M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət

müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

 

Dekabrın 5-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) rəhbəri Leyla xanım Əliyeva tədbirdə iştirak etmişdir. 

Universitetin AsiyaAfrika Ölkələrini Öyrənən İnstitutun dəyirmi zalında keçirilən tədbirdə əvvəlcə Rusiyadan olan tələbələr Azərbaycan dilində tanınmış şairlərimizin şeirlərini söyləmişlər.

Sonra ali təhsil müəssisəsinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" musiqili komediyasından səhnələr göstərmişlər. Moskvanın Dərviş teatrının bədii rəhbəri və baş rejissoru, Azərbaycanın əməkdar artisti Mərdan Feyzullayevin hazırladığı səhnələr böyük maraqla qarşılanmışdır.

Mərasimdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı tələbələrin "Arşın mal alan" musiqili komediyasından səhnələri Azərbaycan dilində ifa etmələrinin çox önəmli hadisə olduğunu bildirmişdir. Səfir bu nüfuzlu ali təhsil ocağında Azərbaycan mədəniyyətinin tərənnümünü müstəqilliyimizin 20 illiyinə böyük hədiyyə kimi qiymətləndirmişdir.

Universitetin Qafqaz ölkələri kafedrasının müdiri Jbekla Sızdıkova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tədbirdə iştirakını xüsusi vurğulamış, tədbirin əhəmiyyətini qeyd etmişdir. 

Tədbirdən sonra Leyla xanım Əliyeva Moskva Dövlət Universitetinin AsiyaAfrika Ölkələrini Öyrənən İnstitutunda Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Azərbaycan dili və ədəbiyyatı mərkəzi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, mərkəzdə Azərbaycan dili, mədəniyyəti və incəsənətini təbliğ edən müxtəlif dərsliklər və digər vəsaitlər vardır.

Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20-ci ildönümü ilə bağlı növbəti tədbirin Rusiyanın ən nüfuzlu universitetində keçirilməsi mədəniyyətimizin daha bir uğuru kimi səciyyələndirilmişdir.

 

Asya HACIZADƏ

 

Azərbaycan.- 2011.- 6 dekabr.- S.2.