Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA çərçivəsində Bakıda ilk ağacəkmə kampaniyası keçirilmişdir

 

  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu ilin iyulunda təsis etdiyi Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsü - İDEA çərçivəsində ilk ağacəkmə kampaniyası keçirilmişdir. 

AzərTAc xəbər verir ki, dekabrın 8-də gənclər təşkilatlarının çoxsaylı nümayəndələri Bakının Zığ şosesinin 17-ci kilometrliyində 2 nömrəli yaşıllaşdırma idarəsinin sahəsində 20 mindən çox ağac və bəzək kolunun əkininə başlamışlar. 

Gənclər ağacəkmə kampaniyasının ilk tədbirində böyük həvəslə iştirak etmişlər. Onları bu işə təşəbbüsün Azərbaycan gənclərinin lideri Leyla xanım Əliyeva tərəfindən irəli sürülməsi ruhlandırmışdır.

Bu il noyabrın 25-26-da İDEA çərçivəsində Qəbələdə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu günsabah" mövzusunda keçirilən gənc ekoloqların beynəlxalq düşərgəsində çıxış edən Leyla xanım Əliyeva demişdir ki, biz kampaniyaya "Cavan ruh üçün cavan ağac" devizi altında başlamışıq. Kampaniya çərçivəsində 2012-ci ilin iyun ayında Rio de-Janeyro şəhərində keçiriləcək BMT-nin Davamlı İnkişaf üzrə "Rio+20" konfransına qədər 300 min ağac əkilməsi nəzərdə tutulmuşdur.

İDEA-nın təsisçisi Leyla Əliyeva demişdir ki, ağaclar və bitkilər planetimizdə oksigenin yeganə mənbəyidir. Günəşli gündə bir ağacın yarpaqlarının 25 faizi bir adamın gün ərzində ehtiyac duyduğu qədər oksigen verir. Ağacların bir akrı bir gündə atmosferə 18 insana kifayət edəcək qədər oksigen buraxır. Ətraf mühitin mühafizəsi, insanların sağlamlığı Azərbaycan dövlətinin ekoloji siyasətinin prioritet istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Ekologiya ili" elan olunmuş 2010-cu ildə paytaxt Bakıda və regionlarda 14 milyon ağac əkilmiş, çoxlu parklar salınmışdır. Keçirilmiş yaşıllaşdırma aylıqlarında Heydər Əliyev Fondunun təşəbbüsü ilə də çox görülmüşdür. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bu proses "Hər gənc-bir ağac" devizi altında davam edir.

İDEA təşəbbüsü çərçivəsində keçiriləcək ağacəkmə kampaniyası nəticəsində Azərbaycanın yaşıl təbiəti daha da zənginləşəcəkdir. 

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S.  3.