Azərbaycan ilə Bolqarıstan arasında əlaqələr yüksək səviyyədədir
Dekabrın 7-də Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar bu ölkənin nüfuzlu "Standart" qəzetinə müsahibə vermişdir.
Səfirlikdən AzərTAc-a bildirmişlər ki, müsahibədə diplomat Azərbaycanın qədim dövlətçilik ənənələrindən, qədim və müasir tarixindən danışaraq dünyada ilk olaraq quruda və suda neftin yurdumuzda çıxmasından, 1876-cı ildə Nobel qardaşlarının ölkəmizdə neft emalı və hasilatı sahəsində fəaliyyətlərindən və onun sayəsində zənginləşmələrindən danışmışdır. Səfir həmçinin Şərqdə ilk dəfə məhz ölkəmizdə operanın yazıldığı, teatrın açıldığı, ilk demokratik respublikanın Azərbaycanda yaradıldığı barədə məlumat vermiş, zəngin dəyərlərə malik olan incəsənətimizdən, musiqimizdən, UNESCO-nun dünya mədəni irs siyahısına daxil olan milli muğamımızdan, mədəniyyətimizdən, tarixi abidələrimizdən, dahi şəxsiyyətlərimizdən danışmışdır.
E.Kərimov 20 illik dövlət müstəqilliyimizin tarixindən bəhs edərək müstəqilliyimizin ilk dövrlərindəki ağır siyasi, iqtisadi vəziyyətdən, ölkədəki özbaşınalıqlardan, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən, torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğal edilməsindən və bunun nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsindən də danışmışdır. Diplomat vurğulamışdır ki, bu çətin dövrdə xalqımız təkidlə ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etmişdir. Onun müdrik siyasəti sayəsində xalqımız bu cür ağır vəziyyətdən xilas olmuşdur. Səfir həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlardan, ölkə iqtisadiyyatının dirçəlməsindən və dahi şəxsiyyət Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar nəticəsində respublikamızın inkişafından, Azərbaycanın dünya ölkələri üçün önəmli tərəfdaşa çevrilməsindən danışmışdır.
E.Kərimov məlumat vermişdir ki, son beş ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmış, yoxsulluq səviyyəsi 45 faizdən 9 faizə enmiş, 2009-cu ildən bəri ümumi daxili məhsul 9,3 faiz çoxalmışdır. İqtisadi imkanları ilə Cənubi Qafqazda lider ölkəyə çevrilən Azərbaycanın 140-dan çox ölkə ilə ticarət əlaqələri vardır, ölkəmiz BMT Təhlükəsizlik Şurasında üzvlüyü dövründə sülhün, təhlükəsizliyin təminatına xidmət edən bütün beynəlxalq hüququn normalarına və prinsiplərinə dəstək verəcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir ermənilər tərəfindən torpaqlarımızın işğalının hələ də davam etdiyini bildirərək bu cür vəziyyətin təkcə region üçün deyil, bütün bəşəriyyətə təhlükəli olduğunu vurğulamışdır. Diplomat münaqişənin nizamlanmasında ölkəmizin haqlı mövqeyini çatdıraraq bildirmişdir ki, Azərbaycan məsələnin sülh yolu ilə, beynəlxalq hüquq normalarına və prinsiplərinə əsasən respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Azərbaycan ilə Bolqarıstan arasında yüksək səviyyəli əlaqələrdən danışan səfir ölkələrimiz arasında energetika ilə yanaşı, yüngül sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat, tikinti, səhiyyə, təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır. Diplomat cari ildə həyata keçirilmiş yüksək səviyyəli səfərlər və imzalanmış sənədlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, ölkələrimiz arasında son 11 ay ərzində ticarət dövriyyəsi keçən illərlə müqayisədə dörd dəfə artmışdır. Bunun əməkdaşlığımızın genişləndirilməsinin yüksək göstəricisi olduğunu deyən E.Kərimov təbii qazın Azərbaycandan Bolqarıstana nəqli istiqamətində aparılan fəal işlərdən də bəhs etmişdir.
Səfir ölkəmizin son illər ərzində bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirərək onlar sırasında Dünya Dini Liderlərinin görüşünün, Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Səhiyyə Təşkilatının Avropa Komitəsinin 61-ci sessiyasının, Beynəlxalq Humanitar Forumun, Caz festivalının, bədii gimnastika və boks üzrə dünya çempionatlarının olduğunu qeyd etmişdir. Diplomat "Eurovision-2011"də Eldar Qasımovun və Nigar Camalın təkrarolunmaz ifası ilə əldə olunmuş qələbəmizlə qürur duyduğumuzu bildirərək bu mahnı müsabiqəsinin ölkəmizdə ən yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin böyük səy göstərdiyini vurğulamışdır.
Dövlətimizin müstəqilliyinin
bərpa olunmasının 20-ci ildönümü
ilə əlaqədar səfirliyin təşkilatçılığı
ilə Sofiyanın "EXPO" sərgi mərkəzində
Azərbaycan mətbəxinin ləziz nümunələrinin,
içkilərin nümayişi olmuşdur. Tədbirdə iştirak edən şəhər sakinləri,
xarici qonaqlar,
Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq
təşkilatların nümayəndələri Azərbaycan
mətbəxinin nümunələrindən dadmış, onlara milli suvenirlərimiz
də paylanmışdır.
Azərbaycan.- 2011.-8 dekabr.- S. 5.