Parisdə fransız dilində çap olunmuş «İrs» jurnalının

ilk nömrəsinin təqdimatı keçirilmişdir

 

Fransa Senatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən "dəyirmi masa" çərçivəsində fransız dilində ilk nömrəsi işıq üzü görmüş "İrs" ("Heritage") jurnalının təqdimatı olmuşdur. Jurnalın baş redaktoru Musa Mərcanlı dərginin artıq rus, alman, çex, ingilis, italyan dillərində çap olunduğunu bildirmişdir. M.Mərcanlı ölkəmizin tarixini, mədəniyyətini, incəsənətini, bir sözlə, Azərbaycan həqiqətlərini bütün dünya xalqlarına, o cümlədən fransızlara çatdırmaq məqsədi ilə jurnalın müxtəlif dillərlə yanaşı, fransız dilində də nəşr edildiyini bildirmişdir.

Jurnalın ilk nömrəsində baş redaktorun "ön söz"ü dərc olunmuşdur. "Memarlıq" rubrikası altında "Orta əsrlərdə Azərbaycan memarlığı" sərlövhəli yazıda ölkəmizin müxtəlif bölgələrindəki tarixi abidələrdən, onların dövlət tərəfindən mühafizə edilməsindən söhbət açılır.

"Qarabağın muğam məktəbi" və "Şuşa-Azərbaycan musiqisinin paytaxtı" başlıqlı yazılarda tarixən muğamın vətəni hesab edilən ŞuşaAğdam musiqi məktəbləri, bu bölgədə tanınmış xanəndələr, Şərq dünyasında ilk operanın yaradıcısı ölməz bəstəkarımız Üzeyir Hacıbəyli və onun yaradıcılığı, gözəl səsə malik Bülbül haqqında fransız oxucularına ətraflı məlumat verilir.

Nəfis şəkildə tərtib olunmuş jurnalın "Bizim tarix" rubrikasında Azərbaycanın müstəqilliyinin 20 illiyindən, bu sahədə çətin və şərəfli yol keçildiyindən, ölkənin ən ağır vaxtlarında yenidən hakimiyyətə gəlmiş ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti və təcrübəsi sayəsində ölkəmizin az bir vaxtda iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli dövlətə çevrilməsindən bəhs olunmuşdur.

"Azərbaycan Respublikasının dövlət bayrağı" sərlövhəli yazıda dövlətimizin simvollarından biri olan üçrəngli bayrağımızın tarixindən söhbət açılır, "Dövlət Bayrağı Günü"nün təsis edildiyiBayraq Meydanının yaradıldığı bildirilir.

Jurnalda, həmçinin Şərq dünyasında ilk demokratik quruluşun əsasını qoymuş Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Fransaya səfəri, bolşeviklərin repressiyasından ehtiyat edərək Fransanı özlərinə ikinci vətən seçmiş nümayəndə heyəti üzvlərinin bu ölkədəki siyasi fəaliyyətlərinə "Fransalı azərbaycanlılar: siyasi immiqrasiyanın tarixi" adlı məqalədə geniş yer verilir.

Ümumilikdə, jurnaldakı məqalələr fransızlarda Azərbaycan barəsində müəyyən təsəvvür yaratmaq baxımdan xüsusi əhəmiyyət daşıyır.

 

 

AzərTAc

Azərbaycan.-2011.-10 dekabr.-S.7.