Azərbaycanı dünyaya tanıdan şəxsiyyət
Tarixin bir anı
Ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olmuşdur ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən-nəsillərə keçərək yaşayacaqdır. XX əsrin sonuna otuz il qalmış müttəfiq respublikalardan biri olan Azərbaycanın, daha sonra isə suveren dövlətimizin rəhbərliyinə Heydər Əliyev öz fitri istedadı, bacarığı, əsl liderlərə məxsus keyfiyyətlərinə görə gəlmişdir. O, iki əsrin şərik bir ömrünü yaşamışdır. Ulu öndərin hər dəfə siyasi hakimiyyətə gəlişi Azərbaycanda bütün sahələrdə inqilabi dəyişikliklər yaratmış, sosial-iqtisadi və mədəni inkişaf özünün yeni mərhələsini yaşamışdır.
Hakimiyyətə birinci gəlişində Azərbaycan inkişafına görə Sovetlər Birliyində əsas pilləyə qalxdı. Sonra təcrübəli dövlət kadrı kimi Heydər Əliyev keçmiş SSRİ-nin rəhbərlərindən biri oldu. O vaxtkı İttifaq rəhbərliyi istəsə də, istəməsə də tarix göstərdi ki, Heydər Əliyev yolunu müvəqqəti ləngitmək olar, dayandırmaq olmaz. Ulu öndər layiq olduğu qədər tarixi bir inkişaf yolu keçərək, dünya siyasətçiləri kitabına qızıl hərflərlə yazıldı.
Hakimiyyətə ikinci gəlişində müstəqil Azərbaycan inkişaf etdi, möhkəmləndi və demokratik, dünyəvi bir dövlətə cevrildi. Bu, bir həqiqətdir ki, Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin tarixinə onun qurucusu olaraq düşdüyü kimi, Heydər Əliyev də müasir Azərbaycanın tarixinə, onun yaradıcısı olaraq düşmüşdür. Türkiyə Cümhuriyyəti M.K.Atatürkün əsəri olduğu kimi, müasir Azərbaycan dövlətinin müəllifi və memarı da Heydər Əliyevdir.
Əlbəttə, ümummilli lider Heydər Əliyev olmasaydı, bugünkü inkişaf edən Azərbaycan dövləti də olmazdı. Heydər Əliyev Azərbaycanı və xalqımızı nəinki təhlükədən xilas etdi, həm də bu dövlətin və xalqın tərəqqisinin əsasını qoydu, milli müstəqilliyimizin əbədiyaşarlığını təmin etdi.
Ulu öndər demişdir: "Biz XXI əsrə daha da qüdrətli, müstəqil Azərbaycan dövlətini çatdırmaq istəyirik, gələcək nəsillərə daha xoşbəxt həyat yaratmaq istəyirik.
...Biz dünyanın müstəqil dövlətləri, birlikləri ilə bundan sonra da əməkdaşlıq edəcəyik. Azad, sərbəst, demokratik ölkə kimi Azərbaycan inkişaf edəcək və Avropa ilə Asiyanın qovuşduğu bir yerdə öz tarixi xidmətlərini göstərəcəkdir...
...Bütün azərbaycanlıların indi
dünyada bir vətəni var. O da müstəqil Azərbaycan Respublikasıdır. Azərbaycan
təkcə coğrafi anlayış deyil, Azərbaycan müstəqil
dövlətdir, özü də möhkəm, güclü
dövlətdir... Bizim
üçün tarixi bir amil var: Azərbaycançılıq".
Bəli, Heydər Əliyev Azərbaycan xalqının həm
tarixini yazdı, həm də müstəqil Azərbaycan
dövlətinin təməlinin və monolit birliyinin əsasını
qoydu. Məhz buna görə də ümummilli lider Heydər
Əliyev tək bizim yox, bütün dünyada yaşayan azərbaycanlıların
yeganə və layiqli liderinə çevrildi.
Ulu
öndərin Azərbaycan xalqına ikinci bir tarixi töhfəsi
var ki, o da
yetişdirdiyi, azərbaycançılığın
tərənnümçüsü,
ideyalarının layiqli davamçısı, dövlətimizin
başçısı Prezident İlham Əliyevdir.
Tarix
sübut etdi ki, Heydər Əliyev möhtəşəm bir yol
keçmiş böyük şəxsiyyətdir. Belə bir şəxsiyyətlə şəxsən
görüşmək, əl tutmaq, onun dilindən nəsihətamiz
sözlər eşitmək qismət payına düşən
adamlar ömürlük bu anları unuda bilməzlər.
Belə anları yaşayanların cərgəsində
olanlardan biri də bu sətirlərin müəllifidir. Tale elə gətirib ki, 1969-2003-cü illər ərzində
vaxtaşırı ulu öndərin görüşlərində
olmuş, respublika tədbirlərində iştirak etmişəm.
Məni şəxsən qəbul edib, vəzifəyə
təsdiq üçün söhbət aparıb,
ağıllı və uzaqgörən tövsiyələrini
verib və onları necə yerinə yetirməyin
yollarını göstərib, xalqa ləyaqətlə xidmət
göstərməyi tələb etmişdir.
O vaxtlar Kəlbəcərdə
müxtəlif vəzifələrdə işləmişəm.
Ulu öndər bu dağ rayonuna xüsusi diqqət
və qayğı ilə yanaşardı. Unudulmaz rəhbərin
şəxsi təşəbbüsü və nəzarəti
ilə 1977-ci il dekabr ayının 8-də Azərbaycan KP MK və respublika Nazirlər
Soveti "Kəlbəcər rayonunun iqtisadiyyatını və
mədəniyyətini daha da inkişaf etdirmək tədbirləri
haqqında" 428 nömrəli tarixi qərarı qəbul
etdi. Bu qərar iyirmi üç bənddən ibarət idi. Bəndlərin
hər birində böyük bir qərarın
qarşıya qoyduğu vəzifələr qədər
genişmiqyaslı işlər müəyyənləşdirilmişdi.
Məhz bu qərarın yerinə yetirilməsi ilə əlaqədar
görülən işlər nəticəsində yeni bir Kəlbəcər
dünyası yaradıldı. Ucqar, iqtisadi cəhətdən zəif
olan dağ rayonundan adamların aran zonasına iş axtarmaq,
mal-qara saxlamaq üçün köçürülməsinin
qarşısı alındı, yeni iş
yerləri açıldı, kolxozçu və fəhlələrin
əməkhaqları artırıldı. Rayonun
xalis gəliri 59 min rubldan 22 milyon rubla
çatdırıldı. Qısa vaxt ərzində
78 milyon manatlıq tikinti-quraşdırma işləri
aparıldı. Bu, o vaxtkı pul vahidi ilə
çox böyük məbləğ idi. Bütün
kəndlərdə, rayon mərkəzində 5 mindən
çox fərdi yaşayış evləri, ictimai binalar, təsərrüfat
obyektləri və digər sosial təmayüllü obyektlər
tikilib istifadəyə verildi, yeni "Kəlbəcər şəhəri"
salındı. Üç min nəfərdən
çox kənd əməkçisi orden-medala, pul
mükafatına və fəxri adlara layiq görüldü.
Bütün bunların hamısı Heydər Əliyevin
respublikada həyata keçirdiyi iqtisadi-sosial strategiyanın, mənəvi
tərbiyənin, siyasi uzaqgörənliyin nəticəsi idi.
Ulu
öndər hələ o vaxtlardan bilirdi ki, sərhəd
zonalarında yerləşən rayonların, o cümlədən
Kəlbəcərin iqtisadi inkişafı və
abadlaşdırılması Dağlıq Qarabağla Ermənistan
arasındakı boşluğu doldurmaq, gələcəkdə
sərhədlərin möhkəmləndirilməsi,
qorunması deməkdir.
...1980-ci
ilin avqust ayı idi. Məni Kəlbəcər
Rayon Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsinə
təsdiq üçün söhbətə
çağırmışdılar. Respublika
Xalq Nəzarəti Komitəsinin sədri Hacıbala Əfəndiyev
tərəfindən söhbətdən keçdikdən sonra
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyevin qəbulunda olmalı idim.
Həddən artıq həyəcan içindəydim;
bu görüşün sevinci və məsuliyyəti məni
səhərə qədər yatmağa qoymadı.
Nəhayət, avqust ayının 16-da Mərkəzi Komitədə
məni ulu öndərin qəbuluna apardılar. İçəri daxil olanda
hiss etdiyim ab-hava həyəcanımı xeyli azaltdı.
Ulu öndər Heydər Əliyev mənimlə əl
tutdu, oturmaq üçün yer təklif etdi. Mən
böyük bir tarixi şəxsiyyətlə
görüşürdüm. Keçdiyim həyat yolunu
qısa şəkildə əks etdirən sorğu-sualdan sonra
hiss etdim ki, ulu öndər söhbətdən razı
qaldı və mənə çox səmimi və nəsihətamiz
məsləhətlərini verdi: "Sən
ucqar dağ rayonunda doğulub böyümüsən, iki ali təhsil
almısan, həyat yolu keçmisən, yaxşı ailədə
tərbiyə görmüsən. Sənin kimi gənclər
Azərbaycana çox lazımdır. Qaldı
ki, Kəlbəcər həmişə mənim diqqətimdə
olan rayondur, sən də o rayondansan. O rayonun geniş
potensialı var, dünya əhəmiyyətli İstisu
oradadır, təbii sərvətlərlə çox zəngindir.
Biz bunları üzə
çıxarmalıyıq, xalqın istifadəsinə verməliyik.
Kəlbəcər dövlət üçün, bizim
üçün, bu gün və sabah
üçün çox strateji əhəmiyyətli bir
yerdir. O rayonun inkişafı üçün mənim təşəbbüsümlə
gələcək əhəmiyyətli geniş qərarlar qəbul
etmişik".
1982-ci ilin iyul-avqust aylarında möhtərəm Heydər
Əliyevin İstisuya - Kəlbəcərə gəlişi
gözlənilirdi. Bu şərəfə rayonda çox
ciddi hazırlıq işləri görülürdü.
Kurort şəhərində xeyli abadlıq
işləri aparıldı. Xalqımızın
görkəmli oğulları Nəriman Nərimanovla xalq
şairi Səməd Vurğunun heykəlləri İstisu qəsəbəsinin
mərkəzində ucaldıldı ki, hər iki heykəlin
üzü Dəlidağa, Zəngəzura, ulu Göyçəyə
doğru idi.
Çox heyiflər ki, ulu öndər Kəlbəcərə
gələ bilmədi, o xoş gün bizə nəsib
olmadı. Çünki bundan
sonra xalqımızın böyük oğlunun Kremldəki fəaliyyət
dövrü başladı...
Bizim kimi - bütün kəlbəcərlilər,
həmçinin digər işğal olunmuş rayonların əhalisi
inanırdılar ki, əgər ulu öndər Kəlbəcərə
- İstisuya gəlsəydi,
strateji əhəmiyyətli o yerləri öz
gözüylə görsəydi, o vaxt çox böyük əlavə
tədbirlər görülərdi və onun hesabına mənfur
ermənilər torpaqlarımızı işğal edə bilməzdi.
Azərbaycan xalqı tarixə həm də ona görə
minnətdardır ki, Heydər Əliyev kimi böyük
dühanı bir daha özünə qaytardı. Azərbaycanın
tale kitabını mahir bir memar kimi ulu öndərin
özü səhifələdi. Həlli
vacib məsələləri yoluna qoydu. Azərbaycanın
müstəqilliyinin qarantına çevrildi. Ümummilli lider dövlətçiliyimizi məhv
olmaqdan qorudu, onu dağılmaq təhlükəsindən xilas
etdi və möhkəmləndirdi.
Azərbaycan dövlətçiliyinin son bir qərinəlik
tarixinin məntiqə söykənən təhlili göstərdi
ki, öz vətənimizdə didərgin köçkün
düşməyimizin başlıca səbəblərindən
biri 1982-1993-cü illərdə Azərbaycanda güclü və
qətiyyətli dövlət başçısının
olmaması idi.
1993-cü
ildən sonra biz
şahid olduq ki, Azərbaycan vətəndaş
müharibəsindən, ərazisi parçalanmaqdan, qanunsuz
silahlı dəstələrdən yalnız möhtərəm
Heydər Əliyevin qətiyyəti və inamı hesabına
xilas olundu.
Xalq
yaxşı bilir ki, 15 iyun 1993-cü il tarixinin Milli Qurtuluş
Günü kimi qeyd
edilməsinin köklü əsası var. Əgər
Heydər Əliyev bu tarixdə hakimiyyətə gəlməsəydi,
nə bugünkü müstəqil dövlətimiz, nə də
demokratik inkişafımız olardı...
1998-ci il
növbəti prezident seçkiləri ərəfəsində
də bütün xalq fikirləşirdi ki, ərazisinin 20
faizi işğal altında qalan, bir milyon nəfərdən
artıq qaçqın və məcburi
köçkünü olan və nəhayət,
qarşısında bütün bu ağir problemlərin həlli
zərurəti dayanan ölkəmizin dövlət
başçısı möhkəm siyasi iradəyə malik,
mübariz və qətiyyətli şəxsiyyət
olmalıdır. Belə bir şəxsiyyət
isə yalnız və yalnız Heydər Əliyev idi.
12 iyul
1998-ci il tarixdə Bakı şəhərində
Şəhriyar adına mədəniyyət sarayında
prezident seçkiləri ilə əlaqədar təşəbbüs
qrupunun yaradılması və prezidentliyə namizədliyin irəli
sürülməsi üçün Qarabağ və
respublikanın işğal olunmuş rayonlarının
ağsaqqal, ziyalı və gənclərindən ibarət
nümayəndələrinin toplantısını
keçirirdik. Yaxın keçmişdə Heydər
Əliyevin xalqla xidmətlərini öz gözlərilə
görmüş, zaman-zaman bundan bəhrələnmiş
qaçqın-köçkün, didərgin insanlar müdrik
rəhbərimizin adına, ünvanına
yenidən üz tutmaqda haqlı idilər.
Onlar ikinci dəfə ulu öndəri dövlət
başçısı kürsüsündə görmək
istəyirdilər. Toplantı iştirakçıları məni
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyası ilə əlaqələndirici səlahiyyətli
nümayəndə seçdilər. İlk
təşəbbüs qrupunun rəhbəri oldum.
Beləliklə,
1998-ci il prezident seçkilərində
yenidən Azərbaycan Respublikasının Prezidentliyinə
Heydər Əlirza oğlu Əliyevin namizədliyini irəli
sürdük. Bu təklif çox gurultulu
alqışlarla qarşılandı.
Bununla da, Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlirza oğlu Əliyevin yenidən prezidentliyə namizədliyi
ilk dəfə Qarabağın və digər işğal
olunmuş rayonların əhalisinin nümayəndələrinin
yaratdığı təşəbbüs qrupu tərəfindən
irəli sürüldü. Heydər Əliyevin
respublika prezidentliyinə namizədliyi üçün təşəbbüs
qrupunun səlahiyyətli nümayəndələri tərəfindən
58 min 364 imza toplanıldı. İmza
toplama ərəfəsində respublikanın 37 rayonunda olub
ağsaqqallarla, ağbirçəklərlə, gənclərlə,
ziyalılarla görüşərək söhbətlər
apardıq.
Çadır düşərgələrində kütləvi
görüşlər keçirdik. Hamının bir
çağırışı, bir amalı vardı: "Heydər
Əliyev - xalq birliyi".
Toplanan imzalar içərisində 90 yaşdan yuxarı
186 nəfərin imzası vardır. Yaşla əlaqədar
gözlərinin nuru azalsa da, bu insanların ümid
işığı azalmamışdı. Hamı vərəqədə
Heydər Əliyevin adını axtarırdı: "İmza
atım, istəyimi bildirim, ümidimiz onadır, biz öz
torpaqlarımızda ölmək istəyirik", - deyirdilər.
Ulu öndər xalqın inandığı, güvəndiyi
lider idi. Ona görə də, nə qədər ki, Azərbaycan
var, ümummilli lider də yaşacaqdır.
Vəliyəddin
İSMAYILOV,
YAP-ın
üzvü
Azərbaycan.-2011.-11 dekabr.-S.6.