Əsir və itkin düşmüş, girov
götürülmüş
vətəndaşlarla
əlaqədar Dövlət
Komissiyasının
fəaliyyətinin illik yekunlarına
dair iclası keçirilmişdir
Dekabrın 9-da Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 2011-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclası giriş sözü ilə açan Dövlət Komissiyasının sədri Eldar Mahmudov bildirmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması nəticəsində əsir və girov kimi humanitar problemin davam etməsi ciddi narahatlıq doğurur. Bu baxımdan, Dövlət Komissiyası tərəfindən həyata keçirilən hər bir səmərəli addım ümumi işin xeyrinədir.
Sədr Eldar Mahmudov qeyd etmişdir ki, ötən iclasda Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında "İtkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişi" ilə bağlı qarşıda duran vəzifələr bu təşkilatın nümayəndələri ilə coxsaylı görüşlərdə müzakirə olunmuşdur. Yekunda itkin düşmüş şəxslərin yaxın qohumlarından qan nümunələrinin götürülməsi və müvafiq qan bankının yaradılması təklif edilmişdir. Bankın və naməlum sümük qalıqlarının beynəlxalq aləmdə qəbul olunmuş qaydada saxlanması üçün müasir tələblərə uyğun laboratoriyası olan xüsusi mərkəzin yaradılması vacib sayılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilmiş və dövlət başçısı bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göstəriş vermişdir. Yeni mərkəzin Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin bazasında yaradılması planlaşdırılır. Dövlət Komissiyasının işçi qrupu isə öz növbəsində respublika ərazisində mövcud olan naməlum şəhid məzarlarının yerinin müəyyənləşdirilməsi və qeydiyyatının aparılması kimi ciddi bir işə başlamışdır.
Eldar Mahmudov iclasın gündəliyinə dair məlumat verdikdən sonra Dövlət Komissiyasının 2011-ci il ərzindəki fəaliyyəti barədə işçi qrupun rəhbəri Firudin Sadıqov hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, son iclasdan keçən müddət ərzində Dövlət Komissiyasının beynəlxalq əlaqələri daha da genişlənmiş, itkin düşmüş şəxslərlə bağlı aparılan axtarış-araşdırma tədbirləri gücləndirilmişdir. BQXK ilə keçirilmiş çoxsaylı görüşlərdə itkinlərə dair siyahılardakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunmuş, eyni zamanda, bu müddətdə əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılmışdır. 2011-ci il dekabrın 1-nə olan məlumata görə, Dövlət Komissiyasında qeydiyyatdan 4046 nəfər itkin düşmüş, 1400 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi keçir.
Komissiyada olan məlumatların dəqiqləşdirilməsi və itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına və beynəlxalq təşkilatlara 663 nəfər barədə 1053 sorğu göndərilmişdir. 1500-dən artıq itkin barədə toplanmış əlavə məlumat və materiallar onların "axtarış-araşdırma iş"lərinə əlavə olunmuşdur. Dövlət Komissiyasında və Beynəlxalq Qızıl Xaç Komitəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 230 nəfərlə bağlı verilmiş sorğulara əsasən daxil olmuş cavablar, əldə olunmuş digər məlumatlar təhlil edilmiş və sistemləşdirilərək müvafiq bazalara əlavə edilmişdir.
İtkin düşmüş 51 vətəndaşın valideynləri tərəfindən Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna, Dövlət Komissiyasının sədrinə və digər dövlət orqanlarına ünvanlanmış ərizələrə baxılmış, qaldırılmış məsələlər araşdırılmış, görülmüş işlərlə əlaqədar Prezident Administrasiyasına, Heydər Əliyev Fonduna, digər aidiyyəti orqanlara və vətəndaşlara məlumatlar verilmişdir. İtkin düşmüş və əsirlikdən azad olunmuş şəxslərlə bağlı müxtəlif dövlət orqanlarından və beynəlxalq təşkilatlardan daxil olmuş 84 sorğu icra olunmuşdur.
Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqov, həmçinin "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə Sazişi"nin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə də məlumat vermişdir.
Komissiyanın katibi Şahin Sayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar informasiya mübarizəsində hücum taktikasına dair tövsiyələrinə uyğun olaraq, hesabat dövründə müxtəlif beynəlxalq tədbirlərdə - elmi konfrans, seminar və simpoziumlar, habelə komissiya üzvlərinin gördüyü digər işlərdə problemin həlli ilə bağlı aparılmış müzakirələr, qurum tərəfindən hazırlanmış elmi və elektron nəşrlər barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, Komissiya tərəfindən hazırlanmış materialların xarici ölkələrdə yayılmasına xüsusi diqqət yetirilmiş, ümumilikdə Dövlət Komissiyasının 1500 nüsxədə materiallar toplusunun, 13 dildə, 24 adda 3 mindən artıq kitab, 12 adda 6 min 500-ə yaxın kitabın, filmlərin və fotofaktların əks olunduğu kompakt diskin, müxtəlif dillərdə erməni terrorunu ifşa edən sənədli flimlərin hazırlanması və yayılması təşkil olunmuşdur.
Bundan başqa, Dövlət Komissiyasının sədri və komissiya üzvləri xarici ölkələrə səfərləri zamanı, həmçinin Azərbaycana gəlmiş dövlət xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, ayrı-ayrı tanınmış nüfuzlu şəxslər, politoloq və konfliktoloqlarla keçirdikləri görüşlərdə Ermənistanın Azərbaycana təcavüzü dövründə törədilmiş cinayətlər, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarını onların diqqətinə çatdırmışlar.
Hesabat məruzələri ətrafında aparılan müzakirələrdə Komissiyanın üzvləri Xələf Xələfov, Oruc Zalov, Xanlar Vəliyev, Gülər Əhmədova, Yaqub Mahmudov, Bəkir Nəbiyev, İsmayıl Ömərov, eləcə də milli təhlükəsizlik naziri xidmətinin rəhbəri Fərhad Vahabov və başqaları çıxış edərək görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini, cəmiyyətdə rəğbətlə qarşılandığını və beynəlxalq ictimaiyyətdə maraq doğurduğunu bildirmişlər. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın yeganə problemi olması, bununla əlaqədar reallıqların dünya ictimaiyyətinə çatdırılıması barədə göstərişləri üzrə fəaliyyətin daha səmərəli və məqsədyönlü həyata keçirilməsi üçün səylərin və əlaqələndirmə işinin gücləndirilməsinin vacibliyi qeyd olunmuşdur.
İclasda
müzakirə olunan məsələlərlə bağlı
müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan.-2011.-10 dekabr.-S.2.