Xalqın əbədi və tükənməz
sevgi ünvanı
Hər bir xalqın milli varlıq və özünütəsdiqinin parlaq ifadəsinə çevrilən müstəqil dövlətçilik konsepsiyasının fenomenal liderlərin adı ilə bağlılığı birmənalı şəkildə qəbul edilir. Azərbaycan kimi spesifik dəyərləri, mentaliteti, dövlətçilik ənənələri və milli demokratiya modeli olan dövlətlərdə şəxsiyyət və lider amili xüsusilə mühüm rol oynayır. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş böyük strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində ulu öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.
Azərbaycanın yeni tarixində dönüş ili
Dövlətə kimin rəhbərlik etməsindən bir çox məsələlər - iqtisadiyyatın inkişafı, tikinti-quruculuq işləri, xalqın güzəranının yaxşılaşdırılması, mədəniyyət sahəsində tərəqqi və s. asılıdır. Çünki qarşıda duran vəzifələrin uğurlu həlli həm də rəhbərin şəxsi keyfiyyətlərindən, bacarıq və qabiliyyətindən də qaynaqlanır. Odur ki, xalq həmişə dövlət başçısının kimliyi ilə yaxından maraqlanır, xüsusən onun fəaliyyətinin ilk dövrlərində atdığı addımlara diqqətlə yanaşır. Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçilərkən geniş kütlə tərəfindən yaxından tanınmırdı. Əslində DTK-da çalışanların kimliyi və işi qapalı saxlanılırdı. Odur ki, rəhbər dəyişikliyi baş verəndə bütün diqqət ona yönəldi. Tezliklə hamı Azərbaycana yeni fəaliyyət metodlarına malik rəhbərin gəldiyinin şahidinə çevrildi. Bütün bunlar isə çox sadə formada baş verirdi. Bu sadəliyin arxasında böyük təfəkkürün və baş verəcək dəyişikliklərin dayandığına heç kəs şübhə etmirdi.
Heydər Əliyevin Azərbaycana rəhbərliyə başlaması, Azərbaycanın isə onun simasında özünə yeni fəaliyyət metodlarına malik rəhbər tapması hər ikisinin yüksəlişinin, xalqın da xoşbəxtliyinin başlanğıcı oldu! Elə buna görə də Heydər Əliyevi hamı sevirdi, yaşından, cinsindən, sosial vəziyyətindən asılı olmayaraq hər kəs! Bu məhəbbət təmənnasız olurdu, bəlkə də görülən işlərin müqabilində minnətdarlıq hissinin ifadəsinə çevrilirdi. Və bu məhəbbət respublikaya rəhbər seçildiyi ilk gündən yaranmağa başlamışdı. Azərbaycana rəhbərliyə başladığı gündən hər bir vətəndaş, bütövlükdə xalq ona arxa duran, mənafeyini qoruyub müdafiə edən, haqsızlıq və qanunsuzluqla barışmayan böyük qəlbli insanın hakimiyyətə gəldiyini düşünürdü. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Qısa zamanda məhz geniş və çoxcəhətli, qızğın fəaliyyəti sayəsində özündən əvvəlki respublika rəhbərlərini kölgədə qoydu. Ulu öndər hansı sahəyə nüfuz edirdisə, orada yeniliklər yaradır, əsaslı bir iş görürdü. Həm də bu fəaliyyət təkcə bu günlə məhdudlaşmır, gələcəyə ünvanlanırdı. Qeyri-adi enerji və təşkilatçılıq qabiliyyəti ilə fərqlənən, mahiyyətcə qurucu və yaradıcı olan, öncəgörmə qabiliyyətinə və siyasi fəhmə malik ulu öndər hələ sağlığında əfsanəyə çevrildi. Bu da onun başqaları üçün əlçatmaz hesab olunan işləri qısa müddətdə yerinə yetirməsi, ən ağır və çətin vəziyyətlərdən uğurlu çıxış yolu tapması, hətta mümkün olmayanı belə gerçəkliyə çevirməsi məharəti ilə bağlı idi. Böyük təsir və nüfuzetmə qabiliyyətinə malik olan ulu öndər mühiti, münasibətləri, necə deyərlər ab-havanı belə ustalıqla dəyişirdi.
Gələcək müstəqilliyə zəmin olacaq addımlar
Hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırladı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".
Orta və yaşlı nəslin nümayəndələri respublikanı böyük uğurlara aparan müstəqillik yolunun məhz ötən əsrin 60-cı illərinin sonundan başlandığını yaxşı xatırlayırlar. O dövrdə keçmiş SSRİ-nin ən geridə qalmış respublikalarından biri kimi tanınan, iqtisadi, mənəvi-ideoloji böhran keçirən Azərbaycan taleyin ümidinə buraxılmış kimi görünürdü. Zəngin xammala, karbohidrogen ehtiyatlarına, insan resurslarına malik Azərbaycanın İttifaq miqyasında geridə qalmış ölkələrdən birinə çevrilməsi son dərəcə dözülməz hal idi.
Heydər Əliyevin tükənməz enerjisi və təşkilatçılıq məharətinin Azərbaycanın təbii ehtiyatları və iqtisadi potensialı ilə birləşməsi, üstəlik mövcud reallıqların düzgün qiymətləndirilərək mümkün olanlardan daha səmərəli istifadə edilməsi sürətli inkişaf və güclü yüksəlişlə nəticələndi. Ən önəmlisi o idi ki, baş verən intibah mənəvi sferanı da əhatə edirdi. Ümummilli lider Heydər Əliyevin birinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkə iqtisadiyyatı həm intensiv, həm də ekstensiv inkişaf edirdi. Beləki, 1970-1982-ci illərdə respublikada 250 yeni müəssisə, istehsalat və sex tikilmiş, neftayırma sənayesi müəssisələri tamamilə yenidən qurulmuş, iri elektron, elektrotexnika, radiotexnika, cihazqayırma sənayesi zavodları inşa olunmuşdur. Nəticədə göstərilən müddətdə Azərbaycanda sənaye istehsalı 2,7 dəfə artmışdır. 13 ildə o zamankı qiymətlərlə 101,5 milyard manatlıq (əvvəlki 50 ildə olduğu qədər) məhsul istehsal edilmişdir. Həm də xalq istehlakı malları istehsalı 3 dəfə, əmək məhsuldarlığı 2 dəfədən çox, fond verimi 25 faiz artmışdır.
1970-1982-ci illərdə kənd təsərrüfatının məcmu məhsulu 2,6 dəfə çoxalmış, əmək məhsuldarlığı 2,2 dəfə yüksəlmişdir. Əsaslı dövlət vəsaiti qoyuluşunun 1 manat artımı hesabına əlavə olaraq 3,5 manatlıq məhsul alınmışdır. Göstərilən dövrdə milli gəlir 2,6 dəfə çoxalmışdır. Azərbaycan büsbütün yenidən tikilib qurulmuş, kənd və qəsəbələr salınmış, fabrik və zavodlar tikilmiş, yaşayış məntəqələrinin siması tamamilə dəyişmişdir. Yetmişinci illərədək Azərbaycan kəndi əsasən çiy kərpicdən və palçıqdan tikilmiş komalardan ibarət idi. Kəndlinin gəliri az olduğundan güzəranı ağır keçirdi. Kənd təsərrüfatının yüksəlişi bu sahədə inqilabi dəyişiklik yaratdı. Yeni texnika və aqrotexniki qaydaların genişmiqyaslı tətbiqi hesabına əmək məhsuldarlığı və məhsul istehsalı bir neçə dəfə artdı, təsərrüfatların və əməkçilərin gəliri qat-qat çoxaldı. Kəndlinin güzəranı və məişət şəraiti dəyişdi. Azərbaycan kəndi palçıq komalardan qurtularaq simasını dəyişdi. O vaxtdan həyətində minik avtomobili, ikimərtəbəli ağ mişar daşından evi, məişətində hər növ elektrik cihazları olan kəndli ailələri Azərbaycan kəndlisini xarakterizə edən başlıca əlamətə çevrildi. Bu gün elə bir kənd tapılmaz ki, orada Heydər Əliyev dövrünü xatırladan bir neçə "abidə"yə rast gəlinməsin. Ölkə paytaxtı Bakı şəhəri də yeni mikrorayonlar, park və xiyabanlar, küçə və meydanlar hesabına böyüyərək gözəlləşdi. "Gülüstan" və "Respublika" sarayları, Prezident sarayı və Milli Məclisin binası, "Moskva", "Azərbaycan", "Abşeron" mehmanxanaları, Əl oyunları sarayı və Olimpiya İdman Kompleksi, metro stansiyaları və digərləri həmin dövrdə tikilmiş, N.Nərimanova, C.Cabbarlıya, Nəsimiyə, H.Cavidə və digər görkəmli həmvətənlərimizə abidələr qoyulmuş, onlarla ədəbiyyat və incəsənət xadiminə, sənətkara fəxri adlar, dövlət mükafatları verilmişdir. Bütün bu yüksəliş və dəyişikliyin memarı və qurucusu olan ümummilli lider Heydər Əliyev isə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülərək dünya miqyasında tanınıb məşhurlaşmışdır.
Xalqın inkişafı, sabahı elm və təhsillə bağlıdır. Elmsiz xalq tərəqqi edə bilməz. Dövlətin gələcəyini düşünənlər hökmən gənc nəslin təhsilinə, təlim-tərbiyəsinə ciddi diqqət yetirməlidirlər. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elmə və təhsilə, gənclərin tərbiyəsinə xüsusi diqqət və qayğı göstərmiş, elm adamlarının, tələbə, aspirant və gənc alimlərin sevimlisinə çevrilmişdi. Heydər Əliyevin bu sahədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər elm və təhsilin inkişafına güclü təkan verməklə yanaşı, Azərbaycanın yüksək səviyyəli kadrlara ehtiyacını ödəmişdir.
Lakin unutmamalıyıq ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər cəmiyyətdəki mənəvi-əxlaqi aşınmalar, sosial-mənəvi sarsıntılar fonunda haqq-ədalətə inamı itirmişdi. İmtiyazlı partiya nomenklaturasının yaratdığı sərt maneələr şəraitində hansısa imkansız azərbaycanlı gəncinin yalnız öz biliyi sayəsində ali məktəbə daxil olması, cəmiyyətdə layiqli yerini tutması nəinki çətin, hətta əlçatmaz görünürdü. Həmin dövrdə ən nüfuzlu institutların qapıları zəhmətkeş ailələrin övladlarının üzünə bağlanmışdı. Bir sıra ali məktəblərə, müxtəlif institutların ayrı-ayrı fakültələrinə qəbul olunmaq çox çətin idi. Sadə, əməkçi ailələrindən çıxan gənclər isə bəzi ixtisaslar üzrə təhsil almaqda böyük maneələrlə üzləşirdilər. Ulu öndər Heydər Əliyev məsələni yoluna qoymaqdan ötrü ali məktəblərdə "fəhlə fakültələri" yaradılması barədə qərar qəbul etdi. Sadə ailələrdən çıxmış gənclər bir müddət istehsalatda çalışdıqdan sonra həmin fakültələrə daxil olur, burada müvafiq hazırlıq kursu keçərək uğurla imtahan verib instituta daxil olurdular. Belə bir addımdan sonra həkim, hüquqşünas, jurnalist və digər ixtisaslar üzrə oxuyan yoxsul ailələrdən çıxan tələbələrin sayı artdı.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada nəinki təhsil alanların, hətta dərs deyənlərin sırasında belə azərbaycanlıların tək-tük olduğunu bilmişdi. Bundan sonra müxtəlif növ qoşun hissələrində xidmət edəcək zabit kadrların azərbaycanlılar sırasından hazırlanmasını da nəzarətə götürmüşdü. Əlbəttə, qeyri-millətdən olanların bir sıra məxfi hissələrə və hərbi ixtisaslara yaxın qoyulmadığı vaxtlarda bu, bir o qədər də asan deyildi. Üstəlik, o dövrdə gənclərimiz hərbi peşələrə kifayət qədər maraq göstərmirdilər. Dərin zəka sahibi və uzaqgörən siyasətçi Heydər Əliyev məsələnin köklü şəkildə həlli yolunu tapdı. Çox keçmədən onun təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Qarabağ uğrunda döyüşlərdə məktəbin müdavimləri böyük şücaət göstərdi, bir çoxu Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər.
Heydər Əliyev qısa müddətdə ölkədə mədəni və mənəvi intibahı təmin etməklə, bu mütərəqqi prosesi iqtisadiyyatdakı uğurlarla üzvi surətdə əlaqələndirir, paralel şəkildə həyata keçirirdi. Təsadufi deyil ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı inkişaf və quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.
Heydər Əliyev respublikaya birinci rəhbərliyi dövründə həyat amalının xalqa layiqli xidmətdən ibarət olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirməklə yanaşı, gələcək müstəqilliyə etibarlı zəmin formalaşdırdı, Azərbaycanın həyatında intibah mərhələsinin əsasını qoydu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider haqqında bəzi düşüncələr" əsərində həmin dövrü belə xarakterizə edir: "1969-cu il Azərbaycanın ən yeni dövrü tarixində dönüş ili oldu. Respublikanın dinamik inkişafının təmin edilməsinə dair kompleks proqramlar işlənib hazırlandı. Bu yorulmaz fəaliyyət sayəsində 1970-1985-ci illər baş vermiş dəyişikliklərin vüsəti, rifahın keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi baxımından, sözün tam mənasında, müstəqil Azərbaycanın yaranması salnaməsində ən parlaq səhifədir. Həmin illərdə Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublika iqtisadiyyatının hərtərəfli tərəqqisi və intensiv inkişafını nəzərdə tutan beş xüsusi qərar qəbul etmişdi. Sosial-iqtisadi inkişafın başlıca istiqamətlərini müəyyən edən həmin qərarların xalqımızın mənafeləri baxımından tarixi əhəmiyyəti vardı. Tam inamla demək lazımdır ki, indiki mərhələdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin müntəzəm surətdə genişlənməsi və dünya iqtisadiyyatına daha dərin inteqrasiyası prosesi hələ 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində təməli qoyulmuş potensiala əsaslanır."
Müstəqil Azərbaycan Heydər Əliyevin "şah əsəri"dir
İdarəetmə bir elmdir, müəyyən qayda və prinsipləri olan elm. Onu hər adam öyrənib mənimsəyə bilmir. Hətta elmə dərindən bələdlik də bu sahədə uğur qazanılacağına təminat vermir. Çünki idarəetmə həm də bir sənətdir: qurmağı, yaratmağı, insanlarla rəftar etməyi, çoxşaxəli və çoxcəhətli münasibətləri düzgün tənzimləməyin prinsiplərini özündə ehtiva edən sənət. Təkcə diletantlar idarəetmənin asan və sadə məsələ olduğunu güman edə bilərlər, Azərbaycanın bəzi müxalifət partiyalarının başçıları kimi. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində - hələ onların hamısı AXC şinelində olarkən idarəetmənin hər kəsin bacaracağı bir peşə olduğu qənaətindəydilər. Fikirləşirdilər ki, hakimiyyəti ələ keçirmək, vəzifə kürsülərini bölmək, sosializmdən imtina etmək kifayətdir. Belə bəsit düşüncə tərzi "bəy"lərə baha başa gəldi. Xalqın istəyi ilə hesablaşmayaraq "tankın belində" iqtidara gələnlər acgözlüklə xalqın və dövlətin sərvətini çapıb-talayır, şəxsi maraqlarını hər şeydən üstün tuturdular. Bunun nəticəsində ölkə xaos və anarxiya, qanunsuzluq burulğanına düşdü. Qanunsuz silahlı birləşmələr hakimiyyət uğrunda arasıkəsilmədən mübarizə aparır, torpaqlarımız kəndbəkənd düşmən işğalına məruz qalırdı. Azərbaycanın nəinki bəyan olunmuş müstəqilliyi, hətta bütövlükdə bir dövlət kimi mövcudluğu sual altında idi. Artıq dövləti idarə edə bilməyən AXC-Müsavat iqtidarı da siyasət meydanından getmək məcburiyyətində qalmışdı.
Bəs dövləti kimə etibar etmək olardı? Kim tufanlar qoynunda çalxalanan Azərbaycan adlı gəmini sağ-salamat mənzil başına çatdıra bilərdi? Bu suallar uşaqdan-böyüyədək hamını düşündürürdü. Qərar isə yekdil oldu! Bütün nəzərlər Naxçıvana dikildi. Xalq özünün sınanmış və sədaqətli oğlunun, görkəmli dövlət xadimi və dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtmasını xahiş və tələb etdi. Heç zaman öz seçimində yanılmayan xalq Azərbaycanın xilasını, xaos və anarxiyadan qurtuluşunu, müstəqilliyinin qorunmasını və əbədiliyə çevrilməsini məhz onun fəaliyyətində görürdü. Ulu öndər xalqın arzu və çağırışına biganə qalmadı və tarixi missiyasını gerçəkləşdirməkdən ötrü geriyə döndü.
Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev Milli Məclisin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında deyirdi: "Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy edəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm."
Beləliklə,
tarixi qovuşma baş verdi. Həyatının
ən çətin illərini yaşayan ümummilli lider Heydər
Əliyevlə məhvolma ərəfəsində olan Azərbaycan
yenidən bir-birinə tapındı. Bu həm də fəlakət
və müsibətlərin sonu demək idi! Çünki təkcə
Azərbaycan xalqı yox, bədxahlarımız və
düşmənlərimiz də yaxşı bilirdilər ki,
Heydər Əliyevin rəhbəri olduğu Azərbaycan
basılmaz və yenilməzdir! O daim inkişaf və tərəqqi
yolu ilə irəliləyəcəkdir! Lakin ilk
qovuşma mərhələsində bir çox problem və
çətinliklər həll edilməli idi. Xalqın xilaskarı missiyasını üzərinə
götürən ümummilli lider Heydər Əliyev
özünəməxsus enerji və uzaqgörənliklə fəaliyyətə
başladı. Naxçıvandan Bakıya
gələndə isə Heydər Əliyev özü ilə
bilik və təcrübəsindən başqa heç nə gətirməmişdi.
Onun nə ordusu vardı, nə də cəbbəxanası.
Faktiki olaraq təpədən-dırnağadək
silahlanmış xarici düşmənlərlə, eyni zamanda
kifayət qədər silah-sursatı olan və dövlətçiliyə
əl qaldıran qüvvələrlə
çarpışmalı idi. Lakin bu böyük insan
heç zaman ölümdən və mübarizədən
qorxaraq geri çəkilməmişdi! Kifayət qədər
böhranlı bir dövrdə xalqın
çağırışına cavab verərək, Azərbaycanın
idarəçilik sükanı arxasına keçən Heydər
Əliyev uzaqgörənliyi, təcrübəsi və əzmkarlığı
ilə ilk növbədə ölkədə ictimai-siyasi
sabitliyi, qanunçuluğu təmin etdi, qanunsuz silahlı dəstələr,
dövlətçiliyə qarşı çıxmış
qiyamçılar, ölkəni parçalamaq iddiasına
düşən separatçılar zərərsizləşdirildi,
xalq vətəndaş müharibəsi təhlükəsindən
xilas oldu.
O
dövrdə ölkə daxilindəki qüvvələrin və
siyasi partiyaların başı hakimiyyət uğrunda
mübarizəyə və daxili çəkişməyə
qarışdığından torpaqların müdafiəsi
büsbütün unudulmuşdu. Bundan istifadə
edən düşmən kənd, qəsəbə və
rayonlarımızı bir-birinin ardınca ələ
keçirirdi. Milli ordu yaratmaq adı ilə
"birləşdirilən" ayrı-ayrı dəstələrdə
pərakəndəlik və özbaşınalıq hökm
sürür, vahid komandanlığa tabeçilik göstərilmirdi.
Düşmən Kür çayına qədər
olan əraziləri tezliklə işğal etmək niyyətini
gizlətmirdi. Hərbi əməliyyatların gedişində
atəşkəs yaradılması bir sıra problemlərin həllinə
imkan verdi. Ən əvvəl
yeni ərazilərin işğalının qarşısı
alındı. Zorla doğma yurdlarından
qovularaq çöllərdə və düzlərdə
ağır şəraitdə yaşayan yüz minlərlə
məcburi köçkünün yerləşdirilməsinə,
onlar üçün minimum şərait yaradılmasına
imkan qazanıldı. Milli ordu
quruculuğuna başlanıldı.
Böyük rəhbər Heydər Əliyev qısa zamanda
ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə
ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin
qarşısının alınmasına xidmət edən bir
sıra zəruri tədbirlər həyata keçirdi. Həmin dövrdə bir
ictimai-iqtisadi formasiyadan digərinə keçid
dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi
modelə üstünlük verəcəyi ilə bağlı
çoxlu fikirlər, təkliflər irəli sürülsə
də, böyük strateq Heydər Əliyev hansısa dövlətin
təcrübəsinin olduğu kimi milli iqtisadiyyata
köçürülməsini düzgün
saymamışdı. Ümummilli lider demokratik həyat
tərzinin diktə etdiyi gerçəklik kimi bazar
iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın
özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli
sürmüş və onu əsaslandırmışdı.
İqtisadi sahədə mərhələlərlə
həyata keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanırdı.
20 sentyabr
1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə ulu öndər Heydər
Əliyevin çox böyük müdriklik və uzaqgörənliklə
hazırladığı yeni neft strategiyasının həyata
keçirilməsinə başlandı. Neft sahəsi
lokomotiv rolunu oynayaraq iqtisadiyyatın digər sahələrinin
də inkişafına yardım göstərdi, eyni zamanda Azərbaycanın
dünyaya inteqrasiyasını sürətləndirdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında ən böyük xidmətlərindən
biri də dövlət quruculuğunun hüquqi
bazasının yaradılmasıdır. Ümummilli
liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycanın
ilk Konstitusiyası müstəqil dövlət quruculuğu
prosesinin əsas prioritetlərini müəyyənləşdirdi.
Siyasi, iqtisadi, hüquqi islahatlar keçirildi,
möhkəm qanunvericilik bazası yaradıldı. Qazanılan uğurlar nəticəsində Azərbaycan
Avropa Şurasına üzv oldu.
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamda
vurğulandığı kimi, "Müstəqilliyimizin ilk
illərindəki hərc-mərclik və xalqımızın
maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi
və milli sərvətlərin talan edilməsi dərin siyasi
və iqtisadi-sosial böhranla nəticələndi. 1993-cü ilin
iyun ayından ölkədə formalaşmağa başlayan
yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini
aradan qaldırdı, separatçılıq meyillərinə
son qoydu və Heydər Əliyevin dövlət quruculuğu
siyasətinin gerçəkləşməsinə gətirib
çıxardı".
Ən layiqli davamçı
Azərbaycan cəmiyyəti
Heydər Əliyevin zəngin dövlətçilik irsini
ölkənin milli təhlükəsizliyinin, iqtisadi
maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə
yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.
Bu siyasəti yeni dövrün tələblərinə
uyğun təkmilləşdirən dövlət
başçısı İlham Əliyev əsl vətənpərvər
və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi
vədlərin böyük əksəriyyətini əməli
işi ilə doğruldaraq hər bir vətəndaşın
layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Son 8 ildə respublikada uğurla həyata keçirilən
siyasət, ilk növbədə, ölkədəki
ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın
demokratik və sosial-iqtisadi inkişafı məqsədinə
yönəlmişdir. Cənab İlham
Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə
xalqın seçimini doğrultmağa qadir qətiyyətli,
peşəkar və milli maraqlara bağlı rəhbər
olduğunu nümayiş etdirmişdir.
Cənab İlham Əliyev Heydər Əliyevin siyasi
kursunun ən layiqli davamçısıdır. Bu kurs Azərbaycan
xalqı üçün ən əsas və hər şey
deməkdir. Xalq bu məqamı şəxsi
təcrübəsində müəyyən edib. Zaman Heydər Əliyev siyasətinin alternativsizliyini
və xalqın İlham Əliyevi dəstəkləməklə
ən doğru addım atdığını göstərir.
"İlham Əliyevin hakimiyyətə gəlişi ilə
Azərbaycan cavan, eyni zamanda təcrübəli, enerjili,
peşəkar liderə malik oldu. Dünya şöhrətli
siyasi xadim Heydər Əliyev Azərbaycan dövlətçiliyini
yaratdı, Azərbaycan millətini birləşdirdi və təbii
ki, bu, ölkədə hakimiyyət dəyişikliyi zamanı
özünü göstərdi. İlham Əliyev xaricə
səfərləri zamanı təkcə Azərbaycan
üçün deyil, bütün bölgə, eyni zamanda mənim
ölkəm üçün çox iş görür".
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan
Prezidenti İlham Əliyev haqqında söylədiyi bu səmimi
sözlərin altından yəqin ki, dünyanın əksər
dövlət başçıları qol çəkər.
Prezident İlham Əliyevlə
görüşüb söhbətləşən siyasi və
dövlət xadimlərinin hamısı onun iti zəka, dərin
təfəkkür, yüksək mədəniyyət sahibi
olduğunu etiraf edirlər.
Bütün beynəlxalq qurum və təşkilatlar da
birmənalı şəkildə etiraf edirlər ki, İlham
Əliyev dövlət sükanı arxasına keçdikdən
sonra Azərbaycanın inkişafı sürətlənmiş,
ümumi daxili məhsul istehsalının artım tempinə
görə dünyanın lider dövlətlərindən
birinə çevrilmişdir. Xalq İlham Əliyevə səs
verməklə əslində Heydər Əliyev siyasi kursunun
davamına, Azərbaycanın dünya birliyində özünə
layiqli yer tutaraq söz sahibinə çevrilməsinə, Xəzər
neftinin çoxvariantlı marşrutla dünya bazarına
çıxarılmasına, tikinti, quruculuq və abadlıq
işlərinin daha da genişləndirilməsinə, enerji və
nəqliyyat təhlükəsizliyinin
davamlılığına, ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunmasına, "Şahdəniz" qazının
Avropanın enerji təchizatındakı rolunun yüksəlməsinə,
Azərbaycanın Qafqazdakı lider rolunun daha da möhkəmlənməsinə,
sahibkarlığın inkişafına və yeni iş yerlərinin
açılmasına,
güclü və müasir ordu quruculuğuna,
bütövlükdə Azərbaycanın sürətli və
davamlı inkişafının yeni mərhələyə
qaldırılmasına, ölkə
vətəndaşlarının xoşbəxt və firavan
yaşayışının etibarlı şəkildə təmin
edilməsinə dəstək verdi. Ona görə Prezident
İlham Əliyev fəaliyyətinin ilk günlərindən
xalqın sonsuz məhəbbətini qazandı - müdrik siyasəti,
Heydər Əliyev ideyalarına sədaqəti, təmkin və
uzaqgörənliyi, bir də xalqına qədərsiz sevgisi ilə!
Təbii ki, insan bir işi ürəklə, vurğunluqla
görməsə, yüksək nəticəyə çata
bilməz!
Müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin,
vətəndaş sülhü və həmrəyliyinin qorunub
saxlanılması naminə ilk gündən nümayiş
etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq
da dövlət başçısının istənilən
ekstremal situasiyada çevik və optimal qərar qəbul edən
qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü və
2005-ci illərin postseçki mərhələsi nihilist,
radikal və ziddiyyətli siyasiləşmə ilə
müşayiət olunsa da, cənab İlham Əliyev siyasi
iradə göstərərək bu neqativ meyillərin
qarşısını əzmkarlıqla almış, ölkənin
yenidən anarxiya və xaos mühitinə yuvarlanmasına yol
verməmişdir. Sonrakı illərdə
də dövlətçilik əleyhinə yönəlmiş
xarici və daxili təhdidlərin qətiyyətlə aradan
qaldırılması dövlət
başçısının xalqın dəstəyinə
arxalanan, müstəqilliyin möhkəmləndirilməsi
üçün zəruri keyfiyyətlərə malik lider
olduğunu sübuta yetirmişdir. Eyni
zamanda, cənab İlham Əliyev səlahiyyətlərinin
icrasına başladığı ilk gündən cəmiyyətin
bütün siyasi qüvvələrinin, sosial
qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin
etmək istiqamətində ardıcıl siyasət
yürütmüş, müstəqilliyin praktik olaraq möhkəmlənməsinə
çalışmışdır.
Bir lider və şəxsiyyət
kimi İlham Əliyev xarakterinin ən bariz xüsusiyyətlərindən
biri sözünün sahibi olmasıdır. Onun prezidentliyi dövründə Azərbaycan
xalqı bu mənəvi və mərdlik keyfiyyətinin dəfələrlə
şahidi olmuşdur. Və bu gün Azərbaycan
xalqı əmindir: onun Prezidenti vəd veribsə,
sözsüz yerinə yetirəcəkdir. "Azərbaycan
xalqı xoşbəxt, firavan yaşamağa layiqdir və
bundan ötrü əlimizdən gələni əsirgəməyəcəyik"
- vədini də cənab İlham Əliyev şərəflə
yerinə yetirməkdədir.
Xalqın xoş gününə, rahat
yaşayışına çalışan dövlət rəhbəri
ən çətin və qayğılı günlərində
də insanların yanında olub. Onlara diqqət və
qayğısını, köməyini, sevgisini əsirgəməyib.
Xalqla birbaşa təmasa üstünlük verərək
yerlərdə sıravi vətənlaşlarla
görüşüb, onlarla səmimi söhbətləşərək
problemlərinin həlli istiqamətində çevik qərarlar
qəbul edib. Cənab İlham Əliyevin
xaraktercə sadə və səmimi, praktik siyasətçi
olması onun sıravi vətəndaşlarla təmaslarında
bir daha üzə çıxıb. Dövlət
başçısı bütün müdrik rəhbərlərə
xas qabiliyyətlə hər kəslə dil tapmağa, dövlət
məmurları ilə sadə vətəndaşlar
arasındakı psixoloji səddi aradan götürməyə
də nail olub. Bütün bunlar isə
dövlət rəhbərinə xalqın böyük rəğbətini,
inamını qazandırıb, böyük layihələri
qısa zamanda gerçəkləşdirmək imkanı
yaradıb. Ulu öndər Heydər
Əliyevin həyata keçməmiş arzularını
praktik şəkildə gerçəkləşdirməklə
xalqa rəhbərlik missiyasının öhdəsindən
layiqincə gəlib.
Dövlət başçısı insan və şəxsiyyət
amilini ucaltmaqla, hər bir vətəndaşın
maraqlarının dövlət üçün üstün
olduğunu nümayiş etdirir. Cənab Prezidentin son
illərdə imzaladığı sərəncamlarla mütəmadi
şəkildə, bəzən ildə bir neçə dəfə
minimum əməkhaqları, pensiyalar, müavinətlər, təqaüdlər,
qaçqın, məcburi köçkün və şəhid
ailələrinə yardımların miqdarı
artırılmış, yoxsulluğun sayı kəskin şəkildə
aşağı düşmüşdür.
İndi
respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq
meydanına çevrilmişdir. Ölkədə
həyata keçirilən sosial infrastruktur layihələri də
Azərbaycan insanının firavan həyat tərzinin təmini
məqsədinə xidmət edir. Ölkənin
iqtisadi uğurlarını hər bir vətəndaş öz
gündəlik həyatında, məişətində hiss
edir. Yaşayış binaları, evlər,
məktəb və xəstəxanalar, sosial obyektlər tikilir,
yollar çəkilir, körpülər salınır, park və
xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri
aparılır. Son illərdə Azərbaycanın
siması büsbütün, tanınmaz dərəcədə
dəyişmişdir. Bunu ölkəmizə
gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.
Bu gün
ikinci elə bir dövlət tapmaq çətindir ki, son 8 ildə
dövlət büdcəsi15 dəfədən çox, hərbi
xərcləri 20 dəfə, valyuta ehtiyatları 18 dəfə
artsın. Azərbaycanda ötən dövrdə maaş və
pensiyalar da orta hesabla 5-6 dəfə artıb, yoxsulluq 5 dəfə
azalaraq 49 faizdən 9 faizə enib, 900 mindən çox yeni
iş yeri açılıb. Bütün bunlar
və sadalamadığımız digər göstəricilər
Azərbaycan cəmiyyətinin və dünyanın bildiyi,
etiraf etdiyi faktlardır.
Prezident
İlham Əliyevin keçən əsrin 90-cı illərindən
başlanmış keçid dövrünün sona çatması ilə
bağlı rəsmi bəyanatı ilə ölkə
iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə
transformasiya prosesi başlanmışdır. BDU-nun
90 illik yubileyində dövlət başçısı
iqtisadi sahədə keçid dövrünün başa
çatdığını, Azərbaycanın bu mərhələdən
uğurla çıxdığını
vurğulamışdır. Söhbət
ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı
sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan
miras qalmış bütün iqtisadi seqmentlərin bazar
prinsiplərinə uyğun tamamilə yenidən qurulması
prosesinin başa çatmasından gedir. Respublikamız
son 18 ildə - özəlləşdirmədən, torpaq,
vergi, gömrük islahatından tutmuş səmərəli
idarəçiliyin vacib şərti olan struktur
islahatlarınadək - böyük bir iqtisadi mərhələni
inamla geridə qoymuşdur. Qarşıdakı
dövrdə isə formalaşmış bu möhkəm təməl
üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar
olmasına çalışmaq, iqtisadi sahədə
liberallaşdırma prosesini davam etdirmək hökumətin
qarşısında duran ciddi vəzifələrdən biridir.
"Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirminci ildönümü haqqında" sərəncamda
müstəqilliyin möhtəşəm uğurları
sırasında Azərbaycanın son illərdəki dinamik inkişafına da
xüsusi yer ayrılıb: "Keçid dövrünü
başa vuran respublikamız bu gün özünün
uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini
müəyyən edən bir ölkədir. Azərbaycan
dünya miqyasında iqtisadi artım sürətinə görə
ön sıralarda gedərək islahatçı ölkə
kimi tanınır. Respublikamızda neft və
qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli
iqtisadiyyatın ahəngdar inkişafı təmin
olunmuşdur. Ümumi daxili məhsul,
büdcə və valyuta ehtiyatları ildən-ilə
artmaqdadır. Güclü sahibkarlar sinfi və
orta təbəqə yaranır. Azərbaycanın
enerji təhlükəsizliyi təmin olunmuşdur. Yeni infrastruktur formalaşır, beynəlxalq
aeroportlar istismara verilir, minlərlə kilometr yol və
müasir körpülər salınır. Mühüm sosial əhəmiyyətə malik obyekt
olan Oğuz-Qəbələ-Bakı su kəməri istismara
verilmişdir. Tarixi İpək Yolunun bərpası
ilə bağlı Bakı-Tbilisi-Qars dəmir yolu və yeni
limanın tikilməsi kimi irimiqyaslı strateji layihələr
gerçəkləşdirilir".
Dövlət başçısı ölkədə makroiqtisadi inkişafı təmin etməklə yanaşı, Azərbaycan üçün bir sıra taleyüklü məsələlərin yoluna qoyulmasına da nail olmuşdur. Ümummilli liderin yeni neft strategiyasının tərkib hissəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilmiş, vaxtilə çoxlarına əfsanə kimi görünən bu layihələr reallığa çevrilərək Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasını təmin etmişdir. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Etiraf etməliyik ki, bu problem bir çox hallarda ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneə yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə nəinki belə problemlərdən uzaqdır, üstəlik, respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.
Dövlətin müstəqilliyinin şərtləri çoxdur. Onlardan ikisi xüsusilə vacibdir. Biri xalqın təbii sərvətlərinin sahibi və sərəncamçısı olmasıdır. Bu məsələdə heç bir problemimiz yoxdur. Dövlət başçısı Azərbaycanın milli maraqlarına və iqtisadi mənafeyinə cavab verən müqavilələri seçib imzalayır. İkinci şərt isə dövlətin müstəqil xarici siyasət yürütməsidir. Tarazlaşdırılmış və balanslaşdırılmış siyasət yeridən cənab İlham Əliyev üçün Azərbaycanın dövləti maraqları hər şeydən ucadır! Dövlət başçısı daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü dəfələrlə bildirmişdir. Azərbaycan Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulmuşdur. Azərbaycan hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Avropa ailəsinə inteqrasiya edən Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atmışdır. Ötən dövrdə Avropa Şurası qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsi prosesi başa çatmış, ölkəmiz Avrora Birliyinin "Yeni qonşuluq siyasəti", "Şərq tərəfdaşlığı" proqramlarına, habelə NATO-nun "Fərdi əməkdaşlıq üzrə fəaliyyət planı"na qoşulmuş və modern ordu quruculuğunu təşkilatın standartlarına uyğunlaşdırmaq istiqamətində mühüm addımlar atmışdır.
Ümumilikdə, dövlət
başçısının 2003-2011-ci illərdəki daxili və
xarici siyasəti deməyə əsas verir ki, cənab İlham
Əliyevin çoxşaxəli fəaliyyətində milli mənafe
və maraq amili hər zaman olduğu kimi, bu gün də
öndədir.
Dövlət başçısı istər
Dağlıq Qarabağ məsələsində, istər
qonşu dövlətlərlə münasibətlərinin
xarakterində, istərsə də xalqın təbii sərvətlərindən
səmərəli istifadəsində, ilk növbədə,
xalqın milli maraqlarını əsas götürür.
"Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasının iyirminci
ildönümü haqqında" sərəncamda da
vurğulandığı kimi, bu gün Azərbaycan,
sözün əsl mənasında, tam müstəqil ölkədir.
Prezident İlham Əliyevin 8 illik fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, əməli iş görməkdən ibarətdir" - deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin maraq və mənafeyini uca tutur. Ölkə vətəndaşları ürəkdən inanır ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.
Bəxtiyar SADIQOV
Azərbaycan.-2011.-11 dekabr.-S.4.