Ulu öndər Heydər Əliyevin əziz

 xatirəsi ehtiramla yad edilmişdir

 

 Dekabrın 9-da Səbail rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclisin deputatlarının və çoxsaylı qonaqların iştirakı ilə Akademik Milli Dram Teatrında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra ümummilli lider Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirildi.

Anım mərasimində Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan tarixindəki rolu barədə çıxış etdi. Qeyd olundu ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi böyük siyasətçi, görkəmli dövlət xadimi, zəmanəmizin bənzərsiz şəxsiyyəti Heydər Əliyevin adı ilə bağlıdır. Bu dahi insanın adı Azərbaycan xalqının simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqına və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.

Heydər Əliyevin sarsılmaz polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaq bilmədən çalışması, fədakar əməyi sayəsində müasir Azərbaycanın möhkəm bünövrəsi qoyulub. Bu qüdrətli şəxsiyyətin müəyyən etdiyi yol dinamik inkişafı təmin edən strateji kurs olaraq daim ölkəmizə və xalqımıza uğur gətirib. Zəngin hadisələrlə dolu olan çətin bir dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən ağır sınaqlarından məharətlə çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafının təməlini qoyub.

Azərbaycanın və Heydər Əliyevin adı əsrlər boyu qoşa səslənəcək. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyaya layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi idi. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, diqqətindən heç bir sahə kənarda qalmırdı. Ulu öndər Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı.

Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyevin siyasi kursu uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır. Xalqımız Heydər Əliyev kimi ümummilli liderlə daim öyünür, fəxr edir, qürur duyur, əməlləri ilə onun ideyalarını həyata keçirməyə çalışır. Bu gün bizi sevindirən ən əsas amil odur ki,  ulu öndərin ölməz ideyalarını Prezident İlham Əliyev uğurla davam etdirir, milli maraqlarımızın qorunmasında, əhalinin rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. Ötən müddət ərzində dövlət başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Doğma Azərbaycanımız bu gün hərtərəfli tərəqqi yolundadır. Dövlət başçısı İlham Əliyevin uğurlu rəhbərliyi nəticəsində bu inkişaf, tərəqqi günü-gündən hər bir sahədə özünü təsdiqləməkdədir. Və bu, hələ son deyildir. İrəlidə bizi daha möhtəşəm nailiyyətlər, daha böyük iqtisadi layihələr gözləyir. Belə layihələr isə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, dünyada söz sahibinə çevrilməsi, təhlükəsiz ölkə kimi tanınması deməkdir.

Tədbir ulu öndər Heydər Əliyevə həsr olunmuş bədii kompozisiya və klip nümayişi ilə sona çatdı.

 

Azərbaycan.-2011.-10 dekabr.-S.3.