Azərbaycan Prezidenti İlham Əliyev Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Nəsimi rayonundakı 96 nömrəli uşaq bağçasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, bağçanın binası 1963-cü ildə inşa olunub. Bu, Bakı şəhərində ən böyük uşaq bağçalarından biridir. Dövlət başçısı bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılmış şəraitlə yaxından tanış oldu. Qeyd edildi ki, 240 yerlik bağçada 12 qrup fəaliyyət göstərir. İkimərtəbəli üç korpusdanbir inzibati binadan  ibarət olan bağçanın həyətyanı sahəsi hektar yarımdır. Bağçada əsaslı təmir və yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Əsaslı yenidənqurma işləri ilə yanaşı, bağçanı daimi olaraq isti su ilə təchiz etmək üçün əlavə qazanxana da inşa edilib. Bağçada yanğın əleyhinə xüsusi sistem yaradılıb. Bağçada təhlükəsizlik kameraları quraşdırılıb. Burada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olundu. Bağçanın əsas binasında aparılan yenidənqurma işləri ilə yanaşı, həyətyanı sahədə də abadlıq və quruculuq tədbirləri görülüb. Uşaqların əylənməsi üçün xüsusi guşələr yaradılıb. Binanın və ərazinin işıqlandırma sistemi tamamilə yenidən qurulub, işıq dirəkləri yeniləri ilə əvəz edilibdir.

 

 AzərTAc

Azərbaycan.-2011.-11 dekabr.-S.1.