«Müstəqil
Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin
inkişafında rolu» mövzusunda
konfrans keçirilmişdir
Dekabrın 8-də Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Müstəqil Azərbaycan 20: Mətbuatımızın cəmiyyətin inkişafında rolu" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda Yasamal rayon ziyalıları, müəssisə rəhbərləri, 30-dan çox qəzetin və informasiya agentliyinin redaktorları iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tədbirin əhəmiyyətindən danışmış, bildirmişdir ki, belə görüşlərdə səslənən səmərəli təkliflər işimizin daha da yaxşı qurulmasına təkan verə bilər.
İ.Mehdiyev ictimai rəyin formalaşdırılmasında mətbuatın rolundan, ümummilli liderimiz Heydər Əliyevin milli mətbuata, jurnalistikaya qayğısından, Prezident İlham Əliyevin ölkədə söz azadlığının qorunmasında, KİV-yə dövlət dəstəyinin gücləndirilməsində ulu öndərin ideyalarına sadiqlik nümayiş etdirməsindən geniş söz açmışdır.
Qeyd edilmişdir ki, bu gün Azərbaycanda güclü, müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda, dövlətçilik prinsiplərinə sədaqət nümayiş etdirən, milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı dövlətin mətbuat siyasətinin əsas xəttini təşkil edir.
Son illər Yasamal rayonunda aparılan abadlıq, quruculuq işləri haqqında məlumat verən İbrahim Mehdiyev demişdir ki, rayonla bağlı hər hansı bir məsələnin jurnalistlər tərəfindən obyektiv araşdırılmasında maraqlıdırlar və hər zaman media mənsublarına informasiya verməyə hazırdırlar.
Tədbirdə çıxış edən KİVDF-in icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, konfransın keçirilməsində məqsəd medianı cəmiyyətlə yaxınlaşdırmaq və bu sahədə olan problemləri birgə müzakirə etməkdir.
V.Səfərli vurğulamışdır ki, bu gün ölkədə 5 mindən yuxarı KİV qeydiyyatdan keçmişdir.
Natiq 2009-cu ildə müstəqil mətbuatın inkişafına dəstək məqsədilə yaradılmış KİVDF-in üç il ərzində gördüyü işlərdən və həyata keçirdiyi layihələrdən söz açmışdır.
Diqqətə çatdırılmışdır ki, son illər mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişlənmişdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan mətbuatının keçdiyi şərəfli tarixi yola müxtəsər nəzər salmış, müstəqillik illərində milli mətbuatımızın inkişafı naminə görülmüş işlərdən danışmışdır.
Konfransda müstəqilliyin
20 ili ərzində Azərbaycan mətbuatının keçdiyi inkişaf yolu haqqında geniş məlumat verilmiş
və qarşıda duran problemlərin həlli
ilə bağlı müzakirələr
aparılmışdır.
Azərbaycan.- 2011.-9 dekabr.- S. 3.