəmiyyətli dərəcədə aşağı göstərilməsi neftin qiymət amilindəki ciddi risklərdən sığortalanmanın təminatçısı və məqbul mühafizəkar yanaşma kimi müsbət dəyərləndirilməlidir.
Dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair beynəlxalq maliyyə institutlarının, xüsusilə Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozları da bu cür yanaşmanın əsaslı olduğunu göstərir. 2011-ci ilin iyun ayında BVF tərəfindən verilmiş proqnozlara görə, dünya üzrə iqtisadi artımın həcmi cari ilin sonuna 4,3 faiz və ya əvvəlki illə müqayisədə 0,8 faiz çox, növbəti ildə isə 4,5 faiz və ya cari ilin gözlənilən icrası ilə müqayisədə 0,2 faiz çox olacaqdır. Növbəti il üçün respublikada nəzərdə tutulan 5,7 faizlik iqtisadi artım dünya iqtisadiyyatındakı ümumi artımdan 1,2 faiz çox olacaqdır.
Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
Dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu təkmilləşdirmək, həmin vəsaitdən səmərəli istifadəyə nəzarəti gücləndirmək, dövlət zəmanəti ilə iqtisadiyyata cəlb olunan, habelə dövlət büdcəsində dövlət investisiya xərclərini nəzərdə tutulan istiqamətlər üzrə düzgün yönəltmək qarşıdakı il üçün prioritet məqsədlər sırasındadır. Dövlət investisiya siyasəti ilə müvafiq iqtisadi inkişaf proqramları arasında əlaqələri möhkəmləndirmək, bu vəsaitlərin, ilk növbədə, 2011-ci ildə başa çatdırılması nəzərdə tutulan layihələrin maliyyələşdirilməsinə yönəldilməsi də əsas vəzifə kimi qarşıda durur.
Ümumi investisiyada artımın əsasən, ölkə iqtisadiyyatına qoyulacaq xarici sərmayələr hesabına əldə olunması gözlənilir ki, bu da respublikanın xarici investorlar üçün cəlbediciliyinin saxlanmasının göstəricisi kimi qəbul edilə bilər. Xarici investisiya üzrə artım tempinin növbəti ildə daxili investisiyanın tempindən 41,2 faiz çox olmasına baxmayaraq, daxili mənbələr hesabına investisiya qoyuluşları ölkə iqtisadiyyatının inkişafında həlledici təsirə malik olacaq və onun xüsusi çəkisi 70,3 faiz təşkil edəcəkdir.
Qeyd edək ki, ümumi investisiyanın 2011-ci ildə 37,8 faizi, növbəti ildə isə 44,8 faizi qeyri-neft sektoru tərəfindən qoyulacaqdır. Başqa sözlə, qeyri-neft sektorunun ölkə iqtisadiyyatına yatırdığı investisiyanın xüsusi çəkisi gələn il 7 faiz artacaqdır. Eyni zamanda, növbəti ildə ümumi investisiyanın 68,4 faizinin qeyri-neft sektoruna qoyulması nəzərdə tutulmuşdur. Bütün bunlar isə ölkənin investisiya imkanlarının tam həcmdə iqtisadiyyata cəlb edilməsi və bu amillər hesabına bütün sahələrin inkişafına müvafiq təminatın yaradılması tədbirləri kimi xarakterizə oluna bilər.
Bir çox ölkələrdə mövcud olan iqtisadi gərginlik nəticəsində onların xarici ticarət dövriyyələrinin həcmində müşahidə olunan əhəmiyyətli azalmalar fonunda növbəti ildə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcminin 8,1 faiz, o cümlədən ixracın 4,2 faiz artması, habelə müsbət ticarət saldosunun məbləğinin 14147,4 milyon ABŞ dolları təşkil etməsi nəzərdə tutulmuşdur.
Sosial məsələlərə
diqqət artır
Bazar iqtisadiyyatı prinsipləri bir sıra liberal xüsusiyyətləri ilə yanaşı, əhalinin sosial müdafiəsi institutunun yaradılması kimi sosialyönümlü tədbirləri də özündə ehtiva edir. Bu mənada, bazar iqtisadiyyatı və əhalinin sosial müdafiəsi bir-biri ilə üzvi şəkildə bağlıdır. Sosial müdafiə sistemi, ilk növbədə, hər bir insanın konstitusion hüquqlarının müdafiəsini nəzərdə tutur. Onun vasitəsilə həm də əhalinin əmlak sahəsində mövcud olan bərabərsizliyinin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan, vətəndaşların bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşır.
Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi 2012-ci ilin dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Təhlillər göstərir ki, gələn il büdcə xərclərinin strukturunda sosialyönümlü xərclər yenə də prioritet istiqamətlərdən birini təşkil edəcəkdir: 2011-ci illə müqayisədə gələn il sosialyönümlü xərclərin xüsusi çəkisi 27,8 faiz təşkil edəcək və ya 0,9 faiz çox olacaqdır. Orta aylıq əməkhaqqının məbləği bu ilin sonuna 432,5 manat və ya 547,5 ABŞ dolları təşkil edəcəkdir. Növbəti ildə inflyasiyanın 6 faiz səviyyəsində proqnozlaşdırılmasına baxmayaraq, əhalinin gəlirləri üzrə artımın inflyasiyanı 0,8 faiz üstələməsi fərdi istehlak tələbinin qorunub saxlanılmasına müsbət təsir göstərəcəkdir. Ünvanlı dövlət sosial yardımın təyin olunması üçün istifadə edilən ehtiyac meyarının həddinin artımı məqsədilə 2012-ci ilin dövlət büdcəsində təxminən 800 milyon manat vəsait nəzərdə tutulmuşdur. Ünvanlı dövlət sosial yardımın təyini məqsədi ilə 2012-ci il üçün ehtiyac meyarı 87 manat təşkil edəcəkdir.
Təsir dairəsinə uyğun
olaraq bu artımlar, ilk növbədə, pensiya təminatı
sistemində aparılan islahatlara və 2010-cu il yanvarın 1-dək
pensiyaya çıxmış şəxslərə əmək
stajlarına uyğun olaraq artımın tətbiq edilməsinə,
dövlət büdcəsindən maliyyələşən və
maliyyə yardımı alan təşkilatlarda,
o cümlədən təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət, kənd təsərrüfatı,
meliorasiya, ətraf mühitin mühafizəsi sferasında
çalışanların, hərbi qulluqçuların,
xüsusi rütbəli əməkdaşların və digər
işçilərin əməkhaqlarının
artımının davamlı maliyyələşdirilməsinə
imkan verəcəkdir.
Ölkədə pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2012-ci il dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərclərinə 1781,6 milyon manat vəsait proqnozlaşdırılmışdır. 2012-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1044,3 milyon manatı Dövlət Sosial Müdafiə Fondu vasitəsilə həyata keçirilən sosial ödənişlərin maliyyələşdirilməsinə, 438,6 milyon manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə həyata keçirilən sosial xərclərin, 201 milyon manatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün maliyyələşdirilməsinə yönəldiləcəkdir.
"Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə də dəyişiklilər edilib. Belə ki, sığorta olunanların uşaqlarının sağlamlıq düşərgələrində müalicəsi və istirahəti üçün ayrılan vəsaitin daha 100 min manat artırılaraq 250 min manata çatdırılması məqsədəuyğun hesab olunub. Bundan başqa, pensiyaların pensiyaçılara çatdırılması məqsədilə ölkə ərazisində əlavə bankomatların yerləşdirilməsi üçün Azərbaycan Beynəlxalq Bankı tərəfindən əlavə olaraq 50, Kapitalbank tərəfindən 23 bankomatın yaxın müddətdə seçilmiş yerlərdə yerləşdirilməsi və quraşdırılması barədə qərar qəbul olunub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankına daha 50 bankomat və 4 səyyar bankomat sifariş edilib.
Milli Məclisdə aparılan müzakirələr zamanı parlament və hökumət üzvləri sovet dövründən vətəndaşların banklarda qalmış pul vəsaitlərinin indeksasiyası və geri qaytarılması mexanizmi üzərində işlərin aparıldığını qeyd etmişlər. Eyni zamanda, mövcud ipoteka şərtlərinin liberallaşdırılması ilə bağlı təkliflərin səslənməsi Azərbaycan dövlətinin sosialyönümlü siyasətə sadiqliyi ilə şərtlənir. İnanırıq ki, dövlətin iqtisadi imkanları genişləndikcə, hər iki məsələ uğurlu həllini tapacaqdır.
Elm və təhsilə
təminatlı qayğı siyasəti
Azərbaycan Prezidenti İlham Əliyevin neftdən əldə olunan vəsaitlərin böyük qisminin insan kapitalına yönəldilməsini təmin etmək istiqamətində yeritdiyi məqsədyönlü siyasət inkişaf etmiş bir sıra dövlətlərin təcrübəsində özünü tam doğrultmuşdur. Bu gün Uzaq Şərqin zəngin təbii sərvətləri olmayan bir sıra dövlətlərinin, konkret desək, Yaponiyanın, Cənubi Koreyanın timsalında əminliklə demək olar ki, elm və təhsil, yüksək ixtisaslı kadr potensialı hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas təminatı qismində çıxış edir. Müasir dünyada rəqabətə tab gətirmək üçün, ilk növbədə, təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır.
Dövlət büdcəsində 2012-ci ildə həyata keçirilməsi nəzərdə tutulan elmi-tədqiqat işlərinə və onların idarə olunmasına ayrılan vəsaitin həcmi 2011-ci ilin proqnoz göstəricisindən 7 faiz, 2010-cu il göstəricisi ilə müqayisədə isə 17,7 faiz çoxdur. Layihədə köməkçi bölmələr üzrə xərclərin böyük hissəsinin elmi müəssisələrin saxlanmasına, həmin müəssisələrdə çalışan işçilərin əməkhaqlarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulmuşdur. 2012-ci ildə elm xərclərində elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 7 milyon manat, latın qrafikalı kitabların çap edilməsinə 5 milyon manat, elmi obyektlərin yenidən qurulması və əsaslı təmirinə 3 milyon manat, Akademiyanın elmi-tədqiqat institutlarının müasir tələblərə cavab verən laboratoriya avadanlıqlarının alınması xərclərinə 2 milyon manat nəzərdə tutulmuşdur.
2012-ci ilin dövlət büdcəsində təhsil xərcləri üçün 1575861,3 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2011-ci ilin proqnoz göstəricisindən 12,6 faiz çoxdur. Növbəti büdcə ilində təhsil xərclərinin dövlət büdcəsində xüsusi çəkisi 11,8, ÜDM-də xüsusi çəkisi isə 4,6 faiz təşkil edəcəkdir. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 740121,5 min manatı və ya 47 faizi natamam və orta təhsil, 4976,8 min manatı və ya 0,3 faizi təhsil sahəsində tətbiqi tədqiqatlara, 116942,4 min manatı və ya 7,4 faizi ali təhsil, 96408,8 min manatı və ya 6,1 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin maliyyələşdirilməsinə, 73522,7 min manatı və ya 4,7 faizi texniki-peşə məktəblərinin və liseylərin maliyyələşdirilməsi xərclərinə, 51424 min manatı və ya 3,3 faizi internat və xüsusi məktəblərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Gələn ilin dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 322 milyon manatı bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Belə ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasən təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı üçün 16488,3 min manat, "2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər Proqramı"nın maliyyə təminatı ilə bağlı xərclər üçün 1906,1 min manat, "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramının (2007-2012-ci illər)" maliyyə təminatı üçün 1703,4 min manat, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015-ci illər)" maliyyələşdirilməsinə 1368,4 min manat, "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı"na 257,8 min manat, "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı"nın maliyyə təminatı üçün 1565,0 min manat, "SOS Uşaq Kəndləri-Azərbaycan" Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 750,7 min manat vəsait nəzərdə tutulmuşdur.
Ölkənin
müdafiə qüdrəti daha da möhkəmlənəcək
Bu gün müstəqil Azərbaycanın NATO standartlarına cavab verən, şəxsi heyətinin döyüş hazırlığı yüksək olan peşəkar və modern ordusu var. Bu ordunun dinamik inkişaf meyillərini şərtləndirən başlıca amillərdən biri də məhz ölkənin uğurlu daxili və xarici siyasəti, eyni zamanda, dünyada artan nüfuzudur. Müstəqil respublikamızın son illərdə sosial-iqtisadi sahədə mühüm uğurlara imza atması, büdcə vəsaitlərinin ilbəil yüksək tepmlə çoxalması ölkə rəhbərliyinə ordu qurucuğu sahəsində daha sistemli və ardıcıl tədbirlər həyata keçirməyə imkan vermişdir. Daha dəqiqi, dövlət büdcəsinin gəlirlərinə adekvat olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ayrılan vəsaitlər də artırılır.
Xatırlatmaq yerinə düşər ki, 2003-2011-ci illərdə Azərbaycan Ordusuna ayrılan xərclər təxminən 20 dəfəyədək artmışdır. Əgər 2003-cü ildə hərbi xərclərə dövlət büdcəsindən 160 milyon, 2004-cü ildə 175 milyon, 2005-ci ildə 300 milyon, 2006-cı ildə 600 milyon dollar ayrılmışdısa, 2011-ci ildə bu rəqəm 3 milyard 300 milyon dollara çatmışdır. Bütün bunlar isə ordu hissələrinin müasir texnika, silah-sursat, əşya və qida təminatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına, eyni zamanda gənc əsgər və zabitlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsinə imkan yaratmışdır. 2012-ci ildə isə respublikanın müdafiə xərcləri 1381346,9 min manat təşkil edəcəkdir və bu da dövlət büdcəsi xərclərinin 14,8 faizini təşkil edir. 2011-ci ilə nisbətən müdafiə xərcləri 1,9 faiz çox olacaqdır.
Azərbaycan işğalçı Ermənistanla müharibə vəziyyətindədir, torpaqlarımızın 20 faizi işğal altındadır. Belə bir vəziyyət isə müdafiə məsələlərinə diqqətin artırılmasını tələb edir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu siyasət davam etdiriləcək və ölkənin gəlirləri çoxaldıqca, iqtisadi qüdrəti artdıqca bunun da miqyası genişlənəcəkdir.
Ümumilikdə, Azərbaycanın dövlət büdcəsinin strukturu ölkəmizin bütün sahələrdə dinamik inkişaf etdiyini, bu inkişafın gələn il daha sürətli xarakter alacağını əminliklə söyləməyə ciddi əsaslar verir. Bütün bunlar həm də onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü islahatlar kursu hər bir ölkə vətəndaşının yüksək rifah halının təmin olunmasına yönəlmişdir. Bu siyasət isə hər bir ölkə vətəndaşı tərəfindən birmənalı bəyənilir və dəstəklənir.
Rafael
CƏBRAYILOV,
Milli Məclisin
deputatı
Azərbaycan.- 2011.- 8 dekabr.- S. 4.