Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydalarının təsdiq edilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

 Qərar ¹15/50

 

 "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli  384 ¹li fərmanının 3-cü bəndinə əsasən Mərkəzi Seçki Komissiyasına səlahiyyətləri daxilində qəbul etdiyi normativ xarakterli aktlarının hazırlanması və qəbul edilməsi qaydalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi tövsiyə edilmişdir.

Bununla əlaqədar müvafiq qaydaların layihəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə işçi qaydasında razılaşdırıldığından hazırlanmış layihə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilməli və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanının 3-cü bəndinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən normativ xarakterli aktların hazırlanması və qəbul edilməsi qaydaları təsdiq edilsin.

2. Həmin qaydalar "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanının

3-cü bəndinin öz səlahiyyətləri daxilində icra edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

 

Azərbaycan.-2011.-10 dekabr.-S.4.