Cəlaləddin
Nəmini Miyanəci: Azərbaycan beynəlxalq arenadakı
mövqelərini daha da
gücləndirmək strategiyasını uğurla
həyata keçirir
Dünya şöhrətli siyasi xadim Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra Azərbaycan-İran münasibətlərinin normal məcraya salınmasına böyük səylər göstərdi və tarixi nailiyyətlər qazandı. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Hazırda Azərbaycan-İran münasibətləri hərtərəfli inkişaf mərhələsini yaşayır. Bu fikirlərin müəllifi İranın Xarici İşlər Nazirliyinin MDB Ölkələri üzrə III İdarəsinin rəisi Cəlaləddin Nəmini Miyanəci AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandırmışdır:
- Cənab
Cəlaləddin, Azərbaycan, İran və
Türkiyənin xarici işlər nazirlərinin
Naxçıvan toplantısına hazırlıq məqsədi
ilə Üçtərəfli İqtisadi
Komitənin bu günlərdə Tehranda keçirilmiş birinci iclasının nəticələri barədə
nə deyə bilərsiniz?
- Ümumiyyətlə, Azərbaycan, İran və Türkiyənin xarici işlər nazirlərinin ölkələrimizin əyalətlərində görüşmələri tərəflərin regionların inkişafına diqqət yetirməsinin göstəricisidir. Əminəm ki, bu formatda keçiriləcək ikinci görüş - Naxçıvan toplantısı tarixi bir hadisə olacaqdır. Qeyd etməliyəm ki, üç ölkənin xarici işlər nazirlərinin əyalət toplantılarının keçirilməsi Azərbaycan dövlətinin başçısının təşəbbüsü ilə tarixə vəsiqə qazanmışdır. Prezident İlham Əliyev bu təşəbbüslə çıxış etməklə bir daha təsdiq etmişdir ki, Azərbaycan Respublikasının rəhbəri təkcə öz ölkəsinin regionlarında sosial-iqtisadi inkişafa nail olmaqla vəzifəsini bitmiş hesab etmir. Prezident İlham Əliyev əmindir ki, üçtərəfli formatda toplantıların ənənə halını alması hər üç dövlətin regionlarının, xüsusilə, sərhəd bölgələrinin daha sürətli inkişafına təkan verəcəkdir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycan regionların sosial-iqtisadi inkişafında böyük təcrübəyə malikdir. Tehranda keçirilən Üçtərəfli İqtisadi Komitənin iclası Naxçıvan toplantısına hazırlıq işlərini yüksək səviyyədə başa çatdırmış, toplantının vaxtını və gündəliyini müəyyən etmişdir.
- Azərbaycan-İran
münasibətlərinin hazırkı vəziyyətini necə
şərh edə bilərsiniz?
- Azərbaycan Respublikası özünün dövlət müstəqilliyinin bərpa olunmasının 20 illiyini bütün dünyada təntənəli şəkildə qeyd etmişdir. İran Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlər sırasındadır. Lakin təəssüflə xatırlaya bilərik ki, Azərbaycanın müstəqilliyinin bərpa olunmasının ilk illərində Azərbaycan-İran münasibətlərində bir sıra ciddi mənfi məqamlar yaşanmışdır. Hazırda isə Azərbaycan-İran münasibətləri hərtərəfli inkişaf mərhələsini yaşayır. Xalqlarımızı bir sıra tarixi amillər birləşdirir. Bu amilləri inkar etmək və yaxud pozmaq heç kəsin iqtidarında deyildir. Hesab edirəm ki, münasibətlərin sürətli inkişafı qarşılıqlı səmimiyyətin daha da möhkəmlənməsindən çox asılıdır.
- Azərbaycanın
nailiyyətləri İranın siyasi
prizmasından necə müşahidə olunur?
- İran rəsmiləri dəfələrlə bəyan etmişlər ki, Azərbaycanın nailiyyətlərinə İranın nailiyyətləri kimi baxırıq. İran dövləti və xalqı Azərbaycanın bütün uğurlarını sevinclə qarşılayır. Qeyd etdiyim kimi, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu mövqe dəyişməyəcəkdir. Azərbaycan beynəlxalq arenadakı mövqelərini daha da gücləndirmək strategiyasını uğurla həyata keçirir. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyə namizədliyi irəli sürüləndən bəri, İran onun bu xoşməramlı niyyətini birmənalı olaraq dəstəkləmişdir. Azərbaycan bu quruma seçilmək üçün kifayət qədər güclü rəqiblərlə ciddi mübarizə aparmalı olmuşdur. Nəticə isə göz qabağındadır. Əldə olunmuş nailiyyət bizi hədsiz sevindirmişdir.
Sabir ŞAHTAXTI,
AzərTAc-ın xüsusi müxbiri
Tehran
Azərbaycan.- 2011.- 9 dekabr.- S. 7.