Bu hüquqları qorumaq
dövlətin ali məqsədidir
10 dekabr
Ümumdünya İnsan Hüquqları Günüdür
Müasir dünyada insan hüquqları xalqların milli mədəniyyətinin ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideallarının ali təzahürünə çevrilib. İnsan hüquqlarını qorumaq və onlara hörmət etmək hər bir dövlətin əsas məsuliyyətidir. İnsan haqlarına hörmət etmək xalqlar, dövlətlər arasında hərtərəfli əməkdaşlığın genişlənməsinə şərait yaradır. Fərqli dini, mədəni köklərə malik ölkələrdə birgə yaşamaq üçün düzgün inteqrasiya tapılması vacibdir. Bunun üçün hər bir xalqın fundamental dəyərlərinə və insan hüquqlarına hörmətlə yanaşılmalı, qeyri-tolerantlığın qarşısı alınmalıdır. Bu, bütün dövlətlər üçün siyasi zərurət, mənəvi tələb, qanuni öhdəlik olmalıdır.
Hər bir dövlətin daxilində vətəndaşın hüququna hörmət etmək, onu tanımaq dövlətlə vətəndaş arasında əməkdaşlığı, ünsiyyəti və səmimiyyəti artırır ki, bu da çox önəmlidir. Nəticədə dövlət güclü olur, cəmiyyət isə rifah içərisində yaşayır. İnsan insan olduğunun dəyərini anlayır. Cəmiyyətin üzvü olan vətəndaşın azadlığı, digər təbəqələrlə bərabər və müstəqillik prinsipləri əsasında yaşaması elə onun hüquqlarının qorunması deməkdir.
Demokratik hüquqi dövlətdə və ədalətli cəmiyyətdə hamılıqla qəbul edilmiş insan hüquqları haqqında qanunlar mövcuddur. Burada bütün prinsiplər nəzərə alınır - insanın ilk növbədə azadlığı, səsvermə hüququ, sosial yaşam tərzi, rifahı, azad əmək müqaviləsi, iqtisadi durumu, təhsili, mədəni-mənəvi potensialı, müxtəlif sahələrdə iş bacarığı və başqa maraqları.
Miqyasına və əhəmiyyətinə görə insan hüquqları sahəsində ən mühüm sənəd beynəlxalq hüququn və beynəlxalq insan haqları hüququnun inkişafında əvəzsiz rol oynamış BMT Baş Məclisinin 1948-ci il 10 dekabr tarixli sənədi - Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sayılır. Bu aktda insanların bütün təminat haqq və hüquqları tanınır. Təşkilatın rəsmən təsbit etdiyi bu tarix dünya ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd olunur, demokratik inkişaf yolu keçmiş ölkələrdə insan və vətəndaş hüquq-azadlıqlarının vəziyyəti ilə bağlı ardıcıl tədbirlər keçirilir, diskussiyalar aparılır, müxtəlif aksiyalar reallaşdırılır. Həmin sənəddə insan hüquqlarının qorunması kimi mühüm iş heç bir dövlətin daxili işi olmadığı, ümumbəşəri səciyyə daşıdığı bildirilir, insan hüquqları dövlətin mənafeyindən üstün tutulur. Hər bir fərd azad əmək müqaviləsindən istifadə etməklə öz kapitalını, texniki biliklərini, işçi qüvvəsini və digər imkan və bacarıqlarını istədiyi şəkildə istifadə etmək hüququna malikdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının reallaşdırılmasına demokpatik inkişaf yolu ilə irəliləyən ölkəmizdə də böyük önəm verilir. Azərbaycan da digər demokratik ölkələrin müvafiq konstitusiyalarında və qanunvericiliklərində təsbit olunmuş insan hüquq və azadlıqlarının müdafiəsinin təmin olunmasına kömək edən təsisat və mexanizmlər sisteminin yaradılması və işlənməsi sahəsində böyük təcrübəyə malikdir.
1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Konstitusiyasında insan hüquq və azadlıqlarının təminatı dövlətin ali məqsədi kimi ön plana çıxarılır. Bu strateji məqsəd ilk növbədə hüquqi islahatları və insan haqlarının qorunması prinsipini əsas tutur. Ali qanunun 3-cü fəsli əsasən "İnsan və vətəndaş hüquqlarına və azadlıqları"na həsr olunub. Fəslin mətni insana, onun ləyaqət və hüquqlarına hörmət ruhunda yazılmışdır. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların böyük bir qrupu şəxsiyyətin azadlığı və toxunulmazlığının təmin edilməsinə yönəlib. Eyni zamanda, şəxsi hüquq və azadlıqların inkişaf etdirilməsində və həyata keçirilməsində cəmiyyət də maraqlıdır. Yəni, heç bir məhdudiyyət olmadan insan cəmiyyətdə istədiyi yeri tuta bilmək imkanına malikdir. Sadəcə, bu imkanlar onun şəxsi bacarığı, gücü və iradəsi ilə reallaşır.
1998-ci il fevralın 22-də ulu öndər Heydər Əliyev "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalayıb. Həmin fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilmişdir. Azərbaycanın Avratlantik inteqrasiya sahəsində qazandığı uğurlardan biri də BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda imzalanmış "İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında" memorandum olmuşdur. Memoranduma əsasən BMT insan hüquqlarını dəstəkləmək və müdafiə etmək sahəsində birgə ümumi biliklərin və potensialın Avropa standartlarına uyğunlaşdırılması və digər məsələlər sahəsində Azərbaycan hökuməti ilə birgə tədbirlər həyata keçirmişdir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsində sosial-mədəni hüquqlar haqqında beynəlxalq pakt da imzalanıb. Yəni, dövlət vətəndaşın layiqli həyat səviyyəsinin qayğısına qalmalıdır. Bu, vətəndaşın sosial rifahı deməkdir. Bu sahədə Azərbaycan bir çox inkişaf etmiş ölkələrə nümunə ola bilər. Respublikamız 2001-ci ilin yanvarında Avropa Şurasına tamhüquqlu üzv olması və Avropa Sosial Xartiyasını ratifikasiya etməsi ilə əlaqədar üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin ən bariz nümunəsidir. Xartiyanın 12-ci maddəsinə görə bütün işçilər və onların himayəsində olanlar sosial təminat hüququna malikdirlər. Azərbaycanın hazırkı pensiya qanunvericiliyi sosial təminatın göstərilən növlərini almaq hüququ olan şəxslərin dairəsinə görə Avropa Sosial Təminat Məcəlləsində nəzərdə tutulan standartlara cavab verir. Pensiyaların minimum məbləğinin yaşayış səviyyəsi ilə uzlaşması, vətəndaşların qocalmasına, əlil olmasına və ailə başçısını itirməsinə görə beynəlxalq hüquqi aktlarda təsbit olunmuş maddi təminat hüququnun respublikamızda da real şəkildə həyata keçirilməsi göz önündədir. Ölkənin ən ucqar kəndlərində belə, pensiya və müavinətlər gecikmədən sahibinə çatdırılır. Çünki bu sistem avtomatlaşdırılıb. Qocaman vətəndaş, əlil və ya ailə başçısını itirmiş qadın pensiya almaq üçün dəfələrlə rayon mərkəzlərinə gedib-gəlməli, poçt idarəsində növbə gözləməli olmur, pensiyalarını vaxtında kartla alırlar. Əlbəttə bu, demokratik prinsiplərin, insan hüquqlarının möhkəmləndirilməsi istiqamətində ən təsirli mexanizmlərdən biridir. Hökumət çətinlikləri aradan qaldırmaq yolunda hazırladığı planda sosial sahədəki münasibətləri təkmilləşdirməyi, insanların sahib olduğu haqq və hüquqların tanınmasını əsas xətt kimi götürüb. Yəni, soial problemləri həll etmədən cəmiyyətin rastlaşdığı böyük çətinlikləri aradan qaldırmaq mümkün olmayacaqdı. Nəticə göz önündədir. Bu gün Azərbaycan hər bir sahədə dünyanın sürətlə inkişaf etmiş ölkələri ilə bir sıradadır.
Lakin Azərbaycanın və onun vətəndaşlarının hüquqları 20 ildən çoxdur ki, qondarma münaqişəyə cəlb edilərək pozulub. Məlumdur ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi nəticəsində 1988-ci ildən bəri Cənubi Qafqazın iki dövləti arasında münaqişə başlayıb. Bu dövr ərzində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan çox insan ev-eşiyindən didərgin düşüb. Bir tərəfdən haqsız yerə torpaqları işğal olundu, digər tərəfdən də insanları soyqırımına məruz qaldı, doğma yurdlarından qovuldu və ağır şəraitdə çadırlarda yaşamağa məcbur edildi. Min illərlə formalaşmış mənəvi-dini dəyərlərə, hərb mədəniyyətinə və əxlaqına zidd olan, dinc əhaliyə qarşı yönəldilmiş Xocalı soyqırımı Yer kürəsində insan hüquqlarının tapdandığı ən böyük faciələrdəndir. Törədilən ağlasığmaz vəhşiliklər məlum Cenevrə Konvensiyasının "İnsan hüquqları haqqında ümumi Bəyannamə"nin 2,3,5,9 və 17-ci maddələrinin, "Hərbi münaqişələr və fövqəladə hallar zamanı qadın və uşaqların müdafiəsi haqqında" konvensiyanın, "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" konvensiyanın tələblərinə ziddir və bu şərtləri kobud surətdə pozanlar hələ də cəzalandırılmayıb. Cəzasızlıq isə yeni-yeni cinayətlərin törədilməsinə zəmin yaradır. Elə bu cəzasızlıqdır ki, Ermənistan etdiyi vəhşiliklərdən çəkinmir. Onlar dünyanın gözü qarşısında Xocalı faciəsini törədənləri qəhrəman hesab edir. Dünya dövlətləri, həmçinin BMT Baş Məclisi bilməlidir ki, terroru və təcavüzü dövlət siyasətinə çevirmiş bir dövlətin terror və bu tip genosidlərindən heç bir ölkə sığortalanmayıb. Bu günədək Xocalıda tapdanmış insan haqlarının müdafiəsinə qalxmayan dünya bir gün özü belə təhlükələrlə üz-üzə qala bilər.
Azərbaycan Respublikası haqsız müqnaqişəyə cəlb olunduğu gündən qaçqın, məcburi köçkün problemləri ilə üz-üzədir. Buna baxmayaraq Azərbaycanın dövlət başçısı indiyədək yurd-yuvasını itirmiş vətəndaşının hüquqlarının qorunması ilə bağlı 26 qanun, 62 fərman imzalayıb, müxtəlif sərəncamlar verib. Nazirlər Kabineti tərəfindən 270-dən artıq normativ akt qəbul edilib. Bu münaqişə başlayandan indiyədək hökumət qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 4 milyardadək vəsait xərcləyib. Lakin bunlar insanların pozulmuş hüquqlarını bərpa etmir. Düzdür, BMT qaçqınların statusu haqqında, məcburi köçkünlərin hüquqlarını qorumaq məqsədilə konvensiyalar qəbul etmişdir. Lakin bu konvensiyalar bugünkü qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə cavab vermir.
İnsanların hüquqları o zaman bərpa olunar ki, beynəlxalq təşkilatların qəbul etdikləri qərarların icra mexanizmi hazırlansın və həyata keçirilsin. Buna nə ad vermək olar ki, 1993-cü ildə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsi ilə bağlı BMT-nin 4 qətnaməsi hələ də kağız üzərindədir. Azərbaycan bütün zamanlarda Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həlli, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün sülhpərvər addımlar atıb.
Lakin işğalçı dövlət destruktiv mövqeyindən əl çəkməyib, dünya birliyi, beynəlxalq təşkilatlar isə bu ölkəyə ciddi təsir göstərməyiblər.
Azərbaycan xalqı güclü dövlət və milli birlik şəklində əzmkarlığı və iradəsi ilə tarixin bu sınaqlarından da üzüağ çıxacaq. Çünki dövlətimiz bəşər sivilizasiyasının idealı olan azadlığı, haqqı, ədaləti və sülhü özünün inkişaf yolu seçmiş, bu yolla da gedir.
Rəsmiyyə
RZALI,
Azərbaycan.-2011.-10 dekabr.-S.4.