Heydər Əliyev və Qədim Qəbələ

Tarixin bir anı

 

 Azərbaycan tarixinə, arxeologiyasına, etnoqrafiyasına, mədəniyyətinə aid kitablarda, əyani vəsaitlərdə, foto-sərgilərdə qədim Qəbələ şəhərinin Qala bürcləri əks olunmuşdur. Bu bürclər qədim Azərbaycan mədəniyyətinin bir sübutuna çevrilmişdir, elə həmin bürclərlə tariximizin, mədəniyyətimizin ən şərəfli səhifəsi açılır.

Artıq neçə illərdir ki, qədim Qəbələnin Güllütala, Səlbir, Qala hissələrində arxeoloji qazıntılar aparılır, tədqiqatlar genişləndirilir, tariximiz daha dərindən öyrənilir. Bu tarix dilsiz, səssiz-səmirsiz daşlardan, müxtəlif arxeoloji materiallardan ibarət deyil. Bu tarix milli kimliyimizin təsdiqi kimi danışır, əsrlərin sirlərini gözümüzün önündə canlandırır. Qədim Qəbələ şəhəri hər bir azərbaycanlının milli tariximizlə bağlı dünyagörüşünün mühüm tərkib hissəsi, fəxr yeridir. Qədim Qəbələ xalqımızın tarix boyu apardığı mübarizənin, yaratdığı mədəniyyətin, inkişaf etmiş sosial həyatının, təsərrüfatının, sənətkarlığının və s. təsdiqidir.

Qədim abidəmiz həm də müasir milli mübarizə tariximizin söykəndiyi qala, milli özünüdərkin inkişafında mühüm mərhələlərdən biridir. Ulu öndər Heydər Əliyevin səyi, millətə xidməti, uzaqgörənliyi sayəsində qədim Qəbələ şəhəri inditariximizin dərinliklərindən xəbər verir, biz Azərbaycanın qədim şəhər mədəniyyətini, dövlətçilik tarixini bütün dünyaya göstərə bilirik. Xüsusilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dönəmdə ölkəmizdə qədim mədəniyyətimizin öyrənilməsi, arxeoloji, etnoqrafik tədqiqatların aparılması işinə böyük diqqət yetirilmişdir. Elə həmin dövrdə də qədim Qəbələ şəhərinin yerində arxeoloji tədqiqatlar genişləndirilmişdir.

Lakin ötən əsrin 70-ci illərinin sonunda qədim paytaxtımızın taleyi ciddi sınaq qarşısında qalmışdı. Keçmişi ilə fəxr edən gələcək öz keçmişini qorumalı, dağılmaqdan, məhv olmaqdan xilas etməli idi.  

Ötən əsrin 70-ci illərində Azərbaycanın, eləcə də Qəbələnin həyatında çox ciddi və təhlükəli hadisələrdən biri təkcə keçmiş Sovet İttifaqında deyil, bütün dünyada çox məşhur olan radiolokasiya stansiyasının tikintisi ilə bağlı idi. O vaxtkı SSRİ silahlı qüvvələrinin ən güclü radiolokasiya stansiyalarından biri 1976-cı ildə Qəbələ rayonu ərazisində inşa edilməyə başlamışdı.

SSRİ silahlı qüvvələrinin rəhbərliyi bu stansiyanın tikintisinə xüsusi diqqət yetirirdi. Dünyanın siyasi-ideoloji-hərbi cəbhələrə bölünüb mübarizə apardığı bir zamanda RLS-in tikintisinə hansısa formada əngəl törədilməsi, irad bildirilməsi ağlasığmaz, qeyri-mümkün sayılırdı. Elə radiolokasiya stansiyasının hərbi göstəricilərini, imkanlarını sadalamaq kifayət idi ki, bu tikintinin dünyanın qorxu ilə baxdığı sovet ordusu üçün nə qədər böyük əhəmiyyət daşıdığını  görəsən.

Qəbələ radiolokasiya stansiyası SSRİ-də yaradılmış ən güclü raket hücumu xəbərdarlığı stansiyasıdır, qurudan və dənizdən atılan ballistik raketləri qeydə alır, kosmosa, o cümlədən 6 min kilometr radiusda məsafəyə nəzarət edir. RLS bir neçə saniyədən sonra raketin buraxılmasını qeydə alır, trayektoriyasını izləyir və süni peyklərin orbitdə yönləndirilməsini, raketin lazım olan nöqtədə  vurulmasının hesablanmasını həyata keçirir. Stansiyanın 2012-ci ilədək fəaliyyət göstərməsi nəzərdə tutulur.

Keçmiş SSRİ-nin Qəbələ rayonu ərazisində yerləşən bu hərbi obyektinə 1977-ci ildə Mingəçevir Su Elektrik Stansiyasından yüksək gərginlikli elektrik xətti çəkilirdi. Elektrik xətti qədim Qəbələ şəhərinin ərazisindən keçməli idi. Sovet generalları, hərbi mühəndisləri o dövrdə stansiyaya yüksək gərginlikli elektrik xətti çəkilməsini planlaşdırarkən xalqımızın tarixini, qədim abidələrini nəzərə almırdılar. Elektrik xəttinin bir neçə qurğusunun tikintisi qədim Qəbələ şəhərinin ərazisinə, daha doğrusu, Qala qapıları üzərinə düşürdü. Baş verənlərin təsadüf, planlaşdırma xətası və s. olmasını düşünmək sadəlövhlük olardı. Çünki  xəttin başqa yerlə çəkilməsi, qurğuların bürclərdən xeyli uzaqda tikilməsi üçün digər imkanlar da var idi. Beləliklə, qədim şəhərin qalıqlarının məhv olması, tariximizin daha bir əvəzsiz abidəsinin yer üzündən silinməsi təhlükəsi yaranmışdı. Ən təhlükəli məqamlardan biri bu idi ki, radiolokasiya stansiyasına gedən elektrik xətləri, qurğular, geniş torpaq sahələri ordunun  mühafizəsi altına verilirdi, qadağa zonasına çevrilirdi. Bu da qədim Qəbələnin Qala və Səlbir hissələrində hər hansı arxeoloji tədqiqatın aparılmasının qarşısının alınması, gənc nəslin qədim tariximizlə tanış olması imkanlarının əldən çıxması demək idi. Sovet dövrünün acı reallıqlarından xəbərdar olanlar bilirlər ki, uzun illər sovet ordusunun nəzarətində olan geniş torpaq sahələri istifadəsiz qalmış, neçə-neçə tarixi abidələrimiz vaxtında tədqiq olunmamış, nəticədə dağılaraq sıradan çıxmışdır. Çox təəssüf ki, qədim şəhər qalıqlarının dağılmağın bir addımlığında olmasına baxmayaraq, həmin dövrdə Qəbələ rayonunun rəhbərləri sovet generallarına qarşı durmağın mənasız olduğunu düşünərək vaxtında tədbir görməmiş, çıxış yolu tapmağa cəhd göstərməmiş, respublika rəhbərliyinə dəqiq məlumat verməmişdilər.

Qazıntı məskəninin sovet ordusunun nəzarətinə verilməsi, qadağa zonasına düşməsi arxeoloji tədqiqatların demək olar ki, tamamilə dayanmasına gətirib çıxara bilərdi. Baş verənlər arxeoloqların qədim qazıntı yerində işləməsinə ciddi maneçilik törədirdi. Vəziyyəti belə görən arxeoloqlar, Qəbələ ziyalıları birbaşa Heydər Əliyevə müraciət etdilər. Ümummilli lider Heydər Əliyev bu məsələ ilə əlaqədar SSRİ Hərbi Hava Qüvvələrinin komandanı ilə ciddi söhbət aparmışdır.

Ulu öndər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri Qurban Xəlilov başda olmaqla Qəbələyə nüfuzlu komissiya göndərdi. Komissiyanın məsələ ilə yaxından tanış olması, problemi həll etmək üçün aparılan gərgin müzakirələr, Azərbaycan rəhbərliyinin tarixi abidənin qorunması üçün göstərdiyi səy nəticəsini verdi. Reallıq bundan ibarətdir ki, ümummilli lider Heydər Əliyev tariximizin, qədim abidələrimizin qorunması üçün milli mövqe ortaya qoydubu gün Azərbaycan xalqı  Qəbələ şəhərinin simasında qədim tariximizin yaşadığını görür, fəxr edir.

1978-ci ilin ilk günlərində qədim Qəbələ şəhərinin xilas olunması Azərbaycan xalqının milli oyanışının mühüm mərhələlərindən biridir. Heydər Əliyevin Azərbaycanın gələcəyi naminə atdığı addım - qədim abidəmizin qorunması azərbaycanlıların milli şüurunun, milli özünüdərkin  inkişafına ciddi təsir göstərmiş, tariximiz, abidələrimizin qorunması uğrunda mübarizə konsepsiyasının əsaslarına çevrilmişdir. Tariximizi yer üzündən silmək istəyənlər  bununla barışan rayon rəhbərliyinin hərəkətləri 17 yanvar 1978-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan KP MK-nın  bürosunda müzakirəyə çıxarıldı, Qəbələ rayonunda tarixi abidələrin qorunmasına səhlənkar münasibət haqqında qərar qəbul olundu, abidəni dağıtmaq  istəyən generallarrayon rəhbərləri cəzalandırıldı. Bununla da, tariximizin minillikləri əhatə edən abidələrindən biri dağıdılmaqdan xilas edildi. Qərara uyğun olaraq, elektrik xətti cənub qapılarından, Qala bürclərindən uzaqlaşdırıldı, çayın kənarına bənd çəkildi, arxeoloji tədqiqatlar genişləndirildi.

Ulu öndər Heydər Əliyevin xüsusi göstərişi ilə 1978-ci il mart ayının 2-də Azərbaycan SSR Nazirlər Soveti Qəbələ Tarix Mədəniyyət Qoruğunun yaradılması haqqında qərar verdi.  Bu tarix-mədəniyyət qoruğunun yaradılması XX əsrin sonlarına doğru Azərbaycanda milli mədəniyyət abidələrinin, tarixi abidələrimizin qorunması istiqamətində əvəzsiz yeniliklərdən biri idi və gözəl bir örnək oldu.  Sonrakı illərdə qədim tarix-mədəniyyət abidələrinin qorunması naminə görülən işlər bir növ sistemləşdirildi, hüquqi əsaslar yaradıldı.

Ən mühüm addımlardan biri 1978-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin səkkizinci sessiyasında "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında" Azərbaycan SSR Qanunu layihəsi barədə geniş müzakirələrin keçirilməsidir. Müzakirələr zamanı müasir dövrümüzdə də aktuallıq daşıyan bir problemə - tarix və mədəniyyət abidələrinin mühafizəsi məsələsinə xüsusi diqqət yetirilirdi. Azərbaycanın qədim tarixi abidələrinin, o cümlədən Qafqaz Albaniyası məbədlərinin, memarlıq abidələrinin qorunması məsələsi gündəmə gətirildi. Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu müzakirələr əslində, SSRİ hərbi sənaye kompleksinin Qəbələ RLS-in tikintisi zamanı qədim qala divarlarını, Qafqaz Albaniyası abidələrini dağıtmaq cəhdinə ciddi bir etiraz idi. Həmin müzakirələrdə xüsusi vurğulanırdı ki, inzibati orqanlar tarix və mədəniyyət abidələrinə diqqət artırmalı, onları xarab etmək, məhv etmək cəhdlərinin qarşısını qəti surətdə almalıdırlar. Bəzi yerlərdə abidələrə biganəlik, ziyan vurulması qəti pislənildi, abidələrə ziyan vuran məsul şəxslərin, ayrı-ayrı vətəndaşların cinayət məsuliyyətinə cəlb olunması məsələsi qaldırıldı.

21 iyul 1978-ci ildə isə "Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında" qanun  qəbul olundu. Sənəddə qanunvericiliyi pozmağa görə məsuliyyət nəzərdə tutulurdu.

Azərbaycan SSR Ali Soveti 25 iyul 1978-ci ildə "Təbiətin mühafizəsi vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" qərar da qəbul etmişdir. Həmin il dekabrın 16-da Azərbaycan SSR Meşə Məcəlləsi qəbul olunmuşdur. Göstərilən bütün sənədlər məqsədyönlü, gələcəyə yönəlmiş mədəniyyətin inkişafı, tarixi  abidələrin qorunması siyasətinin mühüm tərkib hissəsi idi. Bu sənədlərin qəbulu, görülən tədbirlər Azərbaycan rəhbərinin bütün respublikada, o cümlədən Qəbələdə tarix və mədəniyyət abidələrinin, təbiətin, meşələrin qorunmasına, gələcək nəsillər üçün saxlanmasına müdrik bir baxışı idi. Onu qeyd etmək lazımdır ki,  Heydər Əliyev 1978-ci ildə Qəbələyə səfər etmiş, bu səfər rayonun həyatında inkişafa, mühüm dəyişiklərə stimul vermiş, bir sıra müəssisələrin təməli qoyulmuş, 1980-1981-ci illərdə Şəki-Qəbələ-İsmayıllı şose yolu çəkilmiş, böyük körpülər tikilmişdir. Bundan başqa, ümummilli liderin şəxsi təşəbbüsü ilə Qəbələdə 1980-ci ilin may ayının 15-də Tarix-Diyarşünaslıq Muzeyi, bir qədər sonra İsmayıl bəy Qutqaşınlının xatirə ev-muzeyi yaradılmışdır.

Ümummilli lider Heydər Əliyevin dağılmaq təhlükəsindən qoruyub saxladığı qədim Qəbələdə 14 il ərzində arxeoloji qazıntılar aparılmırdı. Böyük fasilədən sonra 2005-ci ildə SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi sayəsində Qəbələdə arxeoloji qazıntı işləri bərpa olunaraq bu gündavam etdirilir. Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, 2009-cu ildən qədim Qəbələnin tədqiqi ilə Koreya Respublikasının arxeoloqları da yaxından məşğul olurlar. Hazırda orada geniş arxeoloji tədqiqatlar aparılır. SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının dəstəyi ilə görülən bu böyük işlər tarixi varislik nümunəsidir, tariximizin öyrənilməsinə böyük töhfədir.

...Tarix millətin varlığıdır, tarixi abidələr isə milli varlığın maddiləşmiş nümunələridir. Ümummilli lider Heydər Əliyevin vətənpərvərliyi, əzmkarlığı, qətiyyəti sayəsində 1978-ci ildə qədim Qəbələnin dağılmaqdan qorunması tariximizin ən şərəfli səhifələrindən biridir.

 

 

 

Teymur BÜNYADOV,

akademik

 

 Bəhmən ƏLİYEV,

tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.-2011.-11 dekabr.-S.6.