«İRS» jurnalının italyan dilində versiyası nəşr olunmağa başlamışdır

 

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan  həqiqətlərinin dünyada təbliği sahəsində geniş xidmətləri olan "İRS" jurnalının italyandilli versiyası "IRS-Patrimonio"nun ilk sayı işıq üzü görmüşdür. Jurnalın ilk sayında müstəqilliyimizin 20 ili, Azərbaycan bayrağı, memarlığı, mədəniyyəti və görməli yerləri, Qarabağ muğam məktəbi, dahi şəxsiyyətlər silsiləsindən Üzeyir Hacıbəyli və s. mövzularda məqalələr dərc olunmuşdur.

"IRS-Patrimonio" Romanın Opera Teatrında Azərbaycan Respublikasının müstəqilliyinin 20 illiyinə həsr edilmiş kütləvi tədbirdə ilk dəfə oxuculara təqdim olunmuşdur. Azərbaycan haqqında məlumatları öz doğma dilində oxuyan italiyalılarda jurnala böyük maraq yaranmışdır.

Jurnalın baş redaktoru Musa Mərcanlının verdiyi məlumata görə, "İRS"in rus, ingilis, ispan, çex, italyan dillərindən əlavə, bu il fransız, gələn il isə alman, türk və ərəb dilli nəşrləri də nəzərdə tutulmuşdur.

"IRS-Patrimonio" jurnalı İtaliya ictimaiyyətinin və dünyanın italyandilli əhalisinin Azərbaycan həqiqətləri barədə daha dolğundüzgün məlumatlandırılmasına töhfəsini verəcəkdir.

 

Azərbaycan.- 2011.- 9 dekabr.- S. 8.