Milli Məclisdə görüş

 

 Dekabrın 9-da  Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin üzvləri Dominik Rike, Filip BullanBelçika Parlamentinin üzvü Alen Desteks ilə görüşmüşdür.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Parlamentinin üzvlərinə demokratik, hüquqi, dünyəvi dövlət quran Azərbaycanın keçdiyi inkişaf yolu, parlamentin fəaliyyəti, beynəlxalq əlaqələri, qanun yaradıcılığı prosesi, qanunverici orqanda siyasi partiyaların təmsilçiliyi, ölkədə mövcud olan söz, fikir, vicdan azadlığı barədə geniş məlumat vermişdir. Milli Məclis  beynəxalq fəaliyyətində Avropa Parlamenti, Avropa Şurası ilə əməkdaşlığa böyük önəm verir. Müstəqilliyinin bərpasının 20 illiyini qeyd edən ölkəmizlə Avropa Parlamenti arasında əlaqələr inkişaf edir.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir. O, bu qətnamənin və Dağlıq Qarabağ münaqişəsinin həllinə dair digər sənədlərin icrası ilə bağlı avropalı parlamentarilərin fəallıq göstərməsinin vacibliyini qeyd etmişdir.

Görüş üçün təşəkkürünü bildirən Avropa Parlamentinin üzvü Dominik Rike demişdir ki, bu səfər regionun geosiyasi vəziyyətinə dair hərtərəfli məlumatların əldə edilməsi üçün geniş imkanlar yaratmışdır. Parlamentarilərin ölkənizə mütəmadi səfərləri Azərbaycanın Avropa Parlamenti üçün nə qədər maraqlı dövlət olduğunu təsdiqləyir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2011.-10 dekabr.-S.1.