Ən böyük azərbaycanlı
Həştərxanda
ulu öndərin xatirəsinə sonsuz ehtiramın nümunəsi
olan möhtəşəm abidə, füsunkar park, modern məktəb
Rusiya ilə Azərbaycan arasında dostluğun rəmzinə
çevrilib
Ötən əsrin son onilliyində mürəkkəb ictimai-siyasi şəraitdə müstəqilliyini əldə edən Azərbaycanın qısa zaman kəsiyində qüdrətli dövlətə çevrilməsində şəxsiyyət və lider amili müstəsna rol oynamışdır. Bu dövr belə bir həqiqəti növbəti dəfə sübuta yetirmişdir ki, tarixi proseslərə təsir göstərərək onun axarını təyin etməyi bacaran lider, eyni zamanda mütərəqqi tərəqqi modelinin siyasi və iqtisadi əsaslarını formalaşdıraraq xalqının gələcək inkişaf strategiyasını müəyyənləşdirir. Məhz bundan irəli gəlir ki, müəyyən mərhələdə xalq özünün taleyüklü problemlərinin həllini həmişə güclü, qətiyyətli və uzaqgörən liderin əzmkar fəaliyyəti, onun şəxsi və əsl rəhbərə xas keyfiyyətləri ilə bağlayır.
Bu mənada ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi xalqının və onun müstəqil dövlətçiliyinin mövcudluğu üçün misilsiz xidmətlərin müəllifi kimi adını Azərbaycan tarixinə və millətinin qəlbinə əbədilik həkk etdirmişdir. Ümummilli lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Məhz 1993-cü ildə Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Ulu öndərin səyləri nəticəsində Azərbaycan qısa müddət ərzində beynəlxalq aləmdə böyük nüfuz qazanmış və öz layiqli yerini tutmuşdur.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə həqiqi dövlət müstəqillyinə qovuşmuş Azərbaycanın inkişaf strategiyası ölkəmizin potensial imkanları, milli mənafeləri, qlobal siyasi və iqtisadi meyillər, geosiyasi reallıqlar və bu qəbildən olan digər vacib amillər nəzərə alınmaqla hazırlanmışdır. Ötən zaman konkret nəticələr əsasında bu strategiyanın nə dərəcədə böyük uzaqgörənliklə düşünüldüyünü, Azərbaycanın hərtərəfli tərəqqisini təmin etdiyini təsdiqləmişdir. Beləliklə, ölkəmizin tarixi taleyini müəyyən edən ümummilli lider dövlət müstəqilliyinin ilk illərində hakimiyyətdə olmuş qüvvələrin Azərbaycanı üz-üzə qoyduğu böyük təhlükələr, çətinliklər, o cümlədən sosial-iqtisadi problemlər məngənəsindən xilas etmiş, dövlətçiliyimizi ağır və sərt sınaqlardan çıxararaq dönməz müstəqilliyinə qovuşdurmuşdur
Heydər Əliyev qlobal dünya reallıqları fonunda tamamilə fərqli - xalqın demokratik idealları və milli dövlətçilik təfəkkürü ilə uzlaşan, hər bir mərhələ üçün konkret fəaliyyət prioritetləri, taktiki və strateji hədəfləri olan milli inkişaf strategiyasını irəli sürərək uğurla həyata keçirmişdir. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri düzgün müəyyənləşdirməklə, dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində sınaqdan uğurla çıxmış, müsbət nəticələri sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə adekvat modelini yaratmışdır. Ulu öndərin rəhbərliyi altında Azərbaycan Respublikası milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun lider dövlətinə çevrilmişdir.
Fəaliyyəti dövründə azərbaycançılıq ideyasının aşılanmasına və bu ideyanın milli birliyin, həmrəyliyin formalaşmasında əsas rollardan birini oynamasına da ulu öndər hər zaman xüsusi diqqət yetirmişdir. Ölkəmizin irəliyə doğru atdığı hər bir addım, qazandığı nailiyyət isə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, onların müstəqil dövlətimizə inamını, milli hisslərini və gələcəyə ümidlərini artırmış, Azərbaycan Respublikasının maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.
Ümumiyyətlə, milli diasporun formalaşması və dünyada Azərbaycan lobbisinin inkişafı məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər hələ Naxçıvanda Ali Məclisin sədri olarkən bu məsələnin vacibliyini nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə təşəbbüs irəli sürmüşdür. Naxçıvan MR Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi elan olunmuşdur. Həmin tarixi qərara imza atan Heydər Əliyevin bu missiyası bütünlüklə milli diasporun formalaşmasına zəmin yaratmışdır. Bununla da xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, sıx birləşməsi dövrü başlanmışdır. Heydər Əliyevin 1993-cü ildə respublikada hakimiyyətə gəlişindən sonra gördüyü işlərin başlıca istiqamətlərindən biri məhz yenə də azərbaycanlıların həmrəyliyinin möhkəmlənməsi ilə bağlı olmuşdur.
Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi olan Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, müxtəlif xarici ölkələrə etdiyi çoxsaylı səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından maraqlanmışdır. Bununla da əməli fəaliyyəti ilə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının liderinə çevrilən ulu öndər dünyadakı soydaşlarımızın arasında möhkəm birlik və inteqrasiyanın da əsasını qoymuşdur.
Heydər Əliyevin müvafiq sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın azərbaycançılıq ideyası ərtafında birləşərək təşkilatlanması baxımından tarixi əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultaydan bir neçə ay sonra, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 iyul tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmış, 2002-ci il dekabr ayının 27-də isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması və müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da sürətləndirmiş, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etmiş, ölkəmizin tarixi və müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul vermişdir.
Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin prioritet istiqamətlərindən biri elan etmişdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların problem və qayğılarını, onların birliyi və təşkilatlanması sahəsindəki mövcud vəziyyəti təhlil etmək, Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmlənməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, diaspor quruculuğu işinin təkmilləşdirilməsi sahəsində görülən işlərin miqyası davamlı olaraq genişləndirilmişdir.
Azərbaycanlıların sıx məskunlaşdığı məkanlardan biri olan Rusiyada yaşayan soydaşlarımızın da tarixi Vətənləri ilə bağlılığın güclənməsində, eyni zamanda onların diaspor kimi formalaşmasında Heydər Əliyev müstəsna rol oynamışdır. Bu gün Rusiyada yaşayan soydaşlarımız artıq mütəşəkkil bir qüvvəyə çevrilmiş, Azərbaycan həqiqətlərinin yayılmasında mühüm missiya yerinə yetirməyə başlamışlar.
Dünyada, o cümlədən də Rusiyada diaspor təşkilatlarının fəallığının artması, azərbaycanlıların həmrəyliyi siyasətinin geniş miqyas alması ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin də əsas diqqət mərkəzində saxladığı mühüm məsələlərdir. Cənab İlham Əliyev xarici ölkələrə rəsmi səfərləri çərçivəsində həmişə Azərbaycan diasporu ilə görüşlərə böyük yer ayırır, onlarla söhbətlər aparır. Dövlət başçısı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan dövlətinin möhkəm olması dünyada yaşayan azərbaycanlıların da mövqeyini möhkəmləndirir. Bunun konkret təzahürünü Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun timsalında görmək mümkündür. Hazırda Rusiyada ən güclü diaspora malik olan, bu ölkədə ictimai rəyin formalaşmasına təsir göstərə biləcək qüvvələrdən biri məhz azərbaycanlılıar tərəfindən yaradılan müxtəlif ictimai təşkilatlardır. Rusiya ictimaiyyətinə uğurla inteqrasiya edən soydaşlarımız ölkəmiz barədə əsl reallıqların, onun mövcud inkişaf səviyyəsinin bu ölkədə mühüm təbliğat və təşviqatçısına çevrilmişlər.
Rusiyada Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) III qurultayında çıxışı zamanı bununla bağlı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev bildirmişdir: "Rusiya azərbaycanlıları böyük intellektual, iqtisadi, mədəni və ictimai-siyasi potensiala malikdir və sevindirici haldır ki, Azərbaycan diasporu Rusiya cəmiyyətinə uğurla inteqrasiya edir".
Bu gün Rusiya Federasiyası ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə strateji tərəfdaşlığın səviyyəsi olduqca yüksəkdir. Azərbaycanlıların diaspor təşkilatları, ilk növbədə ÜAK Rusiya vətəndaş cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişlər. Ölkənin demək olar ki, bütün regionlarında öz strukturlarını yaratmış Konqres qısa müddətdə nüfuzlu ictimai birliklərdən birinə çevrilə bilmişdir. Dünya Azərbaycanlılarının cari ilin iyulunda Bakıda keçirilən üçüncü qurultayında göstərildiyi kimi, xalqımızın tarixinin və mədəniyyətinin təbliği, Azərbaycan haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması da onun işinin prioritet istiqamətlərindən biridir.
Hazırda Rusiya və Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynayan subyektlər qismində həm də ölkələrimizin müxtəlif rayon və şəhərləri çıxış edir. Onlar ümumi tərəqqi siyasətinin vacib elementlərinə çevrilirlər, bir-birilə qurduğu münasibətlərlə əməkdaşlığa özünəməxsus töhfələr verirlər. Bu xüsusda Rusiya Federasiyasının Həştərxan şəhəri və burada artıq aparıcı qüvvələrdən birinə çevrilmiş Azərbaycan diasporunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ümumiyyətlə, Rusiyanın Həştərxan vilayəti, onunla eyni adı daşıyan şəhəri ilə Azərbaycanın tarix boyu mühüm əlaqələri olub və bunu şərtləndirən əsas səbəblərdən biri Xəzər dənizində olan sərhəd qonşuluğudur. Həştərxan şəhərində bu gün 25 mindən çox azərbaycanlı yaşayır və orada soydaşlarımızın formalaşdırdığı diaspor qüvvələri kifayət qədər fəallıq nümayiş etdirir, Azərbaycan reallıqlarının, burada yaşanan inkişafın həm Rusiya, həm də dünya ictimaiyyətinə çatdırılmasında vacib rol oynayır.
Azərbaycan diasporu Həştərxanın vilayət rəhbərliyi və ictimaiyyəti tərəfindən ən etibarlı tərəfdaş və yaşanan inkişafa mühüm töhfələr verən zümrə kimi qəbul olunur. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin fikirləri bu konteksdə xüsusi diqqət cəlb edir: "Biz Həştərxan vilayəti barədə danışanda öz həyatımızı tərəfdaşlarımız - Xəzər sahilindəki qardaşlarımız olan azərbaycanlılarla ən sıx əlaqələr, iqtisadi və sosial sahədə inteqrasiya olmadan təsəvvür etmirik. Burada böyük bir Azərbaycan diasporu yaşayır... Azərbaycanlılar bizim ən etibarlı tərəfdaşlarımız, bütün iqtisadi və sosial layihələrdə iştirak edən, qanunlara hörmət bəsləyən vətəndaşlarımızdır. Buna görə mən onlara həmişə təşəkkür edirəm".
Azərbaycan barəsində yüksək fikirdə olan Həştərxan ictimaiyyətinin ölkəmizə, xalqımıza, onun insanlarına vurğunluğunu daha da artıran ən mühüm məqamlardan biri isə burada ümummilli lider Heydər Əliyevin abidəsinin ucaldığı və gözəlliyi ilə riqqət doğuran park olmuşdur. Azərbaycan hökumətinin təşəbbüsü ilə parkda həyata keçirilən yenidənqurma tədbirləri, görülən digər işlər Həştərxan şəhərinin simasına böyük yenilik gətirmiş, onu daha da gözəlləşdirmişdir.
Təkcə Azərbaycanda deyil, bütün keçmiş Sovet İttifaqı, postsovet məkanında böyük siyasi xadim kimi qəbul olunan Heydər Əliyevin abidəsinin Həştərxan vilayətində də ucaldılması təsadüfi deyil. Çünki ulu öndər istər sovetlər, istərsə də postsovet dövründə Rusiya, eləcə də onun vilayətləri, o cümlədən Həştərxanla Azərbaycanın, onun ayrı-ayrı inzibati ərazi strukturlarının, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına böyük töhfələr vermişdir.
Elə ona görə də Heydər Əliyevin Həştərxandakı abidəsi həm rusiyalıların, həm də azərbaycanlıların qardaşlığının, dostluğunun, onların ruhən və qəlbən birliyinin rəmzi kimi qiymətləndirilir. Abidənin açılışında və onun yerləşdiyi parkın yenidən qurulmasından sonra keçirilən mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir. Ötən ilin oktyabrın 27-də baş tutan mərasimdə çıxışı zamanı Prezident İlham Əliyev bildirmişdir: "Bu park Rusiya ilə Azərbaycan arasında dostluğun və qardaşlığın rəmzinə çevriləcəkdir. Bu park çoxmillətli Rusiyada, çoxmillətli Azərbaycanda yaşayan bütün xalqlar arasında dostluq mərkəzi olacaqdır".
2011-ci il mayın 19-da isə "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" mövzusunda keçirilən forum çərçivəsində Həştərxanın mərkəzində, Naberejnaya Privoljskovo Zatona küçəsində Heydər Əliyev adına parkın təntənəli açılışı olmuşdur. 3,5 hektar ərazidə salınmış istirahət parkında geniş abadlıq və yaşıllaşdırma işləri aparılmış, mindən artıq ağac əkilmişdir. Burada müasir işıqlandırma sistemi quraşdırılmış, gözəl fəvvarə yaradılmış, oturacaqlar qoyulmuşdur. Elə həmin gün Rusiya və Azərbaycan Dostluğu körpüsünün təməli qoyulmuşdur. Körpü Heydər Əliyev adına park ilə Birinci Pyotrun abidəsi ucaldılmış parkı birləşdirəcəkdir. Bununla bağlı foruma qatılan Azərbaycan və Rusiya nümayəndə heyətlərinin rəhbərləri Əli Həsənovun və Sergey Vinokurovun birgə bəyanatında deyilir ki, bu körpü Rusiya və Azərbaycan xalqlarının möhkəm dostluq münasibətlərinin əyani göstəricisi olacaqdır.
Heç şübhəsiz ki, Azərbaycan hökumətinin vəsaiti hesabına yaradılan bu park Həştərxan vilayəti üçün böyük töhfədir. Lakin Həştərxanda Azərbaycan tərəfinin təşəbbüs və iştirakı ilə görülən işlərin miqyası daha genişdir. Elə cari ilin oktyabırnda Həştərxanda ulu öndər Heydər Əliyevin adını daşıyan 11 nömrəli məktəbin təntənəli açılış mərasimi olmuşdur. Bakı küçəsində yerləşən təhsil ocağı Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə yenidən qurulmuş, yeni korpuslar inşa edilmişdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəb üzərində götürülmüş hamiliyin növbəti addımı kimi şagird və müəllimlərə xüsusi təqaüd və mükafatlar ayrılmışdır. Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bununla bağlı demişdir: "Tamamilə yenidən qurulmuş və müasir avadanlıqla təchiz olunmuş bu təhsil müəssisəsi Rusiya və Azərbaycan arasında əsl dostluğun rəmzidir. Bu məktəb dövlətlərimizin liderləri Dmitri Medvedev ilə İlham Əliyevin səmimi münasibətlərinin təcəssümüdür". Qubernator qeyd etmişdir ki, sovet dövründə təkcə Azərbaycanın deyil, həm də Rusiyanın inkişafında müstəsna rol oynamış böyük dövlət xadimi Heydər Əliyevin adını daşıyan məktəbin açılması çox əlamətdar hadisədir. Məktəb binasının Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə yenidən qurulduğunu vurğulayan A.Jilkin onu da bildirmişdir ki, həştərxanlılar Azərbaycan dövlətinə hörmət əlaməti olaraq, habelə ölkələrimiz arasındakı münasibətlərin dəstəklənməsi üçün məktəbə Heydər Əliyevin adının verilməsini təklif etmişlər.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Rusiya ilə dostluq münasibətlərinin qurulmasında məhz Heydər Əliyev mühüm rol oynamış, ölkələrimiz arasında strateji tərəfdaşlığın əsasını qoymuşdur. Ə.Həsənov vurğulamışdır ki, məktəbə Heydər Əliyevin adının verilməsi onların üzərinə həmişə və hər yerdə birinci olmaq, Vətəni Heydər Əliyev kimi sevmək kimi böyük məsuliyyət qoyur.
Qeyd edim ki, əsaslı təmirdən sonra məktəbin siması büsbütün dəyişmişdir. 1937-ci ildə inşa edilmiş binanın özülü möhkəmləndirilmiş, iki yeni korpus tikilmişdir. Korpuslarda müasir idman kompleksi, iclas salonu və yeməkxana yerləşmişdir. İstilik sistemi və elektrik xətləri təzələnmişdir. Elektrik təchizatını daha etibarlı etmək üçün dörd transformator qoyulmuşdur. Məktəbdə dərnək fəaliyyəti üçün kabinet də açılmışdır. Pilləkənlər mərmərlə bəzədilmiş, duş kabinələri qurulmuş, ərazi yenidən hasarlanmış, ağaclar əkilmişdir. Təhsil müəssisəsi yeni kompyuterlər, mebel, yeməkxana avadanlığı ilə təchiz edilmişdir. Məktəbin həyətində xüsusi örtüklü idman meydançası inşa edilmişdir.
Bu gün Azərbaycan ilə Rusiya Federasiyası arasında münasibətlərin, o cümlədən ölkələrimizin şəhərləri arasında əlaqələrin uğurlu inkişafı öz növbəsində xalqlarası tarixi bağlılıq və dostluğu daha da dərinləşdirir. Bu baxımdan Bakı, xüsusən də paytaxtımızın paytaxtı sayılan Nərimanv rayonu ilə Həştərxan arasında münasibətlər yüksək səviyyədə qurulmuşdur. Təqdirəlayiq haldır ki, Həştərxan şəhər təsərrüfatının və infrastrukturun yenidən qurulmasında, təhsil sahəsinin inkişaf etdirilməsində Azərbaycandan olan iş adamlarının iştirakı davamıl surətdə artır. Bütün bunlar isə ölkələrimiz və şəhərlərimiz arasında əlaqələrin daha da yaxşılaşması işinə xidmət edən əsas amillər sırasında yer alır.
Həştərxan sakinləri, o cümlədən şəhər rəhbərliyi Azərbaycan dövlətinin, onun başçısının təşəbbüsü əsasında burada görülən işləri yüksək qiymətləndirir. Məhz bunun nəticəsidir ki, Həştərxan Şəhər Duması əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Rusiya-Azərbaycan dostluğunun və strateji tərəfdaşlığın inkişafı və möhkəmlənməsində xidmətlərinə, Həştərxanda iri sosial-mədəni və iqtisadi layihələrlə bağlı təşəbbüslərinə, bu layihələri və Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətini dəstəkləməsinə görə Prezident İlham Əliyevi "Həştərxan şəhərinin fəxri vətəndaşı" yüksək adına layiq görmüşdür. Noyabrın 30-da ölkəmizdə səfərdə olan Həştərxan şəhərinin meri Sergey Bojenov "Həştərxan şəhərinin fəxri vətəndaşı" diplomunu və medalını dövlətimizin başçısına təqdim etmişdir.
Bu gün Azərbaycanla Həştərxan vilayəti arasında iqtisadi, humanitar, sosial, turizm və nəqliyyat sahələrində uğurlu əməkdaşlıq həyata keçirilməkdədir və qarşılıqlı əlaqələrin bundan sonra daha da genişlənəcəyi heç bir şübhə doğurmur. Bu da öz növbəsində ümumilikdə Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsinə böyük töhfələr verir. Çünki Həştərxan Rusiya ilə Azərbaycan arasında qarı rolunu oynayır.
Humanitar sahədə Rusiya-Azərbaycan əməkdaşlığı iki ölkə arasındakı stratejı partnyorluğun əsas istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev humanitar sahədə Rusiya-Azərbaycan əməkdaşlığını "digər sahələrdə əməkdaşlıq üçün əsas" kimi səciyyələndirir. Humanitar əməkdaşlıq sahəsində Rusiya diasporunun fəaliyyəti mühüm yer tutur. Diaspor respublikanın uşaq evlərində, internatlarında, məktəblərində külli miqdarda humanitar tədbirləin keçirilməsində fəal iştirak edir. Bu xüsusda Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu da fəaliyyətini genişləndirir.
Sevindirici haldır ki, diaspor təşkilatlarının fəaliyyətinə Azərbaycan hökuməti tərəfindən həm maddi, həm də mənəvi dəstək verilir. Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərə görə cari ilin iyulun 4-də Prezident İlham Əliyevin məni və digər diaspor nümaynədələrini "Tərəqqi" medalı ilə təltif etməsi də xaricdə yaşayan azərbaycanlılara göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Elə bu xüsusi münasibətin nəticəsidir ki, ötən illər ərzində Azərbaycan diasporu da öz gücünü artırmış, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesi daha geniş vüsət almış, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, ictimai-siyasi fəallığının gücləndirilməsi istiqamətində təşəbbüslərin sayı artmış, azərbaycanlı icmaları yaşadıqları ölkələrdə ictimai rəyə real təsir imkanları əldə etmişlər. Bunu Həştərxanda yaşayan və fəaliyyət göstərən azərbaycanlı diasporunun timsalında da aydın görmək mümkündür.
Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsi ötən dövr ərzində cəmiyyətə inteqrasiya, burada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərinin qorunması, ictimai-siyasi fəallığının artırılması istiqamətində mühüm işlər görmüşdür və görməkdədir. Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bundan sonra da fəaliyyətimizi əzmlə davam etdirəcəyik. Bütün bunlar isə öz növbəsində Rusiya və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın daha da dərinləşməsinə, tərəflərin milli maraqlarının təmini şəraitində strateji xarakterli münasibətlərinin yeni yüksəliş mərhələsinə qədəm qoymasına gətirib çıxarır.
Ədalət HÜSEYNOV,
Ümumrusiya Azərbaycan Konqresinin
Həştərxan regional
bölməsinin sədri
Azərbaycan.-2011.-11 dekabr.-S.7.