Milli Məclisin Sədri Oqtay ƏSƏDOV:
«Azərbaycan Macarıstanla əlaqələrin
inkişafına böyük əhəmiyyət verir»
Macarıstanda səfərdə olan Milli Məclisin Sədri Oqtay Əsədov dekabrın 9-da ölkə Prezidenti Pal Şmittlə görüşmüşdür. Macarıstanın dövlət başçısı Azərbaycan nümayəndə heyətini səmimi salamlayaraq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğuladı.
Söhbətdə Pal Şmitt Azərbaycana səfərini məmnunluqla xatırladaraq ölkəmizdə keçirdiyi görüşləri və aparılan danışıqları münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətli hesab etdi. O, Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyətinin Macarıstana səfərini əlaqələrimizin intensiv xarakter almasının göstəricisi kimi dəyərləndirdi.
Görüşdə Azərbaycanın müstəqillik illərində - qısa zamanda böyük uğurlar əldə etdiyini vurğulayan Macarıstan Prezidenti gələcəkdə olimpiya oyunlarının ölkəmizdə keçirilməsini dəstəklədiyini vurğuladı. Avropa Birliyinin qonşu dövlətlərlə əlaqələrindən söz açan Pal Şmitt Türkiyənin quruma üzv seçilməsinə tərəfdar olduğunu söylədi.
Milli Məclisin Sədri parlament nümayəndə heyətinin Macarıstana səfərini yüksək qiymətləndirərək bu cür səfərlərin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırdı. Qeyd edildi ki, müstəqil Azərbaycan Macarıstanla həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Avropa strukturlarına inteqrasiya ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Söhbətdə parlamentlərarası əlaqələrin inkişafı, siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparıldı.
Həmin gün nümayəndə heyətimiz Macarıstan-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşmüşdür. Görüşdə parlamentlər səviyyəsində münasibətlərin dərinləşməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, deputatların beynəlxalq qurumlarda fəaliyyəti barədə fikir mübadiləsi aparılmışdır.
Səfər zamanı ölkəmizin Macarıstandakı səfirliyində ulu öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilmişdir. Burada tanınmış pianoçu, əməkdar artist Murad Hüseynovun ifasında Heydər Əliyevin xatirəsinə həsr olunmuş Azərbaycan və macar bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı səsləndirilmişdir.
Tədbirdə
Milli Məclisin Sədri Oqtay Əsədov, Macarıstan
parlamentinin vitse-spikeri Zoltan Vaslo, ölkənin milli iqtisadiyyat
nazirinin birinci müavini, Macarıstan-Azərbaycan hökumətlərarası
birgə iqtisadi komissiyasının həmsədri xanım Roza
Nac, hər iki ölkə parlamentlərinin deputatları,
Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri,
macar ictimaiyyətinin və Azərbaycan diasporunun təmsilçiləri
iştirak etmişlər.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.-2011.-10 dekabr.-S.1.