Jurnalist mənəviyyatı

və mətbuat əxlaqı

 

Dünyaya gələndə insanın ən yaxşı bildiyi şey qidalanma, bir də müxtəlif formada səslər çıxarma ( buna ətraf aləmə reaksiya da demək mümkündür) olur.

Bunlardan biri onun bioloji varlıq kimi yaşamasına, digəri isə ətrafdakılarla əlaqə qurmasına kömək edir. Ərzaq növlərinin dəyişməsini nəzərə almasaq, qida qəbulu mahiyyətcə dəyişməz qalır. Zaman keçdikcə cəmiyyətlə əlaqə yaratmağın isə təkcə forma və üsulları yox, bəzən hətta mahiyyəti də dəyişikliyə ugrayır. Buna elm və texnikanın inkişafı da güclü təsir göstərir . Məsələn, artıq insanlar ünsiyyət qurmaq üçün qabaq-qənşər durub söhbətləşməyə məcbur deyillər. Bir-birilə məsafədə danışmaq (telefonla), təsvirlərini seyr etmək (televiziya), fikirlərini yazılı şəkildə çatdırmaq (faks və internet) imkanını da qazanıblar. Bütün bunlara qədər isə istədiklərini sözlərlə söyləməyi, cümlə qurmağı, düşünməyi və düşüncələrini müəyyən formada ifadə etməyi də öyrənməlidirlər.

Zaman çatanda hər insan özünü və gələcəkdə ailəsini dolandırmaq, cəmiyyətdə müəyyən mövqe tutmaq üçün sənət seçməli olur. Bəziləri seçimində jurnalistikaya üstünlük verir. Jurnalistika digər sahələrdən fərqlidir. Odur ki, bu sahədə çalışanlara tələb daha çoxdur. Bir neçə əsas məqama toxunaq.

Əvvəlcə qeyd edək ki, hər adamdan jurnalist olmaz! Heç oxumaqla da jurnalist kimi yetişmək mümkün deyil! Birinci növbədə insandan istedad və xüsusi qabiliyyət tələb olunur. Sonra bunları inkişaf etdirməkdən ötrü zəhmətsevərlik və öyrənmək əziyyətinə qatlaşmaq gərəkdir. Jurnalist Azərbaycan  dilini, onun qayda-qanunlarını dərindən bilməli, fikrini səlis və düzgün ifadə etməyi bacarmalıdır.

Peşə fəaliyyətinə başlayarkən ilk növbədə sözün məsuliyyətini dərk etməlidir. Bütün bunlarla bərabər milli-mənəvi dəyərləri yüksək tutmalı, cəmiyyətdə davranış qaydalarını mənimsəməli və əməl etməli, etik normaları heç zaman pozmamalıdır. Ataların gözəl bir sözü var: söymə hambal dədəmi, söyməyim bəy dədəni! Öz şəxsiyyətinə hörmət edən, şərəf və ləyaqətini qoruyan insan başqalarını heç zaman təhqir etməz, aşağılamağa çalışmaz!

 

 Yazılarda "görünən" mənəviyyat

 

Hər qabın öz tutumu var. Stəkana 150-200 qram, vedrəyə 8-10 litr, çəlləyə isə 50-100 litr su yerləşir. Heç bir qaba öz tutumundan artıq maye tökmək mümkün deyil! İnsanlar da belədir, hərənin öz " tutumu" var. Bu təkcə bilik, peşəkarlıq, fakt toplamaq və təhlil etmək məharəti, ümumiləşdirmək bacarığı deyil!  Həm də ibtidai tərbiyə, qabiliyyət və qanacaq tutumudur! Buna "mənəviyyat tutumu" da demək olar! Bəli, insanları bir-birindən fərqləndirən cəhətlər təkcə onların yaşı, cinsi, təhsili, cəmiyyətdəki mövqeyi, ağıl və dərrakəsi deyil, həm də mənəviyyat, etik dəyərlər tutumudur.

Jurnalist peşəsi başqalarından fərqlidir. Təkcə ona görə yox ki, o hər şey barədə hamıdan qabaq  xəbər tutur və bunu başqalarına da çatdırır. Həm də ona görə ki, onun auditoriyası böyükdür. Məsələn, həkimin dediyini bir nəfər, müəllimin söylədiyini isə onlarla tələbə eşidir. Jurnalistin auditoriyası isə yüzlər, minlər, yüz minlər təşkil edir. Odur ki, onun sözünün ictimai yükü daha böyükdür. Fərdilikdən çıxan, ictimaiyyətə çatdırılan, müəyyən fikir və rəyin yaranmasına səbəb olan, bəzən isə insanların mövqeyinə təsir edən sözün məsuliyyəti də yüksəlir! Həm də jurnalist dediyinə və yazdığına görə ilk növbədə mənəvi məsuliyyət daşıyır. Yunanlarda qızıl qayda var: özünə rəva bilmədiyini, başqalarına da rəva görmə! Təəssüf ki, bu prinsiplə hesablaşmaq istəməyən əli qələmlilər də var! Yaxud başqa prinsipi rəhbər tutanlara da rast gəlmək mümkündür. Məsələn, "Anamı oynaşı ilə tutsam, jurnalist kimi ilk ağlıma gələn şey bunu ictimaiyyətə necə çatdırmaq olar"- deyəndən hansı mənəviyyatı gözləmək olar? (Yəqin ki, burada  işlədilən  "mənəviyyat" sözü də yerinə düşmür!). Əlbəttə, beləsinə "eybəcər övlad" deyib üstündən keçmək olar. Amma, əgər bu düşüncə sahibi hansısa kollektivə rəhbərlik edirsə, ictimai yükü olan söz "istehsal" edirsə, vay o kollektivin və onların "məhsullarından" istifadə edənlərin halına!

Jurnalist peşəsi şəffaf, görünən peşədir. Onun necə fakt toplaması, getdiyi obyektdə nə sayaq davranması, hazırladığı material göz qabağında olur. Hər bir şəxs jurnalist əməyinin məhsulunu əldə etmək, onu qiymətləndirmək imkanına malikdir. Bunun üçün qəzet almaq, yaxud internetin müvafiq saytına girmək kifayətdir. Odur ki, jurnalistin obyektivliyi, yazı mədəniyyəti, etik davranış qaydalarını nə dərəcədə gözləməsi nəzərdən qaçan məsələ deyil!

Başqa bir məqam. Yaradıcılığın bütün sahələrində olduğu kimi, jurnalistikada da insanın "mən"i bu və ya digər formada ortaya qoyduğu "məhsulda" əksini tapır (Bu "məhsul" qəzet olanda xarakter daha aydın sezilir). Müəllifin düşüncə tərzi, səviyyəsi, etika və tərbiyəsi, söz ehtiyatı, fikrini ifadə etmək bacarığı və s. onun yazılarında (təbii ki, hər yazıda yox) görünür. Hətta bəzən jurnalistin yazısını oxumaqla necə ailədə tərbiyə aldığını da müəyyənləşdirmək mümkündür. Şəxsi maraq naminə insanı şər və böhtan obyektinə çevirmək, istədiyinə nail ola bilməyəndə söyüş və təhqirə keçmək, şantaj yolu ilə pul qazanmağa çalışmaq, informasiya yayıcısı sayılan qəzeti reket alətinə döndərmək həm də ibtidai tərbiyə və mənəviyyatdan doğan məsələdir! Təəssüf doğuran hal budur ki, belə əxlaq sahibləri mətbuata gələndə jurnalist mühitinin ab-havasını götürmək, ona uyğunlaşmaq əvəzinə  korlanmış mənəviyyatları ilə təmiz jurnalist adını ləkələyirlər. Buna dair istənilən qədər fakt söyləmək olar. Mətbuat Şurasında müraciətlərin araşdırılmasına dəvət edilən müxbir və redaktorların davranışlarında ibtidai tərbiyədən doğan çox fəsadlarla  üzləşirik.

 

 Peşənin norma və tələbləri

 

Mətbuat əxlaqının birinci tərəfi mənəviyyat ilə bağlıdırsa, ikinci komponenti  peşə davranışı qaydalarına necə əməl edilməsindən qaynaqlanır. Özünün demokratiya pilləsinə yüksələn cəmiyyət ictimai əhəmiyyətli sözlə işləyənlərin "mənəviyyat tutumu" barədə də düşünüb və belə mənəviyyatın standartlarını hazırlayıb. Söhbət jurnalistin peşə davranışı qaydalarından gedir. Bu qaydalarda sözün azadlığı  birmənalı şəkildə qorunsa da, sözlə işləyən jurnalistin mənəvi sərbəstliyinin "çərçivə"ləri də konkret və aydın şəkildə göstərilib. Əslində, Azərbaycan  Jurnalistlərinin Peşə Davranışı Qaydaları (AJPDQ) ilə jurnalist mənəviyyatının vəhdəti mətbuat əxlaqının  əsasını təşkil edir. Bu ikisindən birinin olmadığı qələm daşıyıcıları jurnalistika aləmində təsadüfi ünsürlər sayılır. Mətbuat əxlaqı həm də Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin tərkib hissəsidir.

Jurnalist öz yazısını qələm və vərəqlə (bu gün isə kompyuterlə) gerçəkləşdirir. Əslində kağıza qara qələmlə yazana qədər hər məsələni özü üçün aydınlaşdırıb dəqiqləşdirmiş olur. Təbii ki, konkret mövzuda yazı yazılmasında bir niyyət də (məqsəd) mövcuddur. Peşə prinsipini əsas götürsək həmin niyyət insanlara operativ, obyektiv, qərəzsiz və tərəfsiz informasiya çatdırmaq olmalıdır. Təəssüf ki, hərdən həmin niyyətə başqa "istəklər "də qarışır. Bəlkə də önə keçərək məqsədi tamam dəyişir. Bu, siyasi və fərdi maraqdan doğa bilər. Əgər  birinci halda (siyasi maraqda)  obyektivlik və tərəfsizlik pozulursa, ikincidə (fərdi maraqda) qərəz önə keçir. Birincisinin adı mətbuatın siyasiləşdirilməsidirsə, ikinci reketçiliyə yuvarlanmadır. Hər ikisi demokratiyanın təməl prinsiplərindən  sayılan mətbuat və söz  azadlığına ziddir. Jurnalist birinci növbədə həqiqətə xidmət etməlidir, obyektivliyə söykənməlidir, heç bir halda, heç nəyə görə faktı təhrif edərək dəqiqliyə xələl gətirməməlidir. Təsadüfi deyildir ki, Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarının (AJPDQ) ilk prinsipi belə  adlanır: "Həqiqətə xidmət, dəqiqlik və obyektivlik". Birinci prinsipin birinci maddəsində isə deyilir: "Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır".

Son vaxtlar qəribə dəb yaranıb (Buna peşə fırıldağı da demək olar). Əllərinə keçən, yaxud kimsə tərəfindən onlara  gizlincə ötürülən "fakt və materialları" saf-çürük etmədən, dəqiqləşdirmədən qəzet səhifəsinə çıxarırlar. Yazının sonunda isə qeyd  edirlər ki, "gün ərzində yazıda göstərilən faktları dəqiqləşdirmək üçün bütün cəhdlərimiz puça çıxdı, telefona cavab verən olmadı". Lap axırda "Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq" yazmaqla guya həm plüralizmə əməl edirlər, həm də özlərini sığortalayırlar. Bu üsul heç kəsi məsuliyyətdən azad etmir və AJPDQ - nin 1.2-ci maddəsinə ziddir: "Jurnalist hazırladığı  yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edirsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir".

Qatar  gedəndən sonra vağzala gəlməyin mənası yoxdur! Dəqiqləşdirmədiyin informasiyanı ver, yalanla insanları çaşdır, heç bir təqsiri olmayanı isə "təkzib edən" mövqeyinə yuvarlat! Qəribə məntiqdir! Nə qaçhaqaçdır, hara tələsirsən? Kor da bilir ki, balıq şordur! Belədə nə fakt yoxlanılıb dəqiqləşdirilir, nə də plüralizmə əməl edilərək mövqe müxtəlifliyinə yer verilir. Yazının sonunda söylənənlər isə səmimiyyətdən irəli  gəlməyərək müəllifin məhkəmə məsuliyyətindən yayınmağa göstərdiyi uğursuz cəhdindən başqa bir şey deyil! Mətbuat əxlaqına isə tamamilə ziddir! Çünki hələ bilmək olmaz ki, "qarşı tərəfin mövqeyi" hansı "şərtlər" əsasında veriləcək, necə bazarlıq gedəcək?!.

Operativlik naminə jurnalistlər (xüsusən də internet qəzetlərində çalışanlar) çox vaxt müsahibləri ilə telefon əlaqəsi saxlayır, müəyyən məsələ ilə bağlı açıqlamalar alırlar. Bu halda deyilənlərin olduğu  kimi əksi qarşılıqlı etimada əsaslanır. Belə ki, müsahibə yeganə janrdır ki, jurnalist onu müsahibinə oxutdurub imzalatdıqdan sonra çap  etdirməlidir. Müsahib isə müəyyən düzəliş və dəyişikliklər etdikdə hökmən ona əməl edilməlidir. Təəssüf ki, ən çox anlaşılmazlıq məhz bu  məqamda baş verir. Jurnalist təcrübəsizlikdən və ya bilərəkdən cümləni yox, fikri özü bildiyi kimi "redaktə" edir. Nəticədə söylənilənlər "kəskinləşdirilir", yaxud dəyişdirilərək başqa səmtə yönəldilir. Hərdən isə müxbir öz şərhi ilə müsahibinin dediklərini qəsdən qarışdırır, dırnaq işarəsi işlətmədən həftəbecər bir şey yaradır. Belə hal müəyyən siyasi hadisələrlə bağlı olduğundan xoşagəlməz rezonans doğurur, hətta bəzən müsahib yenidən qəzetdə çıxış etməyə, fikrini dəqiqləşdirib nə dediyini izah etməyə məcbur olur. Bu isə  həmin insana qarşı əsassız şübhələrin yaranmasına ( Əvvəldən belə demişdi, yoxsa sözünü deyib arxasından qaçır?) səbəb ola bilir. Deyilən məqamın baş verməməsi üçün AJPDQ-də ciddi prinsiplər müəyyənləşdirilib. 2.2-ci maddədə deyilir:

"... İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını   bitdiyini dəqiq bildirməlidir". Mətbuat əxlaqı insanların fikri ilə sərbəst rəftarı, onun dəyişdirilməsini, "redaktəsini" qəbul etmir. Sən jurnalist olaraq kiminsə fikrini öz yazında verib-verməməkdə sərbəstsən. Amma onu ictimaiyyətə təhrif olunmuş formada təqdim etməyə haqqın yoxdur!

Jurnalistlə vətəndaş arasında ən çox münaqişə doğuran və məhkəmə çəkişmələrinə gətirən hal şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı prinsipidir. AJPDQ-də ən çox yer  verilən və diqqət ayrılan (Bu mövzuda bəhs olunan 3-cü prinsipdə 12 maddə var) məsələ də məhz budur. Göstərilən prinsipin fəlsəfəsini "Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır"- tezisi təşkil edir.

İnsanlar bir-birilə mübahisə edərkən təsadüfən ağızlarından kobud ifadə, yaxud söyüş (təhqir) çıxara bilərlər. Qəzet yazısında isə bu mümkün deyil! Çünki hərə  yazdığını sonradan oxuyur, düzəliş edə bilir, şöbə müdiri və redaktor da materialı redaktə etmək  səlahiyyətinə malikdir. Deməli, qəzet səhifəsinə təhqiredici söz və aşağılayan ifadə təsadüfən çıxa bilməz! Şəxsi həyatın da sərhədləri daim aydın görünür, o yalnız qəsdən  qarışdırıla bilər. "Reket qəzetlər" məhz bu yolu tutublar! İstədiklərini qopara bilməyəndə şər və böhtana, təhqirə əl atır, vətəndaşların şəxsi həyatına kobud şəkildə müdaxilə edir, etik normaları gözləmirlər. Sonra isə bu əməllərini riyakarcasına mətbuat və söz azadlığı ilə bağlamağa çalışırlar. Başqasının hüquqları başladığı yerdə sənin azadlığın bitir! Mətbuat və söz azadlığı heç bir jurnalistə insanları təhqirə, şərləməyə, şəxsi həyatına müdaxiləyə əsas və hüquq vermir. Əxlaqlı və mənəviyyatlı, özünə hörmət edən hər bir insan isə başqasını ictimai şəkildə təhqir edib aşağılamaz, iddiasını təmin etmədiyi üçün qəzet vasitəsilə  ondan qisas almağa çalışmaz! Belə hərəkətlərlə mətbuat əxlaqı bir araya sığmır!

 

 Savadsız yanaşma

 

 Sovet dövründə yalnız yazılarda səsləndirilən fikirlər müəyyən qəlibə salınmırdı. İmzalara da ciddi tələbkarlıq və nəzarət var idi. Məsələn, Yazıçılar İttifaqının üzvü olmayan müəllif öz yazısına "yazıçı" imzası qoya bilməzdi. Buna heç bir nəşrin redaktoru yol verməzdi, həm də oxuyanlar belə adamı lağa qoyardılar. "Publisist" titulu isə tək-tük yazıçıya qismət olardı. Həm də yalnız öz yazıları ilə ictimai rəydə qəbul olunanlara publisist deyərdilər. Kimsə məqalə yazaraq onu "publisist filankəs" imzası ilə redaksiyaya gətirsəydi, yazısını da qoltuğuna verib elə qapıdanca geriyə qaytarardılar. İndi meyar itib, hərə də öz qəzetinin sahibidir! Kim imzasına nə əlavə edib yazırsa, söz deyən yoxdur! Necə deyərlər, məscidin açıq qapısından hamı içəri dürtülür. Digər tərəfdən, əgər özündən əlavə 2-3 işçisi olan redaktor qəzetinə "səxavətlə" "baş redaktor" imzası qoyursa, başqasına hansı mənəvi haqla irad tutacaq? Odur ki, hərə istədiyi imza ilə qəzet səhifəsinə çıxır. Ən dəbdə olanları isə "politoloq", "yazıçı-publisist", "media-eksperti", "siyasətşünas" və digərləridir. Siyasətdən xəbəri olmayanın özünün "politoloq", "siyasətşünas" adlandırması, düzgün cümlə qura bilməyənin "yazıçı- publisist"  imzası ilə məqalə çap etdirməsi daha heç kimi təəccübləndirmir! Ümumi sözdür də, qoy istifadə etsin! Məgər kasıb itinin adını Qızıl qoyanda qiyamət qopar? Yaxud bundan ötəri kimdənsə icazə almalıdır? Təbii ki, heç belə icazələri verən konkret ünvan və qurum da yoxdur! Məsələ bundadır ki, belələri sonradan ekspertlik iddiasına düşür, hətta xəbərləri olmayan sahələrdə gedən proseslər barədə rəy söyləməyə, kifayət qədər  məlumatı olmayan insanları çaşdırmağa çalışırlar. Özlərinin bilməmələri (yaxud qərəzli şəkildə təhrif etdikləri) bir yana, başqalarını da bu savadsız yanaşma ilə razılaşmağa vadar etmək istəyirlər.

Savadsız yanaşmanın iki qaynağı mövcuddur. Bunlardan birincisi özünü "bilən" göstərərək başını başlara qoşmağa çalışmaqla "mən də varam" iddiasıdır. Təbii ki, bütün dövrlərdə savadsızlar imkan tapan kimi irəli cummağa, özlərini gözə soxmağa can atmışlar. İddia cılız olsa da, elə də zərərli deyil! Çünki təklikdə ( məqalə yazıb altına imza atanlar) qışqıranlar, adam içində (əsl mütəxəssislər olan yerdə) susurlar. Qəzetdə məsələni əymək, yaxud məkrli formada təqdim etmək başqadır. Burada fərdi, korporativ maraq öndə olur. Həm də həmin marağın milli mənafe ilə üst-üstə düşüb-düşməməsi həmin "ekspertlər" üçün heç bir əhəmiyyət kəsb etmir. Onları düşündürən alacaqları qrantdır! Həmin qrant naminə hər şeydən keçməyə hazırdılar! (Elə keçirlər də!). Antiazərbaycançı şəbəkənin yaratdığı "hüquq müdafiə" QHT-ləri bunu yaxşı bildiklərindən onların xidmətindən gen-bol  bəhrələnməyə çalışanlar çoxdur.

Müasir demokratiyanın iki zəif yeri (buna "demokratiya boşluğu" da demək olar) var: mətbuat və söz azadlığı, bir də insan haqları! Saqqız kimi hər tərəfə çəkilə bilən məsələdir! Bu gün bir sira ölkələrin ziyan gördüyü "ikili standartlar" həmin "boşluğa" çox asanlıqla "yerləşdirlir". Məsələn, mətbuat və söz azadlığına nələr daxildir? Jurnalisti yazdığı hansı fikrə və sözə görə cinayət məsuliyyətinə cəlb  etmək olmaz? Yaxud insan haqları anlayışının tərifi necədir? Niyə hərdən bir nəfərin hüququ yüz minlərin illərcə pozulmuş hüququndan üstün tutulur, hay-küylü kampaniyalarla  müşayiət edilir? Azərbaycanın bir milyonluq qaçqın və məcburi köçkününü "unudaraq" hansısa qondarma "siyasi məhbusu"  beynəlxalq qurum və təşkilatların "arayış qəhrəmanına" çevirmək hansı niyyətdən doğur?

Belə bir məqamla razılaşıram ki, əgər jurnalist bilmədən, təcrübəsizlikdən, yaxud səmimiliyinə inandığı hansısa şəxsin informasiyası əsasında başqasının imicinə xələl gətirən, özündən asılı olmayan səbəbdən şər və böhtan xarakterli material yazıbsa, buna görə onu cinayət məsuliyyətinə cəlb etmək, azadlığını məhdudlaşdırmaq olmaz! Kim səhv etmir ki? Bəyəm başqa sahədə çalışan mütəxəssislərin (həkim, müəllim, mühəndis və s.), məmurların səhvləri  cinayət məcəlləsi əsasında qiymətləndirilir? Təbii ki, yox! Onda niyə jurnalistləri istisna kimi götürməliyik? (Peşənin bütün xüsusiyyətlərini və ictimai mahiyyətini nəzərə alsaq da!). Məsələyə başqa tərəfdən yanaşaq. Hansısa qəzet və onun redaktoru  mətbuat və söz azadlığı hesabına özünə biznes qurubsa, insanların şərəf və ləyaqətini təhqir etməyi, adamlara şər,  böhtan atmağı, şantaj yolu ilə pul qoparmağı "xüsusi fəaliyyət növünə" çeviribsə, belələrinin əməllərini  soyuqqanlılıqla müşahidə etmək kifayətdirmi? Axı burada tənqidlə təhqirin, həqiqətlə yalanın, mövcudluqla böhtanın sərhədləri qəsdən, həm də müntəzəm və məqsədyönlü şəkildə pozulur! Bəli, söhbət "reket jurnalistikası"ndan gedir. Onların gördükləri işlərin mətbuat və söz azadlığına heç bir dəxli yoxdur! Doğrudur, belələri  özlərini sığortalamaq üçün  irəlicədən mətbuat sahəsində yaradılmış hansısa qondarma quruma üzv ola bilirlər, həmin qurumlar da onların müdafiəsinə qalxırlar. Ancaq necə  yozulmasından asılı olmayaraq həqiqət birdir! İnsanları qəzet vasitəsilə təqib etməklə onlardan rüşvət qoparmağın mətbuat və söz azadlığına heç bir aidiyyəti yoxdur və ola da bilməz! Kimlərinsə Azərbaycanın  beynəlxalq imicinə zərbə vurmaq, ölkəmizin dünyaya inteqrasiyasında problem yaratmaq niyyəti var. Bundan ötrü sapı özümüzdən olan baltalardan istifadə edirlər.  Qəzetdə çalışan hər hansı insanla bağlı cinayət hadisəsini "söz və mətbuat azadlığının boğulması", "peşə fəaliyyətinə görə qisas alınması" və s. kimi təqdim etməyə, eyni zamanda özlərinə "qrant" mənbəyi yaratmaqla qazanmağa çalışırlar. "Reket" fəaliyyəti ilə məşğul olan qəzetlər və redaktorlar isə arabir iqtidar rəsmilərini, dövlət başçısını "tənqid edən" məqalələr verməklə "dar gün üçün" özlərinə tutalqac yaratmağa can atırlar. Xüsusən də belə qəzetlərin və redaktorların adları Mətbuat Şurasının "qara siyahı"sına düşdükdən sonra "qabaqlama tədbirlərinə" diqqəti artırırlar. Amma obyektiv və ağlı başında olan insanlar belə oyunların mahiyyətini yaxşı anlayırlar. Başqa cür hərəkət edənlər ya qərəzlidirlər, ya da savadsız! Çünki "tənqidçi" qəzetlə "reket qəzeti" ayırd etmək çox sadə və asandır. Yalnız qərəzli və təmənnalı olanda onları qarışdırmaq mümkündür!

Jurnalistika açıq və şəffaf fəaliyyət sahəsidir. Qabiliyyət və istedadı olan şəxs bu sahəyə gələ və ya çox asanlıqla icazə alaraq qəzet çıxara bilər. Buraxdığı qəzet isə göz qabağında olur, mütəxəssislər, sadə oxucular tərəfindən dəyərləndirilir. KİV-lər "KİV haqqında qanun", habelə jurnalistlərin peşə  fəaliyyətinin tənzimlənməsinə dair digər qanunlar əsasında fəaliyyət göstərirlər. Mətbuat Şurası tərəfindən Azərbaycan jurnalistlərinin  qurultayında AJPDQ-ı qəbul olunub. Bunlar məsələnin rəsmi tərəfləridir. Ancaq qeyri-rəsmi şəkildə mətbuat əxlaqı adlanan anlayış da var! Bu, hər bir jurnalistin qanun səviyyəsində əməl  etməli olduğu etik normalar toplusudur. Doğrudur, onu pozmaq cinayət məsuliyyəti yaratmır, amma əli qələmli insanı gözdən və etibardan salan ciddi nəticələr verir.

 

Jurnalistin imicini qoruyaq

 

Vaxt var idi müxtəlif sahələrin ən istedadlıları jurnalistikaya üz tutar, özləri ilə yeni səs, yeni nəfəs gətirərdilər. Ümumi axında istedadları, deyim tərzi, fərdi yanaşma maneraları ilə  fərqlənməyə çalışar, bir qədər təcrübə topladıqdan sonra isə öz üslublarına yiyələnərdilər. Çox təəssüf ki, qəzetçilikdə yaranan müvəqqəti maliyyə çətinlikləri, jurnalistlərin həyat səviyyəsinin aşağı düşməsi bu sahəyə ağıllı və istedadlı insanların axınını dayandırıb. Bu gün daha çox təsadüfi insanlar, hər sahənin uğursuzları qəzetçiliyə üz tuturlar. Uğursuz kitabxanaçı, uğursuz iqtisadçı, uğursuz müəllim, hətta uğursuz çilingər, çoban qəzet redaktoruna çevrilir. Belə vəziyyətdə isə mətbuat əxlaqının  saxlanması və qorunması xeyli çətinləşir.

 

Müasir jurnalistika yeni texnika və texnologiyaların tətbiqi  sayəsində operativliyini və  çevikliyini xeyli artırıb. İndi əldə olunan informasiyanın  oxucuya çatdırılması asanlıqla və qısa müddətdə baş verir. Çətinlik informasiya mənbəyinə  çatmaq və informasiyanı əldə etməkdədir. Burada isə jurnalistin nüfuzu və şəxsi əlaqələri heç də az əhəmiyyət  kəsb etmir. İnsanlar hadisə baş verəndə inandıqları qəzetə və müxbirə müraciət edirlər. Bu inamı qazandıran amillərdən biri də jurnalistin mətbuat əxlaqına malik olmasıdır. Fərdi marağı önə çəkən, söylənilən fikirləri təhrif edən, etibarı doğrultmayan qələm əhli ilə heç kəs bir daha əlaqəyə girməz, ona inanmaz! Mətbuat əxlaqı jurnalistin peşəkarlıq göstəricilərindən biri olmaqla yanaşı, həm də özünün və çalışdığı KİV-in uğur təminatçısıdır.

 

Bəxtiyar SADIQOV

Azərbaycan.- 2011.- 6 dekabr.- S.4.