Gəncəlilər deyirlər: şəhərin
ən ağır günlərində
ulu öndər Heydər Əliyev həmişə
bizimlə olub
Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk.
Heydər
ƏLİYEV
Tarixi bir gün yada düşür. 1980-ci il dekabrın 16-sı idi. Ulu öndər Heydər Əliyev Gəncəyə gəlmişdi. Şəhərdə işlərin gedişi ilə tanış olandan sonra Xatirə parkına getdi. Cərgə-cərgə düzülmüş ağaclara baxdı və özü də bir ağac əkmək istədiyini bildirdi. Əlüstü bir neçə ting gətirdilər. Baxdı, qaytardı.
- Mənə
çinar verin, - dedi. - Çinar həm Azərbaycanın, həm
də Gəncənin ucalıq rəmzidir.
O vaxtdan
illər keçir. Ulu öndərin yadigar
çinarı göylərə ucalır. Onun ətrafında isə əzəmətli işlər
görülür. Qədirbilən gəncəlilər 155 hektar sahədə Heydər
Əliyev mərkəzi yaradırlar.
1969-cu ilin avqust plenumu, onun mübariz ruhu bütün
sovetlər məkanında şimşək kimi gurladı. Plenumun
materiallarını, respublikanın yeni rəhbəri Heydər
Əliyevin dərin məzmunlu, geniş təhlilli, kəskin
iradlı nitqini hamı dönə-dönə oxuyurdu. İllər boyu tənəzzüldə,
durğunluqda inamları sarsılmış insanların qəlbinə
ümid, gözünə işıq gəldi. Hamı gördü ki, Azərbaycan, nəhayət,
öz səriştəli sahibini tapdı.
Elə ilk günlərdən cənab Heydər
Əliyevin Gəncəyə xüsusi qayğısı və
diqqəti açıq-aydın duyulurdu. 1970-ci ilin
aprel ayında ulu öndər Gəncəyə gəldi.
Şəhərin həyatı ilə ətraflı tanış oldu, müəssisələri gəzdi,
ziyalılarla görüşdü. Durğunluğun
səbəblərini araşdırdı, yüksəlişin
yollarını müəyyən etdi.
Ölkə başçısının bu unudulmaz səfərindən
sonra qədim diyarın yeni həyatı, əsl yüksəlişi,
tərəqqi dövrü başlandı. İllər boyu bir növ
gözdən uzaq, könüldən iraq
qalan bir şəhərdə neçə-neçə
xoş işlərin təməli qoyuldu. Sənaye
obyektləri tikildi, körpülər, bağlar, parklar
salındı, elm, təhsil ocaqları istifadəyə verildi. "Gəncə"
mehmanxanası, təyyarə limanı, Yeni Gəncə və
Gülüstan yaşayış sahələri,
avtomobilçilər qəsəbəsi və neçə-neçə
digər xeyirxah iş o illərin yadigarıdır.
Məhz cənab Heydər Əliyevin
tapşırığı ilə Yeni Gəncə
yaşayış massivi salınmaqla, Gəncə və Kəpəz
rayonları yaradılmaqla bir növ qədim şəhərin
tarixi adı qaytarıldı. Nizami poeziya günləri
elə o vaxtdan xoş bir ənənəyə çevrildi.
Ulu öndər həyatın hər sahəsinə
xüsusi fikir verir, hər bir ziyalının, yaradıcı
adamın taleyi ilə maraqlanırdı. Xalq artisti Şahnaz
Haşımova deyir ki, 1980-ci ilin dekabrında Heydər
Əliyev Azərbaycan Kənd Təsərrüfatı
İnstitutuna (indiki aqrar universitet) "Şərəf
nişanı" ordenini təqdim etmək üçün Gəncəyə
gəlmişdi. Konsert proqramına çıxış
üçün hələ dördüncü sinifdə təhsil
alan bacım Aybənizin də adı
salınmışdı. O, əvvəlcə mənimlə bir
duet oxudu, sonra "Sarı bülbüllər"
mahnısını. Konsert qurtaran kimi cənab
Heydər Əliyev bütün ifaçıları təbrik
etdi. Mənim vəziyyətimi xəbər
aldı, Aybənizlə xüsusi maraqlandı.
Bir də eşitdik ki, ölkə rəhbərinin
tövsiyəsi ilə gənc istedadların müsabiqəsi
keçirilir.
Aybəniz də Bakıya dəvət olundu.
Çıxışı çox uğurlu
keçdi. Ona görə də Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul
etdilər: Şövkət xanımın sinfində oxudu. Heydər Əliyevin tapşırığı ilə
istedadlı uşaqlara xüsusi qayğı göstərilirdi.
Onların bütün xərcləri dövlət
hesabına ödənilirdi. Aybəniz
Haşımova da sənət aləminə bax bu cür gəldi.
Bir dəfə də cənab Heydər Əliyevlə
Naxçıvanda görüşdüm. Ulu öndərin
70 illik yubileyinə getmişdik. Vəziyyətimlə,
yaradıcılığımla maraqlandı, bir neçə
mahnımın adını çəkdi, bacım Aybənizi
xəbər aldı. Gəncənin
durumunu, adamların əhvalını soruşdu. Yarımçıq qalan obyektlərdən, xüsusən
maşınqayırma zavodunun taleyindən həyəcanla
danışdı. Sonra da özünəməxsus
qayğıkeşliklə xəbər aldı:
-
Şahnaz xanım, bəlkə bir sözünüz,
ehtiyacınız var...
- Xeyr,
yalnız Sizi görməyə gəlmişəm.
-
Çox sağ olun, məndən gəncəlilərə salam söyləyin. Mən
onların diqqətindən, köməyindən çox
razıyam.
Ulu öndər xalqın tələbi və təkidi ilə
ikinci dəfə hakimiyyətə qayıdandan sonra da həmişə
Gəncənin və gəncəlilərin taleyi ilə
maraqlanıb, bu qədim şəhərə tükənməz
qayğı və diqqət göstərib. Əslində,
bu tarixi qayıdışın özü də müəyyən
mənada Gəncə ilə bağlıdır. Ölkənin qurtuluşa gedən yolunun əsası
məhz Gəncədə qoyulmuşdu.
1993-cü ilin qanlı-qadalı günləri yada
düşür. AXC-Müsavat iqtidarı özünün yetirdiyi,
yüksəltdiyi, di gəl ki, son vaxtlar ərköyünlük
edən Surət Hüseynovu ram eləmək üçün
onun komandir olduğu 709 saylı hərbi hissəyə
qoşun yeritdi. Oranı aramsız top-tüfəng
atəşinə tutdular. Ölənlər,
yaralananlar var idi. Qədim şəhər
al qana boyanmışdı. Gərginlik
getdikcə artırdı, Gəncə çalxanırdı.
Çaş-baş qalan insanlar qəzəblə,
qeyzlə vurnuxur, nicat yolu axtarırdılar. O günlərin
canlı şahidi, əmək veteranı Musa Musayev deyir ki,
hamı çaşıb qalmışdı. Nə
olacaq bu işlərin sonu? Hökumət də
başını itirmişdi, camaat da. Qəfildən
bizi AXC-Müsavat hökumətinin Gəncəyə gələn
başbilənləri çağırdılar. Dedilər ki, Surət Hüseynov şəhəri ələ
keçirmək istəyir, cəbhə boş qalıb, vəziyyət
ağırdır. Biz onun hərbi hissəsini bombardman edib
dağıtmalıyıq. Əhaliyə izah edin
ki, şəhərdə atışma gedəndə narahat
olmasınlar.
Nə? Qədim şəhəri bombardman etmək? Əlbəttə biz qəti etiraz etdik,
sözümüzə baxan olmadı.
Belə bir ağır məqamda ulu Tanrı yenilməz
xilaskar kimi Heydər Əliyevi bizlərə yetirdi. Xalqın təkidli
tələbi ilə ulu öndər Bakıya gəldi.
Ona respublikanın ən ali orqanlarından
birinə rəhbərlik etmək tövsiyə olunurdu. Ulu öndər isə özünəməxsus
müdrikliklə hərəkət etdi. İyunun
13-də Gəncəyə gəldi. O dahi şəxsiyyət
heç nəyə baxmadan, həyatını təhlükə
altına ataraq bilavasitə hadisə yerinə getdi. Vəziyyətlə
ətraflı tanış oldu. Şəhər sakinləri ilə, əsgərlərlə,
hərbi qulluqçularla görüşüb söhbət
etdi, hər şeyi yerli-yataqlı araşdırdı.
Ondan sonra - yəni iyunun 15-də Milli Məclisin növbəti
iclasında Gəncə hadisələri barədə öz qəti
sözünü dedi.
Heydər Əliyevin dərin məzmunlu, məntiqli
çıxışı ilə Gəncə hadisələrinə
tam aydınlıq gətirildi. Ulu öndər
toplu-tüfəngli, silahlı-sursatlı iki əks tərəfin
qarşısına sözlə, məntiqlə, ağlın,
zəkanın qüdrəti ilə çıxdı və bu
məntiqlə də əldə silah üz-üzə duran hər
iki tərəfi tədricən tərk-silah elədi. Beləliklə, meydanlarda Vətən
və xalq adından hay-haray salan AXC-Müsavat "başbilənləri"
başıpozuq halda siyasət meydanından getməyə məcbur
oldular.
1994-cü ilin oktyabr və 1995-ci ilin mart hadisələri
dövründə də qədim Gəncə müdrik Heydər
Əliyevin sərkərdə səriştəsi və komandan
qətiyyəti sayəsində qardaş
qırğınından xilas edildi.
Ulu öndər ikinci dəfə hakimiyyətə
qayıdandan sonra da qədim şəhərin tərəqqisi,
iqtisadi-sosial yüksəlişi ilə müntəzəm
maraqlanır, qayğı və diqqət göstərirdi. Heydər Əliyev Gəncə
görüşlərindən birində demişdi: "Gəncəni
sənaye şəhəri etmək, Gəncəni daha
böyük etmək, Gəncə sakinlərinin həyat tərzini
yaxşılaşdırmaq həmişə Azərbaycan rəhbərliyinin
diqqət mərkəzində olmuşdur".
Heydər Əliyevin Gəncəyə hər gəlişi
şəhərin həyatında unudulmaz bir hadisəyə
çevrilirdi.
Xüsusən 1998-ci və 2000-ci illərdə
ölkə başçısı Gəncəyə gələndə
gördü ki, şəhər təsərrüfatının
bir sıra sahələrində vəziyyət günün tələblərinə
əsla cavab vermir. Abadlıq, quruculuq sahəsində,
xüsusən təbii qazın, su və elektrik enerjisinin təchizatında
qüsurlar çoxdur. O, bu sahədə işlərin
canlandırılmasının vacibliyini xüsusi
vurğuladı.
2002-ci ilin sentyabr ayında Heydər Əliyevin bu yerlərə
tarixi səfəri zamanı isə Gəncəyə yeni bir
töhfə verildi. Milli Məclisin deputatı İlham Əliyevin təşəbbüsü
ilə ucaldılan Olimpiya idman kompleksinin
açılışı oldu. Gəncə görüşləri
zamanı ulu öndər Heydər Əliyev abadlıq, təmizlik
və yaşıllaşdırma işlərinin yenidən
qurulması, hər sahədə şəhərin sürətli
dirçəlişi üçün dəyərli tövsiyələr
verdi, quruculuğun, yüksəlişin
yeni proqramını açıqladı.
Çox fərəhli haldır ki, ulu öndər Heydər
Əliyevin yolunu onun layiqli varisi Prezident İlham Əliyev
uğurla davam etdirir. Cənab İlham Əliyev
xalqımızın ümummilli lideri Heydər Əliyevin
başladığı möhtəşəm işləri
bacarıqla həyata keçirir, onun arzularını hər
sahədə reallığa çevirir. Heydər
Əliyevin əsasını qoyduğu avtomobil zavodu uzun illər
istifadəsiz qalmışdı. Prezident
İlham Əliyevin təşəbbüsü ilə bu gərəkli
müəssisə işə salındı. Gəncədə buraxılan "OKA" və
"MAZ" markalı avtomobillər, habelə "Belorus"
tipli traktorlara indi ölkənin hər yerində rast gəlmək
olar.
Şəhərdə ən müxtəlif, ən mürəkkəb
sənaye sahələri sürətlə inkişaf edir. Dövlət
başçısı İlham Əliyevin bu yerlərə
növbəti səfəri zamanı "Daşkəsən
filiz - saflaşdırma" ASC-nin, Gəncə Polad Kompleksinin
və "DETAL" alüminium zavodunun təməlqoyma mərasimində
iştirak etmişdir. Bu müəssisələrin işə
düşməsi ilə Gəncə şəhərində
minlərlə adam işlə təmin
olunacaqdır. Şəhərdə bir neçə
güclü, qüvvətli sənaye obyektinin inşası nəzərdə
tutulmuşdur.
İndi Gəncə hazırda əsl yüksəliş
yolundadır.
Hər sahədə görülən işlərin
miqyası getdikcə artır. Bu qədim
şəhər ulu öndər Heydər Əliyevin
arzularına və Prezident İlham Əliyevin
tapşırıqlarına uyğun olaraq tamamilə yenidən
qurulur.
Qədirbilən gəncəlilər deyirlər ki, şəhərin
ən ağır günlərində ulu öndər Heydər
Əliyev bizimlə olub. Nizami yurdunun sakinləri Heydər
Əliyevi həmişə xüsusi məhəbbətlə,
dərin ehtiramla yad edirlər. Elə bu məhəbbətin,
ehtiramın nəticəsidir ki, Heydər Əliyev prospekti
başdan-başa yenidən qurulur. Şəhərin
mərkəzində Heydər parkı yaradılıb, fəvvarələr
kompleksi düzəldilib, Xatirə muzeyi açılıb.
Qabağında da ulu öndərin əzəmətli
abidəsi ucaldılıb. Meydanın ətrafındakı
bütün binaların fasadları, dam örtükləri
müasir üslubda təzələnir. Küçələr,
yollar, bağçalar, bağlar yeni don geyir. Təkcə
Nizami məqbərəsinin ətrafına, eləcə də
Cavad xan küçəsindəki Gəncə seyrangahına
baxmaq kifayətdir ki, bu yerlərdə görülən
misilsiz işlər barədə müəyyən təsəvvürlər
yaransın.
Bu yazını hazırlayarkən bir daha Xatirə
parkına baş çəkdim. Burada yaradılan Heydər
Əliyev Mərkəzi analoqu olmayan əzəmətli bir
kompleks olacaqdır. Bu, ulu öndər Heydər
Əliyevin işıqlı, nurlu xatirəsinə gəncəlilərin
məhəbbət və ehtiramının simvolu
sayılır.
Əhməd
İSAYEV,
Azərbaycan.-2011.-11 dekabr.-S.3.