Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın

 xalq rəssamı Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin

 müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır

 

 Sankt-Peterburqdakı Dövlət Rus Muzeyində Azərbaycanın xalq rəssamı  Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin müddəti 2012-ci il yanvarın 16-dək uzadılmışdır.

AzərTAc xəbər verir ki,  sərginin müddətinin yanvarın 16-dək, eksponatların ümumi saxlanılma müddətinin 2012-ci il yanvarın 31-dək uzadılması xahişi ilə ekspozisiyanın təşkilatçılarına Dövlət Rus Muzeyinin rəhbərliyi müraciət etmişdir.

Sərginin müddəti Rusiya sənətsevərlərinin xalq rəssamı Hüseyn  Əliyevin  yaradıcılığına  marağı ilə əlaqədar uzadılmışdır.  Hüseyn Əliyevin əsərləri rəng çalarlarının sirli-sehirli cazibəsi ilə diqqəti cəlb edir. O, əsərlərini  xalqını və Vətənini sevə-sevə qəlbən  yaratmışdır. Hüseyn Əliyev Azərbaycanı, onun dilbər guşələrini  çox sevirdi  bu gözəlliyi hamının  görməsini istəyirdi. Rəssamın tablolarındakı mənzərələr təbiətin donub qalmış  parçaları deyildir. Bu əsərlərdə insan gözə dəymir, lakin onun zəhməti, sevinci münbit torpaqda, dağ yollarında, zümrüd meşələrdə təcəssüm olunmuşdur.

Xatırladaq ki, oktyabrın 27-də Sankt-Peterburqdakı Dövlət Rus Muzeyinin Stroqanov  Sarayında  Hüseyn Əliyevin əsərlərindən ibarət sərginin təntənəli açılış mərasimi olmuşdur. Fırça ustadının anadan olmasının 100-cü ildönümünə həsr edilmiş  ekspozisiyada rəssamın  1960-1980-ci illərdə  özünəməxsus qeyri-adi monotipiya texnikasında yaratdığı  60 əsəri təqdim olunmuşdur.

Sərginin açılış mərasimində  Sankt-Peterburq  hökumətinin üzvü Aleksandr Proxorenko, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Sankt-Peterburq Mədəniyyət Komitəsi sədrinin vəzifəsini icra edən Anna Kuçerova, Belçikanın Sankt-Peterburqdakı  baş konsulu Joan  Rokkas, "Sankt-Peterburqun Azərbaycan diasporu"  regional ictimai təşkilatı sədrinin birinci müavini Məzahir Həsənov və başqaları iştirak etmişlər.

 

  Azərbaycan.-2011.-10 dekabr.-S.5.