Azərbaycanın
xarici işlər naziri
Almaniyada keçirilən
Əfqanıstan üzrə Beynəlxalq
konfransda çıxış etmişdir
Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 5-də
Almaniyanın Bonn şəhərində keçirilən
Əfqanıstan üzrə Beynəlxalq konfransda
çıxış etmişdir.
Nazirliyin
mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
E.Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülh
və sabitliyin bərqərar edilməsi istiqamətində
beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyən
ilk ölkələrdən biri olduğunu və bu səylərə
töhfəsini verdiyini bildirmişdir.
Azərbaycan
Respublikası Ərazilərin Minalardan Təmizlənməsi
üzrə Milli Agentliyinin (ANAMA) əfqanıstanlı mütəxəssislər
üçün bir sıra təlimlər keçdiyini qeyd edən
nazir ölkəmizin Əfqanıstan ilə ikitərəfli əlaqələrə
böyük əhəmiyyət verdiyini
vurğulamışdır.
E.Məmmədyarov
Əfqanıstanda sülh və rifahın bərpa olunması,
bu ölkənin iqtisadiyyatının inkişaf etdirilməsi
üçün Azərbaycanın bundan sonra da səylərini
əsirgəməyəcəyini diqqətə
çatdırmışdır.
Nazir
Elmar Məmmədyarov Almaniyaya səfəri çərçivəsində
bir sıra ikitərəfli görüşlər də
keçirmişdir.
Azərbaycanlı
nazirin türkmənistanlı həmkarı Rəşid Meredov
ilə görüşündə ikitərəfli münasibətlərin
hazırkı vəziyyəti və perspektivləri, eləcə
də iqtisadi və enerji sahələrində əməkdaşlığın
genişləndirilməsi imkanları barədə fikir
mübadiləsi aparılmışdır.
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlər, xüsusilə də iqtisadi, investisiya, enerji sahələrində əlaqələrin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. Görüşdə həmçinin Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın - GUAM-ın inkişafına dair müzakirələr aparılmışdır.
E.Məmmədyarov İrlandiyanın ticarət və inkişaf üzrə dövlət naziri xanım Yan O'Sullivan ilə də görüşmüşdür. Görüşdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır. ATƏT-ə sədrlik edəcəyi müddətdə İrlandiya ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq imkanları da görüşdə müzakirə mövzusu olmuşdur.
Azərbaycanlı nazir portuqaliyalı həmkarı Paulo Sakadura Kabral Portas ilə də görüşmüşdür.
Portuqaliyalı nazir Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinə görə təbriklərini çatdırmış və Şura çərçivəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın aparılacağına ümidvar olduğunu vurğulamışdır.
Portuqaliyanın
Azərbaycan ilə bir sıra sahələrdə,
o cümlədən kənd təsərrüfatı,
informasiya texnologiyaları sahələrində
əməkdaşlıqda maraqlı olduğunun
vurğulandığı görüşdə
qarşılıqlı səfərlərin həyata
keçirilməsinin əhəmiyyəti qeyd
edilmiş və bu səfərlər
çərçivəsində müqavilə-hüquq
bazasının möhkəmləndirilməsi istiqamətində
əməli addımların atılmasının zəruriliyi
vurğulanmışdır.
Azərbaycan.- 2011.- 6 dekabr.- S.2.