Azərbaycan
nümayəndə heyəti Tbilisidə korrupsiyaya
qarşı mübarizəyə həsr olunmuş
konfransda iştirak edir
Dekabrın 7-də Tbilisidə korrupsiyaya qarşı mübarizə məsələlərinə
həsr olunmuş regional
konfrans öz işinə
başlamışdır. Gürcüstanın Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və ABŞ-ın Ədliyyə
Departamentinin birgə təşkilatçılığı
ilə keçirilən tədbirdə Azərbaycan, Ukrayna,
Moldova və Ermənistandan, eləcə də
ABŞ və Avropa ölkələrindən
ekspertlər iştirak edirlər.
Konfransda Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin 5 əməkdaşı iştirak edir.
Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin şöbə rəisi Vüqar Əliyev AzərTAc-a müsahibəsində demişdir: "Korrupsiya mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindəndir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycan korrupsiyaya qarşı mübarizədə bütün beynəlxalq təşəbbüslərə, müvafiq konvensiyalara qoşulmuş, dünya standartlarına uyğun qanunvericilik bazası yaradılmışdır".
Regional konfransın iştirakçıları korrupsiyaya qarşı mübarizə sahəsində fikir mübadiləsi aparmış, təcrübələrini bölüşmüşlər. Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə bu sahədə həyata keçirilən uğurlu işlər, yaradılmış qanunvericilik bazası, institusional tədbirlər, korrupsiya cinayətinin istintaqı barədə həmkarlarına ətraflı məlumat vermişlər. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər iştirakçıların diqqətini cəlb etmişdir.
Gürcüstanın baş prokuroru Murtaz Zodelava ölkəsinin "Qlobal korrupsiyanın barometri"nə əsasən korrupsiyaya qarşı mübarizədə öncül yerlərdən birini tutduğunu, həyata keçirilən islahatların bu mübarizədə böyük səmərə verdiyini demişdir.
Konfrans üç
gün davam edəcəkdir.
İslam ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Tbilisi
Azərbaycan.- 2011.- 9 dekabr.- S. 2.