AMEA-da Məhəmmədhüseyn Şəhriyarın
105 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki
konfrans keçirilmişdir
Dekabrın 7-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə XX əsr Şərq poeziyasının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 105 illiyinə həsr edilmiş "Məhəmmədhüseyn Şəhriyar: ədəbi təsir və əlaqələr" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyeva görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın zəngin ədəbi yaradıcılığından, XX əsr Şərq poeziyasının inkişafında rolundan, ədəbiyyata verdiyi töhfələrdən danışmışdır. Bildirilmişdir ki, M.Şəhriyar Şərq poeziyasının nəhəng simalarından biri, qüdrətli söz ustadıdır. Onun ölməz irsi nəinki Şərq, ümumən dünya mədəniyyəti və ədəbiyyatı xəzinəsinin nadir incisidir. Ecazkar poeziyası ilə ürəkləri fəth etmiş şair geniş kütlənin sonsuz məhəbbətini qazanmış, incə yaradıcılıq üslubu ilə "Heydərbaba"nı xalqına sevdirmiş, onun rəğbətlə xatırlanmasına və dünyada şöhrətlənməsinə nail olmuşdur. Ustad sənətkarın əsərləri dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin canlı aynasıdır.
G.Baxşəliyeva Şəhriyarın yubileyi münasibətilə silsilə tədbirlərin keçiriləcəyini, konfransın bu sıradan ilk tədbir olduğunu qeyd etmişdir. "Azərbaycan şərqşünaslığı" jurnalının bir nömrəsinin bütövlükdə Şəhriyarın yaradıcılığına həsr olunduğu, konfransın materiallarından ibarət "Söz mülkünün Şəhriyarı" kitabının nəşr edildiyi diqqətə çatdırılmışdır. M.Şəhriyarın bədii irsinin həmişə tədqiqatçıların diqqət mərkəzində olduğunu vurğulayan G.Baxşəliyeva bildirmişdir ki, konfransın işində Azərbaycan alimləri ilə yanaşı, İran və İraqdan olan tədqiqatçılar da iştirak edirlər. Alim ədəbi əlaqələrin genişlənməsində, Şəhriyarın yaradıcılığının daha dərindən öyrənilməsində, tədqiq və tədris edilməsində konfransın əhəmiyyətini qeyd etmiş, onun işinə uğurlar arzulamışdır.
Tədbirdə "Şəhriyar
yaradıcılığı ədəbi təsir və əlaqələr
kontekstində", "Şəhriyar və klassik
Şərq şeiri", "Heydərbaba"
məktəbi və onun dünya
ədəbiyyatında yeri", "Şəhriyar
və XX əsr İran ədəbi mühiti", "Heydərbabaya salam" poemasının İraq
türkmanları arasındakı əks-sədası",
"Şəhriyar və Türkiyə", "Tarixi proseslərin ədəbi dilə təsiri:
Şəhriyar və Azərbaycan dili",
"Şəhriyar poeziyası tərcümələrdə"
və sair mövzularda
məruzələr dinlənilmişdir.
Azərbaycan.- 2011.- 8 dekabr.- S. 7.