Sumqayıtın dinamik inkişafı yeni vüsət alır

 

Abadlıq və quruculuq işlərinin əsas ünvanına çevrilən şəhər daha böyük uğurlara imza atır

 

 Yüksək dinamizmə əsaslanan, tərəqqisini uğurla davam etdirən Azərbaycan imza atdığı yeni və möhtəşəm nailiyyətlər sayəsində getdikcə daha qüdrətli dövlətə çevrilməkdədir. Bunun nəticəsidir ki, beynəlxalq hüququn daha güclü müstəqil subyekti qismində çıxış edən dövlətimizin mövqe və maraqları regional xarakterli proseslərin inkişaf axarında mütləq nəzərə alınır və Azərbaycanla razılaşdırılır. Bu gün Cənubi Qafqazda həyata keçirilən və gələcəkdə keçirilməsi nəzərdə tutulan istənilən transmilli layihə ölkəmizin iştirak və razılığı  olmadan reallaşdırıla bilməz. Artıq regionun həlledici söz sahiblərindən birinə çevrilən Azərbaycanın qazandığı müvəffəqiyyətləri şərtləndirən mühüm cəhətlərdən biri qloballaşma prosesindən irəli gələn meyarların ölkə reallıqları ilə məharətlə uzlaşdırılması, onların milli maraqları təmin edəcək uğurlu vəhdətinin yaradılmasıdır.

Azərbaycan üçün xarakterik cəhətlərdən biriyaşanan sürətli tərəqqinin hər bir ölkə vətəndaşının həyatında özünü bariz formada əks etdirməsi, insanların maddi rifah halının yüksələn xətt üzrə inkişaf etməsidir. Daha bir önəmli məqam isə sosial-iqtisadi inkişaf sahəsində özünəməxsus uğurlu modelin əsasını qoymuş Azərbaycanda   yaşanan  tərəqqinin dinamik və davamlı xarakter daşıması üçün onun kifayət qədər möhkəm özüllər üzərində qurulmuş bazisinin yaradılmasıdır. Elə bu da qarşıdakı dövr ərzində ölkəmizin qət edəcəyi iqtisadi tərəqqi yolunun yenə möhtəşəm uğurlarla müşayiət olunacağını, Azərbaycanın daha böyük nailiyyətlərə imza atacağını şərtləndirən əsas faktorlar sırasında yer alır. Eyni zamanda, görülən işlər bir daha əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə ulu öndərin zəngin irsinin ən görkəmli nümaynədəsi olan Prezident İlham Əliyev tərəfindən yeni çalarlarla zənginləşdirilən və Azərbaycanı liderlər cərgəsinə yüksəldən inkişaf strategiyasının nə dərəcədə doğru olduğunu, kifayət qədər uzaqgörənliklə müəyyənləşdirildiyini  əyani olaraq sübuta yetirir.

O da birmənalı şəkildə qəbul olunmuş həqiqətdir ki, son 8 ildə Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində ulu öndər Heydər Əliyevin ideyaları böyük uğurla həyata keçirilir, Azərbaycanın beynəlxalq nüfuzu durmadan artır, ölkənin iqtisadi qüdrəti davamlı şəkildə yüksəlir. Sözügedən fonda təkcə bir faktı qeyd etmək kifayətdir ki, son 8 il ərzində Azərbaycan əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun orta artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə rəhbərlik edən ölkə statusunu qoruyub saxlamaqdadır. Mövcud dinamik tərəqqinin paytaxtregionlar arasında bərabər qaydada paylanması isə inkişafın uğurlu bir şəkildə bütün ölkə miqyasını əhatə etməsinə  gətirib çıxarıb. Sərbəst bazar münasibətləri şəraitində sabit, sürətli inkişaf məntiqinə əsaslanan məqsədyönlü dövlət  siyasəti, eyni zamanda, əhalinin sosial rifahının davamlı olaraq yaxşılaşması istiqamətində də mühüm nailiyyətlərin əldə olunması ilə müşayiət edilir.

Yaşanan inkişaf Azərbaycanın sosial-iqtisadi həyatında özünəməxsus çəkiyə malik olan Sumqayıt şəhərinin simasında da aydın müşahidə olunur. Xariqələr diyarı kimi ad çıxaran və əzəmətli görkəmini yenidən bərpa edən, həyata keçirilən abadlıq-quruculuq işləri nəticəsində dünyanın ən gözəl şəhərləri sırasında yer almağa layiq olan  Sumqayıt  həm də sürətli inkişafın əsas ünvanlarından biridir. Azərbaycanın əsas sənaye mərkəzinə çevrilən  Sumqayıtın qısa zaman kəsiyində həm də geniş  quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgləri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına  dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsalemal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər növbəti dəfə belə bir mühüm məqamın təsdiqi kimi də çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam, ilk növbədə, xalqın sosial rifahının yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli bir ölkəyə çevrilməsinə  nail olmaqdır və bu, Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

Regionların inkişafına dair icrası uğurla davam etdirilən ikinci Dövlət Proqramı kontekstində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses özünün kifayət qədər müvəffəqiyyətli mərhələsini yaşamaqdadır. Bunun nəticəsidir ki, Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə, ilk növbədə, müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. Bu işdə sahibkarlara lazımi dəstək göstərilir, şəhərin iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Qeyd edilənlərə paralel olaraq şəhərin infrastruktur təminatının yaxşılaşdırılması, müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Həmçinin,  əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması həmişəki kimi gündəmdədir.

Təbii ki, bütün bunlar nəticə etibarilə indi Sumqayıtın həm əhalinin say tərkibi baxımından, həm də inzibati ərazi vahidi olaraq sürətlə böyüməsinə rəvac verən əsas faktorlardandır. Bu gün iqtisadi cəhətdən sürətlə irəliləyən Sumqayıtda əhalinin sayı da durmadan artır. Bakının bir addımlığında yerləşən şəhər ərazi baxımından da münasib məkandadır. Qarşıda duran mühüm hədəflərdən biri isə Sumqayıtı tez bir zamanda Bakı standartlarına yaxınlaşdırmaqdır və bu, Prezident İlham Əliyev tərəfindən qarşıya prioritet vəzifə kimi qoyulub. Cari ilin iyulunda Sumqayıta səfəri zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev bildirmişdir: "Sumqayıtla Bakı demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedirbu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər. Ona görə Sumqayıt paytaxt standartlarına tam şəkildə uyğunlaşdırılmalıdır. Mənim məqsədim bundan ibarətdir və bunu etmək üçün artıq biz konkret layihələrə başlamışıq".

O da olduqca önəmlidir ki, bu gün Sumqayıtda yaşanan böyük inkişaf təkcə bir sahə üzrə köklənməyərək çoxşaxəli xarakter daşıyır. Sənaye, digər profilli istehsal müəssisələri, sosial həyat, infrastruktur və digər sahələrdə sürətli tərəqqi paralel şəkildə özünü göstərərək bir-birini tamamlayır. Şəhərin Azərbaycanın ümumi iqtisadi həyatında artan rolu fonunda isə  bu gün Sumqayıtda özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması,  ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi əsas fəaliyyət istiqamətləri sırasında yer alır. Şəhərdə sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi,  rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi də qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar olaraq ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq institutunun rolunun gücləndirilməsi, adamlarının fəaliyyətinin sahə, regionaltexnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir, müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Artıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Sumqayıtda ölkə miqyasında və nəinki ölkəmizdə, bölgədə, Cənubi Qafqazda ən böyük texnologiyalar parkı ərsəyə gətirilib. Şəhərin yeni şansı kimi dəyərləndirilən Sumqayıt Texnoloji Parkının fəaliyyəti nəticəsində Sumqayıtın  ölkə iqtisadiyyatında tutduğu mövqe daha da güclənib. Bu, həm də bütünlükdə respublikamızın bölgələrinin Sumqayıtla əlaqələrinin yaranması və inkişafı deməkdir.

Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması da prioritet istiqamətlər sırasında yer alır. Bu kontekstdə Sumqayıtda fəaliyyət göstərən təhsil, səhiyyə, idman mərkəzləri və onların günün tələblərinə uyğunluğu əhali tərəfindən də böyük məmnunluqla qarşılanır. Həmçinin şəhərdə yaşıllaşdırma, yeni park və xiyabanların salınması işləri də daha böyük vüsət alır. Təhsil sisteminin inkişafının davam etdirilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, elmi sferanın tərəqqisinin sürətləndirilməsi,  elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsinə ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da uğurla nail olunur. Eləcə də tibbi xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, insanların sağlamlığının yaxşılaşdırılması, orta ömür müddətinin uzadılması, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi kimi vacib sahədə xeyli nailiyyətlər əldə edilib.

Şəhər əhalisinin dinamik artımı, təbii olaraq, yaşayış evlərinə tələbatın yüksəlməsinə də səbəb olur. Bu mənada Sumqayıtda yeni yaşayış binalarının inşası, əvvəl mövcud olanlarda modernləşmə işlərinin həyata keçrilməsi ilə bağlı görülən işlərin miqyası daha da genişlənib. Şəhərin demək olar ki,  bütün əsas prospekt, küçə və məhəllələrində quruculuq, təmir-tikinti işləri aparılır. Artıq onların çoxunda bu proses başa çatıb. Bu gün şəhərin elə bir yeri tapılmaz ki, orada təmir-tikinti işləri görülməsin. Şəhərin vahid baş planına uyğun olaraq aparılacaq tikinti, yenidənqurma və digər işlər öncə müzakirə edilir, sonra onun inşasına başlanır. Ümummilli lider Heydər Əliyev tərəfindən "kiçik Azərbaycan" adlandırılan Sumqayıtın yaxın bir neçə ildə əhalisinin sayı 600-700 mini keçəcəkdir. Elə bu səbəbdən şəhərdə infrastruktur obyektlərinin inşası prosesində bu məqam indidən nəzərə alınır.  Şəhərin infrastrukturu elə formada qurulur ki, Sumqayıt əhalisinin sayının artması fonunda belə yaxın bir neçə on il ərzində heç bir problem yaranmasın. Şəhərin bir neçə məhəlləsində yaşayış binaları müasir standartlara cavab vermədiyi üçün tezliklə həmin ərazidə yeni şəhərciyin salınması nəzərdə tutulub. "Yeni Sumqayıt" adlandırılacaq şəhərcik gələcəkdə əhalinin mənzil probleminin həllində müstəsna rol oynayacaqdır.

Bu gün bütün parklarda da əsaslı yenidənqurma işləri aparılır, şəhərə giriş yolları modernləşdirilir, binaların fasadlarına təzə üzlük çəkilir, səkilərin, yolların görkəmi dəyişir, bir sıra başqa işlər görülür. Şəhər sakinlərinin arzuları nəzərə alınaraq mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilib.

Bu gün Sumqayıtda həyata keçirilən möhtəşəm layihələrdən biri də şəhər stadionunun tikintisidir. Müasir standartlara cavab verəcək bu tikili regionun idman yarışlarının keçirilməsi üçün əsl məkana çevriləcəkdir. Həmçinin 500 mindən çox əhalisi olan Sumqayıtda tədbirlərin keçirilməsi üçün meydan tikintisi də planlaşdırılır. Kimyaçılar sarayının qarşısındakı ərazidə tezliklə belə bir meydanın salınması nəzərdə tutulur.

Bu gün şəhərin bir neçə mikrorayonunda nümunəvi məhəllələr yaradılıb. Ötən ilin yekunlarına həsr edilən yığıncaqda qərara alındı ki, nümunəvi məhəllələr yaradılsın. Digər təkliflər kimi, bu təşəbüs də diqqətdən kənarda qalmadı və nümunəvi məhəllələrin yaradılmasına başlanıldı. Artıq şəhərdə əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 18, 13 və 10-cu mikrorayonlarda müvafiq infrastruktura malik məhəllələr yaradılaraq əhalinin ixtiyarına verilmişdir. Bu məhəllələrdə bir vaxt tikilən qarajlar, necə gəldi sakinlər tərəfindən qanunsuz şəkildə zəbt edilən torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan qurğularla əvəzlənmişdir. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaqlar, uşaqlar üçün guşələr, yumşaq ev əşyalarının yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrdə yeni ağaclar əkilmiş, əraziyə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür. Əhalinin asudə vaxtının təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən yayındırılmasına xidmət edən, uşaqlar üçün müxtəlif oyunidman qurğularının yerləşdiriləcəyi növbəti belə məhəllənin 17-ci mikrorayonda yaradılması nəzərdə tutulub. Həmçinin  təkcə şəhər daxilində deyil, ətraf qəsəbələrdə də tikinti-abadlıq işləri görülür. Həmin qəsəbələrin öncə yol infrastrukturu dəyişdirilir. Qəsəbələrin işıqlandırma sistemləri yeniləri ilə əvəzlənir, qədim tarixə malik binalar yararlı hala gətirilir. Sosial infrastrukturun yenilənməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman ən qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması hər zaman diqqət mərkəzində yer alıb. Bu kontekstdə Sumqayıtda möhtəşəm işlərə, analoqu olmayan layihələrə imza atılmaqdadır. Görülən işlər çərçivəsində ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi istirahət parkının dənizə doğru ərazisindən yeni magistral yol çəkilməsi istiqamətində hazırlanan layihə və görülən işlər xüsusi qeyd olunmalıdır. Azərbaycan üçün analoqu olmayacaq həmin yerdə dəniz-yol-park-şəhər dördlüyü yaradılacaqdır.

Sumqayıtda görülən işlərdən biri də şəhərdə funikulyorun yaradılmasıdır. Avropanın gözəl şəhərlərindən birinə çevriləcək Sumqayıta yaxın gələcəkdə böyük turist axını gözlənilir. Odur ki, şəhər turizminin inkişafı üçün həllini gözləyən məsələlər tezliklə həllini tapacaqdır. 

Nəqliyyat, sosial, mədəni və digər sahələr üzrə infrastrukturun yenilənməsi prosesi şəhər sakinlərinə xidmət səviyyəsinin daha da yüksəlməsi, həmçinin ekoloji vəziyyətin davamlı şəkildə yaxşılaşmasına rəvac verir.  Məsələn, görülən işlər çərçivəsində şəhərin kanalizasiya sistemləri əsaslı surətdə dəyişdiriləcəkdir. Bu gün çirkli suların 60 faizi təmizlənmədən birbaşa dənizə axıdılır. Şəhərin dənizə tərəf olan hissəsində gəzintiyə gələnlər iri kanalizasiya borularından sahilə axıdılan çirkab sularıyla üzləşir. Ətrafa yayılan qoxudan həmin ərazidə qağayılardan başqa heç bir canlı ilə rastlaşmaq mümkün deyil. İsti havalarda həmin qoxu yaxın məsafədə yaşayan sakinlərin daim qarşılaşdıqları problemə çevrilib. Yeni layihə nəticəsində çirkab suları təmizləyici qurğular vasitəsilə təmizlənərək dənizə axıdılacaq. Bu gün yaşayış massivlərinin suya olan təlabatını yaxşılaşdırmaq məqsədilə minlərlə paqonmetr diametrli xətlər yenisi ilə əvəzlənmiş və hazırda bu davam etdirilir.

Hazırda dünya miqyasında Azərbaycanı fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Tolerantlığı ilə seçilən Sumqayıt dindarları Cümə məscidinin yenidən qurulması üçün ölkə başçısına müraciət etdilər. Artıq Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində təmir işlərinə başlanıb. Belə ki, məscidin yanında 26 metrlik minarənin ucaldılması sona çatmaq üzrədir. Məscidin giriş qapısı Şərq memarlığı üslubunda xüsusi daşlarla bəzədilir. Ucaldılıcaq minarənin demək olar ki, çox hissəsi artıq hazırdır. Minarənin tikintisi ilə yanaşı, məscidin binasında da yenidənqurma işləri aparılır.

Cari ilin iyulunda Sumqayıta səfəri zamanı Prezident İlham Əliyev  şəhərdə aparılan tikinti-abadlıq işləri ilə tanış olarkən bildirmişdir: "Biz istəyirik ki, daha da çox qonaqlar gəlsinlər və görsünlər Sumqayıt necə gözəl, abad şəhərə çevrilibdir. Yaşıllıqlar salınıb, burada yaşamaq, istirahət etmək üçün yeni şərait yaradılıb.

Yenə də demək istəyirəm ki, bu, işin bir tərəfidir. İkinci tərəf ondan ibarətdir ki, - bu barədə də mən kifayət qədər geniş fikirlər söyləmişəm, - Sumqayıt ölkəmizin sənaye mərkəzinə çevrilməlidir. Bunu etmək üçünimkanlar vardır. Yenə də deyirəm, Sumqayıt sənaye şəhəri, kimyaçılar şəhəri kimi yaranmışdır. Ancaq indi Sumqayıt gərək müasir sənaye şəhəri kimi inkişaf etsin".

Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Sumqayıtın da özünəməxsus payı vardır və ümumi inkişafa şəhərin verdiyi töhfələr ildən-ilə artır. Bundan sonra da görüləcək işlərin miqyası olduqca genişdir və qarşıya qoyulan hədəflərə çatılması üçün həmişəki kimi, Sumqayıt sakinlərinin əzmlə, şövqlə çalışacağı şübhəsizdir.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S.  5.