Misirin Ayn-Şəms Universitetində «Azərbaycan
günü» keçirilmişdir
Azərbaycanın
Misir Ərəb Respublikasındakı səfirliyindən
AzərTAc-a bildirmişlər
ki, ölkənin Ayn-Şəms Universitetində
Azərbaycan Respublikasının
müstəqilliyinin 20 illiyi
ilə əlaqədar
"Azərbaycan günü"
keçirilmişdir.
Tədbirdə Ayn-Şəms Universitetinin
tələbə və
müəllim kollektivi,
elmi tədqiqatçılar,
Misirdə təhsil alan əcnəbi
tələbələr və
universitetin ədəbiyyat
fakültəsinin tədris
proqramı çərçivəsində
Azərbaycan dilini öyrənən 120 nəfərlik
tələbə qrupu
iştirak etmişdir.
"Azərbaycan günü"
çərçivəsində keçirilmiş simpoziumda
səfir Ş.Abdullayev,
Ayn-Şəms Universitetinin
professoru Safsafi Əhməd Əl-Quturi, təhsil ocağının
Şərq dilləri
kafedrasının müdiri
Ramilə Gələm,
professor, azərbaycanşünas alim Əhməd Sami, Misirdə Azərbaycan icmasının üzvü
və gənc elmi tədqiqatçı Seymur Nəsirov çıxış etmişlər.
Tədbir
zamanı ərəb dilində hazırlanmış
Azərbaycan tarixi, mədəniyyəti, müasir
inkişaf səviyyəsi,
ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi altında
Azərbaycanın müasir
inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsindən
bəhs edən film nümayiş etdirilmişdir.
Səfir
Ş.Abdullayev universitetin
müəllim və tələbə kollektivinə
Azərbaycanın tarixi,
mədəniyyəti, ədəbiyyatı,
incəsənəti, neft
tarixi, 20 illik müstəqillik dövründə
respublikamızın əldə
etdiyi nailiyyətlər,
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və onun törətdiyi fəsadlar,
Azərbaycanın beynəlxalq
aləmdə rolu və Azərbaycan-Misir əlaqələri barədə
ətraflı məlumat
vermiş və auditoriyanın suallarını
cavablandırmışdır.
Azərbaycanı "odlar və nur diyarı" adlandıran Safsafi Əhməd Əl-Quturi Azərbaycan xalqının tarixi təşəkkülü, Azərbaycan ədəbiyyatı, xüsusilə N.Gəncəvinin həyat və yaradıcılığı, İslam və bəşər sivilizasiyasının inkişafına verdiyi töhfələri və Azərbaycan-Misir əlaqələrinin tarixi kökləri barədə danışmışdır. Əhməd Sami Azərbaycan ilə Misir və ərəb dünyası arasında olan tarixi-mədəni əlaqələr barədə məlumat verərək, Azərbaycanda ərəb dilinin, Misirdə isə Azərbaycan dilinin inkişafı haqqında danışmış və Ayn-Şəms Universitetinin ədəbiyyat fakültəsində tədris olunan Azərbaycan dili fənninə artan marağı və artıq 120 tələbənin Azərbaycan dilini öyrəndiyini bildirmişdir. Ədəbiyyatşünas alim mədəniyyət sahəsində və iki ölkənin insanları arasında əlaqələrin daha da inkişaf etdirilməsinə olan zərurəti qeyd etmişdir.
Misirdə yaşayan Azərbaycan icmasının nümayəndəsi və gənc elmi tədqiqatçı Seymur Nəsirov ərəb tarixi mənbələri və elmi araşdırmaları əsasında həyat və yaradıcılığını tədqiq etdiyi Azərbaycan ədibləri və alimləri, erkən orta əsr ərəb alimlərinin Azərbaycan haqqında söylədikləri fikirlər, Azərbaycan ilə Misir və ərəb dünyası arasındakı mədəni-elmi əlaqələr haqqında iştirakçılara məlumat vermişdir.
Tədbir çərçivəsində Seymur Nəsirovun müəllifi olduğu və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə ərəb dilində yeni çapdan çıxmış "Azərbaycan ərəb və Misir tarixi mənbələrində" kitabının təqdimatı keçirilmişdir. Kitab tədbirdə iştirak edən misirli müəllim və tələbələr tərəfindən xüsusi maraqla qarşılanmışdır.
Tədbirin
sonunda Ayn-Şəms Universitetində Azərbaycan dilini öyrənən
tələbələr Azərbaycanın dövlət himnini və
Azərbaycan şairləri B.Vahabzadə və M.Şəhriyarın
şeirlərindən parçalar oxumuşlar.
Azərbaycan.-2011.-10 dekabr.-S.8.