Baş Prokurorluqda ümummilli lider Heydər Əliyevin

 xatirəsinə həsr olunmuş anma mərasimi

 

 Dekabrın 9-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda ümummilli lider Heydər Əliyevin  xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir. Mərasim iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoymuşlar.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə çıxış edən baş prokuror Zakir Qaralov demişdir ki,  Azərbaycanın 1969-cu ildən başlamaqla 30 ildən artıq bir dövrü əhatə edən ən yeni tarixi, bu dövr ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətlər Heydər Əliyev kimi dahi şəxsiyyətin adı, onun müdrik dövlətçilik siyasəti ilə bağlıdır. "Azərbaycan tarixinin Heydər Əliyev dövrü" kimi qiymətləndirilən bu dövr ərzində ulu öndərin gördüyü böyük işlərin məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratikhüquqi bir dövlətdə yaşamaq xoşbəxtliyini əldə etmiş, öz layiqli və hərtərəfli təminatlı gələcəyinin bütün əsaslarını yaratmış, ən başlıcası isə siyasiiqtisadi müstəqilliyinə nail olmuşdur.

Xüsusi vurğulanmışdır ki, tarix üçün çox kiçik bir zaman kəsiyi olan, Azərbaycan tarixinə sabitlikinkişaf dövrü kimi düşən

1993-2003-cü illər ərzində Heydər Əliyev tərəfindən müstəqil dövlətçiliyimizin əsasları yaradılmış, dövlətçiliyimizin ideoloji xətti  kimi Azərbaycançılıq məfkurəsi formalaşdırılmış, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan yeni iqtisadi münasibətlər bərqərar olunmuş,  yeni Konstitusiya qəbul edilməklə hüquqi dövlət quruculuğu yolunda inamlı addımlar atılmış, demokratik və ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətinin qurulması istiqamətində böyük işlər görülmüşdür.

Ulu öndər Heydər Əliyevin respublikanın təbii ehtiyatlarından xalqın milli maraqları naminə səmərəli istifadə edilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq, ölkəmizin iqtisadiyyatı və bütövlükdə gələcəyi üçün həlledici amil olan "Əsrin müqaviləsi" imzalanmış, Azərbaycanın dünyada analoqu olmayan sürətli inkişafı üçün hərtərəfli zəmin yaradılmışdır. Azərbaycanı bütün dünyaya tanıdan bu müqavilə xarici investisiyaların respublikaya axını üçün geniş imkanlar açmış, ölkəmizin dünya iqtisadiyyatına hərtərəfli inteqrasiyasının əsasını qoymuşdur.

 Azərbaycan prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən sivildemokratik bir qurum kimi formalaşması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı olan Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur. 2003-cü ildən etibarən Azərbaycan prokurorluğu orqanlarına dövlət səviyyəsində göstərilən etimad və diqqət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Milli Prokurorluğun inkişaf tarixində hərtərəfli müasirləşdirmə və təkmilləşdirmə dövrünün əsasını qoyan dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq, həyata keçirilən tədbirlər insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi üçün geniş imkanlar yaratmışdır.

Bildirilmişdir ki, ümummilli liderin siyasi kursunun layiqli davamçısı İlham Əliyevin 2003-cü ildə Prezident seçilməsi, Heydər Əliyev ideyalarının yaşamasının, bu ideyaların reallaşdırılması istiqamətində görülən işlər dahi şəxsiyyətin unudulmaz xatirəsinin əbədiləşdirilməsinin və Azərbaycanın hərtərəfli tərəqqisinin təmin olunmasının bariz nümunəsidir. Bu gün bütövlükdə ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına nail olunmuş, demokratik vətəndaş cəmiyyətinin daha da təkmilləşdirilməsi istiqamətində inamlı addımlar atılmış, ümumbəşəri dəyərlərə sadiqliyini sübut edən Azərbaycanda yeni məzmunlu mütərəqqi islahatlar daha da dərinləşmişdir. Dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən Azərbaycan regionun aparıcı dövləti statusunu özündə saxlamış, enerji layihələrinin reallaşdırılması istiqamətində böyük işlər görülmüşdür. Cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, iqtisadi sahədə aparılan düşünülmüş siyasət qlobal iqtisadi maliyyə böhranı şəraitində Azərbaycan uğurlu iqtisadi inkişafını, ümumi daxili məhsulun əhəmiyyətli artımını təmin etmiş, nəzərdə tutulmuş bütün proqramlar uğurla icra olunmuşdur. Həyata keçirilmiş böyük quruculuq işləri və mütərəqqi islahatların nəticəsidir ki, bu gün Azərbaycanın iqtisadi potensialı Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. İşğal olunmuş torpaqlarımızın azad edilməsi naminə günü-gündən sürətləndirilən hərbi quruculuq işlərinə sərf olunan maliyyə xərclərinin Ermənistanın büdcəsindən artıq olması ölkəmizin çox böyük iqtisadi qüdrətini səciyyələndirən statistik göstəricilərdəndir.

Azərbaycanın dünya dövlətləri birliyində öz layiqli yerini tutması istiqamətində dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş xarici siyasət nəticəsində ölkəmizin dünyanın 155 dövlətinin dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçilməsi xüsusi vurğulanmışdır.

Mərasim iştirakçıları və Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı cənab İlham Əliyev əmin edilmişdir ki, ulu öndər Heydər Əliyevin ideyalarına və onun formalaşdırdığı siyasi kursa sadiq olan prokurorluğun kollektivi bütün səylərini bu yaxınlarda bərpasının 20 illiyi qeyd edilən dövlət müstəqilliyinin və milli maraqların, ölkəmizdə ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunmasına səfərbər edəcəkdir.

Mərasimin sonunda ulu öndərin xatirəsinə həsr olunmuş "Liderlik missiyası" filmi nümayiş etdirilmişdir.

 

Azərbaycan.-2011.-10 dekabr.-S.2.