Xilaskarlıq və quruculuq missiyası

 

 Lider şəxsiyyətlərin tarixdəki rolunu aydınlaşdırmağa çalışmış böyük filosofların fərqli elmi-nəzəri konsepsiyaları bir ortaq nöqtədə kəsişir: bütün dövlətlərin inkişaf səviyyəsini müəyyənləşdirən başlıca meyar iqtisadi potensialla yanaşı, həm də milli lider amili ilə şərtlənir. Milli lider fenomeninin müəyyənləşdirdiyi mütərəqqi inkişaf strategiyası hər bir dövlətin daxili potensialını vahid məqsədlər naminə səfərbər edir. Onun sosial-iqtisadi, mədəni və intellektual tərəqqisi üçün etibarlı zəmin formalaşdırır. Tarixdən məlumdur ki, xarizmatik şəxsiyyətlər qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, xalqı milli ideya ətrafında birləşdirmək kimi yüksək keyfiyyətlərə malik olmuşlar. Onlar məhz bu keyfiyyətlər sayəsində xalqlarının taleyində müstəsna rol oynamış, hələ sağ ikən ədəbiyaşarlıqlarını təmin etmişlər. Hər bir xalqın milli inkişaf yolunun banisinə çevrilən liderlər, həm də böyük müdrikliklə irəli sürdükləri ideyaları, məqsədləri gerçəkləşdirərək ölməzlik zirvəsinə ucalmışlar.

XX əsr Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyət - ümummilli lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və milli-mənəvi dəyərlər zəminində yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateqdir! Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən, vətəninin, xalqının yolunda həyatını qurban verməyə belə hazır olan Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir.

Ümummilli liderin əbədiyyətə qovuşmasından ötən 8 illik zaman kəsiyi bizə bu tarixin əzəmətini, möhtəşəmliyini tam mahiyyəti ilə anlamaq, Heydər Əliyev fenomeninin milli dövlətçilik qarşısındakı əvəzsiz xidmətlərini mahiyyəti üzrə dərk etmək imkanı verir. Ulu öndərin ölkəyə rəhbərlik etdiyi dövrlərdə xalqın minilliklərlə intizarında olduğu arzular, niyyətlər, məramlar gerçəyə çevrilmiş, milli dövlətçilik ənənələrinin formalaşması prosesi sürətlənmişdir. Bu zaman kəsiyi Azərbaycanda müstəqilliyin əbədi, daimi və dönməz xarakter alması, sabit dövlət quruluşunun yaranması, xalqın təbii və konstitusion haqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması kimi misilsiz tarixi prosesi əhatələyir.  

Böyük rəhbərin respublikanın ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi belə bir vaxtda - 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməsi isə ölkəni işıqlı gələcəyə doğru aparan yolun başlanğıcına çevrildi. İyulun 14-də keçirilən plenumda geniş nitq söyləyən yeni rəhbər elə ilk gündən köhnə stereotipləri dağıdaraq milli ideallara bağlı lider olduğunu nümayiş etdirdi. Heydər Əliyevin ədalətə, qanunçuluğa tapınaraq respublikada rüşvətxorluğa, dövlət əmlakının mənimsənilməsi hallarına qarşı kəskin mübarizəyə qalxması, paralel olaraq yüksək yenilikçiliyi, təşəbbüskarlığı, islahatlara meyilliliyi geniş ictimaiyyət arasında nikbinliyi, sabaha inamı artırdı.

Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərindən respublikada böyük uzaqgörənliklə formalaşdırdığı sənaye və istehsal potensialı bugünün özündə də davamlı iqtisadi yüksəliş üçün möhkəm özülə çevrilmişdir. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan sanki taleyin ümidinə buraxılmış kimi görünürdü.

Böyük strateq onu da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini məhz onun iqtisadi azadlığı şərtləndirir. Bu baxımdan Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Müstəqil Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də məhz Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürür, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikada inşasına nail olurdu. Həyata keçirdiyi səmərəli islahatlarla çox qısa zamanda - artıq 70-ci illərin ortalarında Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etdi.

Keçmiş Sovet İttifaqı kimi böyük bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək respublikanı tərəqqi yoluna çıxaran ümummilli lider Heydər Əliyev yeni və mütərəqqi sənaye sahələrinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirdi. Respublikanın bütün bölgələrinin inkişafı yönümündə ardıcıl addımlar atıldı, istehsalla bilavasitə bağlı elmi-tədqiqat sahələrinin genişləndirilməsi sahəsində kompleks tədbirlər görüldü. Elmi-texniki tərəqqinin nailiyyətləri, mütərəqqi texnologiyaların istehsalatda tətbiqi Azərbaycanın bütün İttifaqda qabaqcıl mövqelərə çıxmasına, ölkənin sosial-iqtisadi həyatında yüksəlişə rəvac verdi.

Ümumilikdə, 1970-1985-ci illərdə Heydər Əliyevin təşəbbüsü və ciddi səyləri nəticəsində respublikada onlarla zavod, fabrik, istehsalat sahələri yaradıldı, 250-dən çox sənaye müəssisəsi fəaliyyətə başladı. Azərbaycan bir sıra istehsal sahələrinə görə Sovet İttifaqında aparıcı yer tutdu, istehsal etdiyi 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac edildi.

Ulu öndər son dərəcə işgüzar olduğu kimi, həm də tələbkar rəhbər idi. 70-ci illərdə tez-tez bölgələrdə olur, sadə zəhmət adamları ilə görüşür, onlarla söhbətləşir, problemlərinin yerindəcə həlli üçün addımlar atır, ədalətsizliyə və məsuliyyətsizliyə yol verən məmurları sərt şəkildə cəzalandırırdı.

Həmin illərdə yüksək ixtisaslı kadr kimi yetişərək bu gün də dövlət idarəçiliyində mühüm postlar tutan insanlar ulu öndərin ali məktəblərdə hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması, qəbul prosesində şəffaflığın təmin edilməsi sahəsindəki qətiyyətli və prinsipial addımlarını yüksək ehtiramla xatırlayırlar. Ulu öndər hələ o dövrlərdən milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində görür, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirirdi. Ümummilli liderin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da məhz onun elmi prinsiplər üzərində qurulması, zəngin intellektual potensiala söykənməsi ilə şərtlənirdi. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsas leytmotivini təşkil edirdi. Məhz ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı ilə 70-ci illərdən başlayaraq Bakıdakı ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında azərbaycanlıların sayı intensiv şəkildə artmağa başlamış, bu sahədə milliləşdirmə prosesinə start verilmişdi.

Həmin illərdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi ulu öndərin xüsusi diqqət mərkəzində olmuşdur. Heydər Əliyev sovet Azərbaycanına hakimiyyətə gəlişindən dərhal sonra universitetin 50 illik yubileyinin keçirilməsinə qərar vermiş, 1969-cu il noyabrın 1-də bu təntənəli tədbirdə iştirak etmişdir. Ümummilli lider yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etmiş, onun dərin məzmunlu nitqi sonrakı mərhələdə milli təhsil manifestinə çevrilmişdir. Həmin çıxışda bir çox maraqlı məsələlərə toxunulmuş, adları ehtiyatla çəkilən şəxsiyyətlər haqqında geniş bəhs olunmuşdur. Heydər Əliyev ilk dəfə olaraq Azərbaycan filosofu Bəhmənyarı və digər adları qadağan edilən insanları yada salmışdı. Bu çıxışla o, bir növ, qabaqcıl və vətənəpərvər universitet ziyalılarına mənəvi ruh vermişdi. Bir faktı da qeyd edək ki, BDU-nun onillik yubileyi 1929-cu ildə keçirilmişdi. Sonrakı illərdə belə əlamətdar hadisələrin qeyd olunmasına o qədər də əhəmiyyət verilməmişdi. Yalnız 40 ildən sonra - 1969-cu ildə ümummilli liderin təşəbbüsü ilə 50 illik yubileyin keçirilməsi BDU-nun şanlı tarixinin böyük və əlamətdar mərhələsini təşkil etmişdir. Təhsil ocağının fəaliyyətinin ən məhsuldar dövrü Heydər Əliyevin Azərbaycana rəhbərliyi ilə üst-üstə düşmüşdür. Əsl hesabat yubileyləri də məhz bu dövrə təsadüf etmişdir. Ulu öndər 50, 60, 75, 80 illik yubiley komissiyalarının sədri olmuşdur. Universitet kollektivi öz hesabatını xalqın böyük oğlu Heydər Əliyevə vermişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtaran ümummilli lider BDU-da layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Böyük strateq universitetə hər zaman müqəddəs məbəd kimi baxmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə, hətta sərt addımlardan belə çəkinməmişdir. 1970-ci illərin əvvəllərindən etibarən Heydər Əliyev hüquqşünas kadrların hazırlanması işinin keyfiyyətini birbaşa nəzarətə götürmüşdür. Geniş imtiyazlara, səlahiyyətlərə malik vəzifəli şəxslərin övladlarının hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar imzalamışdır. Bununla da, təhsil sistemində özünü qabarıq göstərən neqativ tendensiyalara son qoyulmuşdur.

Ulu öndər BDU-nun 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə təhsil ocağının beynəlxalq əlaqələrinin genişlənməsi məhz Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, bu əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Ulu öndərin himayəsi və qayğısı sayəsində universitetin 40-dan çox müəllimi xarici ölkələrə pedaqoji işə göndərilmişdir. 300-dən çox müəllim və tələbə Asiya və Afrika ölkələrində tərcüməçi işləmiş, 30 müəllim və elmi işçi Avropa, ABŞ və Yaponiyada elmi ezamiyyətdə olmuşdur.

Həmin dövrdə ulu öndərin diqqət və qayğısı ilə universitetin maddi-texniki bazası, iş şəraiti əsaslı şəkildə yaxşılaşdırılmış, yeni ixtisaslar üzrə fakültələr, kafedralar açılmış, kabinet və laboratoriyaların sayı 115-i keçmiş, 15 ixtisaslaşmış laboratoriya yaradılmış, təhsil ocağının ikinci korpusu tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, professor-müəllim heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, onların yeni mənzillərlə təminatına xüsusi diqqət yetirilmişdir.

Bakı Dövlət Universietindən pərvazlanan, təhsil sahəsində böyük uğurlar əldə edən tələbələrin keçmiş SSRİ-nin bir sıra qabaqcıl universitetlərinə oxumağa göndərilməsi ənənəsi də ulu öndərin respublikada milli kadr potensialının formalaşdırılması istiqamətində atdığı mühüm addımlardan biri kimi xatırlanır. Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə əsasını qoyduğu bu ənənə elmi potensialımızın yüksəlməsinə, ixtisaslı kadrlara olan ehtiyacın ödənilməsinə hesablanmışdır. Ümummilli liderin dövlətçilik fəlsəfəsinə görə elmə, təhsilə göstərilən qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir. Ötən əsrin 60-cı illərində SSRİ-nin müxtəlif yerlərində oxumaq istəyənlər üçün yalnız 50 yer ayrıldığı halda, 80-ci illərin əvvəllərində bu göstərici 1000 nəfəri ötmüşdü. Bu illərdə ulu öndərin qayğı və diqqəti ilə 10 minədək azərbaycanlı gənc respublikamızdan kənarda - keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilmişdir. Məhz həmin dövrdə prioritet istiqamətli ixtisaslara yiyələnmiş yüksək səviyyəli kadrlar bu gün Azərbaycanda hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edirlər. Xüsusi vurğulamaq lazımdır ki, elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət məsələləri müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas qayəsini təşkil etmişdir.

Tarixən böyük siyasi liderlər ən böhranlı, çətin anlarda məsuliyyəti çiyinlərinə götürərək bütöv bir xalqın, millətin xilaskarına çevrilirlər. Ulu öndərin diqqəti çəkən fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti yəqin heç zaman xatirələrdən silinməyəcək. Tale 1993-cü ildə respublikanı növbəti dəfə çətin sınaqlarla üz-üzə qoyanda xalq yeganə xilaskar kimi Heydər Əliyevi hakimiyyətdə görmək istədi.

1993-cü ilin iyununda Bakıya qayıdan Heydər Əliyev yorulmaq bilmədən, qətiyyətlə Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürdü, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, ictimai-siyasi sabitliyin tam bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olundu.

Ümummilli lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra hələ 70-80-ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxladı, elm sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşdırıldı. Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapdı. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi. Ümummilli liderin təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir.

Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır.

Heydər Əliyevin siyasi lider kimi gücü və qüdrəti, ilk növbədə, onun elan etdiyi məqsəd və vəzifələrin real həyatda praktik tətbiq imkanları ilə ölçülür. Bununla da, dahi rəhbər yeni dövrün gerçəkliklərini nəzərə almaqla müstəqil Azərbaycanın perspektiv iqtisadi, siyasi, hüquqi inkişaf prioritetlərini açıqlamış, demokratik inkişafa doğru sürət götürmüş dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda, ümumilikdə, dünyada həlledici təsir məkanına çevirmişdir. 1996-cı ildən uğurla reallaşdırılan bu strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati-hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir.  Ümummilli liderin milli dövlətçilik qarşısında ən böyük, misilsiz xidmətlərindən biri də müstəqil Azərbaycanın yeni neft strategiyasının hazırlanması və 1994-cü ildən uğurla həyata keçirilməsi olmuşdur.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hakimiyyət bölgüsü prinsipi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsasları, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsi qoyulmuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.

Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat və sərbəst toplaşmaq azadlığı bərqərar olmuş, dövlət idarəcilik sistemi tamamilə yenidən qurulmuş, məhkəmə-hüquq islahatları aparılmışdır. Ulu öndərin respublikaya rəhbərliyi illərində ölüm cəzasının, mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, respublikada üçpilləli məhkəmə sisteminin formalaşdırılması, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun yaradılması, konstitusiyaya mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi və digər məsələlər demokratik inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdən olmuşdur.

Ümummilli lider özünün böyük siyasi təcrübəsi və səriştəsi sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin milli maraqlara uyğunlaşdırılmasını da təmin etmişdir.

Ulu öndər Heydər Əliyev bütün bunlarla yanaşı, xalqın milli mədəniyyətinin və mənəvi-əxlaqi dəyərlərinin də qorunub saxlanılması üçün daim böyük səylər göstərmişdir. Elm, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin sosial müdafiəsinin təşkili istiqamətində atılan addımlar, dövlət büdcəsində baş verən artımlar hesabına bu sahələrə yönələn vəsaitlərin yüksəlməsi yeni bir intibah mərhələsinin əsasını qoymuşdur. Vətəndən uzaq düşən, xaricə üz tutan istedadlı alimlərimiz tədricən geri qayıtmağa başlamışdılar. Akademiyanın fəaliyyətində yeni istiqamətlər müəyyənləşdirilmişdir.

Heydər Əliyev təkcə milli elmin inkişafı üçün lazımi maddi texniki təminat, alimlərin sosial problemlərinin həlli qayğısına qalmır, eyni zamanda, cəmiyyət üçün xüsusi aktuallığa malik elmi problemləri də özünəməxsus fəhmlə müəyyən edərək alimlərin diqqətinə çatdırır, onları daha ciddi araşdırmalar aparmağa ruhlandırırdı. Hər dəfə keçirdiyi görüşlər zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını nəzərə alaraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, ölkədə elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Geniş kütlə, xalq, millət üçün humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan böyük öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyətini xüsusi qeyd etmişdir.

Ulu öndər Heydər Əliyev müstəqillik illərində elmin, ali təhsilin əsas mərkəzlərindən olan Bakı Dövlət Universitetini qətiyyən unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. 1994-cü ildə BDU-nun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur. Ümummilli liderin yubiley mərasiminə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Böyük rəhbərin dəfələrlə qeyd etdiyi kimi, universitetin başlıca məqsədi gələcəyin vətəndaşını, yüksək səviyyəli mütəxəssisini yetişdirməkdən ibarətdir. "Fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam" - deyən ulu öndər Heydər Əliyev BDU-ya olan rəğbətini daim büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Görkəmli dövlət xadimi ilə Bakı Dövlət Universitetini bir-birindən ayrı təsəvvür etmək qətiyyən mümkün deyildir. Ən azı, bu səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazasının möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır. Ümummilli liderin təşəbbüsü ilə universitetin 80 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da həmin diqqətin əyani təzahürü olmuşdur. BDU-nun 69 alimi mükafatlandırılmışdı - "Şöhrət" ordeni, əməkdar elm xadimi, əməkdar müəllim adı, "Tərəqqi" medalı ilə təltif olunmuşdu.

Dahi şəxsiyyət yalnız Azərbaycanın davamlı inkişaf strategiyasının möhkəm təməlini qoymaqla kifayətlənməmiş, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi şərtlər müqabilində davam etdirməyə qadir, yüksək istedadlı, praqmatik və rasional təfəkkürlü, xalqını, dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı və lider yetişdirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyəti onun ulu öndərin əsasını qoyduğu proqressiv elm və təhsil ənənələrini uğurla davam etdirdiyini və yeni dövrün tələblərinə uyğun zənginləşdirdiyini göstərir. Ötən müddətdə Azərbaycanda dinamik iqtisadi inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan cənab İlham Əliyev elm və təhsilin problemlərini də diqqət mərkəzində saxlamış, ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin varisliyini təmin etmişdir. Milli təhsilin inkişafı məsələsi öz məzmununu dəyişərək artıq həm də Azərbaycanın gələcək inkişaf modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilmiş, insan kapitalının formalaşmasına xidmət edən ümumtəhsil hərəkatı başlanmışdır.

Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yeri və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminə müxtəlif fəxri adlar, mükafatlar, fərdi təqaüdlər verilmişdir.

Bu gün Azərbaycanda dünya ölkələrinin heç birinə bənzəməyən inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapmışdır. 70 il inzibati-amirlik sistemində yaşamış, iqtisadiyyatı səmərəsiz, köhnə texnologiya və infrastruktur üzərində qurulmuş bir respublikanın qısa müddətdə qazandığı nailiyyətlərin miqyası Azərbaycanla genişmiqyaslı əməkdaşlığa maraq göstərən beynəlxalq təşkilatlarda, habelə aparıcı Qərb dövlətlərində də heyrət doğurur. Son illərdə ictimai fikir tarixinin ayrı-ayrı tədqiqatçıları, tarixçilər, sosioloqlar və filosoflar Azərbaycanın unikallığı ilə fərqlənən milli inkişaf modelini konkret elmi postulatlar üzərində əsaslandırmağa, respublikamızda modernləşmə və demokratikləşmə xəttinin spesifik cəhətlərini, habelə növbəti inkişaf mərhələləri üçün qarşıda duran strateji vəzifələri müəyyənləşdirməyə çalışırlar.

Respublikamız qlobal böhranı inamla geridə qoyaraq sürətli sosial-iqtisadi inkişafını qoruyub saxlayır, böyük infrastruktur layihələri, regional proqramlar həyata keçirir, Avropanın enerji təhlükəsizliyində sözünü deyir. Əminliklə demək olar ki, müstəqil Azərbaycan bu gün beynəlxalq miqyasda cərəyan edən proseslərə də fəal təsir imkanlarına malikdir. Bir müddət əvvəl sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına Azərbaycanın üzv seçilməsi bütövlükdə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır.

Milli Məclisdə təsdiq olunmuş 2012-ci ilin dövlət büdcəsi  Azərbaycanın davamlı tərəqqi və yüksəliş yolunda olduğunu bir daha təsdiqləyir. Gələn ilin büdcə xərcləri dövlətin orta və uzunmüddətli prioritetlərini özündə birləşdirən iqtisadi xəttin həyata keçirilməsinə, sosial-iqtisadi inkişaf sürətinin qorunub saxlanılmasına, iqtisadiyyatın tənzimlənməsinə və stimullaşdırılmasına, milli maraqların beynəlxalq miqyasda təmin edilməsinə, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına, istehsal və sosial infrastrukturun müasir tələblər səviyyəsində qurulmasına, xalqın rifah halının daha da yaxşılaşdırılmasına maliyyə təminatı yaradacaqdır. Bu günlərdə təhsil,  səhiyyə və digər sahələrdə çalışanların əməkhaqlarının qaldırılması 2012-ci ilin fəal sosial siyasət ili olacağını bəri başdan əminliklə söyləməyə ciddi əsaslar verir.    

Ümumilikdə, indi müstəqil Azərbaycanda milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir. Hazırda biz Azərbaycanda baş verən görünməmiş iqtisadi tərəqqinin şahidiyik və bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artirmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır.

Bütün bunlar göstərir ki, Heydər Əliyev ideyalarını hər sahədə uca tutan, onları praktik şəkildə gerçəkləşdirən Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi məqsədyönlü siyasətin qayəsində xalqın milli-mənəvi, mədəni və elmi-intellektual potensialının gücləndirilməsi məqsədi ön planda dayanır. Bəli, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir! Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə ulu öndərin yaratdığı şanlı tarixi yaşatmaqla bahəm, həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, fəaliyyəti ilə yeni bir tarixi epoxanın əsasını qoymuşdur!

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru,

akademik, Milli Məclisin deputatı

 

Azərbaycan.-2011.-11 dekabr.-S.5.