Tarixi və mədəni irsin qorunması vacib şərtdir

 

 Dövlət müstəqilliyinin bərpasından ötən 20 il ərzində respublikada sürətli iqtisadi inkişafa nail olunması mədəni və sosial sahələrdə də özünü göstərir. Xalqımızın tarixi keçmişini özündə əks etdirən mədəni dəyərlərinin qorunub saxlanmasında mühüm rol oynayan layihələr həyata keçirilmişdir. Dövlət başçısının imzaladığı sərəncama əsasən regionların sosial-iqtisadi inkişafı proqramlarının icrası ölkənin mədəni həyatını da ciddi şəkildə yaxşılaşdırmışdır ki, bu da turizm şəbəkəsinin daha da genişləndirilməsində mühüm rol oynamışdır.

Vaxtaşırı regionlara səfər edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin noyabrın 17-də Qax və Şəki rayonlarına səfəri çərçivəsində şimal-qərb regionunda bir sıra mədəniyyət-turizm sahələrindəki yeniləşmələrlə yaxından tanışlıq da bir daha bunu təsdiqlədi. Qaxdakı XVI əsrdən qalma "İçəribazar" qala qapıları və divarlarının yenidən qurulması tarixi və mədəni irsin qorunması istiqamətində indiyədək dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biridir. Qala kompleksin yenidən qurulması bilavasitə onun tarixi abidə olması ilə əlaqədardr. Bu gün daha füsunkar görkəm almış "İçəribazar" əsrləri yola salmış abidə olmaqla yanaşı, Qax şəhərinin bir hissəsini təşkil edir. Tarixin yadigarları olan qədim eksponatlar Qala kompleksində nümayiş etdirilir ki, bu da nəinki ölkəmizin digər bölgələrindən gələnlərin, xarici turistlərin də marağına səbəb olur. Küçə boyunca salınmış daş döşəmə sanki əsrlərin o başından başlayan yolu canlandırır. Açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün tikilmiş 10 emalatxananın hər biri ayrılıqda maddi-mədəniyyət nümunələridir. Kompleksdəki böyük bir sahəyə düzülən sərbənd daşlar ərazinin görkəmini bir qədər də zənginləşdirib, gözəlləşdirib. "İçəribazar" kompleksinin dünəni ilə bugünkü görkəmini əks etdirən foto-stend sanki tarixə bir körpüdür.

Bu yerlərin özünəməxsusluğu təkcə təbiətinin füsunkarlığında deyil. Burada bir çox tanınmış tarixi simalar, həmçinin məşhur sənətkarlar da yaşamışdır. Görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmmədin 1880-ci ildə tikilmiş dəmirçi emalatxanası da buradadır. Bu maddi-mədəniyyət abidəsi həm də bir ziyarətgah olaraq daim ziyalıların görüş yerinə çevrilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyev kompleksdə olarkən bir daha ölkəmizin ayrı-ayrı bölgələrindəki sosial-mədəni inkişafdanbunun əhəmiyyətindən söz açaraq bildirdi ki, tarixi bölgələrimiz çoxdur. Bu cür tarixi binalarımız da, abidələrimiz də var. Ancaq tarixi binaları bu səviyyədə bərpa etmək üçün əlbəttə ki, böyük səylər göstərilmişdir: "Bu kiçik qəsəbə böyük məhəbbətlə, zövqlə və tarixi həqiqəti saxlamaq şərtilə yaradılmışdır. Əslində, burada gördüklərimiz qədim tarixdən bizə miras qalan əsərlərdir. Ancaq bax, bu gözəl binaları bu səviyyədə bərpa etmək, burada, sözün əsl mənasında, turizm mərkəzini yaratmaq böyük peşəkarlıq və məharət tələb edirdi. Mən çox şadam ki, Qaxın tarixi simasını əks etdirən bu kiçik guşə artıq fəaliyyətə başlayır. Burada sənətkarlar öz sənətlərini təqdim edirlər, açıq səma altında gözəl səhnə yaradılıbdır. Bir sözlə, belə guşələr Azərbaycanda daha da çox olmalıdır".

Paytaxtdan xeyli uzaq məsafədə yerləşən belə guşələrin sayının artması bu yerlərdə turizmin inkişafının genişlənəcəyindən xəbər verir. Beləliklə də Azərbaycan xalqı və vətənimiz haqqında daha çox məlumatların - həqiqətlərin dünya arenasına çıxacağına əmin olan dövlət başçısı açılışında iştirak etdiyi yeni mehmanxanada yaradılmış şəraitdən razı qaldığını vurğulayaraq xüsusi olaraq onu da qeyd etdi ki, bu kimi layihələrin şəbəkəsinin genişlənməsi təbii ki, paytaxtla bölgələrin yaxınlaşması deməkdir. Azərbaycan Prezidenti həmçinin ona da əmin olduğunu bildirdi ki, gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür: "Azərbaycanın bölgələri öz müxtəlifliyi ilə fərqlənir, seçilir. Hər bir bölgə, hər bir rayon üçün ayrıca şəhərsalma inkişaf planı hazırlanmalıdır. Bəzi yerlərdə artıq işlər başlanmışdır, bəzi yerlərdə yaxın zamanlarda başlanacaqdır. Əlbəttə ki, bu gözəl yerlər turistləri cəlb edəcəkdir. Bu bölgənin inkişafı daha çox turizmlə bağlı olacaq və Azərbaycan bu məsələlərlə çox ciddi məşğuldur. Bu il Azərbaycanda "Turizm ili" elan edilmişdir".

Qaxda turizmin inkişafı üçün yaradılan şərait həmçinin rayonda bir sıra sosial problemlərin həlli deməkdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş layihələr icra olunduqca mədəni həyatda öz əksini tapan yeniliklər xalqımızın yaşayış şəraitinin daha da yaxşılaşdığını göstərir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə davam etdirilən iqtisadi-sosial siyasət respublikamızın digər bölgələrində olduğu kimi, şimal-qərb regionunda da öz müsbət təsirini göstərməkdədir.

Azərbaycan Prezidentinin Şəkidə yeni mərkəzi xəstəxananın açılış mərasimində də bildirdiyi kimi, elə bir rayon yoxdur ki, dövlət başçısı orada olmasın və hansısa sosial-məişət obyektinin, yaxud istehsal müəssisəsinin açılışında iştirak etməsin. Respublikamızın elə bölgəsi yoxdur ki, oranın tarixi əhəmiyyəti olmasın və yaxud inkişafı üçün sosial-iqtisadi və mədəni sahələr üzrə layihələr həyata keçirilməsin. Qədim tariximizin, zəngin etnoqrafik mədəniyyətimizin daha çox qorunub saxlandığı bölgələrdən birinin də Şəki olmasını Azərbaycan Prezidenti Şəkiyə budəfəki səfərində bir daha diqqətə çatdırdı: "Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün dövrlərdə bu şəhər Azərbaycan tarixində xüsusi yerə malik olub... Tarixi binaların bərpası və qorunması üçün vəsait ayrılmışdır. Bu da Şəki üçün çox vacib istiqamətdir. Çünki burada kifayət qədər tarixi abidələr vardır. Şəkini müasir beynəlxalq turizm mərkəzinə çevirmək üçün konkret tapşırıqlar verilmişdir. Onsuz da turistlər həm ölkə daxilindən, həm də xaricdən gəlirlər və gələcəklər bu tarixi, bu gözəlliyi görmək üçün".

Şəkidə bir sıra tarixi əhəmiyyət daşıyan, milli memarlıq nümunələri sayılan maddi-mədəniyyət abidələrinin qorunması üçün bütün növ tədbirlər görüldüyünü deyən dövlət başçısı onu da ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırdı ki, o, bu qədim şəhərin, əvvəlki simasına xələl gəlməmək şərtilə yeniləşməsini  istəyir: "...Bu gün yeni mehmanxananın açılışı nəzərdə tutulur. Qədim Karvansara bərpa edilir. Yeni planlar vardır. Yəni, mən istəyirəm və əminəm ki, sizbu təşəbbüsləri ürəkdən dəstəkləyirsiniz: Şəki daha da gözəl olsun, daha da cazibədar olsun, daha da gənc olsun, amma öz tarixi simasını saxlamaqla. Çünki biz istəyirik ki, görüləcək işlər həm zövqlə, həm keyfiyyətlə, həm də ki, tarixi həqiqətləri nəzərə almaq şərtilə icra edilsin. Bu gün Şəkinin gələcək inkişafı ilə bağlı konkret proqramlarımız vardır. Bu proqram əvvəlki dövrdə də olmuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində böyük işlər görülmüşdür. Nəticələr də daha gözəl olmalıdır".

Azərbaycan Prezidentinin Qax-Şəki bölgəsinə səfəri bu vacib məsələnin daim aktual olduğunu bir daha təsdiqlədi. İstər dövlət başçısı, istərsə də yerli əhali görülən və bundan sonra da davam etdirilməsi nəzərdə tutulan işlərin xalqın rifah halının daha da yaxşılaşdırılması ilə yanaşı, mədəniyyət tarixinin qorunmasına xidmət etdiyini bir daha əminliklə bildirdilər.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 6.