Azərbaycan gəncləri Parisdə keçirilən «Fəaliyyətdə incəsənət!» adlı beynəlxalq tədbirdə iştirak edirlər

 

 Parisdə keçirilən "Fəaliyyətdə incəsənət!" adlı beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, onun müavini Nərgiz Eyvazova, bu qurumun fəalları Vüqar Muradov, Rəhim BabayevAbbas Səfərov təmsil edirlər.

AGAT-ın mətbuat katibliyindən AzərTAc-a bildirmişlər ki, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" Proqramı tərəfindən təşkil olunmuş tədbirdə Fransa, Türkiyə, Polşa, İspaniya, Moldova, Ukrayna, Rusiya və Azərbaycandan 50 gənc mütəxəssis iştirak edir.

Azərbaycan təmsilçilərinin təqdim etdikləri milli musiqi və rəqslərimiz tədbir  iştirakçılarında böyük maraq doğurmuşdur.

Parisin Aubervillier rayonunun rəhbərliyi ilə keçirilən  görüşdə Azərbaycan gəncləri ölkəmizdə həyata keçirilən gənclər siyasəti barədə məlumat vermişlər. Görüş zamanı fransalı mütəxəssislər  ölkəmizin dinamik inkişafı və iqtisadi sıçrayışını xüsusi qeyd etmişlər.

Səfər çərçivəsində Azərbaycanın Fransadakı səfiri və diaspora rəhbəri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Beynəlxalq tədbir dekabrın 12-dək davam edəcəkdir.

 

Azərbaycan.- 2011.- 8 dekabr.- S. 7.