Azərbaycan
nümayəndə heyəti Cenevrədə BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində
hökumətlərarası tədbirində iştirak
edir
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) təşkilatçılığı ilə dekabrın 7-də başlamış BMT-yə üzv dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası tədbirində iştirak etmək məqsədilə Cenevrə şəhərində səfərdədir.
Səfər çərçivəsində dekabrın 6-da Baş nazirin müavini Əli Həsənov BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş, BMT-nin Humanitar Məsələlər üzrə Əlaqələndirmə Ofisinin (HMƏO) Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov və Gürcüstan nümayəndə heyətinin rəhbəri, bu ölkənin işğal edilmiş ərazilərindən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə görüşmüşdür.
QAK tərəfindən təşkil edilmiş hökumətlərarası tədbirdə iştirak etmək məqsədilə Cenevrə şəhərinə nazir səviyyəsində səfər etmiş 67 dövlətin nümayəndə heyəti arasında BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş ilk olaraq Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov ilə görüşmüşdür. Görüş zamanı Antonio Quterreş ölkəmizin sözügedən tədbirdə yüksək səviyyədə təmsil olunmasından məmnunluq ifadə etmiş, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səylərini alqışlamış və onu digər ölkələr üçün nümunə kimi səciyyələndirmişdir. Ali komissar nazirlər səviyyəsində keçirilən bu görüşün Azərbaycanın əldə etdiyi nailiyyətləri bölüşməsi üçün gözəl imkan olaraq qiymətləndirmişdir.
Baş nazirin müavini Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd məlum qətnaməsinin hələ də yerinə yetirilməməsindən təəssüfləndiyini bildirmiş, Ermənistanın ölkəmizin işğal altındakı ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirdiyinə dair məlumat vermiş və bu faktın ATƏT-in Minsk qrupu həmsədrlərinin faktaraşdırıcı missiyası tərəfindən də təsdiqləndiyini həmsöhbətinin diqqətinə çatdırmışdır. Ermənistanın hərbi təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların, eləcə də üçüncü ölkədən gələn və qaçqın statusu almaq niyyətində olan şəxslərin vəziyyəti və rifah halının yaxşılaşdırılmasının hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayan Əli Həsənov bu istiqamətdə görülmüş işlərə dair Antonio Quterreşi məlumatlandırmışdır.
Əli Həsənov qeyd etmişdir ki, ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində irimiqyaslı layihələr həyata keçirilsə də, onların doğma ocaqlarına qayıtması məsələsi Azərbaycan dövlətinin ümdə prioriteti olaraq qalır. Sonra Ə.Həsənov Ali Komissarlığa məcburi köçkün məsələlərinə verdiyi xüsusi önəmə görə təşəkkürünü bildirmişdir.
BMT-nin Humanitar Məsələlər
üzrə Əlaqələndirmə Ofisinin
Cenevrə bölməsinin rəhbəri Rəşid Xalikov ilə keçirilmiş
görüşdə nümayəndə heyətinin
başçısı Əli Həsənov ölkəmizin
Ermənistanın hərbi təcavüzündən əziyyət
çəkdiyi ilk illərdə BMT və
onun ixtisaslaşmış
qurumları tərəfindən Azərbaycana humanitar
yardımların göstərilməyəcəyi təqdirdə,
humanitar fəlakətin qaçılmaz olduğunu diqqətə çatdıraraq o zaman beynəlxalq humanitar təşkilatlar tərəfindən
göstərilmiş yardımları minnətdarlıq hissi ilə xatırlamış və
hazırda uğurlu
iqtisadi inkişafın nəticəsində
respublikamızın özünün
fövqəladə donor ölkəsinə
çevrilməkdə olduğunu məmnunluq
hissi ilə vurğulamışdır. Rəşid Xalikov öz növbəsində fövqəladə
vəziyyətlərin qarşısının alınması
və nəticələrinin aradan
qaldırılması sahəsində Azərbaycanın zəngin
təcrübəyə malik olduğunu, bu biliklərin
digər dövlətlər ilə bölüşməyin zəruriliyinə
toxunmuşdur. 1996-cı ildə Azərbaycana
səfəri çərçivəsində çadır
düşərgələrinə görüşünü
yada salan R.Xalikov, məcburi köçkünlərin vəziyyəti
ilə bağlı onda yaranmış
acı təəssüratların hələ də onun ürəyində
yaşadığını bölüşmüşdür.
O, təmsil etdiyi qurumun
Azərbaycan ilə əlaqələrin daha
da inkişaf etdirilməsində
maraqlı olduğunu diqqətə
çatdırmışdır.
Gürcüstanın işğal edilmiş ərazilərdən olan məcburi köçkünlər, yerləşmə və qaçqınlar naziri Koba Subeliani ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Əli Həsənov Gürcüstanın Azərbaycan üçün dost və müttəfiq ölkə olduğunu diqqətə çatdırmış və hər iki dövlətin bir-birini dəstəkləməsinin zəruriliyini bildirmişdir. Koba Subeliani gürcü xalqının ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana göstərdikləri qayğı və diqqəti yüksək qiymətləndirdiyini qeyd etmiş və Tbilisidə ulu öndərin büstünün açılışını bu hörmət və ehtiramın bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonra Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticəsində ölkəmizdə olan bir milyondan çox qaçqın və məcburi köçkünün vəziyyəti, Prezident İlham Əliyevin göstərişi ilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə qəbul olunmuş Dövlət proqramlarının həyata keçirilməsi haqqında ətraflı məlumat vermişdir.
Gürcüstan nümayəndə heyətinin rəhbəri qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraiti və sosial durumunun yaxşılaşdırılmasına dair Azərbaycan tərəfinin nailiyyətləri ilə əlaqədar heyrətləndiyini ifadə etmiş və bu təcrübədən yararlanmaq məqsədilə ölkəmizə səfər etmək arzusunu ifadə etmişdir.
Görüşlərdə Azərbaycan nümayəndə heyətinin üzvləri - Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, Milli Məclisin deputatı Ayaz Orucov və daimi nümayəndəliyin müşaviri Əkrəm Zeynallı iştirak etmişlər.
Azərbaycan Respublikası Baş
nazirinin müavini
Əli Həsənovun rəhbərlik etdiyi
nümayəndə heyətinin səfəri davam
edir. BMT-yə üzv
dövlətlərin nazirlər səviyyəsində hökumətlərarası
tədbiri dekabrın 8-də başa
çatacaqdır.
Azərbaycan.- 2011.-8 dekabr.- S. 5.