Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli
aktlarının hazırlanması və qəbul edilməsi Qaydalari
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 09 dekabr 2011-ci il tarixli 15/50 saylı qərarı ilə təsdiq
edilmişdir
1. Ümumi müddəalar
1.1. Bu qaydalar "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli fərmanının 3-cü hissəsinin icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra - Komissiya) normativ xarakterli aktlarının (bundan sonra - Komissiyanın aktları) hazırlanması və qəbul edilməsi qaydalarını müəyyən edir.
1.2. Komissiyanın aktları Komissiya tərəfindən qəbul edilmiş, məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənəddir.
1.3. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra - Konstitusiya Qanunu) 4.1.2-ci maddəsinə uyğun olaraq, Komissiyanın aktları qərarlar, təlimatlar və izahlar formasında qəbul edilir.
1.4. Komissiyanın aktları Konstitusiya Qanununun 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Komissiyanın aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ziddiyyət təşkil edə bilməz.
1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq Komissiyanın aktları icra olunmamasına görə məsuliyyət müəyyən edə bilməz.
1.7.
Bu qaydalar Komissiyanın konkret (birdəfəlik) təşkilati,
nəzarət və ya sərəncamverici tədbirlərin həyata
keçirilməsi məqsədi ilə qəbul edilən və
ya digər birdəfəlik tətbiq halları
üçün nəzərdə tutulan aktlarına tətbiq
edilmir.
2. Komissiya aktlarının hazırlanması
2.1. Komissiyanın aktları Konstitusiya Qanununun 50-ci maddəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanır.
2.2. Komissiya aktların layihəsini aidiyyəti struktur bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya və ya layihənin hazırlanmasına müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq verə bilər.
2.3.
Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən
Komissiyanın aktlarının layihələri Komissiya
Katibliyinin Hüquq şöbəsinin mütləq
iştirakı ilə hazırlanır.
2.4.
Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq,
Komissiyanın aktlarının
layihələrinin razılaşdırılması
qanunvericiliklə məcburi olduqda, habelə Komissiyanın
aktında digər dövlət orqanları ilə
bağlı müddəalar olduqda, layihə həmin dövlət
orqanları ilə razılaşdırılmalıdır.
3. Komissiya aktlarının qəbul edilməsi
3.1. Komissiyanın aktları Komissiyanın iclasında Seçki Məcəlləsinin 28.2-ci və 19.14-cü maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilir və imzalanır.
3.2. Komissiyanın aktları Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə həmin aktların qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.
3.3. Komissiyanın aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, dərc edildiyi gündən qüvvəyə minir.
3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar olaraq, Komissiya qüvvədə olan aktlarında müvafiq dəyişikliklər edir. Komissiya aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması zərurəti olmadıqda, Komissiya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumat verir.
4. Yekun müddəa
Komissiya
aktlarının rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi ilə bağlı digər məsələlər
Konstitusiya Qanununa və Azərbaycan Respublikasının
Seçki Məcəlləsinə uyğun olaraq tənzimlənir.
Azərbaycan.-2011.-10 dekabr.-S.4.