Rabitə və informasiya texnologiyaları

sahəsi işçiləri peşə bayramlarını qeyd etmişlər

 

Hər il dekabr ayının 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi işçiləri  peşə bayramlarını qeyd edirlər. Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr  tarixli sərəncamı ilə təsis olunmuşdur.

Bu münasibətlə dekabrın 5-də "Hilton-Baku" hotelində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşkilatçılığı ilə yığıncaq keçirilmişdir.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə dövlət  tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq  respublikada sektor üzrə həyata  keçirilən tədbirlər barədə məlumat vermişdir. Bildirmişdir ki, hazırda Azərbaycanın bütün yaşayış məntəqələri tam telefonlaşdırılmış, telefon şəbəkəsinin  elektronlaşdırılması başa çatmış, bütün ölkə üzrə 7 rəqəmli nömrələnmə sisteminə keçid təmin olunmuşdur. Respublikanın regionlarını əhatə edən, sürətli informasiya mübadiləsini təmin edən "AzDataKom" şəbəkəsi qurulmuşdur. İlk dəfə 1991-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu) elektron poçt xidmətinin göstərilməsi ilə ölkəmizdə istifadəsinə başlanılmış internet bu gün dinamik inkişafdadır.

Azərbaycanda İKT sektorunda əldə olunan nailiyyətlərdən danışan Ə.Abbasov qeyd etmişdir ki, 2011-ci ilin göstəricilərinə əsasən ölkəmizin beynəlxalq internet kanallarına qoşulma sürəti saniyədə 45 gigabit təşkil edir. Əhalinin 60 faizi internet xidmətləri istifadəçisidir. Onlardan 30 faizi isə genişzolaqlı imkanlardan istifadə edir. Bu, dünya üzrə orta göstəricidən iki dəfə yüksəkdir. Telekommunikasiya sahəsində ən dinamik inkişaf edən mobil rabitə sahəsidir. Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür. Bu,  dünya üzrə orta göstəricidən 50 faiz yüksəkdir. 2009-cu ildən ölkədə tətbiqinə başlanılmış 3G texnologiyası təkcə görüntülü danışıq yox, radio-televiziya yayımları üçün yeni mühit - "online" videomüşahidələr s. yeni xidmətlər göstərməyə imkan yaratmışdır. Azərbaycan regionda rəqəmli televiziya yayımının tətbiqinə başlayan ilk ölkələrdəndir.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə rabitə və informasiya texnologiyaları sahəsində xidmətlərinə görə təltif olunmuş şəxslərə mükafatlar təqdim olunmuşdur.

Sonra Azərbaycan rabitəsinin 130 illik tarixinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Tədbirdə AMEA-nın Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Asəf  Hacıyev, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev və başqaları çıxış etmişlər.

Bildirilmişdir ki, Azərbaycanda İKT sektorunun prioritetləri dövlət tərəfindən qəbul edilmiş müvafiq sənədlərdə əksini tapmışdır. Hələ 2003-cü il fevralın 17-də ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" uzunmüddətli konseptual sənəd olaraq ölkədə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində strateji vəzifələri müəyyənləşdirməklə bu sahənin ardıcıl və sistemli inkişafına şərait yaratmışdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilmiş və həyata keçirilməsi üçün bir sıra mühüm qanunlar, Dövlət proqramları və digər vacib sənədlər qəbul  olunmuşdur.

Son illərdə bir sıra beynəlxalq təşkilatların reytinqlərində Azərbaycanda informasiya texnologiyalarının sürətli inkişafı qeyd olunmuşdurrespublika bu sahənin irəliləməsinə görə regionda lider dövlət kimi qiymətləndirilmişdir.

 

Azərbaycan.- 2011.- 6 dekabr.- S.7.