Zülmətdə parlayan ulduz

 

 Ötən əsrin əvvəllərində Azərbaycan səhnəsi aktrisa sarıdan çox korluq çəkirdi. Uzun illər qadın rollarını min cür maneə və təhqirə məruz qalan, sənət yanğılı aktyorlar ifa ediblər. Sonra bir müddət özgə millətin aktrisaları böyük çətinliklərə dözərək zəif çiyinlərini bu ağır yükün altına verdilər. Hətta elə bir vəziyyət yaranıb ki, aktrisalıq edən aktyor ikinci dəfə qadın libasını əyninə geyməkdən imtina edib. Beləliklə də Azərbaycan qadınlarının səhnəyə doğru uzanan yolu qorxudan, qandan, ölümdən, minbir maneədən keçməyə başladı. Təsadüfi deyildir ki, o illər səhnəyə gələn qadınlar haqqında görkəmli sənətşünas Mehdi Məmmədov belə yazırdı: "Azərbaycan aktrisasının səhnəyə gəlişi, bu sənət meydanında qələbələr çalması qəhrəmanlıq dastanıdır". Bu dastanın ilk səhifələrini Əzizə xanım və onun qızı Sona Hacıyeva yazdı.

Bu aktrisaların sırasında Mərziyyə xanım Davudovanın da öz yeri vardı. O, Azərbaycan səhnəsinin ən qüdrətli aktrisası sayılırdı. 1901-ci il dekabrın 8-də Həştərxanda anadan olan Mərziyyə Davudova ilk rolunu oynayanda 16 yaşın içində idi. O, Həştərxanda İqbal məktəbində "Birinci teatr" adlı ikipərdəli tamaşada (1917-ci il) Əfifə rolunu yaratmışdır. Səhnədə böyük həvəsli yeniyetmə Mərziyyəni ilk dəfə görüb istedadını kəşf edən unudulmaz Hüseyn Ərəblinski olub. O, 1918-ci ildə Həştərxanda qastrolda olarkən bu gənc qızın oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. Səhnədə türk millətinə məxsus aktrisa görmək onun ən böyük arzusu idi. Hüseyn Ərəblinski haqqında qələmə alınan xatirələrdə də onun bu istəyinə toxunulub.

1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin, xüsusilə də teatr sənətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf-müqabili olmaq idi, amma bu istək həyata keçmədi. Çünki bir il öncə nadanlar qüdrətli aktyorun həyatına son qoydular. Xoşbəxtlikdən ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf müqabili deyil, həyatda da sevgili həmdəminə, vəfalı ömür-gün dostuna çevrildi. Abbas Mirzə Şərifzadə səhnədə bir heyrət mücəssəməsi idi.

Ötən əsrin 20-ci illərindən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi müqtədir aktrisalar çıxış edirdilər. Onların sırasına həvəslə qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadir olduğunu məharətlə təsdiqləyib. Hüseyn Cavidin "İblis" əsərinin tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf müqabili olmaq onun səhnə yaradıcılığında yeni səhifələr açıb. Çox keçmir ki, Mərziyyə Davudova mürəkkəb, ziddiyyətli, bir-birinə bənzəyən və bənzəməyən müxtəlif qadın obrazlarını, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parlayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü. Böyük dramaturqumuz Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da böyük əks-sədaya, təlatümə səbəb olmuşdur. Mərziyyə xanımın böyük ustalıqla can verdiyi Sevil obrazı o qədər parlaq, təsirli, təbii alındı ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atdılar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən şimşək kimi doğmuşdu. Onun səhnədə göstərdiyi təbii oyunu və sənət yanğısı haqqında Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Mərziyyə Davudovanın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadınlarının surətini deyil, Qərb teatrından gələn dezdemonalar, amalyalar, ofelyalar, violalar... kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə aktrisa Hüseyn Ərəblinski, Abbas Mirzə kimi nəhənglərlə bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratdı.

Mehdi Məmmədov Mərziyyə Davudovanın yaradıcılığını dəyərləndirərək yazırdı: "1937-ci ildə Mirzə İbrahimovun "Həyat" dramı ilk dəfə tamaşaya qoyulmuşdu. Tamaşa böyük müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolları oynayanlar - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi "Həyat" tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı".

Xalq artisti Hökümə Qurbanova öz xatirələrində yazırdı ki, bu da taleyin qismətidir ki, Mərziyyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyyə xanım olardı. Bu aktrisa əsl sənət fədaisi kimi gənclərə xüsusi qayğı göstərərdi.

Geniş yaradıcılıq diapazonuna malik olan Mərziyyə Davudova Azərbaycan kinosunun inkişafında da müəyyən xidmətlər göstərmişdir. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları", "Bir məhəlləli iki oğlan", "Koroğlu" və digər filmlərə çəkilib. 1956-cı ildən ömrünün sonuna kimi Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edən Mərziyyə xanım Davudova əslində zülmətdə parlayan ulduz idi.

Bəllidir ki, 1937-ci ilin repressiyası sənət adamlarının taleyindən izsiz keçmədi. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi Azərbaycan səhnəsinin azman aktyoru Abbas Mirzə Şərifzadə oldu. Görkəmli teatr ustasının hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Bu ailənin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi həyat yoldaşı, səhnəmizin qüdrətli nümayəndəsi Mərziyyə xanım Davudova oldu.

Mərziyyə xanım Davudovaya xalq artisti fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla qəlbini didib-parçalayırdılar. Hər qapı döyüləndə ürəyi qopurdu. Mühakimə olunmaqdan, üzücü suallara cavab axtarmaqdan yorulmuşdu. Amma dözməyə, baş verənləri səbirlə qarşılamağa məcbur idi. Çox sevdiyi bir insandan ona yadigar qalan qız balasının gələcəyi naminə soyuqqanlı olmalı, dərdini büruzə verməməli idi. O illərin xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. O ağır repressiyalar aktrisanı çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı.

Elə bil bütün bunlar dünən olub. Mərziyyə xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir Hacıbəylinin yanına gəlib. İlk sualı da belə olub: "Üzeyir bəy, Firəngiz bizim davamçımız ola bilərmi? Bəlkə bir qulaq asasınız?" Dahi bəstəkar qızcığazın istedadını yoxlamadan qətiyyətlə bildirib ki, Abbas Mirzənin yadigarı mütləq onun davamçısı olmalıdır". Böyük bəstəkar bu fikirlərində yanılmadı. Firəngiz Şərifova Dövlət Konservatoriyasında təhsil aldığı illərdə həmişə səhnə haqqında düşündü. Valideynlərinin yolunu davam etdirmək istəyi bütün hisslərinə hakim kəsildi. Xalq artisti özü sonralar da bu fikri tez-tez dilə gətirirdi: "Əslində mən atamın ömrünə balta çalanlardan acıq çıxmaq, qisas almaq istəyirdim. Şərifzadələri öldürmək olmaz. Onlar elə bir yaşıl ağacdır ki, hər bahar çiçək açır".

Mərziyyə xanım 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə , bir məsələdən ürəyi arxayın idi. Böyük məhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi. Həqiqətən ata-anasının arzularını gerçəkləşdirən Firəngiz xanım Şərifzadələr ocağının ləyaqətli davamçısı olduğunu heç vaxt unutmadı. O, nəinki Azərbaycan səhnəsində, kino sənətində maraqlı obrazlara yeni həyat verdi, həm zəngin yaradıcılıq yolu keçərək, sözün əsl mənasında, sənət məktəbi yaratdı. Bu gün 110 yaşı tamam olan Mərziyyə xanım Davudovanın minbir əziyyətlə saldığı gülüstanda yeni çiçəklər cücərməkdədir. Nəticəsi Eldar Qasımovun səsi "Eurovision"dan gəlir. Bir çox dünya xalqlarının musiqisevərləri bu gəncin qələbəsindən fərəhlənərək xəritədə ölkəmizin adını axtarırlar. Həqiqətən məşhur bir ifadənin təkrarına lüzum gördük. Ömür itmir, bitmir, davam edir!..

 

Flora XƏLİLZADƏ,

 

Azərbaycan.- 2011.-8 dekabr.- S. 7.