Bakıda Latviya rəssamlarının sərgisi açılmışdır

 

 Azərbaycanda Latviya mədəniyyəti günləri çərçivəsində "Qız qalası" qalereyasında Latviya rəssamlarının sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, ekspozisiyada Latviyanın iki tanınmış rəssamının - Aleksey NaumovunAndris Vitolinsin işləri təqdim edilmişdir.

Sərginin açılışında Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak etmişlər.

Latviyanın Azərbaycandakı səfiri Xardi Baumanis qonaqları səmimi salamlamış və rəssamları təqdim etmişdir. X.Baumanis sərginin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov öz həmkarı, Latviya Rəssamlıq Akademiyasının rektoru, müxtəlif ölkələrdə 100-dən çox fərdi və kollektiv sərginin müəllifi Aleksey Naumovun yaradıcılığından qısaca danışmışdır. Qeyd edilmişdir ki, onun parlaq və əlvan rəsmləri səyahət təəssüratı oyadır. Rəssam mənzərə əhvalını və xüsusiyyətlərini elə canlı və harmonik şəkildə ifadə edir ki, özünü orada hiss edirsən, günəş şüalarının hərarətini, dənizin səsini, dağ havasının təmizliyini duyursan. Aleksey Naumov öz işlərini Bakıda ilk dəfə nümayiş etdirir.

Andris Vitolinslə isə bakılılar yaxşı tanışdırlar. O, 1-ci və 2-ci beynəlxalq "Qız qalası" festivallarında iştirak etmiş və festivalın şərtlərinə görə Qız qalasının maketi üzərində rəsmlər çəkmişdir. Onun işlərini ümumi mövzu - texniki konstruksiyalar, rənglərin və dəqiq həndəsi formaların əlaqəsi birləşdirir. Zahirən "sənaye aləmi"ni xatırlatdığına baxmayaraq, onun rəsmlərində nəfislik və musiqi duyulur. A.Vitolinsin rəsmləri bir çox xüsusi kolleksiyalarda və muzeylərdə, o cümlədən Bakıdakı Müasir İncəsənət Muzeyində saxlanılır.

A.NaumovA.Vitolins iki tam müxtəlif dünyanın - rahatlıq gətirən sükutunmüasir tikililərin - həyatın inanılmaz sürətlə gələcəyə can atdığı bir dünyanın nümayəndələridir. Hər iki dünya daim qarşılıqlı əlaqədədir, varlığımızın tam harmoniyasını yaradır.

Sərgi dekabrın 17-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2011.-8  dekabr.- S. 5.