Birgə əməkdaşlığa dair memorandum imzalanmışdır

 

 Dekabrın 8-də Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov Yaponiyanın TOKYO BOEKI Ltd şirkətinin prezidenti Kadzuei Uçida ilə görüşmüşdür. AzərTAc xəbər verir ki, görüşdə akademik A.Məhərrəmov müasir dünyada elmin önəmli rolundan, BDU-da aparılan uğurlu tədqiqatlardan danışmışdır.

Rektor, eyni zamanda, elmi avadanlığın təmini və elmi konsaltinq sahəsində lider şirkət olan TOKYO BOEKI Ltd ilə əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Kadzuei Uçida rəhbərlik etdiyi TOKYO BOEKI Ltd şirkətinin fəaliyyətindən danışmışdır.  Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe ölkələrimiz arasındakı əlaqələrin əhəmiyyətini vurğulamışdır.

Sonra BDU ilə TOKYO BOEKI Ltd şirkəti arasında əməkdaşlıq və  əlaqələrin əsas prinsiplərinə dair memorandum imzalanmışdır. Sənədi akademik A.Məhərrəmov və K.Uçida imzalamışlar.

Memoranduma görə, ortaq fəaliyyət çərçivəsində nanotexnologiyalar, tətbiqi fizika, elektronika, səthin fizikası, biologiya, mineral, süxur və filizlərin tərkiblərinin araşdırılması və digər sahələrdə birgə layihələr həyata keçiriləcəkdir.

Sənəddə həmçinin alim və mütəxəssislərin mübadiləsi, Yaponiyanın yeni texnologiyalarına dair BDU-nun əməkdaş və tələbələrinə seminarların keçirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə təqaüd, müsabiqə,  tələbələrə dəstək və digər proqramların təşkili və reallaşdırılması da  nəzərdə tutulur. Bu əməkdaşlığın ilk addımı olaraq BDU Yaponiyada  istehsal edilən JSM-7600F skanedici elektron mikroskop ilə təmin ediləcəkdir. Bu mikroskopda elektron optika texnologiyalarının ən son nailiyyətləri reallaşdırılmışdır. Nanostrukturların təhlili və araşdırılması üçün ideal vasitə olacaq cihaz elmin inkişafında mühüm rol oynayacaqdır.

TOKYO BOEKI Ltd şirkəti 1947-ci ildə yaradılmış və hazırda  ABŞ, Avstraliya, Koreya, Çin, Rusiya, Ukrayna və digər ölkələrlə əməkdaşlıq edir.

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 8.