Dünyaya açılan yeni
pəncərə
Azərbaycan dövlətinin elmə, mədəniyyətə verdiyi diqqətin nəticəsində son illər respublikamızda elmin müxtəlif sahələrinə dair bir-birindən dəyərli məcmuələr, ədəbi-bədii jurnallar, qəzetlər işıq üzü görür və onların sayı günü-gündən artır. Belə nəşrlərdən biri də "Folklorşünaslıq məsələləri" adlı beynəlxalq elmi-nəzəri və ədəbi-bədii jurnaldır. Jurnal 1991-ci ildən Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə, AMEA-nın müxbir üzvü, professor A.Nəbiyevin təsisçiliyi və redaktorluğu ilə ildə bir dəfə çap olunur. Toplu folklorşünaslığın aktual problemlərini əhatə edən dəyərli nəşrlərdəndir. Folklorun lirik, epik, dramatik üslublarının müxtəlif janrları - mövsüm-mərasim nəğmələri, oyun və tamaşalar, nağıl, əfsanə, rəvayət, dastan, aşıq yaradıcılığı, eləcə də folklorşünaslığın inkişaf tarixindən, şifahi xalq ədəbiyyatımızın müxtəlif dövrlərdə yazıya alınması, nəşri və araşdırılması, Azərbaycan və dünya xalqlarının oxşar mədəni dəyərləri, folklor nəzəriyyələri, yazılı ədəbiyyatla folklorun qarşılıqlı əlaqəsi, mifologiya problemləri və başqa aktual məsələlər jurnalda geniş əksini tapır.
Bu günlərdə "Folklorşünaslıq məsələləri"nin son elmi tələblər əsasında hazırlanmış beynəlxalq indeksli növbəti buraxılışı çapdan çıxmışdır. Yeni tərtibatla nəşr olunan jurnalın redaksiya heyəti də yenilənmiş, bu tərkibə Azərbaycan folklorşünasları ilə yanaşı, xarici ölkələrdə bu sahə ilə məşğul olan ən tanınmış elm xadimləri də cəlb edilmişdir.
Jurnala olan beynəlxalq maraqla bağlı 2011-ci ildən başlayaraq bura Azərbaycan dili ilə yanaşı, türk, rus və ingilis dillərində məqalələr nəşr etmək səlahiyyəti verilmişdir. Bu, Azərbaycan folklorşünaslığına göstərilən böyük etimaddır, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərinin, eləcə də elmi-nəzəri fikrinin bütün dünyada tanıdılması işinə verilən dəstək kimi dəyərləndirilməlidir. Elə jurnalın yeni sayında "Azərbaycanda Novruz" adlı geniş informatik məlumatın rus və ingilis dillərində nəşrini xalqımızın folklor dəyərlərinin Avropaya çatdırılması baxımından uğurlu başlanğıc kimi hesab etmək olar.
Dünya şöhrətli "Tomson Reyters" agentliyinin Bakı Dövlət Universitetində keçirdiyi treninqdə Avropa standartlarına cavab verən jurnallarla əməkdaşlığı genişləndirmək, onların bir çoxunu özünün məlumat bazasına daxil etmək istəyi nəzərdə tutulmuşdur ki, onlardan biri də "Folklorşünaslıq məsələləri" jurnalıdır. Hazırda nəşrin elektron versiyası və onun haqqında geniş məlumatın "Tomson Reyters" agentliyinin informasiya bazasına daxil edilməsi, internet saytının yaradılması ilə əlaqədar işlər gedir.
"Folklorşünaslıq məsələləri"nin axırıncı sayında son elmi tədqiqatların təqdimatına üstünlük verilmişdir. Burada indiyədək tədqiq olunmayan Azərbaycan mifologiyası, Azərbaycan - atropogenez zonasında yaşayan erkən etnosların folklor düşüncəsi, o cümlədən ulu əcdadlarımız olan albanların mifologiyası, onların ilkin ayinləri, etiqadları, dastan nümunələri, inancları əksini tapmışdır. Bu məqalələr içərisində A.Nəbiyevin "Alban mədəniyyətinin izi ilə - Azərbaycan mifologiyasının qaynaqları və mənbələrinə dair", Ş.Albalıyevin "İlaxır çərşənbələri", K.Həsənovanın "Kitabi-Dədə Qorqud"da adqoyma və andiçmə mərasimləri", C.İşankulun "Yuxu və tapmaca", R.Əliyevin "Dil, yaddaş və mətn strukturunda janr, motiv və obraz", Ü.Nəbiyevanın "Oğuz eposunda qəhrəmanlıq ənənələri", A.Hüseynovanın "Azərbaycan mühacirət folklorşünaslığında lətifə", K.İslamzadənin "Bəzi folklor nümunələrinin hind mənşəyinin müəyyənləşdirilməsinə dair", S.Orucovanın "Azərbaycan folklorunun toplanması və nəşri tarixindən" məqalələrinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır.
Ədəbiyyatşünas-alim Ayaz Vəfalının "Xalqımızın müstəsna xidməti" yazısında Novruz bayramı, onun qorunub saxlanmasında, keçirilməsində qabaqcıl ziyalılarımızın xidmətləri yetərincə dəyərləndirilir. Bu yazıda, eyni zamanda, Novruz bayramının etnik yaddaşda qorunub saxlanmasının bir çox əhəmiyyətli tarixi faktları oxuculara ilk dəfə təqdim edilir.
Bütövlükdə isə "Folklorşünaslıq məsələləri" Azərbaycan xalqının yüksək mənəvi-əxlaqi dəyərlərini və zəngin folklor irsini tanıtmaq sahəsində bu gün dünyaya açılan yeni bir pəncərədir.
Çox keçməz ki, jurnal yeni saylarında milli-mənəvi dəyərlərimizlə yanaşı, Azərbaycan folklor nəzəri fikrinin ən yaxşı nümunələrini də dünya dillərində oxuculara təqdim edər.
Azərbaycan folklor incilərinin nəşri fonunda azərbaycançılıq dəyərlərinin dünyaya təqdimi vəzifəsini qarşıya məqsəd qoyan jurnal şübhə yoxdur ki, yaxın zamanlarda bu sahədə yeni-yeni uğurlu yazıları ilə oxucularını sevindirəcəkdir.
Könül HƏSƏNOVA,
Əsmər
BƏŞİROVA,
BDU-nun əməkdaşları
Azərbaycan.- 2011.- 8 dekabr.- S. 8.